Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

BAŞSAĞLIĞI

Azərbaycan ictimaiyyətinə və ölkəmizin veteranlarına ağır itki üz vermişdir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, görkəmli ictimai xadim Fatma Səttarova 2024-cü il sentyabr ayının 14-də 102 yaşında vəfat etmişdir.
1922-ci ildə Bakı şəhərində anadan olan Fatma Hüseyn qızı Səttarova həyatı boyunca hər zaman Azərbaycan xalqına və dövlətinə dəyərli xidmətlər göstərmişdir. İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanaraq faşizmə qarşı ağır döyüşlərdə iştirak etmiş, böyük şücaət və fədakarlıqlar göstərərək bir çox yaralı insanların həyatını xilas etmişdir. Müharibədən sonra ali təhsil alan Fatma xanım bir sıra məsul vəzifələrdə çalışaraq öz səmərəli fəaliyyəti ilə ölkəmizin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Respublikamızın ictimai həyatında da yaxından iştirak edən Fatma Səttarova Azərbaycanın tərəqqisi naminə yorulmadan səylər göstərmiş, veteranlar hərakatının inkişafında böyük rol oynamış, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda mübariz, vətənpərvər gənclərin yetişməsində yaxından iştirak etmişdir. 44 günlük Vətən müharibəsi dövründə başçılıq etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı daim dövlətimizin və ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrinə mənəvi dəstək vermiş, qayğı göstərmişdir.
Azərbaycan Ağsaqqallar Şurası ilə birlikdə mütəmadi tədbirlər, görüşlər keçirərək, cəmiyyətimizə, xüsusilə gənclərimizə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi prinsipləri geniş şəkildə təbliğ edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şura arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsinin imzalanmasında və tərtib olunan Tədbirlər planı əsasında faydalı əməkdaşlığın həyata keçirilməsində Fatma Səttarovanın böyük əməyi olmuşdur.
Onun dəyərli xidmətləri bir çox mükafatlarla, o cümlədən “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 75 İlliyi”, “Vətənin Fəxri”, “Veteran Həmrəyliyi” medalları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına, mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Tanınmış ictimai xadim, müharibə və əmək veteranı, dəyərli ziyalı, gözəl insan Fatma Səttarovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Dərin hüznlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə
Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor                                                                                             Eldar QULİYEV

2024-09-14 18:37:43
1092 baxış

Digər xəbərlər

Yüksək təhlükəsizlik mühiti Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini şərtləndirən əsas amildir

