Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bayrağımız - qürur mənbəyimiz

Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir Bakı, 9 noyabr, AZƏRTAC Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Dövlət bayrağımızın tarixinə qısaca nəzər salaq. Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən dövlət bayrağına sahib çıxdı. Dövlət bayrağımızı səciyyələndirən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirdi. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Dövlət bayrağımız Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların binaları qarşısında ucalır. Yarışlarda qalib gələn idmançılarımızın şərəfinə bayrağımız qaldırılır, himniniz səslənir. Biz bundan böyük qürur duyuruq, ucalan bayrağımıza baxanda gözlərimiz sevincdən yaşarır. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”. Rəşadətli ordumuzun bu il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı nəticəsində işğaldan edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu gün həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, işğaldan azad olunmuş 215 kəndə sancıb. Bu qələbələr fonunda Prezident İlham Əliyevin iki il əvvəl Bakıda keçirilən hərbi paradda böyük inamla dediyi sözlər də yada düşür: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edir və üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırır. Xalqımız əmindir ki, işğal atlındakı bütün torpaqlarımız azad olunacaq, dövlətimizin başçısının dediyi kimi, həmin torpaqlarımızda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilərək hərbi paradda nümayiş etdiriləcək. O gün çox yaxındadır.

2020-11-09 00:00:00
1258 baxış

Digər xəbərlər

Посольство Российской Федерации в Азербайджанской Республики

Hamısını oxu
Prezident Tovuza dəyən ziyanın aradan qaldırılmasına bir milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrılıb.   Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Hamısını oxu
Xatirələrdə əbədi yaşayan Azərbaycan xanımı!

Bu gün Zərifə xanım Əliyevanın anadan olmasının 102 ili tamam olur. Zərifə xanım Əliyevanın parlaq obrazı yaddaşımıza əbədi həkk olunub. O, insanlara nur bəxş edən həkim - dəyərli alim, fədakar ömür-gün yoldaşı və qayğıkeş ana idi.  Tibb elminə çox mühüm yeniliklər gətirən, həkim-mütəxəssis və alim kimi fəaliyyəti yüksək qiymətləndirilən Zərifə Əliyeva milli-mənəvi dəyərlərə bağlılığı və sadiqliyi ilə fərqlənirdi. Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynayıb. Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə həyatını bölüşmək onun üçün həm böyük xoşbəxtlik, həm də məsuliyyət idi. Fərəh və qürur hissi ilə qeyd edirik ki, iki unikal şəxsiyyətin - Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində yetişən cənab Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, xalqa və dövlətə sədaqət andını gerçəkləşdirərək Azərbaycana parlaq nailiyyətlər qazandırır. Bu, Azərbaycan xalqının iftixarı və xoşbəxtliyidir! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.  Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək. Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.

Hamısını oxu