Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərə yaxın müşahidəçi ilə seçkiləri izləyir

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi respublika üzrə seçki müşahidəçiliyi aparır.

AZƏRTAC xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidə apardığını, burada da prosesin normal qaydada davam etdiyini bildirib. “Əksər rayonlarda müşahidəçilərimiz var. Onlardan yerlərdə vəziyyət barədə fasiləsiz olaraq məlumatları alırıq. Veteranlarımız ictimai nəzarəti təmin etməkdə çox fəaldırlar. Hər hansı ciddi problem müşahidə olunmayıb, seçki məntəqələri işini yüksək səviyyədə qurub”.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Vüqar Məhərrəmov Ağalıda əhali fəal şəkildə seçkilərə gəldiyini deyib. O bildirib: “Azad edilmiş ərazilərdə ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Zəngilan Qayıdışın ilk ünvanıdır. Seçki məntəqəsində hər hansı pozuntu halı ilə qarşılaşmamışıq. Seçicilərin səsvermə hüququndan rahat istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Proses dinc, normal axarda davam edir. Burada digər QHT təmsilçiləri də müşahidə aparırlar. Qeydlərimizi götürürük”.

Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Anar Məmmədov da deyib ki, seçki prosesi normal şəkildə davam edir, hər hansı kənar müdaxilə faktı qeydə alınmayıb.

Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.

 

2024-09-01 14:20:56
2941 baxış

Digər xəbərlər

““Dəmir yumruq” həmişə vətənin keşiyində hazırdır”

Artıq bəlli bir müddətdir ki, Ermənistan tərəfi təmas xəttində müxtəlif təxribatlar törətməyə cəhd edir. Bir müddət öncə 6 erməni terrorçusunun Kəlbəcər rayonu istiqamətində mina basdıran zaman zərərsizləşdirilməsi, habelə Naxçıvan istiqamətində bir hərbçimizin Ermənistan ordusunun atəşi nəticəsində yaralanması rəsmi İrəvanın terror və təxribat siyasətindən imtina etmək fikrində olmadığını göstərir.   Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu təxribatların Ermənistanın özü üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb:   “Azərbaycanda qədim zamanlardan özünü təsdiq etmiş deyim var. “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar”. 44 günlük müharibədə biabırçı şəkildə darmadağın olmuş erməni ordusunun sərhəd xəttində törətdiyi təxribatların əsas məqsədi, üçüncü qüvvələri Azərbaycan əleyhinə səfərbər etməkdən ibarətdir. Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığından digər dövlətlərin müdaxiləsi qeyri-mümkün idi. Ona görə də ermənilər, sərhədlərin sovet dövründə təsdiq olunmuş xəritələrə əsasən müəyyənləşdirilməsinə imkan vermirlər. Delimitasiya və demarkasiya işlərinin aparılmasına maneçilik törədir, süni ajiotaj yaratmaqla, KTMT-yə, ABŞ, Fransa kimi dövlətlərə yalvarırlar. KTMT-dən lazımi dəstək almadıqları üçün, hətta Çin ordusunu regiona dəvət etmək kimi absurd fikirlər səsləndirirlər.   Digər tərəfdən Ermənistanda seçkiqabağı təbliğat gedir. İstisna deyil ki, sərhəddə baş verən təxribatlar, bir-birinə düşmən kəsilmiş siyasi qrupların və yaxud regionda geosiyasi maraqlarını təmin etmək istəyən qüvvələrin kompromat savaşı olsun. Hər bir halda məsuliyyət Ermənistan siyasi hakimiyyətinin üzərinə düşür.   Bütün bunlar erməni dövlətinin dərin böhran içində olmasının göstəricisidir. Cəmiyyət isə, psixoloji sarsıntılar keçirir. Yalan, tarixi faktları saxtalaşdırmaqla, mifik illyüzalar üzərində qurulmuş təbliğat nəticəsində formalaşmış millət reallıqlarla barışa bilmir. Süni şəkildə özlərinə ,,ən qədim, mədəni, qeyri-adi millət,, brendi yapışdırmış xəstə tayfanın iç üzü açılmışdır. Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində ,,məğlubedilməzləri,, darmadağın etmişdir. Ali Baş Komandan isə, həm cəbhədə, həm də diplomatik masada, informasiya savaşında dünya erməniliyinə layiq olduğu yeri göstərmişdir.   Əgər təxribatlar davamlı şəkildə olacaqsa, “Dəmir yumruq” həmişə vətənin keşiyində hazırdır. Ancaq düşünürəm ki, biz maksimum təmkinli olmalı, ermənilərin provakativ davranışlarına qarşı ehtiyatlı yanaşmalıyıq. Hər kəs gözəl başa düşür ki, nə erməni dövlətinin, nə də ki, ordusunun müharibə aparmaq üçün heç bir imkanı yoxdur. Onların əlinə hansısa arqument verilməməlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Dağıstan və Azərbaycan Veteranlarının Birgə Forumu – Tarixi Qardaşlığın Təntənəsidi