Mayın 17-də Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) uğurla davam edir. 182 ölkədən 40 mindən çox qonağın iştirak etdiyi tədbir bütün dünyada böyük maraqla izlənməkdə, təqdirlə qarşılanmaqdadır.  Xatırladaq ki, Azərbaycan bundan öncə də çoxlu sayda beynəlxalq tədbirə uğurla ev sahibliyi edib, böyük məsuliyyət tələb edən bu missiyanın öhdəsindən peşəkarlıqla gəlib. 2024-cü ildə respublikamızda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 80 ölkədən 76 mindən çox iştirakçının qatılması və konfransın müvəffəqiyyətlə təşkili faktının özü buna nümunədir. Hansı ki, bu gün də ölkəmizin COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi gerçəyi bütün iştirakçı dövlətlər tərəfindən təsdiqlənməkdə, ölkəmizin bu sahədəki təcrübəsi geniş şəkildə öyrənilməkdədir. Maraqlıdır, Azərbaycanı beynəlxalq tədbirlərin ev sahibinə çevirən əsas faktor nədir? Niyə bu cür tədbirlərin önəmli bir qismi məhz respublikamızda təşkil olunur? Prezident İlham Əliyevin müəllifi olduğu tam və etibarlı təhlükəsizlik modeli... Əminliklə emək olar ki, Prezident İlham Əliyevin müəllifi olduğu yüksək təhlükəsizlik modeli Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini şərtləndirən əsas amildir. Ölkəmizdə hər zaman ictimai təhlükəsizliyin yüksək səviyyədə təşkili, terror, təxribat cəhdlərinin qarşısının əksər hallarda elə planlaşdırılma mərhələsində alınması, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizə qonaq gələn əcnəbilərin təhlükəsizliyinin peşəkarlıqla təmini respublikamızı beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcək azsaylı ölkələrdən birinə çevirir. Təsadüfi deyil ki, Azərbaycana səfər edən əcnəbilər bu reallığı öz müsahibələrində məmnunluqla qeyd edir, vurğunluqla dilə gətirirlər. Bütün digər tədbirlər kimi WUF13-ün də Azərbaycan tərəfindən peşəkarlıqla təşkili iştirakçılar tərəfindən elə ilk gündən qeyd edilməkdədir. Nümunə üçün qeyd edək 17 may 2026-cı il tarixində İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Claudio Barbaro Azərbaycanın tədbirə uğurla ev sahibliyi etdiyini bildirib. Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Milli Məclisin sədri Sahibə Qafarova ilə birlikdə verdiyi bəyantında WUF13-ün yüksək səviyyədə təşkili qeyd olunub, bunun Forum iştirakçılarında böyük və müsbət təəssürat formalaşdırdığı vurğulanıb. Digər iştirakçı dövlətlərin təmsilçiləri də mediada oxşar bəyanatlarla çıxış ediblər. DTX öz peşəkarlığının zirvəsində: Təhlükəsizliyün fövqündəki təhlükəsizlik... Heç kimə sirr deyil ki, COP29, WUF13 və bu kimi tədbirlərin təşkilində ən ciddi məsuliyyət bir sıra qurumlarla yanaşı, həm də xüsusi xidmət orqanlarının üzərinə düşür. Çünki bütün təxribatçı qüvvələr öz çirkin niyyətlərini məhz bu cür iri tədbir və forumlar zamanı ortaya qoymağa daha çox can atır, bununla da beynəlxalq miqyasda əsk-səda yaratmağa çalışırlar. Bütün bu məkirli qüvvələrin mümkün təxribat cəhdlərinin qarşısı isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən uğurla alınmaqda, peşəkarlıqla de-şifrə olunmaqdadır.   İlham Əliyevin bilavasitə qayğı və diqqəti sayəsində sürətlə təkmilləşən və bu gün sözün həqiqi mənaasında öz peşəkarlığının zirvəsində dayanan DTX, general-polkovnik Əli Nağıyevin rəhərliyi altında uğurla fəaliyyət göstərməkdə, hər cür təhdid və təhlükənin qarşısını ustalıqla almaqdadır. DTX-nın peşəkarlığına dəlalət edən əsas amillərdən biri terror və təxribatların bir çoxunun qarşısını elə planlama mərhələsində alması ilə bağlıdır. Bu, DTX-da işin həqiqətən də son dərəcə effektiv şəkildə təşkil edildiyini göstərir. Onu da xatırladaq ki, DTX yalnız beynəlxalq tədbirlər zamanı deyil, eləcə də 44 günlük Vətən müharibəsi zamanı bütün terror və təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb, heç bir zaman bədxah qüvvələrin əl-qol açmasına imkan verməyib. Bütün bunlar bir daha onu göstərir ki, dünya dövlətləri, beynəlxalq birlik qlobal tədbirlər üçün məhz Azərbaycanı ev sahibi seçməklə doğru qərar verir. Bundan əvvəlki digər tədbirlər kimi WUF13-ün də yüksək təhlükəsizlik şəraitində təşkili sübut edir ki, Azərbaycan ona göstərilən etimadı qətiyyətlə doğrultmaqda, zəngin təşkilatçılıq təcrübəsini daha da genişləndirməkdədir. Seymur ƏLİYEV  

Hamısını oxu
Bir ömür qanunun və Vətənin keşiyində...

