Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə veteranlar, gənclər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin  önəminə toxunub, ordumuzun keçdiyi inkişaf yoluna nəzər salıb. Polkovnik Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əsrlər sonra da heyrət və ehtiramla yad ediləcəyini bildirib.

Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “SOS” MMC-nin direktoru polkovnik Anar Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin zabiti polkovnik-leytenant Xəqani Seyidov, Vətən müharibəsi iştirakçısı Mahmur Kərimov öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin artan gücünə, yüksək döyüş hazırlığı və peşəkarlığına toxunub, Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan bəhs edib.

Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqımızın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atacağını bildirib.

Tədbirin sonunda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.

2024-06-26 13:40:53
3492 baxış

Digər xəbərlər

“Tarix yazan qəhrəmanlar“ layihəsi davam edir

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun rəhbəri Sahibə Ələkbərova "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində klub üzvləri ilə birgə II Vətən müharibəsi şəhidi Tural Abdullayevin ailəsini ziyarət ediblər. Layihə iştirakçıları T.Abdulayevin ailəsi ilə görüş zamanı onun haqqında olan xatirələri dinləmiş və şəhidin evində xatirə əşyaları nümayiş edilən xüsusi otaq ilə tanış olmuşlar.    Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köçmüşdür. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər. Bu soyqırımda Turalın qohumlarından bir ailə tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissı ilə böyüyən Tural, düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdur. Qeyd edək ki,  Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural  III dərəcəli döş nişanı ilə təltif edilib. Həmçinin 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi) əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” III dərəcəli medalı ilə təltif edilib.   “Boz qurd" ləqəbli döyüşçü II Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etmişdir. T.Abdullayev 30 sentyabr 2020- ci il tarixində ən yüksək zirvəyə şəhidlik məqamına ucaldı. Bir çox arzuları yarımçıq qalsada ən böyük arzusuna nail oldu. Xocalı qətlamının qisasını düşməndən aldı.   T. Abdullayev yaşadığı illər ərzində bir dəfə də olsun doğum gününü qeyd etmədi. Çünki, onun doğum günü 613 nəfər Xocalı sakininin qətl edildiyi günə təsadüf edirdi.   Qeyd edək ki, T.Abdullayevə məxsus əşyaların bir hissəsi muzeyin Vətən müharibəsi fondunda qorunur, digər hissəsi isə muzeydə “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilir.   Mənbə: http://azhistorymuseum.gov.az 

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov görkəmli ictimai-siyasi xadim, məşhur diplomat Hüseyn Quliyevi yubiley münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov görkəmli ictimai-siyasi xadim, məşhur diplomat Hüseyn Quliyevi 80 illik yubiley münasibətilə təbrik edib. Təbrik mətnində deyilir: "Hörmətli Hüseyn bəy! Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq. Sizin ömür yolunuz, siyasi fəaliyyətiniz, dövlətimiz və xalqımıza sonsuz sədaqətiniz, milli maraqlarımızın müdafiəsi uğrunda apardığınız mübarizə, bu mübarizədə sərgilədiyiniz fədakarlıqlar hər bir Azərbaycan gəncinə örnək, gələcək nəsillərə nümunədir. Təsadüfi deyil ki, uzun illər ərzində milli mənafeyimiz uğrunda apardığınız mübarizə, ortaya qoyduğunuz təkrarsız xidmətlər Azərbaycan dövləti tərəfindən də daim yüksək qiymətləndirilib. Sizin 9 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyiniz bunun ən böyük isbatıdır. 22 iyun 2026-cı ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyiniz dövlətimizin diplomatik sferadakı xidmətlərinizi yüksək səviyyədə dəyərləndirdiyini, bu xidmətləri diqqətdən kənarda qoymadığını göstərir. Bütün bu faktlar sübut edir ki, siz Ümummillli Lider Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq dövlətimizin maarq və mənafeyini hər zaman ləyaqətlə qorumuş, atanız Rzaqulu Quliyevin irsinə övlad olaraq da daim sadiq qalmısınız. Hörmətli Hüseyn bəy! Sizin xalqımız və türk dünyası qarşısında mühüm xidmətlərinizdən biri də Azəbaycanıa Özbəkistan arasında siyasi-diplomatik və mədəni əlaqələrin inkişafına böyük töhfə verməyiniz, bu müstəvidə mühüm addımlar atmağınızla bağlıdır. Məhz Sizin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri çalışdığnız dönəmdə iki dövlət arasında siyasi-mədəni əlaqələr sürətlə inkişaf etmiş, mahiyyət etibarilə yeni mərhələyə yüksəlmişdir. Elə bunun nəticəsidir ki, 22 iyun 2026-cı ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Mehnat şuxratı” ordeni ilə təltif edilmiş, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafındakı xidmətləriniz yüksək qiymətləndirilmişdir. Qürurvericidir ki, siz ömrünüzün 80 illik zirvəsində qərar tutduğunuz bugünkü gündə də xalqımız və dövlətimiz naminə əzmlə çalışmaqda, respublikamızın inkişafına böyük töhfələr verməkdəsiniz. Əminik ki, Sizin gələcək fəaliyyətiniz çoxsaylı uğurlar, böyük müvəffəqiyyətlərlə yadda qalacaq, doğma Azərbaycanımızın inkişafına təkan verəcək. Ad gününüz mübarək olsun!" Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanı ziyarət olunub