80 il. Bu rəqəm təkcə bir zaman ölçüsü deyil. Bu bir xalqın yaddaşında silinməz iz buraxan fədakarlıqların, şəhid qanıyla yazılmış qəhrəmanlıq səhifələrinin, səngərlərdə yaşanan iztirabların və zəfərlə bitən müqəddəs savaşın simvoludur. 1945-ci ildə faşizm üzərində qazanılmış Qələbə yalnız hərbi gücün deyil, həm də xalqın iradəsinin, birliyinin və əzmkar ruhunun təntənəsi idi. Bu Zəfərin 80 illiyi münasibətilə keçirilən Dağıstan-Azərbaycan veteranlarının birgə forumu tarixin canlı şahidlərinin iştirakı ilə zamanın içindən boylanan bir sayğı duruşudur. Bu forumda səslənən hər bir fikir, səsləndirilən hər bir mahnı, bir-birini tamamlayan mədəniyyət nümunələri əslində bir xalqın keçmişinə etdiyi ehtiramın, gələcəyinə inamının ifadəsidir. Bu səfər və forumun ruhunda tarixi şəxsiyyətlərə olan dərin hörmət xüsusi yer tutur. Dağıstanda böyük ehtiramla anılan və Azərbaycan-Dağıstan dostluğunun təməlini atanlardan biri olan böyük dövlət xadimi Əziz Əliyev bu münasibətlərin canlı simvoludur. Onun II Dünya Müharibəsi illərində Dağıstanda göstərdiyi fədakar xidmətlər yalnız bir dövlət xadiminin fəaliyyəti deyildi, həm də qardaş xalqlar arasında mənəvi körpülərin çəkilməsi idi. Əziz Əliyev yalnız Dağıstan üçün deyil, Azərbaycan üçün də mənəviyyatın, humanizmin və qətiyyətin rəmzi kimi tarixə düşmüşdür. Mahaçqalada onun abidəsi önündə gül dəstələri qoyularkən təkcə bir şəxsiyyətin deyil, bir ideyanın, bir dostluğun, bir tarixin önündə baş əyildi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı o qəhrəmanlıq irsini layiqincə yaşadır, qoruyur və təbliğ edir. Böyük Vətən Müharibəsində qazanılan zəfərin ruhu Prezidentin çıxışlarında, qərarlarında və xüsusilə də işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərində yaşayır. Azərbaycanın sülhə, ədalətə və beynəlxalq həmrəyliyə verdiyi töhfələr əslində keçmişdən gələn müqavimət və zəfər ruhunun bu gün də yaşadığını sübut edir. Prezident İlham Əliyev ölkənin daxili və xarici siyasətində tarixi yaddaşı əsas götürərək gələcəyə yönəlmiş sabit və güclü siyasət həyata keçirir. Bu siyasətin təməlində məhz xalqlar arasında birliyə, tarixi həqiqətlərin müdafiəsinə və mədəni irsə verilən dəyər dayanır. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə sadə bir tədbir deyil, həmçinin hər səhifəsi qürur dolu səhifələrlə dolu olan tarixi memuardır. Bu memuar 80 il öncə qardaşlaşmış əllərlə, eyni düşmənə qarşı çiyin-çiyinə döyüşən Dağıstanlı və Azərbaycanlı əsgərlərin zəhməti və qanı ilə səngərlərdə yazılmışdı. O, Əziz Əliyevin humanist fəaliyyəti ilə onun Dağıstanda xalqın dərdinə yanan bir dövlət xadimi kimi yazdığı səhifələrlə zəngindir. O səhifələrdə təkcə siyasi addımlar deyil, insani münasibətlərin, xalq sevgisinin, vəfa və mərdliyin izləri vardır. Əziz Əliyevin simasında iki xalqın taleyi bir nöqtədə qovuşur və o nöqtə “qardaşlıq” adlanır. Bu xatirə və yaddaş bu gün İlham Əliyev tərəfindən davam etdirilir.  Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi kimi bu mirası uğurla yaşadır. Qarabağda yenidən doğulan şəhərlər, bərpa olunan mədəniyyət abidələri kimi bu forum da keçmişlə gələcək arasında mənəvi körpü salır. Bu forumda səslənən mahnılar, ifa olunan rəqslər, aparılan müzakirələr, xatırlanan igidlər bunların hər biri sanki o tarixi yaddaşın yeni səhifələridir. Dağıstan torpağında oxunan Azərbaycan şeiri, Dərbənd küçələrində səslənən “Qarabağ şikəstəsi” bir daha göstərdi ki, bu əsərin yazılışı hələ bitməyib. Onun