Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İnkişaf edən tərəfdaşlıq

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşə Azərbaycanın da dəvət alması ölkənin beynəlxalq arenada artan nüfuzun və üzv dövlətlərlə inkişaf edən tərəfdaşlığının mühüm göstəricisidir. Bu dəvət Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıqdakı önəmli rolunun təsdiqidir.
Birgə əməkdaşlıq sahələri Azərbaycanın ŞƏT çərçivəsində daha da əhəmiyyətli bir rol oynayacağını göstərir.
Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.
ŞƏT, Avrasiya məkanında təhlükəsizlik, iqtisadi inkişaf və mədəniyyət sahələrində əməkdaşlığı təşviq edən regional bir təşkilatdır. Təşkilata üzv dövlətlər arasında Çin, Rusiya, Hindistan və Pakistan kimi böyük dövlətlər də var. Azərbaycanın ŞƏT-in Zirvə toplantısına dəvət olunması, ölkənin bu təşkilatla əlaqələrinin daha da möhkəmləndiyini və regional əməkdaşlığa olan töhfəsinin artdığını göstərir.
Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə var. Bunlardan ən başlıcası enerji sektorunda əməkdaşlıqdır. Azərbaycan zəngin enerji resurslarına malikdir və bu resursların ŞƏT üzv dövlətlərinə çatdırılması əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji infrastrukturunun inkişafı və təhlükəsizliyi sahəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.
Enerji sektoru ilə yanaşı Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir. İqtisadi forumlar və sərgilər vasitəsilə tərəfdaşlıq daha da gücləndirilir və yeni biznes imkanları yaradılır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bu nəqliyyat dəhlizləri, regional ticarətin və logistikanın inkişafını təmin edərək, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Azərbaycan, strateji mövqeyindən istifadə edərək, bu dəhlizlərin effektivliyinin artırılmasında və logistika sahəsində yeniliklərin tətbiqində mühüm rol oynayır.
Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Yeni iqtisadi imkanlar üzərində işlənir. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bu layihə, nəqliyyat dəhlizinin daha effektiv və təhlükəsiz istifadəsini təmin etməyə yönəlib. Rəqəmsallaşma, tranzit müddətlərinin qısaldılması, sənədləşmə proseslərinin sadələşdirilməsi və logistika xidmətlərinin optimallaşdırılması kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.
Təhlükəsizlik və müdafiə məsəıələri də dövlətlər üçün prioritetdir. Regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, Azərbaycanın ŞƏT üzv dövlətləri ilə olan münasibətlərində əhəmiyyətli bir yer tutur. Birgə hərbi təlimlər və məlumat mübadiləsi, regionda sülh və stabilliyin təmin olunmasında vacib rol oynayır.
Mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq inkişaf edir. Azərbaycan və ŞƏT üzv dövlətləri arasında tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və təhsil layihələri bu sahədəki əlaqələri möhkəmləndirir.
Bir sözlə, Azərbaycanın regional və qlobal səviyyədəki nüfuzunun artması Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə də bir daha özünü təsdiqlədi.

