Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman Riad Əhmədov dəfn edilib.

“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirblər.

Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

 

2023-10-05 08:54:45
3703 baxış

Digər xəbərlər

Ömrün unudulmaz illəri

    Hörmətli İbrahim müəllim!Yubiley yaşınızı “Söz” jurnalının kiçik kollektivi, çoxsaylı oxucuları adından təbrik edirəm. Jurnalın adından ona görə dedim ki, “Söz”ün ilk yubileyini – 5 yaşını sizin təşkilatçılığınızla Astarada keçirmişik. O zaman AzərTAC-ın Cənub bölgəsi üzrə xüsusi müxbiri işləyən, sonra İİR-də Azərbaycandan ilk müxbir olan və xidməti vəzifəsi zamanı avtomobil qəzasına uğrayan jurnalist qardaşımız Üzeyir Kərimov sizi məlumatlandırmışdı. Siz də məmnuniyyətlə razılıq vermişdiniz Bakıdan və Lənkərandan böyük bir dəstə ilə Astaraya gəldik. Astara ziyalıları da tədbirimizə qatıldılar. Tədbirdə jurnalist həmkarımız Gülnar Əsədlinin Astara rayonu üzrə xüsusi müxbir olmasının təşəbbüskarı oldunuz və “Söz”ün bir sayının Astara ədəbi mühitinə, Astara ziyalılarına həsr olunmasını istədiniz. Həmin gün unudulmaz bir gün yaşadıq. Söz sözə calandı, şeir şeirə… Astaraya həsr edilmiş “Söz” qısa müddətdə hazır oldu. Qeydiyyatdan 48 səhifə keçən jurnalımız xüsusi buraxılış olaraq 64 səhifə həcmində 1000 sayda çapdan çıxdı. Xüsusi buraxılışın təqdimatı üçün bizi yenə Astaraya dəvət etdiniz. “Söz”ün yubileyi və xüsusi buraxılışı barədə respublika və yerli qəzetlər yazdı. Cənub televiziyası xəbər hazırladı.İbrahim müəllim!Astara sizin hakimiyyət dövrünüzdə respublikanın ziyalı mərkəzinə çevrilmişdi. Təşəbbüsünüzlə “Ziyalılar klubu” da yaradılmışdı. İndi haqq dünyasında olan Seyran Şiriyevin apardığı klubda kimlər qonaq olmadı?! Bu görüşlərin çox mühüm əhəmiyyəti vardı. Nəinki rayon ziyalılarını, eləcə də respublikanın elm, ədəbiyyat, incəsənət xadimlərini ictimaiyyətlə görüşdürüb tanıdırdınız. Həmin illər vətənin sərhəd bölgəsi vətənin döyünən ürəyinə, ziyalı mərkəzinə dönmüşdü. Ulu Öndər də həmin dövrdə Astarada olmuş, təkcə əhali ilə deyil, sərhədçilərlə də görüşmüşdü. Bugünkü fateh Prezidentimiz İlham Əliyev cənabları da Ulu öndəri müşayiət edənlər sırasında idi.İbrahim müəllim!Ulu Öndər sizi Moskvada oxuduğunuz illərdən tanıyırdı. Məlumdur ki, Azərbaycandan kənarda təhsil alan hər bir gənc onun diqqət mərkəzində idi. Sizin isə respublikaya yalnız xoş sorağınız gəlirdi. Ümumiyyətlə, Rusiyada təhsil aldığınız və fəaliyyət göstərdiyiniz dövrdə savadınız, dünyagörüşünüz, intellekt səviyyəniz, əxlaq və davranışınızla bir azərbaycanlı olaraq qeyri-millətlər arasında fikir formalaşdırırdınız.Ulu Öndərlə ilk görüşünüzü bu gün də həyəcanla xatırlayırsınız. O zaman Moskvada aspirantura təhsili alırdınız. 20 Yanvar qırğını sizi də sarsıtmışdı. Moskvada yaşayan və təhsil alan azərbaycanlıların böyük bir dəstəsi etirazlarını bildirmək üçün Azərbaycan nümayəndəliyin qarşısına toplaşmışdı. Bilirdiniz ki, Heydər Əliyev cənabları nümayəndəliyə gələcək, azərbaycanlılarla görüşəcək və mətbuat konfransı keçirəcək. Siz polis geyimində ağsaqqalı qarşılayanda digər azərbaycanlılar da tədbirin təhlükəsizliyini qorumaq üçün sizə qoşulublar. Nümayəndəliyə ailə üzvlərilə gələn Heydər Əliyev xalqımıza dərin hüznlə başsağlığı verdi, faciəni törədənlərə nifrətini bildirdi. Xalqımızın qüdrətli oğlu bəyanat verdi. Xalqı səfərbərliyə səsləyən bəyanat rəğbətlə qarşılandı Öz içimizdən olan separatçılar orda da münaqişə yaratmağa cəhd ediblər. Öyrədilmiş, qərəzli suallarla tədbirə qatılanları bir-bir zərərsizləşdirib aradan çıxarmısınız.