Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Sərhəd Qoşunları yaranmasının 100 illinin qarşısında

Tarixi missiyanı yaşadanlar Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə keçmiş müavini, polkovnik Cəlil Xəliovdur.  - Cəlil müəllim, bu il Sərhəd Qoşunlarının yaradılmasının 100 yaşı tamam olur. Bu şanlı yubileyin tarixi, yaddaqalan məqamları haqqında düşüncələrinizi oxucularımızla bölüşəsiniz. Azərbaycanın Sərhəd Qoşunları sözün həqiqi mənasında şanlı tarixi yol keçib. Bu qürur doğuran yolun başlanğıcı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Bilirsiniz ki, Cümhuriyyətin yaranmasına qədər çar Rusiyasının tərkibində Azərbaycanın sərhədləri qeyri-müəyyən olub. Yəni digər xalqlar kimi Azərbaycanın da sərhədlərinin mühafizəsi Rusiyanın tərəfindən həyata keçirilib. Çar Rusiyasının süquta uğraması ilə Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və mühafizəsi sahəsində lazımi addımlar atılıb. Azərbaycanın sərhədlərinin müəyyən­ləş­diril­məsi və onun mühafizəsi istiqamətində ilk rəsmi addımlar AXC qurulmasından sonra mümkün olub. Müstəqil dövlət qurulduqdan sonra sərhədlərin müəyyənləşməsi və mühafizəsi məsələləri həllini tapmağa başlayıb. Mühafizə qüv­­vələrinin yaradılması və formalaş­ması sahəsində hökumət və parlament kom­pleks tədbirlər həyata keçirib. Gürcüstan və Ermənistanla sərhəd­ləri­n müəyyənləş­diril­­məsi üçün bir neçə layihə və təkliflər də ha­zır­lan­ıb. BUnlardan biri 1918-ci il iyun ayının 22-də «Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında" qərar qəbul edib. İlk mühafizə qüvvələrinin başlıca vəzifəsi qaçaqmalıçılığın və qanunsuz ticarətin qarşısının alınması idi. Bu vəzifə Poylu və Mazımçay sərhəd postlarının mü­ha­fi­zə qüvvəsinin üzərinə düşür­dü. - Sərhəd Qoşunlarının xalqımızın həyatında oynadığı missiya barədə daha hansı mühüm faktları diqqətə çatdırmaq istərdiniz? -Əvvala onu deyim ki,  sərhəd mühafizəsi çox çətin tarixi şəraitdə yaranıb. Ölkə dörd bir yandan təhlükə və taleyüklü problemlərlə üzbəüz qalmışdı; şimaldan, cənubdan, şərqdən və qərbdən Azərbaycana təcavüzlər, müxtəlif dəstələrin basqınları gözlənilirdi, digər tərəfdən də artıq qeyd etdiyimiz qaçaqmalçılıq və qanunsuz ticarət halları geniş miqyas almışdı. Zaqatalada quber­nator olmuş general-mayor Ş.Haşım­bəyov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubda sərhəd mühafizəsi üçün 150 nəfər lazım olduğunu bildirdi. Bunlardan 50-si jandarmeriya, 100 nəfəri isə mühafizəçi kimi nəzərdə tutulmuşdu. Müha­fizə qüvvəsinin sərhəddə 12 postda yer­ləşdirilməsi nəzərdə tutulurdu. Şimaldan və dəniz sərhədlərindən gözlənilən bolşevik Rusiyası və Denikinin Könüllü ordusu, qərbdən Ermənistan və digər təhlükələri göz önünə gətirəndə ölkənin sərhədlərindəki vəziyyət daha da aydın olur. Üstəlik 1919-cu ilin ikinci yarısına qədər Lən­kəran qəzası və Muğanın bir hissəsində dövlətə müqavimət göstərən silahlı qüv­vələr mövcud idi. Həmin qüv­vələrin qəti surətdə məğlub edilməsi 1919-cu ilin uğurlu avqust hərbi əməliy­ya­tın­dan sonra mümkün oldu. Cənub sərhəd zolağında təhlükə mənbələrindən biri yerli silahlı qruplar və qaçaqlar idi. Bu dəstələr sərhəd boyu yaşayış məntəqələrinə hücumlar edir, həmin məntəqələrin sakinlərini öldürür və qarətçiliklə məşğul olurdular. Belə mürəkkəb və ağır vəziyyətdə Azərbaycan sərhədçiləri milli ordu ilə birlikdə üzərlərinə düşən vəzifələri şərəflə, fədakarlıqla icra edərək, Azərbaycanın sərhədlərini mümkün olduğu qədər mühafizə edirdilər.