 Məşhur Məmmədov,
Millət vəkili

2024-07-07 18:13:08
846 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Sərhəd Qoşunları yaranmasının 100 illinin qarşısında

Tarixi missiyanı yaşadanlar Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə keçmiş müavini, polkovnik Cəlil Xəliovdur.  - Cəlil müəllim, bu il Sərhəd Qoşunlarının yaradılmasının 100 yaşı tamam olur. Bu şanlı yubileyin tarixi, yaddaqalan məqamları haqqında düşüncələrinizi oxucularımızla bölüşəsiniz. Azərbaycanın Sərhəd Qoşunları sözün həqiqi mənasında şanlı tarixi yol keçib. Bu qürur doğuran yolun başlanğıcı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Bilirsiniz ki, Cümhuriyyətin yaranmasına qədər çar Rusiyasının tərkibində Azərbaycanın sərhədləri qeyri-müəyyən olub. Yəni digər xalqlar kimi Azərbaycanın da sərhədlərinin mühafizəsi Rusiyanın tərəfindən həyata keçirilib. Çar Rusiyasının süquta uğraması ilə Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və mühafizəsi sahəsində lazımi addımlar atılıb. Azərbaycanın sərhədlərinin müəyyən­ləş­diril­məsi və onun mühafizəsi istiqamətində ilk rəsmi addımlar AXC qurulmasından sonra mümkün olub. Müstəqil dövlət qurulduqdan sonra sərhədlərin müəyyənləşməsi və mühafizəsi məsələləri həllini tapmağa başlayıb. Mühafizə qüv­­vələrinin yaradılması və formalaş­ması sahəsində hökumət və parlament kom­pleks tədbirlər həyata keçirib. Gürcüstan və Ermənistanla sərhəd­ləri­n müəyyənləş­diril­­məsi üçün bir neçə layihə və təkliflər də ha­zır­lan­ıb. BUnlardan biri 1918-ci il iyun ayının 22-də «Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında" qərar qəbul edib. İlk mühafizə qüvvələrinin başlıca vəzifəsi qaçaqmalıçılığın və qanunsuz ticarətin qarşısının alınması idi. Bu vəzifə Poylu və Mazımçay sərhəd postlarının mü­ha­fi­zə qüvvəsinin üzərinə düşür­dü. - Sərhəd Qoşunlarının xalqımızın həyatında oynadığı missiya barədə daha hansı mühüm faktları diqqətə çatdırmaq istərdiniz? -Əvvala onu deyim ki,  sərhəd mühafizəsi çox çətin tarixi şəraitdə yaranıb. Ölkə dörd bir yandan təhlükə və taleyüklü problemlərlə üzbəüz qalmışdı; şimaldan, cənubdan, şərqdən və qərbdən Azərbaycana təcavüzlər, müxtəlif dəstələrin basqınları gözlənilirdi, digər tərəfdən də artıq qeyd etdiyimiz qaçaqmalçılıq və qanunsuz ticarət halları geniş miqyas almışdı. Zaqatalada quber­nator olmuş general-mayor Ş.Haşım­bəyov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubda sərhəd mühafizəsi üçün 150 nəfər lazım olduğunu bildirdi. Bunlardan 50-si jandarmeriya, 100 nəfəri isə mühafizəçi kimi nəzərdə tutulmuşdu. Müha­fizə qüvvəsinin sərhəddə 12 postda yer­ləşdirilməsi nəzərdə tutulurdu. Şimaldan və dəniz sərhədlərindən gözlənilən bolşevik Rusiyası və Denikinin Könüllü ordusu, qərbdən Ermənistan və digər təhlükələri göz önünə gətirəndə ölkənin sərhədlərindəki vəziyyət daha da aydın olur. Üstəlik 1919-cu ilin ikinci yarısına qədər Lən­kəran qəzası və Muğanın bir hissəsində dövlətə müqavimət göstərən silahlı qüv­vələr mövcud idi. Həmin qüv­vələrin qəti surətdə məğlub edilməsi 1919-cu ilin uğurlu avqust hərbi əməliy­ya­tın­dan sonra mümkün oldu. Cənub sərhəd zolağında təhlükə mənbələrindən biri yerli silahlı qruplar və qaçaqlar idi. Bu dəstələr sərhəd boyu yaşayış məntəqələrinə hücumlar edir, həmin məntəqələrin sakinlərini öldürür və qarətçiliklə məşğul olurdular. Belə mürəkkəb və ağır vəziyyətdə Azərbaycan sərhədçiləri milli ordu ilə birlikdə üzərlərinə düşən vəzifələri şərəflə, fədakarlıqla icra edərək, Azərbaycanın sərhədlərini mümkün olduğu qədər mühafizə edirdilər. İlk sərhəd mühafizə qüvvələrinin Daxili İşlər Nazirliyinin tərkibində yarandığını qetd etdiniz. Bu qüvvələrin təşkili vəzifələrinin sonrakı