Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“DTX ordumuzla birlikdə təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir”

Cəlil Xəlilov: “Xüsusi xidmət orqanlarımızın əməkdaşları Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atıb”

“General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə yeni bir dönəmin başlanğıcı qoyuldu”

Martın 28-i Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının peşə bayramıdır. Veteran.gov.az olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə DTX-nın dövlət təhlükəsizliyimizin təmin edilməsindəki rolu, Vətən müharibəsi və postmüharibə dönəmindəki fəaliyyəti və s. kimi məsələləri şərh etməyə çalışdıq.

-Cəlil müəllim, sizcə milli təhlükəsizlik nədir və bu anlayışın sərhədləri nələri əhatə edir?

 -Hər bir dövlətin sabit inkişafı, suverenliyinin əsas təminatı onun milli təhlükəsizlik sisteminin səviyyəsindən daha çox asılıdır. Milli təhlükəsizlik sistemi cəmiyyətdə mühüm funksiyalar yerinə yetirir. Milli təhlükəsizlik sisteminin əsas məqsədi və ali mənası-cəmiyyətin azad inkişafı və çiçəklənməsidir. Milli təhlükəsizlik sistemi ümumilikdə dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini təmin edən bir mühafizə sistemi kimi nəzərdən keçirilə bilər. Çünki milli təhlükəsizliyə olan həm daxili, həm də xarici təhdidlər təkcə dövlətə qarşı deyil, həmçinin cəmiyyətə və şəxsiyyətə qarşı yönəlir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin obyekti kimi əsas yerlərdən birini də dövlət tutur. Dövlət millətin iradəsinin ifadəçisi olaraq cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir.

Milli təhlükəsizlik sistemində dövlətin təhlükəsizliyi onun təsisatlarının səmərəli fəaliyyətindən daha çox asılıdır. Bu təsisatların fəaliyyəti təkcə dövləti deyil, şəxsiyyəti və cəmiyyəti də potensial təhlükələrdən qoruyur. Daha konkretləşdirsək, dövlət həm özünü, həm də cəmiyyəti və şəxsiyyəti potensial təhdidlərdən qorumaq üçün milli təhlükəsizlik sistemi formalaşdırır. Dövlətin milli təhlükəsizlik strategiyasının əsas məqsədi konkret konstitusiyalara və məlum beynəlxalq normalara uyğun olaraq vətəndaşların hüquqlarının, azadlıqlarının və sosial müdafiəsinin təmin olunmasıdır. Daha geniş ifadə etsək. milli təhlükəsizlik strategiyası ölkənin həyati vacib maraqlarını, müstəqilliyinin təminatını, ərazi bütövlüyünü, siyasi sabitliyini və möhkəm sosial-iqtisadi inkişaf imkanlarını daxili və xarici təhdidlərdən mühafizə etməklə, elmi surətdə qəbul edilmiş qanunlar əsasında həyata keçirilir.

 

Heç şübhəsiz ki, ölkənin yerləşdiyi coğrafi şərait ona vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən vacib və bariz nümunəsi Azərbaycan Respublikasının tarixən qonşu Ermənistan tərfindən vaxtaşırı hərbi təxribatlara, terror aktlarına məruz qalmasıdır.

 

Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.

 -Azərbaycan həm də terorizmə qarşı prinsipial mübarizə aparan, bu sahədə böyük uğurlara imza atan bir dövlətdir. Sizcə bu mübarizə həm milli, həm də bəşəri maraqların, milli v əqlobal təhlükəsizliyin təmini baxımından nə dərəcədə əhəmiyyətlidir?

