Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı şanlı tariximizin parlaq səhifələridir”

Cəlil Xəlilov: “Dünya faşizm üzərindəki qələbəyə görə Bakı neftinə borcludur” 

“Soydaşlarımız post-sovet məkanı ilə yanaşı, bütün Avropanın faşizmdən azad edilməsinə böyük töhfələr verib”

Mayın 9-u İkinci Dünya müharibəsinin başa çatmasının 79-cu ildönümüdür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu tarixi qələbədən, onun əldə edilməsində Azərbaycan xalqının rolundan danışdıq:

-Cəlil müəllim, qarşıdan 9 may – böyük qələbənin 79-cu ildönümü gəlir. Öncə bu qələbədə Azərbaycan xalqının rolu ilə bağlı fikirlərinizi bilmək istərdik.

-İkinci Dünya müharibəsi bəşər tarixinin ən böyük və ən dağıdıcı müharibəsidir. Bu müharibə bir neçə qitə və onlarla ölkəni əhatə etmiş, milyonlarla insanın həyatına son qoymuşdur.

Faşizmə qarşı mübarizə və bu mübarizənin mümkün nəticələri bütün bəşəriyyətin gələcəyi baxımından həlledici amil sayılırdı. Dünya ya faşizmə qalib gələrək özünü xilas edəcək, ya da faşizmin əsarəti altında məhv olacaqdı. Məhz belə bir zamanda Azərbaycan xalqı faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlar və fədakarlıqar sərgilədi, bu mübarizənin taleyinə həlledici təsir göstərdi.

Xatırladım ki, Azərbaycan xalqının 700 mindən çox oğul və qızı  İkinci Dünya müharibəsində faşizmə qarşı hərbi əməliyyatlarda iştirak etmiş, onların 300 min nəfər bu mübarizədə qəhrəmancasına həlak olmuşdur.

Müharibədə Azərbaycanın milli diviziyaları öz qəhrəmanlığı ilə böyük şöhrət qazanmış, faşist işğalındakı onlarla şəhərin, yüzlərlə yaşayış məntəqəsinin azad edilməsini təmin etmişdir.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişdilər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur.

-Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, Qərbi və Şərqi Avropa ölkələrinin faşizmdən müdafiəsində də iştirak etdiyi məlumdur. Sizcə bu tarixi fakt dünyada yetərincə təbliğ olunurmu?

-Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, bir sıra ölkələrin - Polşa, Çexoslovakiya, Yuqoslaviya, İtaliya, Fransa və digər ölkələrin faşizmdən müdafiəsində iştirak etdiyi, bu mübarizədə göstərdikləri qəhrəmanlıqlara görə çoxsaylı təltif və mükafata layiq görüldüyü tarixi həqiqətdir. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Yuqoslaviya və İtaliyanın faşizmdən müdafiəsində iştirak etmişdir.

Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılov Fransanın faşizm əsarətindən xilas olunmasında yaxından iştirak etmiş, Paris azad edildikdən sonra burada general Şarl de Qolla görüşmüşdür. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı ilə bağlı sadəcə bir fakta diqqət çəkim ki, azərbaycanlı döyüşçü tək bir əməliyyat zamanı 500 nəfər fransız uşağın alman həbs düşərgəsinə aparılmasının qarşısını almış, onları azad etmişdir.

Azərbaycanlı döyüşçülərlə bağlı yüzlərlə, minlərlə bu cür faktlar mövcuddur. 

Əslində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bizim əsas məqsəd və fəaliyyət istqiamətlərindən birini də məhz həmin azərbaycanlıların xatirəsinin bu ölkələrdə əbədiləşdirilməsidir. Biz çalışırıq ki, yalnız post-sovet məkanında deyil, Avropanın müxtəlif şəhər və qəsəbələrində, harada ki, azərbaycanlılar döyüşüb, məhz həmin yaşayış məntəqələrində onların adı əbədiləşdirilsin. Bu, həm tarixin unudulmaması, yaşadılması, həm də qəhrəmanlarımızın Avropa ictimaiyyətinə tanıdılması, onların təbliği baxımından vacibdir. 