İbrahim müəllim!Rusiyada hələ ilkin gəncliyinizdən çox uğurlara imza atmısınız. Xoş sorağınız doğulub boya-başa çatdığınız Lənkəran şəhərinə də gəlib çatır. O illərdə yerli qəzetin redaktoru Şəkər Aslan bir həmyerli olaraq sizin uğurlarınızı izlədiyindən haqqınızda yazı dərc etdirir. Jurnalist Ramiz Hüseynovun “Leninçi” (“Lənkəran”) qəzetində “Biz Lənkərandanıq” rubrikasıyla dərc olunmuş “Narahat gecələrin mükafatı” başlıqlı yazısı qarşımdadır (15.XI.77). O zaman təltif olunduğunuz medallar, Fəxri fərmanlar ilk mükafatlarınız idi.Moskvada İttifaqlar Evinin Sütunlu salonunda sovet milisinin 60 illik yubiley tədbirində çıxış edərkən Azərbaycanın Daxili İşlər naziri Arif Heydərov da orda iştirak edirmiş. Məntiqli çıxışınız, rus dilində mükəmməl və səlis nitqiniz nazirin diqqətindən yayınmır. Fasilə zamanı sizinlə tanış olub görüşür və qürur duyduğunu bildirir. Haradan olduğunuzla maraqlanır. Lənkərandan olduğunuzu deyirsiniz. 60 illik yubiley ərəfəsində sosializm yarışının qalibləri haqqında xüsusi bukletlər, braşurlar buraxıbmış. Yerli yazıçılardan birinin sizin haqqınızda yazdığı “Sənətə məhəbbət” adlı povest dərc olunmuş kitabça da nazirin əlində idi.Nazir sizi Azərbayacana dəvət etmək istədiyini söyləyir. Siz isə bildirirsiniz ki, Kirov vilayətinin rəhbərliyi işimi yüksək dəyərləndirir. Burdan getməyim yaxşı düşməz. Nazir elə o dəqiqə sizin generalla danışır. Azərbaycanda lazımlı olduğunuzu bildirir. Çətinliklə də olsa, generaldan razılıq alır, elə pəncərə önündə sizə raport yazdırır. Bir qədər sonra Azərbaycana qayıdıb, Daxili İşlər Nazirliyində fəaliyyətə başladınız.Gəncədə SƏDM-in müavini təyin olundunuz. Həmin illər Gəncədə hadisələrin ən gərgin dövrü idi. Rusiyada qazandığınız təcrübəyə əsasən hadisələrin həllinə tez nail oldunuz. Sonra Şəhər Partiya Komitəsinin plenumundakı çıxışınız Azərbyacan KP MK-nın II katibi Puqaçovun da diqqətini cəlb edir. Bir qədər sonra çox gənc yaşınızda polis rəisi təyin olundunuz. DİŞ naziri sizin enerji və işgüzarlığınıza bələd olduğundan bu addımı atmışdı. Məlumdur ki, Vətənə dönənə kimi Rusiya Federasiyasında sahə insprektorluğundan bölmə rəisi vəzifəsinədək yüksəlmişdiniz. Litvada xüsusi milis məktəbində, sonra SSRİ DİN-in ali məktəbində təhsil alıb, DİN-in Akademiyasının 1 fakültəsini fərqlənmə diploma ilə bitirmişdiniz. Gəncə kimi özünəməxsus xüsusiyyətləri olan böyük, qaynar şəhərdə insanların sevmədiyi bir sahənin rəisi olmaq asan məsələ deyildi. 