  • İlk sərhəd mühafizə qüvvələrinin Daxili İşlər Nazirliyinin tərkibində yarandığını qetd etdiniz. Bu qüvvələrin təşkili vəzifələrinin sonrakı mərhələdə Maliyyə Nazirliyinə həvalə edildiyi məlum olur. Bu nə ilə bağlı idi?
-Doğrudur, sərhəd mühafizəsi sahəsində vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu. Bu qərar qəbul edilərkən real vəziyyət və ondan əvvəl görülmüş bir sıra işlər nəzərə alınmışdı. Qaçaqmalçılıq və qanunsuz ticarət döv­riy­yə­si getdikcə geniş miqyas almışdı. Bu da qanunsuz ticarət dövriyyəsi ilə həm də daxildə mübarizə aparmaq zərurətini doğururdu. Bu işlə əsa­sən maliyyə orqanları məşğul olmalı idi. Həmin qa­nun­la gömrük idarəsi hissəsi adlandırılan qu­rum ləğv olunmuş və onun əsas səlahiy­yət­ləri Maliyyə Nazirliyinə verilmişdi. Parlamentin 1919-cu il avqust ayının 18-də keçirilən iclasında 8 bənddən ibarət “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafi­zəsinin təsis edilməsi haqqında” qanun layuhəsi maddə-maddə səsə qoyularaq qəbul edilmişdi. Məhz həmin tarix müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması günü kimi qəbul edilir. - Sərhəd mühafizə qüvvələrinin təşkili sahəsində vəzifələrin tam yerinə yetirilməsi, vahid strukturun yaradılması mümkün oldumu? -Çox təəssüf ki, bu sula müsbət cavab verə bilmirik. 1920-ci ilin 27 aprel işğalı ilə AXC-nin süquta uğradılması sərhəd mühafizəsinin, gələcək müstəqil Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində atılan addımların qarşısını aldı. Sovet dövründə Azərbaycanda sərhəd mühafizəsinin həyata keçirilməsi vəzifələri SSRİ-nin mərkəzi hakimiyyətinin tabeliyində olan məhz bu məqsədlə yaradılmış sərhəd qüvvələrinə (qoşunlarına) həvalə olundu. - Sovet dövründə Azərbaycanda Sərhəd Qoşunlarının yaradılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı? -Bilirsiz, sovet dövründə Azərbaycanda müstəqil Sərhəd Qoşunlarının yaradılmasından söhbət gedə bilməzdi. Buradakı sərhəd dəstələri Zaqafqaziya Sərhəd Dairsinin tərkibinə daxil idi və bütün məsələlər Moskvadan idarə edilirdi. Qoşunların əksər zabit heyəti və ən başlıcası rəhbər kadrları qeyri-millətlərin nümayəndələrindən ibarət idi. Yalnız Ümummilli ider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdən başlayaraq bu sahədə mühüm dönüş yaranmağa başlandı. Qısa müddət ərzində, vəziyyəti dəyişmək çətin olsa da, Heydər Əliyev çox böyük işlər gördü. Milli kadrların Zaqafqaziya Sərhəd Dairsinin daxilində olan Azərbaycan sərhəd dəstələrində təmsil olunmalarına, onların yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilməsi, bir qədər sonra onların hətta Zaqafqaziya Sərhəd Dairəsində vəzifə tutmalarına şərait yaratdı. 1970-80-ci illərdə yetişən, SSRİ Sərhəd Qoşunlarının tərkibində xidmət edən, yüksək vəzifələr tutan milli sərhədçi kadrlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Sərhəd Qoşunlarının təşkilində yaxından iştirak etdilər. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycan KP MK bürosu qərarı  əsasında 1971-ci il iyul ayının 20-də Azərbaycanda yaradılan C.Naxçıvanski adına Hərbi lesey gələcək peşəkar hərbçi kadrların, eləcə də, sərhədçi kadrların hazırlanmasında ilk baza rolunu oynadı. Həmin  liseyin məzunu olanların əksəriyyəti hərbi təhsillərini davam etdirərək həqiqi peşəkarlar kimi yetişdilər və imperiyanın dağılmasından sonra Azərbaycanda hərb sahəsində mühüm vəzifələr tutdular, milli ordu və digər qoşun növlərinin, o cümlədən Sərhəd Qoşunlarının yaradılmasında və Qarabağ müharibəsində yaxından iştirak etdilər. - Müstəqilliyin bərpasından sonra Azərbaycanda Sərhəd Qoşunlarının formalaşmasında Siz də yaxından iştirak etmişiniz. Bu barədə hansı faktları xüsusi qeyd edərdiniz? -Əvvala onu deyim ki, müstəqilliyin bərpasından sonra, yeni mərhələdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yüksək hazırlığa malik Sərhəd Qoşunlarının yaranmasına, ölkənin sərhəd təhlükəsizliyinin peşəkar təminatçısı olan xüsusi qoşun növünün təşkili üçün etibarlı təməllərin qoyulmasına nail oldu. Ulu öndərin dəyərli, yüksək peşəkarlıqdan qaynaqlanan əvəzsiz tövsiyələri, ilk gündən başlayaraq Sərhəd Qoşunlarının maddi-tüxniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrların hazırlanmasına göstərdiyi mütamadi dəstək müstəqil Azərbaycanın Sərhəd