Dünya ictimaiyyətinin bununla bağlı daha dolğun məlumatlandırılması üçün sənədli filmlərin çəkilməsinə, kitabların yazılmasına, ciddi tədqiqat işlərinin ortaya qoyulmasına ehtiyac var. Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bu istiqamətdə səylərimizi davam etdiririk və təbii ki, bu yöndə atılması gərəkən hələ çox addım var.

-Cəlil müəllim, müharibədə Azərbaycan həm də öz nefti və digər iqtisadi resursları ilə də iştirak etdi. Sizcə ölkəmizin cəbhə üçün ortaya qoyduğu iqtisadi resurslar, xüsusilə də Bakı nefti müharibənin gedişatına və taleyinə hansı miqyasda təsir göstərdi?

- İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin böyük rolu olduğu birmənalıdır. Müharibədə cəbhənin yanacağa olan əsas ehtiyacını məhz Bakı neftçiləri qarşılayıb. 1941-1945-ci illərdə ölkəmizdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Azərbaycan müharibə illərində 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Bu gün bir daha bütün fakt və rəqəmləri təhlil edərək əminliklə deyə bilərik ki, müharibənin taleyini məhz Bakı nefti həll edib. Hansı ki, dünyanın bir çox hərbi-siyasi liderləri də Bakı neftinin həyati əhəmiyyəti etiraf edib, qələbəyə görə daha çox Bakı neftinə minnətdar olduqlarını bildiriblər. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin bu gerçəkliklə bağlı demişdir:

“Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.

-Müharibə dönəmində Azərbaycanda silah-sursat və hərbi texnika istehsalı baxımından vəziyyət necə idi?

-Müharibə zamanı Azərbaycan cəbhəyə həm də yüksək keyfiyyətli silah-sursat göndərir, bir sıra hərbi texnikalar üçün çoxsaylı hissələr istehsal edirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, həmçinin 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda amansız döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı.

Müharibə dönəmində respublikamızdakı müəssisələr 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.

1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu. 

-Cəlil müəllim, Azərbaycan müstəqillik əldə edəndən sonra İkinci Dünya müharibəsi və Azərbaycanın bu müharibədə iştirakına fərqli münasibət bəsləyənlər də oldu. Bu barədə nə deyə bilərsiniz?

-Qeyd etdiyiniz kimi, 1991-ci ildə ölkəmiz ikinci dəfə öz müstəqilliyinə nail olduqdan sonra bəzi şəxslər gülünc və əsassız iddialarla çıxış etməyə başladılar. Onlar İkinci Dünya müharibəsinin mahiyyətini təhrif edərək bildirirdilər ki, guya Azərbaycanın bu müharibədə iştirakına heç bir lüzum olmayıb. Guya bu, Almaniya ilə Rusiya arasında gerçəkləşən bir müharibə idi və hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, bunun Azərbaycan üçün heç bir mənfi nəticəsi olmayacaqdı.

Bu, təbii ki, absurd bir iddiadır. Çünki faşizm yalnız post-sovet məkanının deyil, bütün dünyanı əsarət altına almağı qarşısına məqsəd qoymuşdu.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə bu iddialara da son qoyuldu. Heydər Əliyev haqlı olaraq bəyan etdi ki, İkinci Dünya müharibəsi və Azərbaycan xalqının bu müharibədə iştirakı tariximizin ayrılmaz və şərəfli bir parçasıdır. Azərbaycan heç vaxt öz tarixindən imtina etməyəcək.

Beləliklə də, Heydər Əliyevin sayəsində ölkəmizdə 9 may Qələbə Günü yenə də qeyd edilməyə başladı, İkinci Dünya müharibəsi veteranlarına dövlət qayğısı ildən-ilə artdı. Bu gün bütün veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss edirlər. Bu baxımdan Prezident İlham Əliyevin 2 may 2024-cü il tarixli Sərəncamı buna nümunədir. Müzəffər Ali Baş Komandan həmin Sərəncamla İkinci Dünya müharibəsi veteranlarına, onların ailə üzvlərinə, eləcə də arxa cəbhədəki fədakar əməyi ilə seçilən şəxslərə birdəfəlik madi yardımın göstərilməsinə qərar verdi. Bu fakt bir daha döv lətimizin hər bir veteranına sahib çıxdığını, onlara qayğı ilə yanaşdığını sübut edir.

