Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini polkovnik Cəlil Xəlilov və digər veteranlar iştirak edib.

Aleksandr Beqlov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə fəal iştirak etdiyini, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərdiyini bildirib, buna görə xalqımıza, veteranlara öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanla Rusiya arasında tarixi dostluq əlaqələrinə diqqət çəkib, hər iki xalqın faşizmə qarşı birgə mübarizə apardığını vurğulayıb.

Polkovnik Cəlil Xəlilov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovu “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib.

 

2024-04-02 20:16:00
3535 baxış

Digər xəbərlər

Bakıda Zəfər atəşfəşanlığı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 44 günlük Vətən Müharibəsinin məntiqi yekunu olan Zəfər paradı keçirilib. Paraddan sonra xalqımızın qələbə sevincini əks etdirən atəşfəşanlıq keçirilib. Baku TV həmin görüntüləri təqdim edir:

Hamısını oxu
Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir

Xəbər verildiyi kimi, 22 aprel 2021-ci il tarixdə 24 nəfərdən ibarət Azərbaycan Respublikası prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri tərəfindən yığıncaq keçirilərək “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin təsis edilməsi barədə qərar qəbul olunmaqla, yığıncaqda birliyin İdarə heyəti formalaşdırılaraq hüquqi ünvanı müəyyən edilmişdir.  Qeyd olunmalıdır ki, Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasının prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sosial, mənzil-məişət problemlərinin həlli, sağlamlıqlarının möhkəmləndirilməsi, o cümlədən qanunla nəzərdə tutulmuş digər maddi və mənəvi yardımların göstərilməsi istiqamətində əməli köməklik göstərilməsi və digər məsələlərdən ibarətdir. Bu gün Baş Prokurorluğun rəhbərliyi ilə 30 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir.  Tədbirdə giriş nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev Birliyin fəaliyyətə başlaması münasibətilə veteran və pensiyaya çıxmış əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, hazırkı dövrədək prokurorluq orqanlarından yaşa görə 18-i qadın olmaqla 381 nəfərin təqaüdə çıxdığını qeyd etmişdir. Kamran Əliyev zəngin təcrübəyə malik prokurorluğun veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşməyin vacibliyini vurğulamışdır. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunmuşdur. Göstərilən gündəlik diqqət və qayğıya görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri  Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə etmiş, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulamışdır. Sonda xatirə fotoşəkli çəkdirilmişdir.  

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi. Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Hamısını oxu
“Prezident İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əməkdaşlığın inkişafında yeni səhifə açdı”