hər səhifəsi yaşanır, onun hər misrası dostluq və vəfa ilə tamamlanır. Bu forum sübut etdi ki, zaman keçsə də yaddaş silinmir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci il aprelin 16-da Rusiya Federasiyasının Dağıstan Respublikasına etdiyi səfər məhz bu tarixi və mənəvi bağların yenidən canlandırılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Dağıstan və Azərbaycan veteranları arasında birgə forumun təşkili, qarşılıqlı təcrübə mübadiləsi və birgə tədbirlərin keçirilməsi planlarının müzakirəsi bu əməkdaşlığın praktiki təməllərini formalaşdırdı. Forumda ortaq tarixi hadisələrə bir daha nəzər salındı, müharibə dövrünün qəhrəmanlıq səhifələri yad edildi. Səfərin ən mühüm aspektlərindən biri xalqlarımızın ortaq tarixinin və mədəniyyətinin təbliği idi. Dərbənd və Mahaçqala şəhərlərində təşkil edilən tədbirlər, Azərbaycanın tarix və mədəniyyətə göstərdiyi diqqət və ehtiramı, bu istiqamətdə görülən işlərin davamlı olduğunu sübut etdi. Kitabxanalara bağışlanan kitablar, tarixi şəxsiyyətlərə ehtiramın ifadəsi olan abidələrin ziyarətləri, milli-mədəni dəyərlərin paylaşılması bu əməkdaşlığın mədəni təməllərinin necə güclü olduğunu bir daha göstərdi. Səfər çərçivəsində məktəblərdə keçirilən görüşlər, gimnaziyada aparılan müşahidələr gənclərin həm biliyə, həm də milli ruhda tərbiyəsinə verilən önəmin göstəricisi idi. Bu həm də veteranların öz təcrübə və dəyərlərini yeni nəslə ötürmək istəklərinin təzahürü idi. Forumda səsləndirilən mesajlar, xüsusilə də “Tarixi unutma, gələcəyi qoru” ideyası ətrafında səslənən çağırışlar, gənclər üçün bir yol xəritəsi rolunu oynayır. Səfərin mühüm strateji aspektlərindən biri də tariximizin təhrif olunması cəhdlərinə qarşı birgə mübarizə çağırışları idi. Polkovnik Cəlil Xəlilovun da vurğuladığı kimi zaman-zaman Azərbaycan və Dağıstan xalqları arasında qarşıdurma yaratmağa çalışan qüvvələr olub. Lakin bu səfər və forum göstərdi ki, xalqlarımızın birliyi və həmrəyliyi bu cür təxribatçı təşəbbüslərə qarşı ən güclü sipərdir. Veteranlar səviyyəsində əməkdaşlıq yalnız humanitar aspekt daşımır, həm də geosiyasi baxımdan əhəmiyyətli bir prosesdir. Azərbaycan və Dağıstan arasında qurulan bu körpü, ümumilikdə Rusiya və Azərbaycan arasında münasibətlərin daha sağlam zəmində inkişafına, regionda sabitliyin və qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verir. Forumda çıxış edən polkovnik Cəlil Xəlilov bu tədbirin sadə bir görüş deyil, tarixə olan sadiqliyin ifadəsi olduğunu bildirdi. O, vurğuladı ki, bu forum xalqlarımızın birgə mübarizə tarixinə, İkinci Dünya Müharibəsindəki ortaq zəfərimizə, Dağıstan və Azərbaycanın qəhrəman övladlarının şücaətinə bir ehtiramdır. Forumda Azərbaycan xalqının qələbədəki töhfələri xüsusilə də Bakı neftinin strateji əhəmiyyəti geniş şəkildə müzakirə olundu. Milli musiqilər, rəqslər, mədəniyyət nümunələri isə tədbirə emosional və mənəvi dəyər qatdı. Tanınmış simaların iştirakı forumun əhəmiyyətini daha da atrırdı.Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Bu geniş tərkibli iştirak forumun rəsmi və ictimai əhəmiyyətinin bariz göstəricisi oldu. Cəlil Xəlilov xüsusi olaraq Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə  təşəkkür etdi. Həmçinin, Azərbaycan Respublikasının Prezident Administrasiyasının və dövlət qurumlarının göstərdiyi dəstək də yüksək qiymətləndirildi və mədəni və elmi tədbirlər keçmişə dəyər, gələcəyə yatırım fikri vurğilandı. Səfər çərçivəsində nümayəndə heyəti Dərbənd şəhərindəki Mirzə Kazım bəy adına mərkəzi kitabxanaya baş çəkdi. Burada Əziz Əliyev və Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə olundu. Kitabxanada Azərbaycan tarixi ilə bağlı zəngin və qayğı ilə qorunan mənbələrin mövcudluğu Dağıstan xalqının Azərbaycan mədəniyyətinə və tarixinə olan yüksək ehtiramının göstəricisi kimi dəyərləndirildi. Aprelin 18-də Mahaçqala şəhərinə edilən səfər çərçivəsində nümayəndə heyəti Əziz Əliyevin abidəsini ziyarət etdi. Veteranlar və məktəblilər qarşısında keçirilən çıxışlarda onun Dağıstan-Azərbaycan dostluğundakı tarixi rolu vurğulandı. Mahaçqala gimnaziyasında şagirdlərin yüksək vətənpərvərlik ruhu və bilik səviyyəsi nümayəndə heyətini dərin təsirləndirdi. Forumda gələcək planlar və perspektivlər geniş müzakirə olundu. Polkovnik Cəlil Xəlilov müsahibəsində qeyd etdi ki, qarşıda daha geniş əməkdaşlıq perspektivləri mövcuddur. Bu əməkdaşlıq yalnız veteran təşkilatlarının deyil, bütövlükdə Azərbaycan və Dağıstan xalqlarının strateji maraqlarına xidmət edir. O, bildirdi ki, yaxın vaxtlarda Dağıstanlı veteranların Azərbaycana səfəri təşkil olunacaq, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfərlərin təşkili, Azərbaycanın abadlıq-quruculuq işlərinin nümayişi prioritet istiqamətlərdəndir. Cəlil Xəlilovun vurğuladığı kimi iki xalq arasında zaman-zaman təxribat yaratmağa çalışan qüvvələrə qarşı belə dostluq tədbirləri mühüm sipər rolunu oynayır. Bu həm də gənc nəslə verilən bir mesajdır: tariximizi bilməli, birlik və qardaşlığımızı qoruyub saxlamalıyıq. Dağıstan və Azərbaycan veteranlarının birgə forumu təkcə keçmişə ehtiram deyil, eyni zamanda gələcək üçün möhkəm bir körpüdür. Bu forum göstərdi ki, iki xalq arasındakı qardaşlıq əlaqələri nəinki tarixi bir ənənədir, həm də uğurlu gələcəyə aparan yolun mənbəyidir. Bu dostluq, ortaq dəyərlər və mübarizə ruhu əsasında qurulan əməkdaşlıq, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Dağıstanın igid oğul və qızları sülh, dostluq və birgə gələcək naminə bu gün də tarix yazmaqda davam edirlər!    Qorqut Süleymanlı

Hamısını oxu
Qobustan rayon Veteranlar Təşkilatının sədri Abdulhəsən Ağayev vəfat edib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Qobustan rayon Veteranlar Təşkilatının sədri Abdulhəsən Ağayev Ağadayı oğlunun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

08 may 2017-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-mayor Dadaş Rzayev, general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq, veteranlara göstərilən dövlət qayğısından danışmış, onların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını,  problemlərinin vaxtında həll olunduğunu qeyd etmişdir. Cəlil Xəlilov ölkə rəhbərliyinin yüksək münasibətindən nümunə götürən müvafiq dövlət orqanlarının da veteranlara qayğıkeşliklə yanaşdıqlarını, alman faşizmi üzərində qələbənin 72-ci ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının məhz bunun əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən C.Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yadda qalan olur. Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. C.Xəlilov İkinci Dünya veteranlarının sayının günü-gündən azaldığını narahatlıqla bildirərək, onların xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmişdir. O, həmçinin, İkinci Dünya müharibəsi veteranlarının hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və Daməd Nəbiyev Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

Hamısını oxu