mərhələdə Maliyyə Nazirliyinə həvalə edildiyi məlum olur. Bu nə ilə bağlı idi? -Doğrudur, sərhəd mühafizəsi sahəsində vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu. Bu qərar qəbul edilərkən real vəziyyət və ondan əvvəl görülmüş bir sıra işlər nəzərə alınmışdı. Qaçaqmalçılıq və qanunsuz ticarət döv­riy­yə­si getdikcə geniş miqyas almışdı. Bu da qanunsuz ticarət dövriyyəsi ilə həm də daxildə mübarizə aparmaq zərurətini doğururdu. Bu işlə əsa­sən maliyyə orqanları məşğul olmalı idi. Həmin qa­nun­la gömrük idarəsi hissəsi adlandırılan qu­rum ləğv olunmuş və onun əsas səlahiy­yət­ləri Maliyyə Nazirliyinə verilmişdi. Parlamentin 1919-cu il avqust ayının 18-də keçirilən iclasında 8 bənddən ibarət “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafi­zəsinin təsis edilməsi haqqında” qanun layuhəsi maddə-maddə səsə qoyularaq qəbul edilmişdi. Məhz həmin tarix müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması günü kimi qəbul edilir. - Sərhəd mühafizə qüvvələrinin təşkili sahəsində vəzifələrin tam yerinə yetirilməsi, vahid strukturun yaradılması mümkün oldumu? -Çox təəssüf ki, bu sula müsbət cavab verə bilmirik. 1920-ci ilin 27 aprel işğalı ilə AXC-nin süquta uğradılması sərhəd mühafizəsinin, gələcək müstəqil Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində atılan addımların qarşısını aldı. Sovet dövründə Azərbaycanda sərhəd mühafizəsinin həyata keçirilməsi vəzifələri SSRİ-nin mərkəzi hakimiyyətinin tabeliyində olan məhz bu məqsədlə yaradılmış sərhəd qüvvələrinə (qoşunlarına) həvalə olundu. - Sovet dövründə Azərbaycanda Sərhəd Qoşunlarının yaradılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı? -Bilirsiz, sovet dövründə Azərbaycanda müstəqil Sərhəd Qoşunlarının yaradılmasından söhbət gedə bilməzdi. Buradakı sərhəd dəstələri Zaqafqaziya Sərhəd Dairsinin tərkibinə daxil idi və bütün məsələlər Moskvadan idarə edilirdi. Qoşunların əksər zabit heyəti və ən başlıcası rəhbər kadrları qeyri-millətlərin nümayəndələrindən ibarət idi. Yalnız Ümummilli ider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdən başlayaraq bu sahədə mühüm dönüş yaranmağa başlandı. Qısa müddət ərzində, vəziyyəti dəyişmək çətin olsa da, Heydər Əliyev çox böyük işlər gördü. Milli kadrların Zaqafqaziya Sərhəd Dairsinin daxilində olan Azərbaycan sərhəd dəstələrində təmsil olunmalarına, onların yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilməsi, bir qədər sonra onların hətta Zaqafqaziya Sərhəd Dairəsində vəzifə tutmalarına şərait yaratdı. 1970-80-ci illərdə yetişən, SSRİ Sərhəd Qoşunlarının tərkibində xidmət edən, yüksək vəzifələr tutan milli sərhədçi kadrlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Sərhəd Qoşunlarının təşkilində yaxından iştirak etdilər. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycan KP MK bürosu qərarı  əsasında 1971-ci il iyul ayının 20-də Azərbaycanda yaradılan C.Naxçıvanski adına Hərbi lesey gələcək peşəkar hərbçi kadrların, eləcə də, sərhədçi kadrların hazırlanmasında ilk baza rolunu oynadı. Həmin  liseyin məzunu olanların əksəriyyəti hərbi təhsillərini davam etdirərək həqiqi peşəkarlar kimi yetişdilər və imperiyanın dağılmasından sonra Azərbaycanda hərb sahəsində mühüm vəzifələr tutdular, milli ordu və digər qoşun növlərinin, o cümlədən Sərhəd Qoşunlarının yaradılmasında və Qarabağ müharibəsində yaxından iştirak etdilər. - Müstəqilliyin bərpasından sonra Azərbaycanda Sərhəd Qoşunlarının formalaşmasında Siz də yaxından iştirak etmişiniz. Bu barədə hansı faktları xüsusi qeyd edərdiniz? -Əvvala onu deyim ki, müstəqilliyin bərpasından sonra, yeni mərhələdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yüksək hazırlığa malik