Samir Abbasov: “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın genişlənməsi regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcək” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib, mühümü müqavilələrə imza atılıb. Moderator.az olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla söhbətimizdə Prezident ilham Əliyevin Özbəkistana səfəri, bu səfərin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına təsiri, iki dost xalq arasındakı mədəni əlaqələrin dünəni və bugünü kimi məqamları şərh etməyə çalışdıq. -Samir müəllim, ilk öncə Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə bu səfər Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin gələcəyinə nə vəd edir?  -Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyətini anlamaq üçün səfər zamanı imzalanan sənədlərə, o cümlədən, iki dövlət başçısının verdiyi birgə bəyanata nəzər salmaq kifayətdir. Əminliklə bildirirəm ki, bu səfər türk dünyasının iki qardaş dövləti olan Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətlərinin, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcək, bu əməkdaşlığı mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcəkdir. Çünki imzalanan sazişlər çoxsahəli əməkdaşlığı nəzərdə tutur ki, bura həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə əməkdaşlıq daxildir. Təbii ki, Azərbaycanın dövlət başçısının bu səfəri Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Biz yaxın gələcəkdə genişlənməkdə olan iqtisadi-siyasi əlaqələr fonunda Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin daha da inkişaf etdiyinə, miqyas və mahiyyət etibarı ilə yeni dönəmə daxil olduğuna şahid olacağıq. Hansı ki, iki dövlət arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlı konkret məqsəd və hədəflər müəyyən edilib. Nümunə üçün qeyd edim ki, yaxın gələcəkdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yarım milyard dollara qədər qaldırılması nəzərdə tutulur ki, bu da indiki rəqəmdən beş dəfə çoxdur. Kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi də planlaşdırılır. İşin ən önəmli tərəflərindən biri də ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsinin bilavasitə prezidentlərin nəzarəti altında olması ilə bağlıdır. Xatırladım ki, media üçün birgə bəyanat zamanı Prezident İlham Əliyev bu amili xüsusi ilə vurğuladı. Bildirdi ki, əməkdaşlığın genişləndirilməsi ilə bağlı addımların nəticə verəcəyinə əmindir, çünki proses prezidentlərin nəzarəti altındadır. Bu fakt bir daha onu göstərir ki, iki dövlət arasında imzalanan sazişlər formallıqdan uzaqdır və konkret nəticələrə hesablanıb.  -Prezident İlham Əliyevin Özbəkistan səfərinin regional əhəmiyyəti nədən ibarətdir?  -Şübhəsiz, bu səfərin regional əhəmiyyəti də olduqca böyükdür. Çünki bu səfərdə müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə yanaşı, həm də regionda sülh və sabitliyin qorunub saxlanılması, sülh naminə hərbi əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və xalqların suverenliyinə hörmətlə yanaşılması kimi mühüm məqamlar da oldu, bu nüasnları özündə əks etdirən bir sıra sazişlər imzalandı. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Xəzər regionunda, Cənubi Qafqazda, o cümədən Mərkəzi Asiyada sülh və sabitliyə ehtiyac var. Bu isə o deməkdir ki, Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrinin genişlənməsi, çoxşaxəli əməkdaşlığın gücləndirilməsi bütün regionda sülhün, sabitliyin etibarlı şəkildə qorunmasına töhfə verəcək. Çünki həm Azərbaycan, həm də Özbəkistan sülh dövlətidir və bunu öz siyasətlərində hər zaman açıq şəkildə ortaya qoyub.  Bir sözlə, hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın güclənməsi bütün regionun təhlükəsizliyinə, rifahına və inkişafına kömək edəcək.  -Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələrin tarixi haqqında nə deyə bilərsiniz?  -Azərbaycanla özbək xalqı arasında əlaqələrin tarixi kifayət qədər qədimdir. Böyük İpək Yolu bu əlaqələrin daha da inkişafına təkan vermişdir. Orta əsrlər dövründə bu əlaqələr daha da inkişaf etmiş, xalqlar arasında iqtisadi-ticari-mədəni münasibətlər genişlənmişdir. Xüsusilə də, Özbəkistanın böyük sənətkarlıq və ticarət şəhərləri olan Səmərqənd, Buxara, Xivə, Azərbaycan şəhərlərindən Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Təbriz şəhərləri arasında əlaqələr mövcud olmuş, sənətkarlıq və kənd təsərrüfatı məhsullarının ticarəti xüsusilə üstünlük təşkil etmişdir.  Orta əsrlərdə böyük özbək şairi olan Əlşir Nəvai Nizami Gəncəyə böyük rəğbət bəsləmiş, öz əsərlərində böyük Azərbaycan şairinə nəzirələr yazmışdır. O, hətta Nizamini öz ustadı elan etmişdi. Nəvai “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alaraq yaratmışdır. Azərbaycanın böyük şairi Məhəmməd Füzuli isə öz növbəsində Nəvai yaradıcılığından bəhrələnmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir.  