Veteran.gov.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib. Ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar. Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Fundamental dilçilik əsəri

Veteran.gov.az xəbər verir ki, bu günlərdə "Füyuzat" nəşriyyatında filologiya elmləri doktoru, professor İdris Abbasovun "Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları" adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Günel Bayramova, rəyçilər professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, filologiya elmlər doktorları Kamilə Vəliyeva, Gülsüm Hüseynova və Lalə Qurbanovadır.  Əməkdar elm xadimi, akademik Nizami Cəfərov monoqrafiyaya ön söz yazmışdır. Həmin ön sözü təqdim edirik. Müasir dilçilik dilin müxtəlif səviyyələrdə fərqli aspektlərdən kompleks tədqiqi və təhlilini tələb edir. İnsan təfəkkürünün başlıca fəaliyyəti olan dil dilçiliyin tədqiqat istiqamətləri və sahələrini müəyyənləşdirir. Ümumi dilçilik özünün inkişafının hazırki mərhələsində filologiya, psixologiya, dil fəlsəfəsi, ədəbi nəzəriyyələr, koqnitiv elm, neyroelm, biolinqvistika, sosiolinqvistika, psixolinqvistika və s. kimi elmlərin qovşağında yerləşir. Üçüncü minilliyin astanasında dil unikal bəşəri-bioloji əsaslara malik fəaliyyət kimi kroslinqvistik nəzəriyyələr müstəvisində tədqiqata cəlb olunur. Eksperimental metod və mexanizmlərlə məşğul olan linqvistlər, koqnitivistlər, neyrobioloqlar, psixolinqvistlər, koqnitiv qrammatiklər, neyrolinqvistlər, süni intellekt mütəxəssisləri arasında intensiv əlaqələrin olması dilçiliyin multidisiplinar xarakterini səciyyələndirir. Bununla yanaşı, bir çox müasir alimlərin iddiasının əksinə olaraq demək olar ki, müasir dilçilik özünün tarixi köklərindən təcrid olunmamışdır. Dilin fonologiya, morfologiya, sintaksis, semantika və bir çox formal elementlərini tənzimləyən qaydalar toplusu hələ yunan, Roma, ərəb, çin, hind, yapon və s. dilçilik məktəblərində işlənib-hazırlanmış və dövrümüzə qədər mürəkkəb təkamül yolu keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası, son dövrlər ölkəmizdə ümumi dilçiliyə dair yazılmış əsərlərdən öz orijinallığına, mövzuların yeniliyinə, zənginliyinə və əhatəliliyinə görə fərqlənir. Geniş həcmli bu tədqiqat işi dilçiliyə dair bir növ ensiklopedik biliklər məcmusudur. Burada lap qədim dövrlərdən tutmuş günümüzə qədər dilçiliyin keçdiyi tarixi yol izlənilir, Azərbaycan dilçiliyində indiyədək toxunulmamış mövzular gündəmə gətirilir, dilçilik tarixinin və nəzəriyyəsinin, koqnitiv elmlərin epistemoloji əsaslarının aydın və maraqlı mənzərəsi yaradılır. Monoqrafiyaya müqəddimə ilə başlayan müəllif dilçiliyin tarixindən danışarkən ənənəvi olaraq qədim hind, yunan, Roma, ərəb dilçiliklərindən savayı, Babil qrammatik ənənəsi, çin və yapon qrammatik ənənəsi, Türk-Azərbaycan qrammatik ənənəsindən də bəhs edir. Əsərdə Antonio Nebrixa, Fransisko, Sançes, Kaspar Şoppe, o cümlədən Por-Royal qrammatikası haqqında dolğun məlumat verilir, XVIII—XIX  əsrlərdə dilçilikdə onomasiologiya istiqamətinin üç nümayəndəsi – E. de Kondilyak, D.Hərris və İ.Adelunqun linqvistik görüşləri yığcam şəkildə xülasə edilir. Frans Bopp, V.Humboldt, A.