11 ildə necə işləmisinizsə, nə gəncləlilər sizi unudur, nə də siz gəncəliləri. Bu gün də dostluq münasibətində olduğunuz şəxslər sırasında gəncəlilər üstünlük təşkil edir. Əlbəttə, bütün bunların əsasında işə vicdanlı münasibətiniz, dövlətçiliyə sədaqətiniz, daxili mədəniyyətiniz, haqqa, ədalətə, halallığa bağlılığınız dayanır. Onu da qeyd edim ki, həyat yoldaşınız Kəmalə xanım da Nizami yurdunda dünyaya göz açıb.Sonrakı fəaliyyətiniz Quba, Yevlax şəhərlərilə bağlıdır. Bu şəhərlərdə uzun müddət işləməsəniz də, çox cinayətin qarşısını alıb, insanların düz yola qayıtmasına yardımçı olmusunuz. Dağlar diyarı Yardımlıya öz istəyinizlə təyinat aldınız. İranla sərhəd olan bu bölgədə də işləmək asan deyildi. Milli azadlıq hərəkatının qaynar dövründə yerli adamların tələb və iddiaları da ayrı cür idi. Ümumiyyətlə, hər hansı yerə təyin olunanda hadisələrin ən gərgin dövrünə düşmək sanki alnınıza yazılmışdı.İbrahim müəllim!Səhv etmirəmsə, Akademiyanın I fakültəsini, özü də fərqlənmə diplomu ilə bitirən kadrlar respublikada barmaqla sayılası qədərdir. Akademiyaya hər il yalnız bir adam göndərilirdi. Bunun da müəyyən şərtləri vardı – yaşı 40-dan yuxarı, rəislik müddəti 5 ildən az, işlədiyi yerin əhalisi 150 mindən az, rəhbərlik etdiyi kollektivin sayı 100 nəfərdən az olmamalı idi. Bütün göndərişlər Azərbaycan KP MK-nın və SSRİ DİŞ-in kollegiya qərarı ilə olurdu. Həmin fakültə İttifaq respublikaları üçün rəhbər kadrlar hazırlayırdı.İbrahim müəllim!Astara rayonuna polis rəisi təyin olunanda Talış-Muğan Respublikası yaratmaq istəyən separatçıların meydan sulayan vaxtları idi. Fövqəladə vəziyyətlə əlaqədar hərbi komendant təyin olunanda daha çox hücumlara məruz qaldınız. Yeddi günlük həbsdən sonra azad edildiniz. Həmin günlərin mənzərəsi indi haqq dünyasında olan astaralı şair Tarif Əsgərin “Prokuror” poemasında bütün aydınlığıyla əksini tapıb. Poemanın bir hissəsi sizin komendant olduğunuz günlərin yaşantılarıdır. Sizin qondarma Talış-Muğan Respublikasının prezidentinə cavablarınız hədəfə ox kimi dəyir: Qədim Odlar yurdu Azərbaycana,İgid oğul doğub müqəddəs ana.Odur bu torpağa əbədi rəhbər,Xalqı alıb ələ, edib səfərbər. O kar qulaqların eşitsin yaxşı,Çox nağıl danışma, ağrıtma başı.Heydər Əliyevdir ismi şərifi,O, xalqın vicdanı, xalqın şərəfi. Yenə işinizə qayıdıb müstəqil Azərbaycanın dövlətçiliyinə xidmət edir, qanunların aliliyinə riayət etdiniz. Separatçı qüvvələri tam zərərsizləşdirdikdən sonra hərəkatın ən fəal üzvü kimi Heydər Əliyev cənabları sizi və Lənkəran ziyalılarını qəbul etdi. Dövlətçiliyə sədaqətinizə görə sizə yüksək qiymət verdi. Bu həmin dövr idi ki, Ali Sovetin sədri Heydər Əliyevin imzası ilə “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” qərarı olmuşdu. Qərarda “Astara rayon polis şöbəsinin rəisi İbrahim Quliyev də Əlikram Hümbətovun qanunazidd tapşırıqlarını yerinə yetirmədiyinə görə girov götürülmüşdür” sözləri xüsusi qeyd olunmuşdu. Separatçılar tam zərərləşdirildikdən – Lənkərandakı 23 avqust hadisələrindən sonra Heydər Əliyev sizi Astara rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Bu təyinat elə astaralıların da ürəyincə oldu. Siz bunu işinizlə sübut etdiniz. Astaranın problemlərilə bağlı qaldırdığınız bütün məsələlər Ulu Öndərin tapşırığıyla həllini tapırdı. Astara həmin illədə əsl ziyalı mərkəzinə çevrilmişdi. Yubileylər, valideyinlər günü, muğam festivalları və digər tədbirlər bayrama dönürdü. Astaranın ən ucqar dağ kəndlərində işləyən müəllimlərin də 50 yaşdan sonrakı yubileylərini qeyd