Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02 may 2024, 15:34

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2,0 (iki) min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1,0 (bir) min manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

2.1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2024-cü il

2024-05-02 20:37:35
3659 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı əmək və müharibə veteranlarının, yaradıcı ziyalıların və ictimai fəalların iştirakı ilə 15 iyun - Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Rayon Rəsm Qaleriyasının müdiri Elçin Nəzərov nümayiş olunan şəkillər  barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov Azərbaycan xalqının həyatında həlledici rol oynayan bir məqamın - Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin tarixi əhəmiyyətindən geniş danışıb. O, vurğulayıb ki, vətəndaş müharibəsi və müstəqilliyimizi itirmək təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli istəyilə bütün məsuliyyəti öz üzərinə götürən Ulu Öndər uzaqgörən siyasəti və diplomatik məharəti ilə xalqla dövlətin sarsılmaz birliyini yarada bildi və bununda nəticəsində ölkəmizin başı üstünü almış qara buludları dəf etdi, törədiləcək faciələrin qarşısını aldı. Dünyanı heyran qoyan bu dahi şəxsiyyətin müdrikliyi sayəsində ölkəmiz bütün fəlakətlərdən qurtuldu. "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri  Maşalla Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, Əmək və Müharibə veteranları İsmayıl Quliyev, Əsəd Əliyev, Mirzəbala Hüseynov, Rəsul Bayramov, Qurban Əhməd, Böyükağa Həbibi, Kamran Sadıqov, Sakit İsayev və başqaları çıxış edərək bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin ölkəmizin və xalqımızın həyatında göstərdiyi misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Hamısını oxu
Qubada veteranlarla məktəblilərin görüşü keçirilib

Veteran.gov.az xəbər verir ki, Quba rayonu Əfqan İdrisov adına tam orta məktəbdə veteranlarla məktəblilər arasında görüş keçirilib. Görüş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri Ruslan Bədirov tərəfindən təşkil olunub. Görüşdə 9 may – Faşizm üzərində Qələbə Günü, eləcə də, 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilərə ətraflı məlumat verilib, xalqımızın alman faşizmi ilə yanaşı, həm də erməni faşizmi üzərində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərə yaxın müşahidəçi ilə seçkiləri izləyir

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi respublika üzrə seçki müşahidəçiliyi aparır. AZƏRTAC xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidə apardığını, burada da prosesin normal qaydada davam etdiyini bildirib. “Əksər rayonlarda müşahidəçilərimiz var. Onlardan yerlərdə vəziyyət barədə fasiləsiz olaraq məlumatları alırıq. Veteranlarımız ictimai nəzarəti təmin etməkdə çox fəaldırlar. Hər hansı ciddi problem müşahidə olunmayıb, seçki məntəqələri işini yüksək səviyyədə qurub”. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Vüqar Məhərrəmov Ağalıda əhali fəal şəkildə seçkilərə gəldiyini deyib. O bildirib: “Azad edilmiş ərazilərdə ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Zəngilan Qayıdışın ilk ünvanıdır. Seçki məntəqəsində hər hansı pozuntu halı ilə qarşılaşmamışıq. Seçicilərin səsvermə hüququndan rahat istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Proses dinc, normal axarda davam edir. Burada digər QHT təmsilçiləri də müşahidə aparırlar. Qeydlərimizi götürürük”. Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Anar Məmmədov da deyib ki, seçki prosesi normal şəkildə davam edir, hər hansı kənar müdaxilə faktı qeydə alınmayıb. Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.  

Hamısını oxu
İtaliyada keçirilən “Bərpa həftəsi - 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub

Veteran.gov.az xəbər verir ki, avqustun 30-dan sentyabrın 4-dək İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (İCE) və İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” çərçivəsində silsilə tədbirlər keçirilir.   Sözügedən tədbirlərdə Azərbaycandan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov iştirak edir. Tədbirə Azərbaycanla yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə Ərəbistanı Krallığı və İsraildən olan nümayəndə heyətləri də qatılıb.   “Bərpa həftəsi - 2021” çərçivəsində Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş tədbirinin açılış mərasimində Bari şəhər rəhbərliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin, Assorestauronun, Bari Vilayətinin memarlar, landşaft dizaynerləri və bərpaçılar Assosiasiyasının, Fiera del Levante Sərgisinin, Ferrara Sərgi Konqresinin rəhbər şəxsləri çıxış ediblər.   Sentyabrın 2-də “Bərpa həftəsi - 2021 çərçivəsində Azərbaycanla bağlı ölkə təqdimatı təşkil olunub. Açılış nitqi ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Ticarət Agentliyinin Sənaye Tərəfdaşlığı və Beynəlxalq Qurumlarla Əlaqələr Departamentinin müdiri Roberto Lovato və Assosrestauronun texniki direktoru Andrea Qriletto çıxış edərək Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən və qarşılıqlı faydalı mübadilələrdən, mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası çərçivəsindəki imkanlardan danışıblar.   Tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə “Böyük qayıdış” və mədəni irsin bərpasına yönəlmiş davamlı proses haqqında geniş təqdimatla çıxış edib. Ermənistan Respublikası tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumatlar və fotofaktlar təqdim edib, mədəni irsimizə qarşı törədilmiş vəhşilikləri nümayiş olunub. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, çoxsaylı minalardan təmizləmə fəaliyyətinin davam etdiyi diqqətə çatdırılıb. Vurğulayıb ki, post-konflikt dövründə davamlı sülhün və rifahın tam bərqərar olması məqsədilə infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına bağlanıldığı qeyd olunub. Təqdimatda abidələrin dağıdılmasının miqyası barədə statistik məlumat, Ağdam şəhərinin və azad olunmuş digər ərazilərimizin acınacaqlı durumu diqqətə çatdırılıb.   Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində qarşılıqlı faydalı təkliflərə açıqdır və bu istiqamətdə İtaliyadan olan tərəfdaşların və şirkətlərin bu prosesə töhfə verməsini müsbət qiymətləndirir.   Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması nəzərdə tutulan unikal muzey layihəsinə dair məlumat vermişdir. Tədbir çərçivəsində təşkil olunan Beynəlxalq Bərpa Sərgisi də öz işini davam etdirməkdədir. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti İCE, Assorestauro, İtaliya Milli Tədqiqat Şurasının (CNR), habelə İBİX (abidələrin təmizlənməsi), ENEL X (memarlıq işıqlandırılması), CORES4N (abidələrin interyerinin bərpası üzrə) kimi İtaliyanın tikinti və bərpa sahələrində çalışan qabaqcıl şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.   Azərbaycan nümayəndə heyəti “Bərpa həftəsi - 2021” çərçivəsində 3 sentyabr tarixində Matera şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək.  

Hamısını oxu