Qoşunları hərtərəfli formalaşmasına şərait yaratdı. Yadımdadır, Sərhəd Qoşunlarının formalaşmağa başladığı ilk aylarda bəziləri Azərbaycan sərhədçilərinin ölkə sərhədlərinin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəyinə şübhə ilə yanaşır, özləri də fərqinə varmadan açıq-aşkar belə təbliğat aparan xarici qüvvələrə rəvac verirdilər. Ancaq fəadakar Azərbaycan sərhədçiləri çox qısa müddətdə bu iddia və inamsızlığın heç nəyə əsaslanmadığı öz yüksək xidmətləri ilə sübuta yetirdilər. Azərbaycan sərhədlərinin keçmiş SSRİ qüvvələrindən təhvil-təslim prosesi uğurla başa çatdırıldı. Bu prosesdə yaxından iştirak etmiş bütün sərhədçilər kimi mən də qürur hissi keçirirəm. Yeri gəlmişkən, bu mühüm vəzifənin uğurla icrasında o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin böyük nüfuzu və yenilməz siyasi iradəsi həmin bölgədəki silah-sursat və hərbi texnikanın 100 faiz Naxçıvan Sərhəd Dəstəsinin sərancamında saxlanmasına şərait yaratmışdı. Məhz Ulu öndərin qətiyyəti nəticəsində bölgəni tərk edən rus sərhədçiləri öz şəxsi əşyalarından başqa Naxçıvandan nəinki silah-sursat və hərbi texnika, heç bir ədəd güllə də apara bilməmişdilər. Ölkənin digər sərhəd dəstələrində iki dövlət arasında razılaşdırıldığı kimi, bütün texnika və hərbi sursat 50-nin 50-yə prinsipi ilə bölünmüşdü. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu fəaliyyətlər Sərhəd Qoşunlarının bütün istiqamətlərdə möhkəmlənməsinə və inkişafına, nələ ki regionda, hətta dünyada ən peşəkar qoşun kimi tanınmasına gətirib çıxardı. Əlbəttə, yada salınası, qeyd ediləsi faktlar çoxdur. Biz veteran sərhədçilər həmin illərdə ölkə sərhədlərinin qorunmasında iştirakımızla qürur duyur, gənc nəslin xidməti işə daha məsuliyyətlə, daha həvəslə yanaşması üçün təcrübəmizi əsirgəmir, əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu bildiririk. - Bir peşəkar kimi müasir mərhələdə Sərhəd Qoşunlarının fəaliyyəti barədə daha nələri xüsusi vurğulamaq istərdiniz? -Çəkinmədən demək olar ki, müasir Sərhəd Qoşunları həm hazırlıq səviyyəsi, həm peşəkarlığı, həm də şəxsi heyətin xidməti işə münasibəti baxımdan çox yüksək səviyyədədir. Ulu öndərin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tövsiyə və tapşırıqlarına bacarıqla, layiqincə əməl edirlər. Şəxsi heyətin döyüş və xidmət səviyyəsinin durmadan yüksəlməsinə nail olan Sərhəd Qoşunlarının bu günü ilə qürur duymağa haqqı çatır. Çünki Azərbaycan sərhədçiləri bu gün sözün həqiqi mənasında ölkə sərhədlərinin etibarlı təhlükəsizliyini təmin etməyə tam qadirdir.  Hazırda ölkə sərhədlərini peşəkarlıqla qoruyan sərhədçilərimiz həm də Azərbaycanın qərbində, Ermənistanla sərhədlərin müdafiəsini uğurla yerinə yetirir. Bunu yaxın da, uzaq da, dost da, düşmən də görür və istəsə də, istəməsə də qəbul etmək məcburiyyətindədir. -Bu uğurların təməlində hansı faktorlar dayanır? - Azərbaycan sərhədçilərinin əldə etdiyi uğurların təməlində bir sıra inkarolunmaz amillər dayanır. Əvvəldə qeyd etdiyim kimi, Ali Baş Komandan hörmətli Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları. Sərhəddə xidmət səviyyəsinin yüksəlməsi və peşəkarlığın artmasını da buraya əlavə etsək, mənzərə tam aydın olar. Sərhədçilərimiz vətəninə, xalqına, dövlətinə həqiqi sədaqətlə xidmət edir, yüksək peşəkarlıq göstərir, tapşırılan işə tam məsuliyyətlə yanaşırlar. Onlarda yeniliyi mənimsəmək bacarığı və daim təkmilləşməyə, özünü inkişaf etdirməyə çalışmaq həvəsi vardır. -Yəqin ki, sərhədçilərimizə bayram təbrikiniz də var. -Hazırda qoşunların bütün şəxsi heyəti Sərhəd Qoşunlarının 100 illiyinə - böyük bayrama, təntənəli yubileyə hazırlaşır. Hər bir əsgərinin, hər bir zabitinin bu tarixi günə xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək cavab verəcəyinə inanırıq. Çünki onlar bunu öz şərəfli və qürur doğuran peşələri ilə haqq edirlər. Azərbaycan sərhədləri etibarlı əllərdədir. Bütün sərhədçiləri qarşıdan gələn təntənəli yubiley münasibətilə təbrik edir, vətən üçün çox gərəkli xidmətlərində uğurlar diləyirəm.   Şəmsiyyə Əliqızı

2019-07-17 00:00:00
4602 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”

Hamısını oxu
“Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.   Veteranların və 44 günlük Vətən müharibəsi iştirakçılarının qatıldığı konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin əsl sərkərdəlik məharəti sərgilədiyini vurğulayan Fatma Səttarova, işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyətin Azərbaycan tarixinə qızll hərflərlə həkk edildiyini bildirib.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb:   “Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb ki, bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun prezidenti ətrafında birləşməsi zəruridir.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir.   Son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur. Bəzi hallarda müxtəlif şəxslərin qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslər qanunsuz əməlləri ifşa olunmalıdır.   Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolvverilməzdir  və qaziləri bu kimi halllarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun prezidentinin ətrafında birləşməyə səsləyirik.   Qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla  yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər.   Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”.   Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları da dövlətin onlara olan diqqət və qayğısından məmnunluqla bəhs etməklə yanaşı, cəmiyyətdə bəzi hallarda mənfi təzahürlərə də rast gəldiklərini vurğulayıblar. Aparılan müzakirələrdən məlum olub ki, dövlət başçısının xəbərdarlığına rəğmən hələ də bəzi məmurlar tərəfindən müharibə iştirakçılarına laqeyd münasibət, o cümlədən süründürməçilik halları mövcuddur ki, bu da qazilərdə haqlı narazılığa səbəb olur.   Konfransda mənfi təzahürlərə qarşı birgə mübarizənin zəruriliyi qeyd olunub və bu cür hallarla qarşılaşan qazilərə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət etmək, öz hüquqlarını təmin etmək üçün təşkilatın imkanlarından faydalanmaq tövsiyə olunub.   Konfransda iştirak edən xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynovun, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədovun, polkovnik-leytenant Şahin Məmmədovun,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyevin çıxışları da böyük maraqla qarşılanıb və konfrans iştirakçıları tərəfindən təqdir olunub.   Konfransın sonunda bir daha tədbir iştirakçılarına üz tutan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova qaziləri dövlət başçısının ətrafında sıx birləşməyə, dövlətimizin daha da güclənməsi prosesində aktiv iştirak etməyə səsləyib.  Daha sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı əmək və müharibə veteranlarının, yaradıcı ziyalıların və ictimai fəalların iştirakı ilə 15 iyun - Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Rayon Rəsm Qaleriyasının müdiri Elçin Nəzərov nümayiş olunan şəkillər  barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov Azərbaycan xalqının həyatında həlledici rol oynayan bir məqamın - Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin tarixi əhəmiyyətindən geniş danışıb. O, vurğulayıb ki, vətəndaş müharibəsi və müstəqilliyimizi itirmək təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli istəyilə bütün məsuliyyəti öz üzərinə götürən Ulu Öndər uzaqgörən siyasəti və diplomatik məharəti ilə xalqla dövlətin sarsılmaz birliyini yarada bildi və bununda nəticəsində ölkəmizin başı üstünü almış qara buludları dəf etdi, törədiləcək faciələrin qarşısını aldı. Dünyanı heyran qoyan bu dahi şəxsiyyətin müdrikliyi sayəsində ölkəmiz bütün fəlakətlərdən qurtuldu. "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri  Maşalla Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, Əmək və Müharibə veteranları İsmayıl Quliyev, Əsəd Əliyev, Mirzəbala Hüseynov, Rəsul Bayramov, Qurban Əhməd, Böyükağa Həbibi, Kamran Sadıqov, Sakit İsayev və başqaları çıxış edərək bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin ölkəmizin və xalqımızın həyatında göstərdiyi misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Hamısını oxu
Prezident sərəncam imzaladı - 630 min manat ayrıldı

Prezident İlham Əliyev "Qusar rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamla Qusar rayonunun əhalisi 8 999 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 9 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 630 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Hamısını oxu