Digər xəbərlər
Hər il 2 iyul tarixində ölkəmizdə Azərbaycan Polisi Günü qeyd olunur. Bu mühüm tarix hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların cəmiyyətin təhlükəsizliyi və qanunun aliliyinin təmin olunmasında göstərdikləri fədakarlığa dərin ehtiramın ifadəsidir. Azərbaycan polisi öz şərəfli tarixinə 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk milli polis qurumunun yaradılması barədə qəbul etdiyi qərarla başlamışdır. Bu mühüm qərar müstəqil dövlətin əsas sütunlarından biri olan hüquq-mühafizə sisteminin təməlini qoydu. Polis orqanları ötən bir əsrdən artıq müddət ərzində müxtəlif tarixi dönəmlərdən keçmiş, sınaqlardan çıxaraq bu gün peşəkar, müasir və güclü bir qurum kimi formalaşmışdır. Xüsusilə Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdən sonra hüquq-mühafizə sistemində mühüm islahatlar həyata keçirilmiş, qanunçuluğun və hüquq normalarının qorunmasında polis əməkdaşlarının rolu daha da artmışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev hüquq-mühafizə orqanlarının dövlətçiliyin qorunmasında və ictimai asayişin təminində oynadığı rolu hər zaman yüksək qiymətləndirmişdir. Ulu Öndər deyirdi: "Polis xalqın keşiyində duran, onun hüquq və azadlıqlarını qoruyan bir orqandır. Onun fəaliyyəti dövlətçiliyin dayaqlarından biridir." Məhz onun təşəbbüsü və rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının strukturunda, fəaliyyət mexanizmlərində və hüquqi bazasında köklü dəyişikliklər aparıldı. Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla polis əməkdaşlarının sosial müdafiəsi, təhsil imkanları və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ulu Öndərin siyasi iradəsi və dəstəyi ilə hüquq-mühafizə sistemi yenidən təşkil olunaraq, müasir çağırışlara cavab verən bir formaya salındı. Bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, rəqəmsallaşma, şəffaflıq və insan hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar Azərbaycan polisini daha da gücləndirmişdir. Bu gün Azərbaycan polisi təkcə ictimai asayişin deyil, həm də dövlətçiliyimizin keşiyində dayanır. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizədə, hüquq və azadlıqların qorunmasında, fövqəladə hallarda əhalinin təhlükəsizliyinin təmin edilməsində ön sıradadırlar. Xüsusilə son illərdə yaşadığımız mühüm tarixi hadisələr - COVID-19 pandemiyası zamanı karantin rejiminin təmin olunması, 44 günlük Vətən müharibəsində vətənpərvərliklə xidmət etmələri Azərbaycan polisinin xalq qarşısındakı məsuliyyət və sədaqətinin bariz nümunəsi oldu. Polis əməkdaşlarının müharibə dövründə arxa cəbhədə sabitliyi qorumaq, təxribatların qarşısını almaq və cəbhə bölgələrində əhalinin təhlükəsizliyini təmin etmək üçün göstərdikləri fədakarlıq daim hörmətlə xatırlanır. Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri olaraq ölkəmizin hüquq-mühafizə orqanlarında xidmət edən bütün əməkdaşlara səmimi təbriklərini çatdırır, onların dövlətimizə və xalqa xidmətini yüksək qiymətləndirir. Bu bayramda biz bir daha vurğulayırıq ki, polis əməkdaşlarının məsuliyyətli və şərəfli xidmətləri xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmlənməsinə və ölkəmizin sabitliyinə xidmət edir. Azərbaycan Polisi Günü münasibətilə vəzifəsini ləyaqətlə və vicdanla yerinə yetirən bütün hüquq-mühafizə orqanları əməkdaşlarını ürəkdən təbrik edirik. Onlara şərəfli vəzifələrində uğurlar, möhkəm cansağlığı, ailə səadəti və daha böyük nailiyyətlər arzu edirik. Onların daim xalqın və dövlətin etimadını doğrultmaları, hüququn aliliyinin təminində sarsılmaz iradə nümayiş etdirmələri Azərbaycanın daha təhlükəsiz və ədalətli gələcəyi üçün möhkəm zəmin yaradır. Azərbaycan Polisi Günü mübarək olsun! Cəlil Xəlilovun : Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Veteran hərəkatına 44 günlük Vətən müharibəsi iştirakçılarının cəlb edilməsi, bilik və bacarıqlarından gənc nəslin vətənpərvərlik tərbiyəsində istifadəsi, respublikamızın çiçəklənməsi, xalqımızın birliyinin əbədi olması tədbirin qayəsini təşkil edib. Görüşdə çıxış edən RVT-nin sədri, II Dünya müharibəsi iştirakçısı Fatma Səttarova 44 günlük Vətən müharibəsinin qəhrəmanlıqla tarixə yazdığımızı bildiridi. F.Səttarova: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı tarixin bütün mərhələlərindən alnı açıq çıxmağı bacarıb, mərdliyi qəhrəmanlığı təcəssüm etdirib. II Dünya müharibəsində 600 mindən çox oğul və qızlarımız döyüşüb, faşizm bəlasından dünyanın azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərib. Ədalətin, sülhün dünyada bərpa edilməsində azərbaycanlı adını iftixarla daşıyıblar”. Təşkilatın sədri həmçinin Vətən müharibəsindən sonra başlamış və əzmlə davam etdirilən quruculuq işlərinin Respublikamızın iqtisadiyyatına və hərbi potensialının daha da yüksəlməsinə səbəb olacağını bildirdi. Müzəffər Azərbaycan ordusu hər zaman düşmənin istənilən mənfur təxribatının qarşısının alacağına və layiqli cavab verə biləcəyinə əminlik ifadə etdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilat və onun həyata keçirdiyi təbirlər haqqında məlumat verdi. C.Xəlilov: “44 günlük Vətən müharibəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir”. Təşkilatın sədr müavini hər bir veteranın, müharibə iştirakçısının sağlamlığının və maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, yaralıların reabilitasiyası, şəhidlərimizin xatirəsinin əbədi yaşadılması, onların ailələrinin maddi durumunun daim diqqət mərkəzində saxlanılması və yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı fərman və sərəncamlar, ayrı-ayrı dövlət qrumlarının bu istiqamətdə həyata keçirdikləri tədbirləri Vətən müharibə iştirakçılarına verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Bütün bunların Vətən yolunda mərdlik, rəşadət nümayiş etdirən hər bir kəsin unudulmayacağına, əksinə əbədi yaşayacağına əyani sübut olduğunu bildirdi. C.Xəlilov veteranın, qazinin bundan sonra da Vətən üçün xidmət edəcəyinə, ürəklərinin vətənlə birgə döyünəcəyinə inamının sonsuz olduğunu bildiridi. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldiləməsində, Azərbaycan xalqının birliyinin daim olmasında veteranların, müharibə iştirakçılarıının təcrübəsinin xüsusi önəm daşıdığını vurğuladı. 44 günlük Vətən müharibəsinin iştirakçısı çavuş Elçin Əhmədov çıxışında qəhərmanlıq tariximizin bir hissəsi olmaqdan qürürla danışdı. Hər bir müharibə iştirakçısının əsas amalının vətənimizin azad olması və qələbə ilə başa çatmasını diqqətə çatdırdı. O, həmçinin əminliklə bildirdi ki, bundan sonra da dünyaya nümayiş etdirdiyimiz birliyimiz sarsılmayacaq, qələbə əzmimiz bitməyəcəkdir. E.Əhmədov: “Müharibə iştirakçısının, veteranın, qazinin müharibədən sonra da tək bir amalı dövlətimizin daha da güclənməsidir. İstər azad edilmiş torpaqlarımızın bərpası olsun, istərsə də digər sahələrdə bizim dəmir yumruğumuz getdiyimiz yolları işıqlandıracaq, Vətən, millət təssübkeşliyimiz gücümüzə güc qatacaqdır. Hər birimiz, veteran, qazi adını fəxrlə daşıyacaq, ölmləri ilə ölmsüzlük qazanan, şəhid olan qardaşlarımızın adlarını yaşadacaq, əbədiləşdirəcəyik. Biz ön cəbhədə qəhrəmanlıq dastanı yazdıq, Ali Baş Komandan İlham Əliyev və onun timsalında bütün Azərbaycan xalqının vətənpərvərliyi, qətiyyəti, əzmi və iradəsi ilə bunlara nail olduq”. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəkləri, üzərlərinə düşən işin icrasına məsuliyyətlə yanaşacaqlarına əminlik ifadə etdilər. Sonda xatirə şəkli çəkildi.