Sərhəd Qoşunlarının yaranmasına, ölkənin sərhəd təhlükəsizliyinin peşəkar təminatçısı olan xüsusi qoşun növünün təşkili üçün etibarlı təməllərin qoyulmasına nail oldu. Ulu öndərin dəyərli, yüksək peşəkarlıqdan qaynaqlanan əvəzsiz tövsiyələri, ilk gündən başlayaraq Sərhəd Qoşunlarının maddi-tüxniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrların hazırlanmasına göstərdiyi mütamadi dəstək müstəqil Azərbaycanın Sərhəd Qoşunları hərtərəfli formalaşmasına şərait yaratdı. Yadımdadır, Sərhəd Qoşunlarının formalaşmağa başladığı ilk aylarda bəziləri Azərbaycan sərhədçilərinin ölkə sərhədlərinin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəyinə şübhə ilə yanaşır, özləri də fərqinə varmadan açıq-aşkar belə təbliğat aparan xarici qüvvələrə rəvac verirdilər. Ancaq fəadakar Azərbaycan sərhədçiləri çox qısa müddətdə bu iddia və inamsızlığın heç nəyə əsaslanmadığı öz yüksək xidmətləri ilə sübuta yetirdilər. Azərbaycan sərhədlərinin keçmiş SSRİ qüvvələrindən təhvil-təslim prosesi uğurla başa çatdırıldı. Bu prosesdə yaxından iştirak etmiş bütün sərhədçilər kimi mən də qürur hissi keçirirəm. Yeri gəlmişkən, bu mühüm vəzifənin uğurla icrasında o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin böyük nüfuzu və yenilməz siyasi iradəsi həmin bölgədəki silah-sursat və hərbi texnikanın 100 faiz Naxçıvan Sərhəd Dəstəsinin sərancamında saxlanmasına şərait yaratmışdı. Məhz Ulu öndərin qətiyyəti nəticəsində bölgəni tərk edən rus sərhədçiləri öz şəxsi əşyalarından başqa Naxçıvandan nəinki silah-sursat və hərbi texnika, heç bir ədəd güllə də apara bilməmişdilər. Ölkənin digər sərhəd dəstələrində iki dövlət arasında razılaşdırıldığı kimi, bütün texnika və hərbi sursat 50-nin 50-yə prinsipi ilə bölünmüşdü. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu fəaliyyətlər Sərhəd Qoşunlarının bütün istiqamətlərdə möhkəmlənməsinə və inkişafına, nələ ki regionda, hətta dünyada ən peşəkar qoşun kimi tanınmasına gətirib çıxardı. Əlbəttə, yada salınası, qeyd ediləsi faktlar çoxdur. Biz veteran sərhədçilər həmin illərdə ölkə sərhədlərinin qorunmasında iştirakımızla qürur duyur, gənc nəslin xidməti işə daha məsuliyyətlə, daha həvəslə yanaşması üçün təcrübəmizi əsirgəmir, əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu bildiririk. - Bir peşəkar kimi müasir mərhələdə Sərhəd Qoşunlarının fəaliyyəti barədə daha nələri xüsusi vurğulamaq istərdiniz? -Çəkinmədən demək olar ki, müasir Sərhəd Qoşunları həm hazırlıq səviyyəsi, həm peşəkarlığı, həm də şəxsi heyətin xidməti işə münasibəti baxımdan çox yüksək səviyyədədir. Ulu öndərin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tövsiyə və tapşırıqlarına bacarıqla, layiqincə əməl edirlər. Şəxsi heyətin döyüş və xidmət səviyyəsinin durmadan yüksəlməsinə nail olan Sərhəd Qoşunlarının bu günü ilə qürur duymağa haqqı çatır. Çünki Azərbaycan sərhədçiləri bu gün sözün həqiqi mənasında ölkə sərhədlərinin etibarlı təhlükəsizliyini təmin etməyə tam qadirdir.  Hazırda ölkə sərhədlərini peşəkarlıqla qoruyan sərhədçilərimiz həm də Azərbaycanın qərbində, Ermənistanla sərhədlərin müdafiəsini uğurla yerinə yetirir. Bunu yaxın da, uzaq da, dost da, düşmən də görür və istəsə də, istəməsə də qəbul etmək məcburiyyətindədir. -Bu uğurların təməlində hansı faktorlar dayanır? - Azərbaycan sərhədçilərinin əldə etdiyi uğurların təməlində bir sıra inkarolunmaz amillər dayanır. Əvvəldə qeyd etdiyim kimi, Ali Baş Komandan hörmətli Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları. Sərhəddə xidmət səviyyəsinin yüksəlməsi və peşəkarlığın artmasını da buraya əlavə etsək, mənzərə tam aydın olar. Sərhədçilərimiz vətəninə, xalqına, dövlətinə həqiqi sədaqətlə xidmət