 -Terrorizmlə mübarizənin əsas faktorları, terrorizmi qadağan edən qanunları və beynəlxalq müqavilələri davam etdirmək və gücləndirmək üçün ortaya qoyacaq diplomatik səyləri və terrorizmin maliyyə mənbələrini tapıb məhv etmək üçün keçiriləcək iqtisadi əməkdaşlığı əhatə edir. Bu fəaliyyətlərdən əlavə, terrorçu fəaliyyətləri ilə bağlı kəşfiyyat mübadiləsi və ölkələrin təhlükəsizlik qüvvələrinin sərhəd xətləri boyunca reallaşdıracaqları birgə əməliyyatları ehtiva edən təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsinə də ehtiyac var. Bu ehtiyacların yerinə yetirilməsi üçün, rəsmi yaşayışı təmin edən, koordinasiya olunma və səylərin birləşdirilməsini təmin edən beynəlxalq təşkilatlar, terrorizmlə mübarizədə təsirli təşkilatlardır.

 Beynəlxalq təşkilatlar terrorizmlə mübarizədə həlledici rola malikdir, belə ki, bu təşkilatlar, dövlətlərin fərdi səylə çata bilməyəcəkləri məlumata çata bilərlər və terrorizmlə mübarizədə olmazsa olmaz bir şərt olan beynəlxalq ictimaiyyət dəstəyini asanlıqla əldə edə bilirlər.

Terrorizmlə mübarizə, bir tərəfdən çoxdan həyata keçirməyə qoyulmuş planların əldə edilməsi, digər tərəfdən kəşfiyyatın inkişaf etdirilməsi və terrorçuların aksiyalarda istifadə etdiyi vasitələrə gedən yolun bağlanması addımları ilə bərabər zamanlı olaraq aparılmalıdır. Bütün bu hədəflərin müqavimətli və möhkəm beynəlxalq təşkilati bir quruculuq olmadan yerinə yetirilməsi qeyri-mümkündür.

Terrorizm təhlükəsinə qarşı hər bir dövlətin yalnız özünə barrikada qurması işə yaramır. Terrorizmin kökünə yönəltmə olmur və hərbi imkan və qabiliyyətlərin yanında siyasi-iqtisadi alətləri özündə birləşdirən bütöv bir yanaşma içərisində qlobal bir strategiyanın qəbul edilməsi lazımdır.

Başqa sözlə, terrorizmlə mübarizə, dövlətin təhlükəsizliyi və suverenliyi ilə bağlı həssas bir haldır. Çünki terror təşkilatları, ifadələrində bazasında silahlı mübarizə vasitə olaraq istifadə etdiklərini və dövlətdən siyasi, sosial, mədəni və digər sahələrdə addım atmasını gözlədiklərini iddia etsələr də, davamlı olaraq gücdən qidalanır və dövlətləri, öz zorakılıq şəraitlərinə çəkməyə çalışaraq dövlətin legitimliyini sual altına qoymaq istəyirlər. Bu səbəblə, siyasi bir fakt olsa da, terrorizmə qarşı mübarizə demokratik bir sistem içərisində hüquqi üsullarla aparılmalıdır.

-Cəlil müəllim, qarşıdan DTX əməkdaşlarının peşə bayramı gəlir. Bilmək istərdik ki, DTX-nın dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin edilməsindəki rolunu necə dəyərləndirirsiniz?

-Mən öncə DTX əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

 Heç kimə sirr deyil ki, müasir dünyamızda təhlükəsizliyin rolu getdikcə artmaqdadır. Bugünlərdə Moskva vilayətində "Crocus City Hall" da baş verən terror aktı, bu terror aktı nəticəsində 100-dən çox insanın həlak olması faktı təhlükəsizlik amilinin nə dərəcədə önəmli olduğunu bir daha sübut etdi. Baş verən bu olay göstərdi ki, hazırkı dönəmdə xüsusi xidmət orqanlarının öz ayıq-sayıqlıqlarını artırması, kəşfiyyat-informasiya şəbəkəsini genişləndirməsi ikiqat önəm kəsb edir.

Sevindiricidir ki, Azərbaycan DTX-sı öz peşəkarlığına görə nəinki Cənubi Qafqaz regionunda, bütün dünyada ilk cərgədə qərarlaşıb. Bunu beynəlxalq təşkilatların mütəmadi şəkildə təqdim etdiyi hesabatlarda, reytinq siyahılarında da görmək mümkündür.