Şleyxer, H. Şteyntal, A.A.Potebnya, F.Fortunatov, H.Şuxardt, K.Fossler, De Kurtene, F. de Sössür kimi məşhur dilçilərin adları və görüşləri azərbaycanlı oxuculara məlumdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində digər linqvistik nəzəriyyələr, batini və zahiri forma, XX əsr dilçiliyində sosiolinqvistika və psixolinqvistika məsələlərindən savayı, SSRİ-də nəzəri dilçilik, XX əsrin 60-90-cı illərində Rusiyada nəzəri dilçilik məsələlərinə təmas edilir. Amerikan struktur dil­çi­li­yin­dən bəhs edən müəllif bu istiqamətin Edvard Sepir, Leonard Blumfild, Noam Çomski kimi görkəmli nümayəndələri və onların dilçilik görüşləri haqqında məlumatlar verir, taqmemik yanaşmaya aydınlıq gətirir. Monoqrafiyanın ikinci hissəsində müəllif ümumi və ya nəzəri dilçiliyin izi ilə gedərək sintaksis, semantika və praqmatika, dil fəaliyyəti, dil və nitq, xarici və daxili linqvistika, makrolinqvistik və mikrolinqvistik sahələr, sinxronik linqvistikaya dair təhlil üsullarını nəzərdən keçirir. O, qrammatika haqqında ümumi məlumat verdikdən sonra deskriptiv və preskriptiv qrammatika,  stratifikasiya qrammatikası və ya təbəqəli yanaşma, konstruksiya qrammatikası, rol və istinad qrammatikası, taksonomik əlaqələr, universal qrammatika, prinsiplər və parametrlər nəzəriyyəsi haqqında mövzulara yaxından təmas edir. Burada müəllif vurğulayır ki, parametrik variasiyanın müzakirəsi qrammatik konstruksiya tiplərindəki fərqləri əhatə edəcək şəkildə genişdir. O, multidissiplinar perspektivlərin önəmini vurğulayaraq mürəkkəb anlayış olan məna nəzəriyyələri haqqında maraqlı mülahizələr yürüdür. Mənanın mürəkkəbliyi onun öyrənilməsində birləşən akademik fənlərin mürəkkəbliyindən irəli gəlir. Müəllif mənaya akademik maraq göstərən fənlər kimi fəlsəfə, psixologiya, neyroelm, semiotika və linqvistikanı göstərir. Təqdqiqatın gedişində müəllif sintaksisin tədqiqinə dina­mik şəbəkə yanaşması,avtonomluq anlayışının mürəkkəbliyi, semantizm, komplementarizm və praqmatizm, mənanın şəkil nəzəriyyəsi, tip-token dixotomiyası, Sörl-Derida debatı üzərində dayanır. Monoqrafiyanın üçüncü hissəsində epistemologiya haqqında ümumi məlumat verilir. Müəllif qeyd edir ki, koqnitiv elmlərin inkişafı nəticəsində epistemik koqnisiya mövzusu dövrün aktual mövzularından birinə çevrilmişdir. Bilik problemi insanların lap qədim zamanlardan fikrini məşğul etmişdir. İnsan ağılın necə işləməsini öyrənmək üçün öz ağlından istifadə edən yeganə varlıqdır. Biliyin, yaxud epistemologiyanın tədqiqi fəlsəfə və digər elmlərin öyrənilməsinin əsas sütunlarındandır. Epistemologiya beyini yox, idrakı tədqiq edir. Tədqiqatçılar funksional nöqteyi-nəzərdən qavrayışın, təfəkkürün, yaddaşın, anlamanın, dilin və digər əqli-psixoloji hadisələrin funksiyalarını başa düşməyə çalışırlar. Müəllif belə nəticəyə gəlir ki, epistemologiya – koqnitiv psixologiya, dilçilik, süni intellekt, rasional fəlsəfə və neyrobiologiyanın (neyroelmin) müştərək məhsuludur, yəni fənlərarası elm sahəsidir. Freym nəzəriyyəsi, koqnitiv psixologiya və süni intellekt bölümündə müəllif göstərir ki, freym nəzəriyyəsi süni intellekt sahəsində işlənib hazırlan-mışdır. Qeyd olunur ki, koqnitiv psixologiya və süni intellekt koqnitiv