edir, yüksək peşəkarlıq göstərir, tapşırılan işə tam məsuliyyətlə yanaşırlar. Onlarda yeniliyi mənimsəmək bacarığı və daim təkmilləşməyə, özünü inkişaf etdirməyə çalışmaq həvəsi vardır. -Yəqin ki, sərhədçilərimizə bayram təbrikiniz də var. -Hazırda qoşunların bütün şəxsi heyəti Sərhəd Qoşunlarının 100 illiyinə - böyük bayrama, təntənəli yubileyə hazırlaşır. Hər bir əsgərinin, hər bir zabitinin bu tarixi günə xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək cavab verəcəyinə inanırıq. Çünki onlar bunu öz şərəfli və qürur doğuran peşələri ilə haqq edirlər. Azərbaycan sərhədləri etibarlı əllərdədir. Bütün sərhədçiləri qarşıdan gələn təntənəli yubiley münasibətilə təbrik edir, vətən üçün çox gərəkli xidmətlərində uğurlar diləyirəm.   Şəmsiyyə Əliqızı

Hamısını oxu
"Dayaq" Təşkilatından Qazi Şirinov Ramin Şahin oğluna etimad...

Qazi Şirinov Ramin Şahin oğlu "Dayaq" Təşkilatının sədr müavini təyin edilib   Veteran.gov.az xəbər verir ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının idarə heyyətinin qərarı ilə Şirinov Ramin Şahin oğlu "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini vəzifəsinə təyin edilib. "Dayaq" Təşkilatının idarə heyyəti və üzvüləri adından ictimai fəal Qazimiz, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmış, milli, Vətənpərvər Azərbaycan övldadı, peşəkar tankçı Ramin Şirinovu uğurlu təyinat münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona daha böyük uğurlar diləyirik! Qeyd edək ki, Şirinov Ramin Şahin oğlu 1981-ci ilin fevralın 21-də Göronboy rayonunun Xanqərvənd kəndində anadan olub. Xanqərvənd kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub.Hərbi xidmətdən də hərbi məktəbə daxil olub. Oxuduğu hərbi məktəbdə tank ixtisasını tam mənimsədikdən sonra Hərbi hissələrdə tank komandiri olaraq müxtəlif vəzifələrdə çalışıb, Peşəkar tankçı könüllü kimi 44 günlük müharibədə aktiv iştirak edib. Füzuli və Qubadlı, Tuğ, Hadrut, Top kənd, Şuşanın azad edilməsi uğurunda gedən döyüşlərdə fədakarcasına döyüşüb, sağlamlığını itirərək Qazilik zirvəsinə yüksəlib.

Hamısını oxu
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümü ilə bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib. AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirin iştirakçıları və qonaqlar “Heydər Əliyev muzey-lektoriyası”nı ziyarət edərək, Ümummilli Liderimizin Vətənə və xalqa həsr olunmuş mənalı ömrünün müxtəlif anlarını əks etdirən ekspozisiya ilə tanış olublar. Sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnimiz oxunub. Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu vaxtdan 15 il ötür. Lakin Azərbaycan xalqının tarixində və taleyində müstəsna rolu və xidmətləri olmuş bu böyük siyasi və dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş əbədiyaşar Ali Baş Komandanımız canından əziz bildiyi, uğrunda fədakarlıqlar göstərdiyi Azərbaycanı və qədirbilən xalqımızı cismən tərk etsə də, bu dahi şəxsiyyət xatirələrdə, ürəklərdə yaşayır. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca Heydər Əliyevin xatirəsi də əbədi yaşayacaq. Qeyd olunub ki, ötən 15 il ərzində xalqımız, eləcə də onun ayrılmaz hissəsi olan Ordumuzun şəxsi heyəti Heydər Əliyev ideyalarına həmişə sadiq olub, onun yolu ilə daha parlaq gələcəyə doğru inamlı addımlar atıb. Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanımızın daha da inkişafına, tərəqqisinə, regionun ən güclü dövlətlərindən birinə çevrilməsinə nail olub. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Ulu Öndər ilə görüşlərini yada salıb, xatirə tədbirləri aylığının əhəmiyyətindən danışıb. R.