Xatırladım ki, bir müddət bundan öncə  “Global Terrorism Index 2024” (GTI) Hesabatında Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer aldı. Bu faktın özü Azərbaycanda təhlükəsizlik amilinə necə böyük önəm verildiyini təsdiq edir. Və təbii ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan etibarlı təhlükəsizlik sisteminin uğurlu fəaliyyətinin nəticəsidir.

Heç şübhəsiz, dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminində DTX-nın üzərinə böyük iş düşür. Bugünə qədər ölkəmizdə terrorizmə qarşı aparılan uğurlu mübarizə onu göstərir ki, DTX bu işin öhdəsindən peşəkarlıqla gəlir, antiAzərbaycan qüvvələrinin təxribat xarakterli əməllərinin qarşısını qətiyyətlə alır.

Yeri gəlmişkən, mən təhlükəsizliyimizin qorunmasında Xarici Kəşfiyyat Xidmətinin də rolunu qeyd etmək istəyirəm. Çünki bu qurum da öz fəaliyyətində böyük müvəffəqiyyətlər əldə edib, xarici mərkəzlərə bağlı şəxs və planları hər zaman vaxtında, yüksək peşəkarlıqla ifşa etməyi bacarıb.

-Cəlil müəllim, DTX eyni zamanda Vətən müharibəsi dönəmində həm ön, həm də arxa cəbhədəki əzmkarlığı, fədakarlığı ilə diqqət çəkdi...

-Bəli.

DTX 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə böyük fədakarlıqlara imza atıb. Müharibə dönəmində düşmənə qarşı hərb meydanında qəhrəmancasına mübarizə aparan xüsusi xidmət orqanlarımızın əməkdaşları, düşmənin, eləcə də onun havadarlarının ölkə daxilində terror və təxribat törətmək planlarının da qarşısını qətiyyətlə aldı. Təsadüfi deyil ki, nə 44 günlük Vətən müharibəsi dönəmində, nə də postmüharibə dönəmində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi. DTX digər hüquq-mühafizə orqanları ilə birlikdə, bütün təhdid və təhlükələrin qarşısını elə ilkin etabda – hazırlıq mərhələsində aldı, düşmən qüvvələrə əl-qol açmağa imkan vermədi. Bu, bir daha DTX-nın peşəkarlığından, onun mövcud situasiyanı tam şəkildə nəzarətdə saxladığından xəbər verir.

-İstənilən qurumun fəaliyyətində, əldə etdiyi uğurlarda kadrlar, bu kadrların peşəkarlığı həlledici rol oynayır. Sizcə Prezident İlham Əliyevin xüsusi xidmət orqanlarında apardığı islahatlar bu baxımdan nələri dəyişdi?

-Xüsusi xidmət orqanlarımızda cənab prezidentin apardığı islahatlar olduqca vacib və əhəmiyyətli idi. Bu islahatlar xüsusi xidmət orqanlarının fəaliyyətini daha çevik şəkildə qurmağa, onun peşəkarlığını, hadisə və proseslərə müdaxilə imkanlarını genişləndirməyə imkan verdi.

General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə xüsusi xidmə orqanlarımızın fəaliyyətində yeni bir mərhələnin başlanğıcı qoyuldu. Bu qurumla bağlı həyata keçirilən kadr və eləcə də struktur islahatları qısa zamanda öz müsbət nəticəsini verdi. DTX sadəcə regionda deyil, bütün dünyada öz peşəkarlığı ilə diqqət çəkən xüsusi xidmət orqanı kimi tanındı.

Bu gün DTX eyniylə Azərbaycan Ordusu kimi sadəcə ölkəmizdə deyil, bütün regionda sülhün və təhlükəsizliyin qarantı qismində çıxış edir. DTX-nın peşəkarlığı beynəlxalq ekspertlər, digər ölklərin xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən də etiraf olunmaqdadır. Bu isə bizdə haqlı olaraq qürur hissi doğurur.