edir, özünüz də həmin tədbirlərdə iştirak edib təbrik sözünüzü deyirdiniz. Füzulinin 500 illiyi, Səməd Vurğunun, Osman Sarıvəllinin, Şıxəli Qurbanovun yubileyləri çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün də minnətdarlıqla yad etdiyiniz, namərdcəsinə qətlə yetirilmiş Arif Heydərovun yubileyi barədə Ulu Öndərə məktubu siz göndərmişdiniz. Ulu Öndər də məktubdan sonra sizi qəbul edib təşəbbüsünüzü dəyərləndirib, general-leytenantın 70 illiyi barədə sərəncam imzalayıb. Arif Heydərovun adına verilmiş küçənin və büstünün açılışı, eləcə də yubiley tədbiri çox təntənəli və yaddaqalan oldu. Tədbirlərdə iştirak edən həyat yoldaşı Ədilə xanım, oğlu Murad Heydərov sizə, tədbirlərdə həvəslə iştirak edən bütün astaralılara minnətdarlıq bildirdilər.Bütün Qafaqzın şeyxi Hacı Allahşükür Paşazadənin 50 ilik yubileyi də sizin təşəbbüsünüzlə Astaradan start götürüb başqa yerlərdə də qeyd olundu.Xalq şairi Zəlimxan Yaqub, professorlar Məsudi Dövran, Seyfulla Əsədullayev, şair Novruz İbadoğluyla olan görüşlər unudulmaz təəssüratlar yaratdı. Əməkdar müəllim Mirhaşım Talışlının, urologiya üzrə sayseçmə akademiklər Mirməmməd Cavadzadənin, Sudeyf İmamverdiyevin, eləcə də pedaqoji sahənin ağsaqqallarından olan Bəşir İmamverdiyevin, ictimai-siyasi xadim Sultan Məmmədovun, şair-publisist Əhəd Muxtarın, Şabanova hacılarının – Fatma Həsənqızı və Fərbiyə xanımın yubileyləri bu gün də xoş təəssüratla xatırlanır. Sadaladığım yubileylərin bəzilərində şəxsən iştirak etmişəm. Akademik Mirməmməd Cavadzadənin yubileyi bütün aydınlığıyla yadımdadır. Astaraya Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, sizə bacı qədər əziz olan Dilruba xanım Camalovayla gəlmişdim. Şeyx həzrətlərindən tutmuş tibbin sayseçmə alimləri, Səhiyyə Nazirliyinin əməkdaşları, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Canəli Əkbərov və digər sənət adamları həmin gün Astarada idi. Bir payız günündə unudulmaz bir gün yaşadıq. Həmin yubileydə Mirməmməd Cavadzadəni “Astaranın fəxri Vətəndaşı” seçdiniz, adına küçə verildiyini söylədiniz.İbrahim müəllim!Astaranın tarixi keçmişinə də çox diqqət yetirirdiniz. Bilirdiniz ki, kiçik bir rayonda 5 Sovet İttifaqı Qəhrəmanı var. Halbuki SSRİ-nin Astara tipli heç bir yerində 5 qəhrəmanı olan şəhər və rayon yoxdur. Odur ki, Qəhrəmanlıq Xiyabanı yaratmağa nail oldunuz. Xiyabanı qəhrəmanların büstləri bəzədi. Akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun büstü də hələ sağlığında xiyabanda özünə yer aldı. Adına küçə də elə sağlığında əbədiləşdi. 70, 75 illik yubileyləri də yaddaqalan oldu.Valideyinlər və tələbələrlə görüşləri hər il keçirirdiniz. Muğam, mahnı festivalları, idman yarışlarında Astara gəncləri ön sıralarda idilər.Amma sonralar o ziyalı münasibəti o qədər də görmədim. İlk kitabımın qəhrəmanı, Astaradan 15 yaşında çıxıb, Bakıda adi dəniz matrosluğundan Mərkəzi Komitədə şöbə müdiri, Daxili İşlər nazirinədək yüksələn Aydın Məmmədov bu Cənub diyarından pərvazlanmışdı. BDU-da kitabın çox yüksək səviyyədə təqdimatı keçirilsə də, qəhrəmanımı astaralılara da tanıtmaq istəyirdik. Bu istək BDU-dakı təqdimatda təklif olundu. Akademik Sudeyf İmamverdiyev hər zaman söyləyir ki, belə tədbirlər, görüşlər örnəkdir. Astaralı uşaq biləndə ki, onun elindən belə insanlar çıxıb və belə dəyərləndirilir, özünü ona oxşatmağa çalışır, daha yaxşı oxuyur.Astarada əlaqədar təşkilatlarla danışdıq. Tədbir plana salındı. Hazırlaşıb gedəndə zəng olundu ki, tədbir sonraya qaldı. Bu sonralar bir neçə dəfə təkrar olundu və baş tutmadı.