Qanunlar hər bir dövlətin və cəmiyyətin təməli, məhək daşıdır. Elə buna görə də qanunlar istənilən toplum və siyasi sistemdə müqəddəs hesab edilir. Lakin qanunun da müdafiəyə ehtiyacı var. Bu ali və müqəddəs missiya isə hüquq-mühafizə orqanı əməkdaşlarının üzərinə düşür. Məhz onlar həyatları bahasına olsa da qanunun aliliyini təmin edir, istənilən qanun pozuntusuna cəsarətlə meydan oxuyurlar. Ömrünü qanunun aliliyinin təmininə həsr edən bu cür işıqlı simalardan biri də İlham Qədir oğlu Quliyevdir. Uşaqlıq xəyallarından Polis Akademiyasına uzanan yol... 26 may 1956-cı ildə Kürdəmir rayonunda anadan olan İlham Quliyev orta təhsilini yaşadığı Sığırlı kəndində alır. Məktəb illərində o, özünü bacarıqlı, çalışqan şagird kimi göstərir. Dürüst xarakteri, dərslərinə olan məsuliyyəti, mütaliəyə olan sevgisi onu qısa zamanda şagird-müəllim kollektivinin sevimlisinə çevirir. İlham Quliyev hələ orta məktəbdə oxuyarkən polislik peşəsinə böyük maraq göstərir. Polis orqanlarında işləmək, Vətəni yaşam üçün daha qorxusuz, daha gözəl hala gətirmək onun xəyalına çevrilir. Məhz bu arzu İlham Quliyevin sonrakı addımlarına ciddi yön verir, onun gələcək həyatını müəyyənləşdirir. Orta məktəbi bitirəndən sonra o, Vətən qarşısındakı borcunu ödəmək üçün həqiqi hərbi xidmətə yola düşür. İlham Quliyev Rusiyanın şimalında, Vorkuta şəhərində hərbi xidmət keçir. Xidmət müddətində də orta məktəbdə olduğu kimi, öz nümunəvi davranışı ilə diqqət çəkir. Ən mürəkkəb xidməti tapşırıqların öhdəsindən belə bacarıqla gəlməsi, kritik məqamlarda doğru qərar qəbul etmək səriştəsi ona hərbi komandanlığın rəğbətini qazandırır. Xidmət müddətində komandanlıq tərəfindən bir neçə dəfə təltif edilən İlham Quliyev müsbət xasiyyətnamə ilə həqiqi hərbi xidməti başa vurur. İlham Quliyev hərbi xidmətdən sonra ali təhsil almaq üçün hazırda Polis Akademiyası olan o vaxtkı Milis Məktəbinin qapısını döyür. Milis Məktəbində oxumaqla yanaşı, həm də əmək fəaliyətinə başlayan İlham Quliyev polis sıravisi kimi həyat əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunur, nəzəri biliklərini praktiki şəkildə möhkəmləndirir. İlk zabit rütbəsi və komandir kimi uğurları... Milis Məktəbini müvəffəqiyyətlə bitirən İlham Quliyev ilk zabit rütbəsini alaraq işlədiyi Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsində tağım komandiri kimi fəaliyyətini davam etdirir. Nümunəvi xidməti, öz işinə olan məsuliyyəti onu komandir kimi də başqalarından önə çıxarır. Çox keçmir ki, İlham Quliyev Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi İdarəsinin birinci bölüyünə rəhbər təyin edilir. O, bölük komandiri kimi də öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. İlham Quliyev tabeçiliyindəki gənc və təcrübəsiz polis əməkdaşlarına polislik peşəsinin sirlərini həvəslə öyrədir, onların bilik və bacarığının artırılması üçün səylə çalışır. Tabeçiliyindəki polis əməkdaşlarına göstərdiyi atalıq qayğısı onu bütün polislərin sevimlisinə çevirir. Çox keçmir ki, digər bölüklərdəki gənc polislər də İlham Quliyevin tabeçiliyində işləməyə təşəbbüs göstərir, hər fürsətdə onunla ünsiyyətə can atırlar. İlham Quliyev bölük komandiri kimi fəaliyyəti yalnız rəhbərlik etdiyi bölükdə deyil, bütün idarədə müsbət mənada canlanmaya yol açır, polis əməkdaşlarının əhval-ruhiyyəsinə, xidmətin keyfiyyətinə müsbət təsir göstərir. Polis zabiti Qarabağ müharibəsində... Birinci Qarabağ müharibəsinin başlaması ilə İlham Quliyevin də həyatında yeni bir dönəm başlayır. Vətənin dar günündə ön xətdə olmağı, erməni faşistləri ilə mübarizə aparmağı bütün digər məsələlərdən daha vacib hesab edən İlham Quliyev polis zabiti kimi Qarabağa yollanır, torpaqlarımzın erməni hücumlarından müdafiəsində iştirak edir. Polis zabiti kimi əldə etdiyi zəngin təcrübə ona ön xətdə də kömək edir. İlham Quliyevlə yanaşı, qardaşı Cavanşir Quliyev də Qarabağdakı hərbi əməliyyatlara qatılır, düşmənə qarşı əzmlə mübarizə aparır. Bir müddət sonra Cavanşir Quliyev Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Bu gün İlham Quliyev polis zabiti kimi təqaüddə olsa da, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətini davam etdirməkdə, gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasına töhfə verməkdədir. İlham Quliyev xidmət dönəmində, eləcə də təqaüddə olduğu dövrdə dəfələrlə müxtəlif medallar və Fəxri fərmanlarla təltif edilib, müxtəlif dövlət qurumları və veteran təşkilatlarının tədbirlərində iştirak edib. Bu gün 3 övladı, 4 nəvəsi olan İlham Quliyevin mayın 26-da 68 yaşı tamam oldu. Ömrün 68-ci zirvəsində qərar tutan İlham Quliyevi doğum günü münasibətilə təbrik edir, öz həyat və xidməti təcrübəsi ilə gənclərimizin gələcəyinə işıq salan qəhrəmanımıza bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, öz xidməti fəaliyyəti ilə bütöv bir məktəb formalaşdıran İlham Quliyev hələ uzun illər öz təcrübəsini yeniyetmələrlə bölüşməkdə davam edəcək, gənc kadrların yetişdirilməsi prosesinə töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Respublika Veteranlar Təşkilatının veteranlara təbriki Əziz və hörmətli veteranlar! Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1991-ci ilin 16 dekabr tarixində Ulu öndər Heydər Əliyev tərəfindən elan edilən Dünya  Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviy-yədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür. 2019-cu il biz veteranlar üçün yaddaqalan oldu. Həyata keçirdiyimiz tədbirlər, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan yeni ildə Qələbənin 75 illiyinin yüksək səviyyədə qeyd olunması daha uğurlu olacaqdır. Azərbaycan bu gün Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bu istiqamətdə bizim əsas vəzifəmiz müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikamızın hərtərəfli inkişafına töhfələr verməkdir. Bunun üçün biz veteranlar bütün var qüvvəmizi səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşərək qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Vətənimiz Azərbaycanı etibarlı əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.   Tofiq Ağahüseynov general-polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu
IV İslam oyunları Azərbaycan Respublikasının inkişafının bariz nümunəsidir

Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi Respublikanın inkişafından, iqtisadi potensiyalından və dünya dövlətləri arasında qazandığı etimaddan xəbər verir. Son bir nəçə ildə ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Yüksək səviyyədə təşkil edilmiş IV İslam Oyunları bu mötəbər  tədbirlərdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər bir sahədə, o cümlədən idman sahəsində tərəqqiyə yol açır. IV İslam Oyunlarında Təşkilat komitəsinin sədri kimi Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın oyunların təşkili, tədbirin yüksək səviyyədə hazırlanıb keçirilməsi baxımından göstərdiyi təşkilatçılıq qabiliyyəti xüsusi qeyd edilməyə layiqdir. Bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxaq arenada layiqli yer tutduğunu əminliklə söyləyə bilərik. 2017-ci ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli”nin məntiqi davamı kimi “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Birlik, həmrəylik, eyni zamanda, dünyada sülhə böyük töhfə olan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyaya bir daha tanıtdı. Bu əlamətdar tədbir Azərbaycan xalqının sülhsevən, tolerant xalq olmasını nümayiş etdirdi. İdamanın müxtəlif növlərində idmançılarımızın qələbəsi, ölkəmizin birinci yeri tutması bütün qeyd edilənlərlə yanaşı, respublikamızın yüksək idman potensiyalına malik olduğunu da bir daha göstərdi. Biz veteranlar da hər bir azərbaycan vətəndaşı kimi ölkədə idmana göstərilən diqqətin bariz nümunəsi olan bu mötəbər yarışları maraqla izlədik, milli komandamızı daim dəstəklədik.  Bu cür mötəbər yarışların davamlı olacağına və növbəti qələbəmizin Qarabağda keçiriləcəyinə inanırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini e/o polkovnik Cəlil Xəlilov

Hamısını oxu