-Cəlil müəllim, bir neçə gün öncə Moskva vilayətində “Krokus Siti Holl”da baş verən və yüzdən çox insanın ölümünə səbəb olan terror aktı bütün dünyda ciddi rezonans doğurdu. Sizcə bu olay terrorizmə qarşı mübarizənin önəmi ilə yanaşı, xüsusi xidmət orqanlarının peşəkarlığının davamlı şəkildə artırılması zərurətini də gündəmə gətirirmi?

-Şübhəsiz!

Bu hadisə bir daha terrorun çirkin üzünü göstərməklə yanaşı, xüsusi xidmət orqanlarının peşəkarlığının mütəmadi şəkildə artırılmasının, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını gücləndirməyin nə qədər vacib, nə qədər önəmli olduğunu sübut etdi. Həmçinin, baş verənlər sübut etdi ki, müasir dünyamızda terrorizmə qarşı effektiv mübarizə üçün beynəlxalq əməkdaşlıq olduqca vacibdir.

Bildiyiniz kimi, bu terror aktından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə telefon əlaqəsi saxlamış, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi təklifi ilə çıxış etmiş, bu təklif Kreml tərəfindən dəstəklənmişdir. Hesab edirəm ki, biz yaxın gələcəkdə region dövlətlərinin terrorizmə qarşı mübarizə məqsədi ilə daha dərin və hərtərəfli əməkdaşlığına şahid olacağıq.

Azərbaycanın terrorla bağlı mövqeyi bəllidir və hər zaman aydın şəkildə ifadə olunub. Azərbaycan dövləti, Azərbaycan xalqı terrorun hər cür təzahürünə qarşıdır və uzun illərdir ki, erməni terrorundan əziyyət çəkən ölkə olaraq buna qarşı mübarizəni həyati əhəmiyyətli iş hesab edir. Bu baxımdan əminəm ki, regionda terrorizmə qarşı aparılacaq hər cür mübarizə dövlətimiz tərəfindən də dəstəklənəcək, Azərbaycan bugünə qədər olduğu kimi bundan sonra da regionda sülhün, əmin-amanlığın qorunub saxlanılması üçün əlindən gələni əsirgəməyəcək.

-Cəlil müəllim, DTX bugünlərdə Lənkəran Rayon icra Hakimiyyətinin başçısına, eləcə də Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi planlaşdıran dəstəni zərərsizləşdirdi. DTX-nın son əməliyyatını necə dəyərləndirirsiniz?

-Hər şeydən öncə qeyd edim ki, planlaşdırılan terror aktı bu gün də ölkəmzidə sabitliyi pozmaqda maraqlı olan, bunun üçün çalşan qüvvələrin mövcudluğunu göstərir. Görünən odur ki, Azərbaycandakı sabitlik və inkişaf, dövlətimizin öz suverenliyini təmin etməsi kimlərisə bərk narahat edir. Bu səbəbdən də onlar terror aktları ilə ölkəmizdə sabitliyi pozmağa, xof, qorxu mühiti yaratmağ çalışır.

Təbii ki, bu terror planının DTX tərəfindən ifşa edilməsi, terror aktını həyata keçirəcək şəxslərin ifşa edilməsi dövlətimizin, onun xüsusi xidmət orqanlarının uğurudur. Bu fakt bir daha sübut edir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayılq dayanıb və hər cür təhlükəni dəf etməyə qadirdir.

Mən bir daha xüsusi xidmət orqanlarımızın əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara xidmət fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!