İbrahim müəllim!Fəaliyyətiniz təkcə ictimai-siyasi işlərlə, mədəni tədbirlərlə bitmirdi. Rayonun rəhbəri olaraq xalqın maddi-rifah halı da diqqət mərkəzində idi. Uzun illər Lənkəran-Astara Ümumittifaq tərəvəz bostanı olmuşdu. Çayçılığın şöhrəti də hüdudları aşmışdı. Lakin tərəvəzin əsas bazarı olan Rusiyaya yollar bağlanmışdı. Çayçılığa da diqqət azalmışdı. Odur ki, iqtisadiyyatın istiqamətini dəyişməli oldunuz. Dənli bitkilərin əkininə üstünlük verdiniz. Vaxtilə Lənkəran-Astarada əkilən düyü növlərini bərpa etdiniz. “Həsəni”, “Sədri” və s. düyü növləri bazarlarda öz yerini tez tapdı. Çayçılıq Astarada mühüm sahə olaraq inkişaf etdirildi. Xarici şirkətlərlə işgüzar əlaqələriniz rayonun iqtisadi göstəricilərinə müsbət təsirini göstərdi.İbrahim müəllim!Pedoqoji sahəyə marağınızı Ulu Öndər də bilirdi. Onun razılığı ilə Astarada Ziya Bünyadov adına 2 saylı orta məktəbdə və Lənkəran Dövlət Universitetində konstitusiya hüququndan dərs deyirdiniz. Astaradakı bütün uğurlu fəaliyyətinizə baxmayaraq fəaliyyətinizi əvvəlki peşənizə yönəltdiniz. İcra Hakimiyyəti başçılığı vəzifəsindən azad olunmaq barədə dəfələrlə yazdığınız ərizəyə nəhayət ölkə rəhbəri Heydər Əliyev qol çəkdi.Moskvada doktorontura təhsilinə də Ulu Öndərin, xeyir-duası və Nazirlər Kabinetinin qərarı ilə getdiniz. Aspirantura təhsili kimi doktorantura təhsilinizi də əyani aldınız.Elmi işinizi müdafiə edib, hüquq elmləri doktoru oldunuz. Namizədlik kimi yüksək səviyyədə keçən doktorluq müdafiənizdə də Rusiyada qalmaq, Moskvanın hər hansı ali məktəbində dərs demək təklifini alsanız da, Vətənə qayıtdınız. Akademik Arif Paşayevin dəvətilə Milli Aviasiya Akademiyasına gəldiniz.Hüquq kafedrasına rəhbərlik etdiniz. Ardıcıllarınızı yetişdirdiniz. Müdafiə Şurasının sədri olaraq 56 fəlsəfə, 2 elmlər doktorunun xeyir-duasını vermisiniz. SSRİ Daxili İşlər Nazirliyinin “Əməkdar işçisi” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adları zəhmətinizin halal haqqıdır. Dərsliklərə, elmi kitablara imza atdınız…Birgə işlədiyiniz uzun illərdə akademikin diqqət və qayğısını gördünüz. Pedoqoji fəaliyyətinizdən əlavə tədbirlərdəki dolğun və zəngin çıxışlarınızı da yüksək dəyərləndirirdi.Ötən il akademiyadan getməyi qərara aldınız. İndi hüquq üzrə məqalələr, kitablar üzərində işləyirsiniz.İbrahim müəllim!Sizə çox şeirlər, hekayələr, oçerklər, poemalar həsr olunub. Bu yazılanlar zəngin arxivinizin ən qiymətli xəzinələridir. İxtisasca hüquqşünas olan şair Şirin Məmmədlinin “General Arif Heydərov” kitabı sizə daha əzizdir. Kitabda müəllifiin generala münasibəti sizin məhəbbətinizlə üst-üstə düşür. Sizə həsr etdiyi hissədə bu öz əksini tapmışdır: İbrahim söyləyən xoş xatirəsi,Alıram qələmə aramla, qardaş.Arifdən öyrəndik həyat dərsini,Dedikcə axırdı gözlərindən yaş. İbrahim müəllim!