Əliyev birlik, birləşmə, hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək silsilə tədbirlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, aylıq çərçivəsində Heydər Əliyevin adı ilə bağlı ünvanlara şəxsi heyətin ekskursiyaları təşkil olunacaq, dahi rəhbərin silahdaşları ilə görüşlər keçiriləcək, əbədiyaşar liderimizin Fəxri xiyabandakı məzarı, Heydər Əliyev muzey və mərkəzləri ziyarət olunacaq. Həmçinin “Heydər Əliyev irsini öyrənirik” mövzusunda silsilə məşğələlər çərçivəsində məruzə və mühazirələr oxunacaq, filmlərin kütləvi nümayişi və Ulu Öndərə həsr olunmuş əsərlərdən ibarət proqramlar təşkil ediləcək. Ümumiyyətlə, “Heydər Əliyev ideyalarına sadiqik” devizi altında keçirilən xatirə tədbirləri aylığı Ulu Öndərə əsgəri ehtiramın və Heydər Əliyev ideyalarının əbədiyaşarlığının nümayişinə çevriləcək. Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ulu Öndərimizin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıb. A.Rəhimzadə Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Heydər Əliyevin möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. O, bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına həsr etmiş, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyevin XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olduğunu deyib. A.Rəhimzadə diqqətə çatdırıb ki, Heydər Əliyevin dünya siyasət xəzinəsinə daxil olmuş altmış illik titanik fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynayıb. Heydər Əliyev bu gün də yaşayır, gələcəkdə də yaşayacaq. Dahi rəhbərin ideyalarına həmişə sadiq olan xalqımız, eləcə də Ordumuzun şəxsi heyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt, firavan gələcəyə doğru inamla irəliləyəcək. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov Ulu Öndərimizin əbədiyyətə qovuşduğu 15 il ərzində Ümummilli Liderimizin xatirəsinin həmişə əziz tutulduğunu, həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda adının əbədiləşdirildiyini qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Sərəncamı əsasında yaradılan Heydər Əliyev Mərkəzi memarlıq üslubuna görə nadir mədəniyyət ocağıdır. Mərkəzdə xalqımızın böyük oğlu Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli iş aparılır. Burada fəaliyyət göstərən “Azərbaycan inciləri”, “Mini Azərbaycan”, “Azərbaycana xoş gəlmisiniz” və digər sərgi zallarını, xüsusən də zəngin Heydər Əliyev muzeyini hər il yüz minlərlə yerli və əcnəbi vətəndaş ziyarət edir. Burada həm respublika, həm də beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər həyata keçirilir. Dizayn və tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks etdirilir. Burada Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik dövründə həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir, Ümummilli Liderin şəxsi əşyaları tamaşaçıların böyük marağına səbəb olur. Rəşad Kərimov diqqətə çatdırıb ki, Müdafiə Nazirliyinin təşkil etdiyi xatirə tədbirləri aylığı çərçivəsində Heydər Əliyev Mərkəzinin də qapıları Azərbaycan Ordusunun şəxsi heyətinin üzünə həmişəki kimi açıq olacaq və hərbi qulluqçular burada Ümummilli Liderimizin zəngin irsini daha yaxından mənimsəmək imkanı əldə edəcəklər. Ulu Öndərimizin hələ ötən əsrin 70-ci illərində Azərbaycanın gələcəkdə müstəqilliyini bərpa edəcəyini öncədən duyaraq uzaqgörənliklə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk kursantlarından və məktəbin ilk bayraqdarı olmuş ehtiyatda olan polkovnik, Azərbaycanın Vətən müharibəsi veteranı Şair Ramaldanov Ulu Öndərlə ilk görüşlərini xatırlayıb və Ordumuzun tarixinə şanlı səhifə kimi yazılmış Horadiz əməliyyatından danışıb. O deyib ki, 1993-cü il noyabrın 2-də Ulu Öndərimizin televiziya və radio vasitəsilə xalqa müraciəti ordu quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Əsl