Seymur ƏLİYEV

 

2024-03-25 14:05:55
3931 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının I Vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun Prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya

Hamısını oxu
Veteranlara sosial müdafiəsi daha da gücləndiriləcəkdir

  Azərbaycanda  bütün qəbildən olan veteranlar, xüsusilə müharibə əlilləri və veteranları yüksək dövlət qayğısı ilə əhatə edilmişlər. Ümummilli lider Heydər Əliyevin əsasını qoydulğu bu siyasət hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin həyata keçirilməsində bütün dövlət orqanları və ictimai təşkilatlar əlaqəli şəkildə fəaliyyət göstərməklə, üzərlərinə düşən çox mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Qeyd olunan istiqamətdə Respublika Veteranlar Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə qarşılıqlı fəaliyyəti xüsusi qeyd edilə bilər. Belə ki, son illər bu təşkilatlar arasındakı əməkdaşlıq əlaqələri daha da genişlənmiş, uğurlar xeyli artmışdır. Məhz bunun nəticəsidir ki, veteranların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaranmış, onların sağlamlığının bərpası üçün sanatoriya və istirahət evlərinə verilən güzəştli putyovkaların sayı artmışdır. Dünən Respublika Veteranlar Təşkilatının və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinin ilə birgə görüşündə veteranların sosial müdafiəsinin daha da gücləndirilməsi, xüsusi ilə 1941-1945-ci ilər Böyük Vətən Müharibəsi iştirakçılarının və kimsəsiz veteranların sosial problemlərinin operativ həlli məsələləri müzakirə olunmuşdur. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili S.Mehbalıyev və Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik C.Xəlilov veteranların dövlət qayğısı ilə əhatə edilmələrini, onların ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olduqlarını bir daha vurğulamışlar. Görüşün sonunda Həmkarlar İttifaqı fəallarına Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteranların Qayğıkeşi” diplomu, “Veteran Həmrəyliyi” və “General Səməd bəy Mehmandarov” yubiley medalları təqdim olunmuşdur.