Hamısını oxu
Bakı, 17 iyul, AZƏRTAC Vətən müharibəsindən dörd ildən çox müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsi imzalamaq istəmir. Son bir ildə bu sahədə müəyyən irəliləyişlər baş versə də, ortada ciddi nəticə yoxdur. Əksinə, biz 44 günlük Vətən müharibəsindən sonra qonşu ölkənin sürətlə silahlandığını, hərbi potensialını genişləndirməyə çalışdığını görürük. Fransa, Hindistan və digər ölkələrdən xeyli miqdarda silah-sursat alan Ermənistan xarici ölkələrin hərbi təlimatçıları hesabına ordusunu yenidən formalaşdırmağa çalışır. Belə bir dönəmdə Ermənistan ilə hansısa dövlətin birgə hərbi təlim keçirməsi xoş mərama xidmət etmir. Hazırkı situasiyada bu cür təlimlər Ermənistanın siyasi-psixoloji baxımdan sülh prosesindən uzaqlaşmasına xidmət edir. Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında bildirib. Polkovnik qeyd edib ki, sülh üçün cəhd göstərməyən Ermənistanda kənar qüvvələrin iştirakı ilə hansısa hərbi təlimin keçirilməsi onların xoş məqsəddən və məramdan uzaq olduğunu göstərir. ABŞ-la Ermənistan arasında keçirilən və hələ də davam edən təlimlər regiondakı sülh prosesinə yaxşı heç nə vəd etmir: “Ümumiyyətlə, sülhdən danışan Ermənistanın kənar güclərlə birgə hərbi təlimlərə böyük maraq göstərməsi rəsmi İrəvanın xoş olmayan niyyətindən xəbər verir. Bu fakt bir daha göstərir ki, Ermənistanda revanşizm əhvali-ruhiyyəsi hələ də davam edir və bəzi qüvvələr 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan status-kvonun yenidən dəyişə biləcəyinə ümid edir. Lakin bu ümidlər xam xəyaldan başqa bir şey deyil. Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə yeni reallıq yaradıb və heç bir qüvvə onu dəyişə bilməz”. Militarizm siyasətinin və revanşist düşüncə tərzinin Ermənistana fəlakətdən başqa heç nə vəd etmədiyini vurğulayan polkovnik deyib: “Yaxşı olar ki, rəsmi İrəvan avantürist xəyallardan əl çəkərək Azərbaycanın sülh səylərini dəstəkləsin. Yalnız bu addım Ermənistanı yeni məğlubiyyətlər, iqtisadi kataklizm və sosial böhrandan xilas edə bilər”.
Hamısını oxu
Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşə Azərbaycanın da dəvət alması ölkənin beynəlxalq arenada artan nüfuzun və üzv dövlətlərlə inkişaf edən tərəfdaşlığının mühüm göstəricisidir. Bu dəvət Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıqdakı önəmli rolunun təsdiqidir.Birgə əməkdaşlıq sahələri Azərbaycanın ŞƏT çərçivəsində daha da əhəmiyyətli bir rol oynayacağını göstərir.Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.ŞƏT, Avrasiya məkanında təhlükəsizlik, iqtisadi inkişaf və mədəniyyət sahələrində əməkdaşlığı təşviq edən regional bir təşkilatdır. Təşkilata üzv dövlətlər arasında Çin, Rusiya, Hindistan və Pakistan kimi böyük dövlətlər də var. Azərbaycanın ŞƏT-in Zirvə toplantısına dəvət olunması, ölkənin bu təşkilatla əlaqələrinin daha da möhkəmləndiyini və regional əməkdaşlığa olan töhfəsinin artdığını göstərir.Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə var. Bunlardan ən başlıcası enerji sektorunda əməkdaşlıqdır. Azərbaycan zəngin enerji resurslarına malikdir və bu resursların ŞƏT üzv dövlətlərinə çatdırılması əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji infrastrukturunun inkişafı və təhlükəsizliyi sahəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.Enerji sektoru ilə yanaşı Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir. İqtisadi forumlar və sərgilər vasitəsilə tərəfdaşlıq daha da gücləndirilir və yeni biznes imkanları yaradılır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bu nəqliyyat dəhlizləri, regional ticarətin və logistikanın inkişafını təmin edərək, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Azərbaycan, strateji mövqeyindən istifadə edərək, bu dəhlizlərin effektivliyinin artırılmasında və logistika sahəsində yeniliklərin tətbiqində mühüm rol oynayır.Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Yeni iqtisadi imkanlar üzərində işlənir. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bu layihə, nəqliyyat dəhlizinin daha effektiv və təhlükəsiz istifadəsini təmin etməyə yönəlib. Rəqəmsallaşma, tranzit müddətlərinin qısaldılması, sənədləşmə proseslərinin sadələşdirilməsi və logistika xidmətlərinin optimallaşdırılması kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.Təhlükəsizlik və müdafiə məsəıələri də dövlətlər üçün prioritetdir. Regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, Azərbaycanın ŞƏT üzv dövlətləri ilə olan münasibətlərində əhəmiyyətli bir yer tutur. Birgə hərbi təlimlər və məlumat mübadiləsi, regionda sülh və stabilliyin təmin olunmasında vacib rol oynayır.Mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq inkişaf edir. Azərbaycan və ŞƏT üzv dövlətləri arasında tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və təhsil layihələri bu sahədəki əlaqələri möhkəmləndirir.Bir sözlə, Azərbaycanın regional və qlobal səviyyədəki nüfuzunun artması Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə də bir daha özünü təsdiqlədi. Məşhur Məmmədov,Millət vəkili
Hamısını oxu