linqvistikanı da əhatə edərək koqnitiv elm adlanan interdisiplinar bir sahənin təşəkkülünü səciyyələndirir. Bu hissədə oxucu Fridrix Bartlett, Marvin Minsky, Rocer Şenk, Robert Abelson və Deyvid Rumelhart kimi məşhur dilçilərlə tanış olmaq imkanı qazanır. Bunun ardınca freym nəzəriyyəsi və koqnitiv linqvistika, koqnitiv psixologiya, süni intellekt, linqvistika, semiotika və ya semiologiya, ağılın fəlsəfəsi, koqnitiv neyroelm, biolinqvistika, elmdə inqilablar və klassik konsept nəzəriyyəsi kimi mövzular tədqiq olunur. Mövzular bir-birini tamamlayır. Kitabın dördüncü hissəsi koqnitiv linqvistikaya həsr olunmuşdur. Koqnitiv linqvistika yeni və çoxşaxəli elmi paradiqma kimi nəzərdən keçirilir. Burada koqnitiv linqvistikanın təşəkkülü, onun koqnitiv elmlərlə əlaqəsi, prototip nəzəriyyə və təsnifatlandırma, radial şəbəkələr və ideallaşdırılmış koqnitiv modellər, klaster modelləri, radial strukturlar və prototip effektlər, dil və təfəkkürdə metonimik modellər, maddiləşdirilmiş realizm və onun fenmomenoloji intensivliyi, konseptuallaşma və ikoniklik, koqnisiya müstəvisində sxem, koqnitiv linqvistikaya skeptik yanaşmalar və digər məsələlər öz izahını tapmışdır. Koqnitiv qrammatika: mental sxemlər və semantik perspektivlər beşinci hissənin ana xəttini təşkil edir. Burada koqnitiv qrammatika anlayışı və qrammatikanın koqnisiyaya münasibəti, dilin maksimalist və minimalist konsepsiyası, semantik-koqnitiv nəzəriyyə kimi güc dinamikası, sxematik sistemlər çərçivəsində güc dinamikası, sintaktik məna və mənanın dinamik konstruksiyası, eyni zamanda fiqur-fon seqreqasiyası və ya asimmetriya problemi, mental reprezentasiyaların fiqur-fon problemi, koqnitiv qrammatikada polisemiyanın dinamik konstruksiyası, koqnitiv sahə, kompleks matrisa və freym semantikası, polisemiyaya linqvo-koqnitiv yanaşma və digər mövzular diqqətlə işlənmişdir. Qrammatik şəbəkə modelləri, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi adlanan altıncı hissə də əvvəlki bölmələr kimi çoxsaylı linqvistik problemlərin tədqiqinə həsr edilmişdir. Müvafiq fəsillərdə və yarımfəsillərdə qrammatik şəbəkə modeli, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi, blend nəzəriyyəsi, kontrfaktiv əsaslandırma və mental modelləşdirmə, qrammatik blendlərin konseptual xüsusiyyətləri metafora daha üstün trop kimi ritorika və koqnitiv linqvistikanın qovşağında, konseptual inteqrasiya və təsnifatlandırma, simpleks şəbəkələr, güzgü şəbəkələr, təksferalı və ikiqatsferalı şəbəkələr, neyron şəbəkələr haqqında qənaətbəxş araşdırmalar aparılmışdır. İ.Abbasov bu monoqrafiyada qədim dövrlərdən tutumuş bu günümüzə qədər ən aparıcı dilçilik istiqamətlərinə təmas etmiş, müasir dilçiliyin aydın mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Linqvistikanı dilin rasional və sistemli bir elmi tədqiqat sahəsi kimi xarakterizə edən müəllif bu sahəni üç dixotomioyaya bölür: sinxronik-diaxronik, nəzəri-tətbiqi və mikrolinqvistik-­makrolinqvistik. Dilin sinxronik təsviri dili müəyyən bir zaman kəsiyində təsvir edir. Diaxronik təsvir dilin tarixi inkişafını və onda baş vermiş struktur dəyişiklikləri ifadə edir. Nəzəri dilçiliyin məqsədi dil strukturunun ümumi nəzəriyyəsinin