Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi Üsküdarda hərəkətdə olan Valide Sultan gəmisində keçirilib

Veteran.gov.az xəbər verir ki, Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və Tek Hedefim Təhsil birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə Güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zengezur sənətkarlığı” sərgisi keçirilib. 

Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyədəki  Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəti  ilə həyata keçirilib.

Tədbirdə yerli azərbaycanlılar, ictimaiyət nümayəndələri, yerli   Bələdiyyə rəhbərliyi, elm, mədəniyyət işçiləri, jurnalistlər iştirak ediblər.

İlk öncə Türkiyənin İstiqlal Marşı və Azərbaycanın dövlət himni səsləndirilib.

Giriş sözü ilə ilə çıxış edən İstanbuldakı Xarı Bülbül  Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, Qərbi Azərbaycanda, Zəngəzurda xalqımızın yaratdığı böyük mirasa dair fikirlərini bölüşüb.

Azərbaycanın İstanbuldakı konsulu Zaur ALLAHVERDİZADE, Marmara vakfının rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan reallıqları haqqında fikirlərini bölüşərək Zəngəzura qayıdışdan danışıblar.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda - Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni miras haqqında danışaraq, tarixin müxtəlif dövrlərində yurt yerlərimizə ermənilərin köçürülməsi, azərbaycanlıların isə öz ata-baba yertlərindən deportasiyasının tarixi ədalətsizlik olduğunu qeyd edib. O, Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bütün Azərbaycanlılara məxsus tarixi, dini abidələri məhv etməsinə, yer adlarının dəyişdirilməsinə baxmayaraq, bu Vətən torpaqlarımızdan Azərbaycan irsini silə bilmədiklərini vurğulayıb. Samir Abbasov “Zəngəzur sənətkarlığı” layihəsi haqqında danışaraq, Sərdari ailəsinin əl sənəti ilə yaratdığı Qərbi Azərbaycana dair mədəni irs nümunələri haqqında məlumat verib, gələcəkdə də bu cür layihələrə  dəstək göstəriləcəyini qeyd edib.

Sərgidə Tek hedefim Təhsil Birliyinin rehberi Cem Yıldırım və b. çıxışçılar Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi ilə birlikdə layihələrini vurğulayaraq, bu cür işlərin Türk dünyasında əhəmiyyətli olduğunu açıqlayıblar.

Daha sonra Azərbaycanın paytaxtı Bakıdan Zəngəzur sənətkarlığının (əl sənəti) sərgisini gətirən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri İsgəndər SƏRDARLI, Lalə SƏRDARLI, Toğrul SƏRDƏRLI çıxış edərək layihə haqqında məlumat veriblər.  Onlar xalqımıza məxsus yaratdıqları bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını və keçirilən yüksək səviyyəli tədnirə görə Türkiyədəki qurumlarımıza öz təşəkkürlərini bildiriblər.

Daha sonra layihə çərçivəsində bu mövzuda hazırlanmış sənədli film nümayiş etdirilib.

Proqramın bədii hissəsi gəminin ikinci mərtəbəsində davam edib. Tədbirdə Azərbaycan musiqiləri və milli rəqslərimiz təqdim olunub. Serdarlı ailəsinə hər iki birlik tərəfindən mükafatlar təqdim olunub. İstanbulda Azərbaycan musiqiçiləri, vokalçı Vüsalə Ələkbərova, fortepianoda Fidan İsmayılova milli musiqilərimizi ifa ediblər.

Qonaqlar üçün hazırlanmış milli təamlar, o cümlədən Azərbaycanın milli şirniyyatları, şəkərbura, paxlava, İrəvan kətəsi qonaqlara təqdim olunub.

Tədbir böyük maraqla qarşılanıb, iki saatlıq dəniz gəzintisi ilə başa çatıb.

 Seymur ƏLİYEV

2024-06-26 14:02:43
3025 baxış

Digər xəbərlər

“Avrora Qrupun beynəlxalq sərgilərdə uğurlu iştirakı Azərbaycan iqtisadiyyatı adına qürurvericidir”