İnsanlara sədaqət hissiniz ölçüyə gəlməz dərəcədədir. Unutqanlıq xarakterinizə yaddır. Ulu Öndər Heydər Əliyev məktəbinin yetirməsi olmağınızla, idarəetmədə formalaşmağınızda bu məktəbin rolunu xüsusi qeyd edirsiniz. Layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında işləməyinizlə qürur duyduğunuzu söyləyirsiniz.Unuda bilmədiyiniz insanlar arasında Həsən Həsənovun, Ramiz Əhmədovun, Cəfər Vəliyevin müstəsna rolunu da unutmursunuz.İbrahim müəllim!Tanıdığım icra başçılarının əksəriyyəti işlədikləri yerdən ayrılandan sonra o yerə qonaq kimi qayıtmağa belə üzləri olmur. İstər yerli adam olsun, istər gəlmə. Siz isə bu gün də Astaranın əbədi “fəxri vətəndaşı” olaraq başdasınız. İştirak etdiyiniz tədbirlərdə necə qarşılandığınızın şəxsən şahidiyəm. 2018-ci ildə dünya şöhrətli uroloq, əməkdar elm xadimi, akademik Sudeyf İmamverdiyevin 80 illik yubileyi ata yurdu Astarada keçirilirdi. Bakıdan, digər yerlərdən də xeyli qonaq var idi. Amma sizin yeriniz başqa idi. Astaralılar sizinlə görüşə can atırdılar. Belə insani münasibətdən yalnız qürur duymağa dəyər.İbrahim müəllim!Bütün sadaladığım uğurların fövqündə halal, sağlam kökə bağlılığınız və zəhmətsevərliyiniz dayanır. Lənkəranda sadə, çoxuşaqlı bir ailədə doğulmusunuz. Allah sevgisi, İslama məhəbbət ailənizin əsas məziyyətlərindən olub. 6 qardaş, 1 bacının hamısı ailəyə yalnız başucalığı gətirib. Estafet indi nəvələrdədir. Hər biri cəmiyyətdə layiqli mövqedədir.Ata ocağına, yurda bağlılıq cəhətdən misliniz yoxdur. Ata-ananızı, vaxtsız gedən qardaşlarınızı, eləcə də digər əzizlərinizi istər dini bayramlarda, istər doğum və ya anım günlərində yad etməyi unutmursunuz. Bakıdan Lənkərana gedib məzarlara baş çəkir, ruhları sevindirirsiniz. Xeyir-şər adamısınız. “Dayı” dediyiniz Şəkər Aslanın dəfninə, “əmi” dediyiniz Mirsalam və Mirsayad Babayev qardaşlarının, “bacı” dediyiniz Dilruba müəllimənin, Mirhaşım Talışlının, İltifat Salehin, Sultan Məmmədovun, bu yaxınlarda dünyasını dəyişən Canəli Əkbərovun dəfn mərasiminə birinci gələnlərdən idiniz. Eləcə də mənim anamın, Astarada jurnalist həmkarımız Hacı Gülnar Əsədlinin anası Gülçöhrə xanımın. Dostumuz Musa Quluzadə həyat yoldaşını itirəndə ən yaxın sirdaşı siz oldunuz. Xeyir işlərdə də beləcə.Çox hörmətli İbrahim müəllim!Nə vaxt idi haqqınızda yazı hazırlamaq istəyirdim. Qismət 70 yaşınıza imiş. “Söz”ün bu sayını Qarabağ torpaqları uğrunda qələbənin ildönümünə həsr eləmişəm. Sizin qələbə sayına düşməyiniz heç də təsadüfi deyil. Birinci Qarabağ savaşının veteranlarından biri də sizsiniz. Həmin dövrdə müxtəlif yerlərdə polis rəisi olaraq həftələrlə, aylarla Qarabağ torpaqlarında xidmət göstərmisiniz. Nə xoş ki, yubiley yaşınız qələbə ilinə düşür. Qalib ölkənin vətəndaşı olaraq sizə sağlam canla uzun ömür, yaradıcılıq uğurları, könül rahatlığı arzusuyla:   Sevda Əlibəyli"Söz" jurnalının baş redaktoru kriteri.az  

Hamısını oxu
Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Hərbi jurnalist, nasir Şəmistan Nəzirli 83 yaşında vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, Ş. Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində anadan olub. AzTV-də, Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində və digər qurumlarda fəaliyyət göstərib. 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Hamısını oxu
