Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib.
Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.
General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub.
Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq.
Allah rəhmət eləsin!

2020-10-25 00:00:00
1591 baxış

Digər xəbərlər

AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

07 may 2018-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 73-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və İsmayıl Fərəcov Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

8 avqust 2025-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.  Təbrik məktubunda deyilir: “Çox hörmətli Cənab Prezident! Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sizinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında sülh mətninin paraflanması ilə bağlı əldə edilən razılıq bütün Cənubi Qafqazda yeni bir mərhələnin – sülh və təhlükəsizlik dönəminin başlanğıcını qoydu. Siz bu tarixi qələbə ilə Azərbaycan Silahlı Qüvvələrinin hərb meydanında əldə etdiyi 8 Noyabr zəfərini siyasi müstəvidə uğurla başa çatdırdımız. Bununla sübut etdiniz ki, Azərbaycan həqiqətən də sülh dövlətidir və bütün regionun gələcəyini, inkişaf və tərəqqisini sülhdə görür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 8 Avqust zəfəri ilə bağlı Sizi və Azərbaycan xalqını  bütün veteranlar adından təbrik edir, Sizə - dövlətimizin liderinə öz təşəkkürümüzü bildiririk. Əminik ki, 8 Avqust razılaşması Cənubi Qafqazda yeni gərginliklər yaratmaq istəyən bütün məkirli qüvvələrin təxribatlarına birdəfəlik son qoyacaq, regionun çiçəklənməsində, bölgənin iqtisadi tərəqqisində mühüm rol oynayacaq”. Hömətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC ölkədə gümüş külçələrə olan tələbatın yerli məhsullar hesabına qarşılanması və investisiya imkanlarının genişləndirilməsi məqsədilə ilk dəfə olaraq yerli xammal əsasında istehsal edilmiş 999,9 əyarlı gümüş külçələrin satışına başlayıb. Son illərdə yaşıl enerji texnologiyalarının sürətli inkişafı və elektronika sənayesində gümüşdən istifadənin əhəmiyyətli dərəcədə artması bu qiymətli metalın qlobal bazardakı strateji rolunu daha da gücləndirib. Eyni zamanda, beynəlxalq bazarlarda gümüşə olan artan tələb onun investisiya aktivləri sırasında daha cəlbedici mövqe tutmasına əlverişli şərait yaradıb. Gümüş külçələrin bazara çıxarılması dəyər zəncirinin genişləndirilməsinə töhfə verməklə yanaşı, vətəndaşlar üçün alternativ investisiya alətinin formalaşdırılmasını hədəfləyir. İlkin mərhələdə istehlakçılara 250, 500 və 1000 qramlıq çəkilərdə təqdim edilən məhsulların növbəti mərhələdə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınmaqla müxtəlif çəki kateqoriyalarında yeni çeşidlərinin istehsalı planlaşdırılır. Qeyd edək ki, gümüş külçələrin Satış və Mübadilə Mərkəzində milli valyuta ilə geri alışı da həyata keçiriləcək. Sözügedən məhsullar istehlakçılardan Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik rəsmi məzənnəsi əsas götürülməklə, külçənin metal dəyərinə 10% əlavə ödəniş tətbiq olunmaqla geri alınacaq. Gümüş külçələr Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Hamısını oxu
“Heç nə zorakılıq və qanun pozuntusu üçün əsas ola bilməz”

Cəlil Xəlilov: “Qazilərimiz bizim baş tacımızdır, lakin onlar da hər kəs kimi qanunlara əməl etməlidir” Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib, şüşəni sındıraraq içəriyə daxil olublar. Qazilərin dövlət qurumunun binasına bu cür daxil olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu cür davranışın təəssüf doğurduğunu bildirib: “Qazilərimiz bizim baş tacımız, vətənin igid müdafiəçiləridir. Biz 44 günlük Vətən müharibəsində tarixi zəfərə məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində nail olmuşuq. Bu mənada şəhid ailələrinə, qazilərə diqqət və qayğı hər kəsin mənəvi borcudur. Bu, birmənalıdır. Lakin bunu da unutmayaq ki, dövlət də, cəmiyyət də qanunlarla idarə olunur və qanun hamı üçün birdir. Qanun heç kimə, hətta qaziyə də dövlət qurumuna bu cür daxil olmağa icazə vermir. Bu cür davranış qanun pozuntusu olmaqla yanaşı, ətrafdakı digər insanlar üçün də mənfi nümunədir. Sevincidiricidir ki, binanın mühafizəsini həyata keçirən polis əməkdaşı yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərərək qəzəbli qazini bağrına basdı, prosesdlərin daha da gərginləşməsinə yol vermədi. Bir daha qeyd edirəm ki, heç kim qanundan üstün deyil və ola da bilməz. Bu baxımdan hər kəsin, o cümlədən qazilərimizin öz hüquqlarını təmin etmək istərkən yalnız və yalnız qanuni vasitələrədn istifadə etməsi mütləqdir. Ola bilsin ki, hansısa dövlət qurumunda hansısa məmur qazilərin müraciətinə laqeyd yanaşıb, yaxud onunla bağlı ədalətli qərar qəbul etməyib. Əgər belə bir hal varsa, o zaman qazilərimiz həmin məmurdan, onun yarıtmaz fəaliyyətindən əlaqədar instansiyalara şikayət ünvanlamalıdır. Belə olarsa, həmin məmur həm qanun çərçivəsində cəzalanar, həm də qazilərimiz zorakı davranış sərgiləmək, daha sonra bu davranışa görə qanun qarşısında cavab vermək məcburiyyətində qalmazlar. Hər il yüzlərlə məmurun işində yol verdiyi nöqsanlara görə cəzalanması məmurlarla bağlı şikayətlərə həssaslıqla yanaşıldığına nümunədir və qazilərimiz əmin ola bilər ki, onların da şikayəti hökmən diqqətlə araşdırlacaq. Ümid edirəm ki, bundan sonra həm qazilərimiz, həm də məmurlarımız bu məsələdə xüsusi həssaslıq sərgiləyəcək və biz bir daha bugünkü kimi arzuedilməz olaya şahid olmayacağıq”.  

Hamısını oxu