Azərbaycanda qida sektorunda fəaliyyət göstərən elə böyük şirkətlər var ki, onlar mütəmadi olaraq bir sıra beynəlxalq sərgilərdə istehsal etdikləri məhsullarla çıxış edir, dünya bazarında ölkəmiz adına uğurla rəqabət aparırlar. Buna nümunə olaraq Avrora Qrup şirkətinin cari ilin fevral ayında Moskvada öz stendi ilə çıxış edərək “Harika”, “Tanelli”, “Sladena”, “Berg”, “Kreki” və digər məhsullarını nümayiş etdirməsini göstərmək olar.  Xatırladaq ki, Prodexpo Rusiyada hər il keçirilən və yeni ticarət nişanlarının, brendlərin, innovativ qida məhsullarının təqdim olunduğu ən böyük ərzaq sərgilərindən biridir. Təkcə bir faktı qeyd edək ki, bu il sərgidə 35-dən çox ölkədən təxminən 70 000 ziyarətçi və 2000-ə yaxın iştirakçı şirkət yer alıb. Son illər artan bu cür hallar ölkəmizdə qida sənayesinin, milli iqtisadiyyatımızın sürətli inkişafının göstəricisi sayıla bilərmi? Mövzu ilə bağlı saytımıza açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bu kimi addımların mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan brendinin, Azərbaycan məhsullarının tanıdılması iqtisadi siyasətimizin əsas prioritetlərindəndir. Bu istiqamətdə həm sahibkarların dəstəklənməsi, həm də onların istehsal etdikləri məhsulların xaricdə daha geniş auditoriyaya təqdimatı ilə bağlı mühüm işlər aparılır. Bu baxımdan şirkətlərimizin beynəlxalq sərgilərdə iştirak etməsi və öz məhsullarını təqim etməsi birmənalı şəkildə Azərbaycanın ixrac imkanlarının genişləndirilməsinə imkan yaradır. Bu baxında Avrora Qrupun beynəlxalq sərgilərdə uğurlu iştirakı qürurvericidir. Bu, milli iqtisadiyyatımızın inkişafından, şaxələnməsindən, rəqabət qabiliyyətinin artmasından xəbər verir. Bir məqamı da qeyd edim ki, ənənəvi olmayan bazarlarda belə sərgilərin keçirilməsinə, bu sərgilərdə təmsil olunmağımıza xüsusilə ehtuiyac var. Çünki Azərbaycanın qeyri-neft ixracatının 49%-i, yəni təxminən yarısı cəmi iki ölkənin payına düşür. Avropa İttifaqı, xüsusilə də körfəz ölkələri ərzaq məhsullarımızın ixracatı baxımından böyük imkanlar vəd edir. Buna görə də bu istiqamətdə təşəbbüslərin dəstəklənməsi və Azərbaycan məhsullarının həmin bazarlara daxil olması üçün həm sərgilərdə iştirak, həm də “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində işlərin daha sistemli şəkildə həyata keçirilməsi vacibdir. Bu, sahibkarlığın inkişafını sitimulaşdırmaqla yanaşı, həm də Azərbaycana daha çox valyutanın daxil olmasına şərait yaradacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Məlik Məhərrəmov-100

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi münasibəti ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər həyata keçirilir. Nəzərə çatdıraq ki, Məlik Məhərrəmov 1920-ci il avqusutun 29-da Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxuyub. 1939-cu ildə oranı bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılıb. 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirib. Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib. Belarusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Onun komandir olduğu bölük 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərib. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun bölüyündən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib. M.Məhərrəmov müharibədən sonra atıcı divizayada tabor komandiri kimi xidmət edib. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirib, alayın qərargah rəisi vəzifəsində çalışıb. M.Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının hərbi komissarlıq sistemində məsul vəzifələrdə xidmət edib, 1966-1973-cü illərdə isə indiki Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyata buraxılsa da, universitetdə fəaliyyətini davam etdirib. Məlik Məhərrəmov müharibə illərində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib. 1995-ci ildə yubileyi təntənəli surətdə qeyd edilib və müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunub. Hələ ötən əsrin yetmişinci illərində istefada olan polkovnik Məlik Məhərrəmov Ulu Öndərimizin yaratdığı o vaxtlar analoqu olmayan ixtisaslaşdırılmış xüsusi orta məktəbin bir müddət rəisi olub və bu gün də haqqında xoş xatirələr söylənilir. İstər xalqımızın ümummilli lideri Heydər Əliyev, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən onun xatirəsinin həmişə əziz tutulub. Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin hərb tarixinə, sərkərdələrimizin, qəhrəmanlarımızın, şanlı döyüş ənənələrimizin təbliğinə xüsusi önəm verildiyini, Müdafiə Nazirliyinin şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasında məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəxsən öz adından, həmçinin çoxsaylı veteranlar adından minnətdarlığını bildirir.

Hamısını oxu
Millət vəkili və icra başçısı şəhdilərin xatirəsinə inşa olunan bulağın açılışında iştirak edib

Veteran.gov.az xəbər verir ki, Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli lisey tərəfindən üç şəhid məzunu ( Orxan Nəbiyev Rza oğlu, Yusif Əliyev Asif oğlu, İsaxan Qəniyev İsaman oğlu ) adına inşa edilən bulağın açılışında Şamaxı rayonundan millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.   Orxan Nəbiyev 1995-ci il yanvarın 20-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi.   Orxan Nəbiyev ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Kəşfiyyatçı" olaraq müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə Silahlı Qüvvələrdə üç aylıq təlimlərdə olub. Təlimləri bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı.   Azərbaycan Ordusunun leytenantı olan Orxan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Nəbiyev tabeçiliyində olan dörd əsgəri ilə birgə "Teleqüllə" adlandırılan ərazini işğaldan azad edib, silah yoldaşları tərəfindən "Qorxmaz Leytenant" ləqəbini qazanıb. Orxan Nəbiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.Noyabrın 3-də Şamaxı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.   Yusif Əliyev 2001-ci il fevralın 11-də Şamaxı şəhərində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə Şamaxı şəhərində alıb. Subay idi.   Yusif Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.   Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yusif Əliyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.   İsaxan Qəniyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı.   Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.   Tədbirin sonunda liseyin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış etdilər. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
“Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabının təqdimatı keçirilib

Son 4  ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında  keçirilən təqdimat mərasini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki,  kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir.      Daha sonra kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist çıxış edərək bildirib: “Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən  məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir”.  Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü  Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı.  Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın  Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov  və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər. Qeyd edək ki,  tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. Həmçinin kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.    

Hamısını oxu