və ya dillərin təsviri üçün ümumi nəzəri çərçivənin qurulması ilə şərtlənir. Tətbiqi diliçiliyin məqsədi dilin elmi cəhətdən öyrənilməsinin nəticə və üsullarını praktik məsələlərə, xüsusən, dilin tədrisinin təkmilləşdirilmiş metodlarının işlənib-hazırlanmasına tətbiq etməkdir. Mikrolinqvistika və makrolinqvistika terminləri hələ tam formalaşmayıb. Mikrolinqvistika dilçiliyin əhatə dairəsinə daha dar, makrolinqvistika isə  daha geniş baxışı nəzərdə tutur. Mikrolinqvistik baxışa görə, dillər sosial funksiyasına, uşaqlar tərəfindən dilin mənimsənilməsi tərzinə, nitqin qavranılmasının əsasını təşkil edən psixoloji mexanizmlərə, ədəbi-estetik mühitə və ya kommunikativ funksiyaya istinad etmədən öz-özülüyündə təhlil edilməlidir. Bunun əksinə, makrolinqvistika dilin bütün aspektlərini əhatə edir. Makrolinqvistikanın müxtəlif sahələri terminoloji cəhətdən təsbit edilmişdir: psixolinqvistika, sosiolinqvistika, neyrolinqvistika, antropoloji dilçilik, dialektologiya, riyazi və hesablama dilçiliyi, üslubiyyat  və s. Mikrolinqvistikada olduğu kimi makrolinqvistikanın hər bir hissəsində, prinsipcə, nəzəri aspekt mövcuddur. Ümumiyyətlə, nəzəri, sinxron mikrolinqvistikanı, adətən, struktur dilçilik və çox hallarda nəzəri dilçilik adlandırırlar. Dilin əsas funksiyasının konseptual strukturu dil forması ilə əlaqələndirməkdən ibarət olduğunu söyləyən müəllif qeyd edir ki, qrammatika semantik məzmunu simvollaşdırmaq vasitəsidir. Buna görə də o, müxtəlif mürəkkəblik dərəcələrində ifadələrin formalaşmasına və istifadəsinə təkan verən koqnitiv prinsiplərin təsvirinə xidmət edir. Stratifikasiya qrammatikasının konturunda dil, strukturun bir neçə əlaqəli təbəqələrindən ibarət sistem kimi modelləşdirilir. Məsələn, ingilis dili üçün altı təbəqə qeyd olunur. Hər bir təbəqə stratal sistemlər toplusu baxımından təşkil edilir və hər bir stratifikasiya qrammatikası sistemi dil strukturunun digər təbəqələrdə fəaliyyət göstərən strukturlarından asılı olmur və s. Ümumiyyətlə, mündəricatda göstərilən təxminən 155 fəsil,  paraqraf və yarımparaqrafdan ibarət dərin elmi-linqvistik məzmunlu kitab çox aktual mövzuları əhatə edir. Nəzəri dilçiliklə əlaqədar əksər mövzular Azərbaycan dilçiliyində ilk dəfədir ki, araşdırılıb tədqiqatçıların ixtiyarına verilir. Kitabın ərsəyə gətirilməsində linqvistikanın ən yeni nailiyyətlərini əks etdirən yüzlərlə elmi ədəbiyyatdan istifadə edilmişdir. Həmin ədəbiyyatın, demək olar ki, hamısı son onilliklərdə Qərb elminin nailiyyətlərini əks etdirən fundamental əsərlərdir. İrihəcmli və dərin  məzmunlu monoqrafiya ilk növbədə yerli tədqiqatçılar üçün ana dilində yazılmış ideal mənbədir. Ondan ali məktəb müəllimləri və tələbələr, doktorantlar, dissertantlar, dil nəzəriyyəçiləri, komparativistlər, müx­təlif profilli dilçi-filoloqlar faydalana bilərlər. Beləliklə, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası müasir dilçilik baxımından zəngin araşdırma təqdim edən yüksək məziyyətlərə malik qiymətli əsərdir. Əsər çoxşaxəli linqvistik tədqiqatlar üçün yeni perspektivlər vəd edir. NİZAMİ CƏFƏROV Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi,  filologiya elmləri doktoru, professor

Hamısını oxu