Ümumiyyətlə, ötən əsrin əvvəllərində Mərkəzi Asiyanın həyatında  azərbaycanlılar aktiv iştirak etmişlər. Azərbaycan mədəniyyəti indiki Özbəkistan ərazisi olan Türküstanda daha geniş yayılmışdır. Azərbaycan maarifçiləri Türküstanda cədid məktəblərinin inkişafında xüsusi rol oynamışlar. Bizim “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılmış və burada sözügedən jurnalın xüsusi nömrələri dərc olunmuşdur. “Arşın mal alan”, “Leyli və Məcnun” kimi operalarımız dəfələrlə Türkistanda, Özbəkistan səhnəsinə qoyulmuşdur. Ötən əsrin əvvəllərində Azərbaycan və özbək xalqları arasında dil baxımından yaxınlıq daha çox idi. Sovet dönəmində dilimizə xeyli sayda əcnəbi sözlər daxil olmuşdur. Bu səbəbdən də Azərbaycan və özbək xalqlarının dilində az da olsa fərqlilik yaranmışdır. Ümumilikdə isə, hər kəsə məlum olduğu kimi,  xalqlarımızın dili, dini, mədəniyyəti, adətləri, kökü olduqca yaxındır.  -Samir müəllim, sovet dönəmində, xüsusilə də Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyətdə olduğu dönəmdə Özbəkistanla mədəni əlaqələrin vəziyyəti hansı səviyyədə idi?  -Sovet dövründə iki xalq arasında əlaqələr bir qədər də genişlənmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə hər iki ölkədə mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət günlərində hər iki xalqın məşhur mədəniyyət nümayəndələri iştirak etmişdir. Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Özbəkistanın Xalq artisti adına lqyiq görülmüşdür. Özbəkistan mədəniyyət dekadası çərçivəsində özbək qonaqlar Lənkəran şəhərinə səfər etmiş və Özbək şairi Zülfiyyəyə Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilmişdir. Azərbaycanın böyük şairi Səməd Vurğunla özbək şairi Qafur  Qulam arasında dostluq əlaqələri mövcud olmuşdur. Azərbaycanda hər zaman özbək ədəbiyyatına böyük sevgi olmuşdur və bu gün də var.  -Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Rəhbəri olduğunuz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu əlaqələrin inkişafı istiqamətində hansı addımları atıb?  -Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər iki ölkə arasında tarixi dostluğun, mədəni-ədəbi əlaqələrin genişlənməsi istiqamətində sistemli işlər görülür. Mədəniyyət Mərkəzinin layihəsi əsasında 97 adda Azərbaycan klassiklərinin əsərləri özbək dilinə tərcümə edilmiş və nəşr olunmuşdur. Dahi Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə olaraq Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Hər iki ölkənin dilçilik institutlarının, Nizami adına Ədəbiyyat İnstitutunun iştirakı ilə Azərbaycan-Özbək və Özbək-Azərbaycan lüğəti nəşr edilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi şairlərin əsərləri, müasir dövr Azərbaycan şairlərinin antologiyası Daşkənddə nəşr olunmuşdur. Azərbaycanda Özbəkistanla mədəni əlaqələrin inkişafı baxımından xeyli layihələr həyata keçirilmişdir. Bakıda özbək şairi Əlişir Nəvainin hyekəli ucaldılmış, paytaxtımızdakı küçələrdən birinə özbək mütəfəkkiri Mirzə Uluqbəyin adı verilmişdir. Bakıda “Özbəkistan” adında küçə mövcuddur. Özbəkistanda da Maqsud Şeyixzadənin heykəli ucaldılmışdır. Hələ ötən əsrin 40-cı illərində  Daşkənddə Nizami Gəncəvinin adını daşıyan Dövlət Pedaqoji Universiteti yaradılmışdır. Bu universitet bu gün də Özbəkistanın ədəbi həyatında kifayət qədər fəaldır. Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında isə Özbəkistan –Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir ki, həmin Cəmiyyət Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində ardıcıl addımlar atılır. Hər il Özbəkistanın şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Ötən il Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY üzv ölkələrin mədəniyyət nazirlərinin sesiyasında da iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair görüş və danışıqlar aparıldı və bu istiqamətdə bir sıra razılıqlar əldə edildi. Qarakalpakıstan Respublikasının Nukus şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilmişdir. Xarəzm vilayətində, Termes şəhərində, Fərqanə və Sırdərya vilayətində hər il Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir ki, Mədəniyyət Mərkəzimizin təşkilatçılığı ilə Azərbaycanın məşhur mədəniyyət xadiləri ilə yanaşı alimlərimiz, ziyalılarımız da bu konfranslarda iştirak edirlər. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalında özbək musiqiçiləri də iştirak etmişdir. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak etmişdir. Azərbaycan Dövlət Rəqs Kollektivi isə Xarəzmdə keçirilən beynəlxalq rəqs festivalında iştirak etmiş və qalib gəlmişdir.  Iki ildən bir keçirilən “Şərq təranələri” musiqi festivalında Azərbaycan musiqiçiləri, sənətçiləri iştirak edirlər. Bu festivalın 1997-ci ildə ilk qalibi də Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova olmuşdur. Bu festivalda Azərbaycanın muğam ustadı Alim Qasımov, əməkdar artistimiz, tarzən Sahib Paşazadə Festivalın qran-pri mükafatına layiq görülmüşlər.   Bir sözlə, iki dövlət, iki xalq arasında mədəni əməkdaşlıq dərin köklərə malikdir və dinamik surətdə inkişaf edir.  Prezident İlham Əliyevin Özbəkistana səfərindən sonra bütün sahələrdə olduğu kimi mədəniyyətimizə dair də qarşımızda yeni vəzifələr, çağırışlar yarandı. Biz hamımız ümumilikdə çalışmalı bu dostluğa daha çox töhfələr verməliyik. Mən inanıram ki, dövlət başçılarımızın səyi nəticəsində əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək və dərinləşəkdir. Eyniylə, cənab Prezidentimizin söylədiyi kimi, Özbək və Azərbaycan xalqları hər zaman bir yumruq kimi birlikdə olacaqdır.  Seymur ƏLİYEV

Hamısını oxu