Azərbaycan Ordusu məhz bu müraciətdən sonra yaranmağa, formalaşmağa, qüdrətlənməyə başladı. Azərbaycan Silahlı Qüvvələri Füzuli, Tərtər, Ağdam istiqamətlərində bu vaxtadək görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdi. Ali Baş Komandanın ön səngərlərə səfərləri, döyüşçülərlə görüşləri, onların problem və qayğıları ilə yerindəcə tanış olması öz bəhrəsini verdi. Ulu Öndərin xeyir-duası ilə işğal edilmiş əraziləri düşmən tapdağından azad etmək üçün üzərində “Heydər Əliyev uğrunda irəli!” sözləri yazılmış zirehli texnikalarla hücuma keçdik. 1993-cü il dekabrın sonu və 1994-cü ilin ilk yanvar günlərində Ali Baş Komandan Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı uğurla nəticələndi. Horadizdə və işğaldan azad edilən digər yaşayış məntəqələrində həyat yenidən canlanmağa başladı, infrastruktur yaradıldı, qaçqınlar, köçkünlər yurd-yuvalarına qayıtdılar. Son 15 il ərzində isə Prezident İlham Əliyevin Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirməsi 22 ildən sonra Aprel zəfərinin qazanılmasına zəmin yaratdı. Aprel döyüşləri Horadiz zəfərinin davamıdır və əminik ki, işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunacaq, Azərbaycanımızın ərazi bütövlüyü təmin ediləcək. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup veteran çıxışlarında Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, dahi rəhbərin veteran hərəkatına göstərdiyi diqqət və qayğını minnətdarlıqla yada salıblar. Onlar veteranları “Azərbaycanın qızıl fondu” adlandıran Heydər Əliyevin Vətənimizin, xalqımızın, dövlətimizin xilaskarı olduğunu diqqətə çatdırıblar. Xalq artistləri Niyaməddin Musayev, Zaur Rzayev, Samir Cəfərov və başqaları Ulu Öndərə həsr olunan, eləcə də dahi şəxsiyyətin sevdiyi mahnıları böyük coşqu ilə ifa ediblər. “Heydər Əliyev ideyalarına sadiqik” xatirə tədbirləri aylığının açılışına həsr olunmuş təntənəli mərasim xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı Cəmşid Naxcıvanski adına Hərbi Liseyin kursantlarının 2003-cü il aprelin 19-da Ulu Öndərin qarşısında ilk dəfə ifa etdikləri “Naxçıvanskilər marşı”nın (sözləri A.Qurbaninin, musiqisi H.Mirməmmədlinindir) oxunması ilə başa çatıb.

Hamısını oxu
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi “Yaşıl dünyaya yaşıl rəng qataq” adlı ağacəkmə aksiyası keçirib

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daima öz töhfəsini verir. Birlik sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirib ki, Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi buna bariz nümunədir. "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idarə heyəti bu həmrəyliyə qoşularaq "Yaşıl dünyaya yaşıl rəng qataq" adlı ağac əkmək aksiyasını həyata keçirməyi qərara aldı. Ağaclarım Suraxanı rayon sakini olan şəhid Sərdar İsmayılovun adına inşa olunmuş Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən "Zəfər" idman klubunun həyətində əkilməsi məqsədə uyğun hesab edilib. Aksiyanın həyata keçirilməsi üçün Suraxanı rayon icra hakimiyyəti xüsusi şərait yaradıb. Aksiyada şəhid ailələri, vətən müharibəsinin qaziləri, veteranlar, birliyin idarə heyəti və media nümayəndələri iştirak ediblər. Aksiyanın təşkilində təşkilatın Türkiyə Respublikası üzrə nümayəndəsi Natavan Şadlinskinin xüsusi əməyi olub. Bir sözlə təşkilatın əsas məqsədi mütəmadi olaraq dövlət proqramlarını dəstəkləmək və təşkilat adından bu cür önəmli proqramlara töhvə verməkdir. Aksiya bitdikdən sonra "Zəfər"idman klubunun əsas binasında faydalı gün münasibətilə şəhid ailələrinə, vətən müharibəsinin veteranlarına və hər zaman şəhid ailələrinin yanında olan Şəxslərə "Zəfər Diplomu" və " Fəxri diplom"lar təqdim olunub.

Hamısını oxu