-Ölkəmizdə İkinci Dünya müharibəsində iştirak edən və bu gün də həyatda olan neçə veteran var?

-Hazırda 30 belə veteranımız var ki, onların hər biri Təşkilatımızın diqqət mərkəzindədir. Biz tez-tez onlarla əlaqə saxlayır, onları ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Onların müalicəsi, sosial durumu bizim diqqət mərkəzimizdədir.

Bu il fevralın 29-da Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı ziyarət etmiş, onun müalicəsini diqqət mərkəzində saxlamışıq. 2024-cü il martın 7-də Anan Xarkovskayanı evində də ziyarət etdik, qayğıları ilə maraqlandıq.

Digər veteranlarımız da tərəfimizdən diqqət mərkəzində saxlanılır, onların üzləşdiyi problemlər əlaqədar qurumların diqqətiə çatdırlır.

Bizim üçün qürurvericidir ki, bu işdə rayonlardakı təşkilatlarımız da aktiv fəaliyyət göstərir. Məsələn, bugünlərdə Cəlilabad Rayon Veteranlar Təşkilatının nümayəndələri bir sıra dövlət qurumlarının yetkililəri ilə birlikdə rayonun Abdullu kəndində  yaşayan İkinci Dünya müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu ziyarət edib, onun arzu və istəkləri ilə maraqlanıblar.  

Əminliklə bildirirəm ki, bundan sonra da bütün kateqoriyadan olan veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları da Təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, onların düşündürən məsəllərin həlli üçün tərəfimizdən imkan və səlahiyyətlərimiz daxilində bütün gərəkli addımlar atılacaq.

Mən veteranlara göstərdiyi diqqət və qayğıya görə Təşkilatımız adından Prezident İlham Əliyevə təşəkkür edir, bütün veteranlar adından ona öz minnətdarlığımı bildirirəm. Xatırladıram ki, veteranlarımız hər zaman olduğu kimi bundan sonra da Prezidentin hər bir çağırışını dəstəkləməyə, dövlətimizin rifahı, təhlükəsizliyi və tərəqqisi üçün istənilən fədakarlığa hazırdılar.

 Seymur ƏLİYEV

 

2024-05-08 11:12:29
4392 baxış

Digər xəbərlər

ASA tərəfindən təşkil olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il 29 sentyabr tarixdə imzalanan "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncamı rəhbər tutaraq və bu Sərəncama əsasən müasir və müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ölkədə silsilə tədbirlərin həyata keçirilməsini nəzərə alaraq jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib. Veteran.gov.az-a ASA-dan verilən məlumata görə, “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş bu yazı müsabiqəsində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, müsabiqədə iştirak edən digər 2 jurnalistə isə sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunub. Yazı müsabiqəsində 1-ci yerə “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, 2-ci yerə “APA” İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev, 3-cü yerə isə “Bakivaxti.az” xəbər portalının müxbiri Ramid İbrahimov layiq görülüb. “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Studiyasının İqtisadiyyat Xəbərləri Redaksiyasının baş redaktoru Aytən Abdulova və “Moderator.az” portalının jurnalisti Seymur Əliyev sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunmuşdu.

Hamısını oxu
Komitə sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Sətttarova ilə görüşüb.   Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın timsalında bütün veteranları təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, faşizmə qarşı mübarizədə Azərbaycan xalqının fədakar mübarizəsinə diqqət çəkib. Xalqımızın XX əsrin 40-cı illərində faşizmə qarşı mübarizəyə böyük töhfələr verdiyini diqqətə çatdıran Komitə sədri, 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizminə də qalib gəldiyini, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun ərazi bütövlüyümüzü təmin etdiyini bildirib.   Çıxışının sonunda Komitə sədri Fatma Səttarovaya və İkinci Dünya müharibəsi veteranı Tacirə Qazıyevaya gül dəstəsi və hədiyyə təqdim edib.   Gəlişinə görə komitə sədrinə minnətdarlığını bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının tarixin bütün keşməkeşlərindən şərəflə, alnıaçıq, üzüağ çıxdığını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, istər Hiterçilərə, istərsə də erməni faşizminə qarşı Azərbaycan xalqının mübarizəsi bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə, gələcək rifahına böyük töhfə olub.   Görüşün sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Komitə sədrinə xüsusi yubiley medalını təqdim edib.   Sonda Komitə sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Xatirə kitabı”na ürək sözlərini yazıb.   Seymur ƏLİYEV