Hamısını oxu
Borçalıdan cəbhəyə uzanan yol: Əli Qurban oğlu Əliyevin döyüş yolu

 Borçalı əsrlərlə sınanmış, sınsa da sınmamış, zamanın qasırğalarından alnıaçıq çıxmış qədim türk yurdudur. Elə bir yurd ki, o dağ kimi əyilməz oğulları ilə tanınır. Borçalı öz adını qürurla daşıyan, milli şüurunu əsrlər boyu qoruyub saxlayan igid bir el olaraq tarixən Qarapapaq türklərinin məskəni olmuşdur. Qarapapaqlar təkcə at belində torpağını qorumamış, həm də sazla-sözlə, ədəbiyyatla, mədəniyyətlə millətin yaddaşını yaşatmışlar. İgidlik, sədaqət və torpaq sevgisi bu xalqın qanındadır. Borçalı, məhz bu igid elatın - Qarapapaq türklərinin  əməyi, zəhməti və hünəri ilə qəhrəmanlar yurduna çevrilmişdir. XX əsrin ən qanlı hadisəsi olan İkinci Dünya Müharibəsində də Borçalı susmadı. Bu ulu torpaq minlərlə övladını cəbhəyə yola saldı kimisi analarının duası ilə, kimisi isə doğmalarının göz yaşları içində. Lakin hamısının bir amalı vardı: xalqının şərəfini, torpağının qeyrətini qorumaq. O dövrdə Gürcüstan ərazisi faşist Almaniyası tərəfindən işğala və bombardmana məruz qalmamışdı, lakin bu, onun xalqının müharibəyə laqeyd qalması demək deyildi. Gürcüstandan 700 min nəfər İkinci Dünya Müharibəsində iştirak etdi. Bu adlar arasında Azərbaycanlı döyüşçülər də xüsusi yer tutur ki,  onlar milliyyətə və dinə baxmadan eyni ideal uğrunda can verdilər. Bu igidlərdən biri də Əli Qurban oğlu Əliyev idi. O, 1924-cü ildə Borçalıda, Qarapapaq igidlərinin sıralarından çıxmış bir ailədə dünyaya göz açmışdı. 1942-ci ildə cəmi 18 yaşı olarkən Vətənin çağırışına cavab verdi və könüllü olaraq Sovet Ordusu sıralarına yazıldı. Əvvəlcə 1018-ci atıcı alayının tərkibində döyüşlərə qatıldı. Daha sonra 176-cı atıcı diviziyanın heyətində faşizmə qarşı mübarizəni davam etdirdi. Bu diviziya müharibənin ən ağır cəbhələrində xüsusilə Stalinqrad döyüşü və Dnepr əməliyyatı kimi strateji savaşlarda iştirak etmişdi. Əli Əliyev üçün müharibə sadəcə güllə və barıt deyildi. Bu, əqidənin, imanın və xalqına sədaqətin sınaq meydanı idi. 1943-cü ilin yazında baş verən ağır döyüşlərdən birində ağır yaralandı və EQ 1451 saylı hərbi qospitalda uzun müddət müalicə aldı. Həkimlərin səyi nəticəsində sağaldı, lakin döyüş meydanına qayıtmaq mümkün olmadı. Bununla belə Əli Əliyev arxa cəbhədə fəal iştirak etdi müharibədən sonra dağıdılmış həyatı yenidən qurmaq mübarizəsinə qoşuldu. 1943-cü il sentyabrın 1-də ordu sıralarından tərxis olundu və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Bu medal təkcə onun şəxsi igidliyinin nişanəsi deyildi. Bu həm də Borçalı torpağının adına yazılmış bir şərəf lövhəsi idi. Borçalı əsrlər boyu təkcə mədəniyyətin deyil, qeyrətin, sədaqətin və fədakarlığın da beşiyi olub. Qarapapaq igidlərinin nəsildən-nəslə ötürdüyü bu dəyərlər savaş illərində bir daha sübut olundu. Müharibə başa çatsa da, yaddaşlar heç vaxt susmadı. Hər kənddə, dağın ətəyində, torpaq parçasında bir qəhrəman yatır. Onların ayaq izləri, adları xalqın qəlbində əbədiyyətə çevrilib. Gürcüstanda da 9 May – Qələbə Günü xüsusi ehtiramla qeyd olunur. Tbilisinin qəlbində Vake parkında "Naməlum əsgər"in məzarı üzərinə qoyulan hər bir çiçək, əslində unudulmayan bir andın, silinməyən bir yaddaşın nişanəsidir. Hər gül, hər ziyarət, hər baxış bu torpağın o igid övladlarına ehtiramdır. Əli Qurban oğlu Əliyev tək bir əsgərin adı deyil, bir millətin ləyaqət rəmzidir. Onun timsalında Borçalı igidləri, Gürcüstandan çıxan mərd azərbaycanlılar, vətən torpağı üçün canından keçən bütün qəhrəmanlarımız bir daha ucalır gözümüzdə. Biz onların yoluna həm baş əyir, həm də onların yolunda addımlayırıq. Bu torpaq qəhrəmanların canı ilə yoğrulmuş müqəddəs əmanətdir. Onların qanı ilə yazılan tarix, alın təri ilə sulanan azadlıq, sevgisi ilə möhkəmlənən birliyimiz bu günkü müstəqil Azərbaycanın ruhudur. Əli Qurban oğlu Əliyevin timsalında biz zamanı yarıb gələn səslərə qulaq asırıq. Onlar deyir:“Unutmayın bizi, çünki siz bizimlə varsınız, biz də sizinlə yaşayırıq...”             Cəlil Xəlilov: Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
Fatma Səttarova bir qrup veteranı ad günü münasibəti ilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Təşkilatın aşağıdakı üzvlərini ad günü münasibəti ilə təbrik edib:   İsgəndərov Hüseyn Həsən oğlu, 15.03.26, BMV, Sumqayıt ş; Qasımov Abdulla Həsən oğlu, 03.03.1926, BVM, Astara r-nu, Pensər kəndi; Nehmətov Cəbrayıl Nəsrulla oğlu, 04.03.1923, BVM, Astara r-nu, Şiyəkəran kəndi; Nuriyev Nəbi  Balı oğlu, 12.03.1922, BVM, İmişli r-nu, Qaralar kəndi.   SƏDR:Fatma Səttarova 28 fevral 2022-ci il  

Hamısını oxu