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.   Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur: “Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.

Hamısını oxu
Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasda videoformatda çıxış edib

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İclasda ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısı videoformatda çıxış edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Qeyd edək ki, dövlətimizin başçısı çıxışını iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi etdi. Prezident İlham Əliyevin çıxışı:  Cənab Sədr. Cənab Baş katib. Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Bu çıxışımı Qoşulmama Hərəkatına üzv dövlətlərin adından etməyə şərəf duyuram. Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Nizamnaməsinin imzalanmasının 75-ci ildönümünə həsr edilmiş bu Yüksək Səviyyəli İclasın keçirilməsini yüksək qiymətləndirirlər. BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir. Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir. Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir. Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdardır, çünki biz Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyini qeyd edirik. Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirmişdir. Soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir. Hər iki ildönümü bizə BMT Nizamnaməsində və Bandunq Bəyannaməsində əks olunmuş əsas hədəflərə nail olmaq istiqamətində əldə etdiyimiz tərəqqini nəzərdən keçirməyə və bizə - BMT-yə üzv olan dövlətlərə meydana çıxmaqda davam edən çoxşaxəli çağırışlara ümumi baxışla və gücümüzü səfərbər etməklə necə cavab verəcəyimiz üzərində düşünməyə imkan yaradacaq. Təşəkkür edirəm. X X X İndi isə mən Azərbaycan adından çıxış edirəm. Cənab sədr, cənab Baş katib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalanmışdır. O, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etmişdir. Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyanatları ilə hədələyir. Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi. Zirvə görüşündə mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi. BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası cari il iyulun 10-da çağırılmışdır. Hesab edirəm ki, xüsusi sessiya zamanı dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələr pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaqdır. Həmçinin onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə böyük töhfə verəcəkdir. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış "Bakı Prosesi" mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. "Bakı Prosesi" İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur. Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. "2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı"nda yer almış "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi"nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir. Əminəm ki, hazırkı müzakirələrimiz zamanı biz multikulturalimzin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır. Sağ olun. Milli.Az

Hamısını oxu