Hamısını oxu
“Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır”

Cəlil Xəlilov: “Xalqımız və dövlətimiz öz qardaşlarını tək buraxmayacaq” “Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır”.   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadları şərh edərkən bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan və Türkiyə tarixin ən mürəkkəb, ən təlatümlü anlarında belə mənəvi baxımdan bir-birlərinin yanında olub, bir –birlərinə sevgi və dəstək nümayiş etdiriblər:   “Azərbaycan-Türkiyə tarixi qardaş xalqlar, qardaş dövlətlər tarixidir və biz bu tarixə nəzər salanda görürük ki, hər iki dövlət ən çətin, ən dar, ən məşəqqətli gündə belə bir-birlərinin yanında olub, bir-birlərinə dəstək nümayiş etdiriblər.   Bu gün qardaş Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadlar Azərbaycanda ciddi təəssüf və hədsiz həyəcana səbəb olub. Şübhəsiz, Türkiyə dövlətinin gücü,  türk xalqının mübarizə əzmi, həmrəylik ruhu ona bu çətinlikdən də çıxmağa kömək edəcək. Artıq Türkiyənin bütün əlaqədar dövlət qurumları zəlzələ bölgəsində genişmiqyaslı iş aparmaqda, insanlara operativ şəkildə köməklik göstərməkdədir. Lakin bu çətin anda hər kəsin -  sadəcə türk-İslam dövlətlərinin deyil, bütün sivil dünyanın borcu Türkiyənin yanında olmaq, ona dəstək verməkdir.   Zəlzələnin ilk anından etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirib, onunla birlik və həmrəylik sərgiləyib. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyədə fəaliyyətdədir. Türkiyəyə ilkin yardımla bağlı fasiləsiz olaraq zəruri vasitələr - tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr tədarük edilir. Təbii ki, prosesin gedişində gərəkli ehtiyaclar nəzərə alınmaqla Azərbaycan dövləti, Azərbaycan xalqı hərtərəfli yardımlarını davam etdirəcək.     Ölkəmiz zəlzələnin fəsadları tam olaraq ortadan qaldırılana qədər qardaş Türkiyəyə dəstəyini davam etdirəcək, bunun üçün əlindən gələni əsirgəməyəcək”.

Hamısını oxu
“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley sikkə kolleksiyasını ictimaiyyətə təqdim edib. Kolleksiya “AzerGold” QSC-nin ötən on il ərzində ölkənin dağ-mədən sənayesinin inkişafına verdiyi töhfələri əks etdirir. Qızıl və gümüş sikkələrin ön hissəsində “AzerGold”un korporativ üslubunu və fəaliyyət istiqamətini simvolizə edən elementlər, mərkəzi hissədə isə Cəmiyyətin loqosu yerləşdirilib. Kompozisiyanı əhatə edən konsentrik dairəvi xətlər davamlı inkişafı, hərəkəti və gələcəyə yönəlmiş strateji baxışı ifadə edir. Sikkənin əsas elementi olan "10" rəqəmini əhatə edən spiral relyef açıq tipli mədən karxanasının yuxarıdan görünüşünü xatırlatmaqla mərkəzə doğru enən pilləli quruluş təsiri yaradır. Karxana təsviri yerin dərinliklərindəki sərvətlərin insan əməyi, elm və texnologiyanın vəhdəti sayəsində iqtisadi dəyərə çevrilməsini vurğulayır. Sikkələrin üzərində “2016–2026” tarixlərinin əks olunması isə “AzerGold”un 10 illik fəaliyyət yolunu simvolizə edir. Kolleksiya dövlət şirkətinin ölkəmizdə hasil etdiyi qızıl və gümüş xammalından hazırlanıb. Həm estetik görünüşü, həm də xatirə əhəmiyyəti ilə diqqət çəkən məhsullar məhdud sayda istehsal olunub. Sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Hamısını oxu