Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Kənddə doğuldu, Harvardda oxudu, ABŞ-da təhsil şirkəti qurdu...

Həyatda elə insanlar var ki, onlar çətin şərtlər daxilində böyük uğurlara imza ataraq hər kəsi heyrətləndirməyi bacarır, sözün həqiqi mənasında öz talellərinin memarı qismində çıxış edirlər. Bu cür şəxslərdən biri də Moderator.az-ın müsahibi Dünyamalıyev Asim Oqtay oğludur.

 -Asim bəy, zəhmət olmasa özünüz haqqında məlumat verərdiniz.

-Mən Zərdab rayonunun Məlikumudlu kəndində anadan olmuşam. 2004-cü ildə orta təhsilimi başa vurub Qafqaz Universitetinin Filologiya fakültəsinə (ingilis dili və əədəbiyyatı) daxil olmuşam. Unversitet təhsilimi vaxtından əvvəl – cəmi üç ilə universitet birincisi kimi bitirmişəm.

Təhsilimi universitet birincisi kimi bitirməyim mənə Qafqaz Universitetində müəllim və təşkilatçı kimi işləmək imkanı verdi.

Universitet illərində sadəcə dərslərimi hazırlamaqla kifayətlənmir, əlavə ədəbiyyatlar oxuyur, dil bilgilərimi inkişaf etdirirdim. Universiteti bitirsəm də qərara aldım ki, özümü inkiaşf etdirmək üçün təhsilimi davam etdirməliyəm. Bu məqsədlə də 2023-cü ildə ABŞ-ın Boston şəhərində hüquq məktəbinə - Massachusetts School of Law-ya daxil oldum. Bir illik təhsil müddətində hüquq elmi, xüsusilə də hüquq tarixi və beynəlxalq hüquq haqqında qiymətli məlumatlar əldə etdim.

Bir illik Boston həyatı mənə ABŞ-ın təhsil həyatı ilə yanaşı, ictimai həyatını da yaxından müşahidə etməyə, öyrənməyə imkan verdi. Mən bu mühitdə müstəqil şəkildə yaşamağı, qarşılaşdığım çətinlikləri dəf etməyi, problemləriminin öhdəsindən gəlməyi öyrəndim. Bu mənim xaricdə - ölkəmizdən uzaqda qazandığım ilk uğurlu təcrübə oldu.

-Hüquq məktəbindəki təhsilinizi başa vurandan sonra nə etdiniz?

 -Bundan sonra təhsilimi Harvard Universitetində davam etdirməyə qərar verdim. Məqsədim beynəlxalq təhsil sistemindəki qabaqcıl idarəetmə metodları ilə tanış olmaq, bu sahədə əldə etdiyim bilikləri daha da genişləndirmək idi. Bu məqsədlə də Harvadrda qəbul oldum və bu gün sözügedən universitetdə Təhsildə Rəhbərlik, Təşkilatlar və Sahibkarlıq (Education Leadership, Organizations, and Entrepreneurship) proqramı  üzrə əyani magistr təhsili alıram. Eyni zamanda, MIT universitetindən de  idarəçiliklə bağlı  əyani dərslər alır, təhsilimi paralel şəkildə davam etdirirəm.

 -Bəs necə oldu ki, öz təhsil şirkətinizi açmaq qərarına gəldiniz?

 -Əslində bu fikir məndə tələbəliyimin ilk illərində yaranmışdı. Yəqin ki, buna səbəb ixtisasımın da bu sahə ilə bağlı olması idi. Sonrakı dövrlərdə ABŞ təhsil həyatı ilə tanışlığım məndə bu fikrin daha da güclənməsinə səbəb oldu. Təbii ki, bunu çox istəməyimə rəğmən içimdə bəzi tərəddüdlər də var idi.

Mən bu sahəyə daha yaxından bələd olmaq üçün bir müddət ABŞ-da təhsil şirkətlərinin birində təhsil koordinatoru kimi fəaliyyət göstərdim. Burada çalışdığım dönəmdə başa düşdüm ki, öz arzumu reallaşdıra bilərəm. Buna görə də bu istiqamətdə konkret addımlar atmağa başladım və sevinirəm ki, mənim üçün hər şey uğurlu oldu.

Bir məqamı da qeyd edim ki, təhsil şirkəti açmağımın digər bir səbəbi də burada oxuduğum və çalışdığım dönəmlərdə soydaşlarımızın təhsil almaqla bağlı yaşadığı çətinliklərə şahid olmağım, onları bu çətinliklərdən qurtarmaq istəyim oldu.

Bu gün rəhbəri olduğum təhsil şirkəti Avropa və Amerikanın müxtəlif universitetlərində yüzlərlə azərbaycanlının təhsil almasına dəstək verir. Eyni zamanda, şirkətimizin dəstəyi ilə dünyanın ilk onluğunda olan qabaqcıl universitetlərində onlarla soydaşımız öz təhsilini davam etdirir ki, bu da məni qürurlandırır.

Onu da qeyd edim ki, xaricdə təhsil şirkəti təsis edən digər soydaşlarımız da var ki, onlar da uğurlu fəaliyyətləri ilə diqqət çəkir.

-Asim bəy, xaricdə təhsil şirkəti təsis edən soydaşlarımızdan kimləri qeyd edə bilərsiniz?

 -Xaricdə doğma vətənimizi layiqincə təmsil edən, soydaşlarımıza təhsillərində böyük dəstək verən azərbaycanlılardan biri Lalə Əliyevadır. Məlumat üçün qeyd edim ki, Əliyeva Lalə Rauf qızı 6 iyul 1986-cı ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə orta təhsilini A.S.Puşkin adına orta məktəbdə başa vuraraq Azərbaycan Dillər Universitetinin İngilis Dili və Filologiyası fakultəsinə qəbul olub. 2008-2010 cu illərdə Azərbaycan Beynəlxalq Universitetində Avropa Ölkələri və Tarixi üzrə magistr təhsili alıb. Lalə xanım, 2012-ci ildə Kembric universiteti tərəfindən Müddətsiz Beynəlxalq Müəllimlik və Treyner sertifikatı (CELTA) ilə təltif edilib.

Lalə xanım karyera müddəti ərzində AC Nielsen beynəlxalq auditinq şirkətində “Data Management” departamentində baş menecer və “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə geri qaytarılması” layihəsini həyata keçirən UAFA (United Aids For Azerbaijan) adlı beynəlxalq şirkətdə sinxron tərcüməçi kimi fəaliyyət göstərib. Sonradan peşə fəaliyyətini müəllim olaraq Xəzər Universitetində davam etdirib. Hal-hazırda "Qadın və Uşaqların Təhsilinə Dəstək ictimai Birliyi" ndə təhsil kordinatoru və Joseph Xaricdə Təhsil Mərkəzinin təsisçi direktoru kimi fəaliyyət göstərir.

Lalə xanım 2024-2025-ci akademik tədris ilində Amerika Birləşmiş Ştatlarında yerləşən, dünyanın ən nüfuzlu universitetləri sırasında olan Harvard Universitetindən Təhsil Siyasəti və Təhlili proqramı üzrə magistr dərəcəsi üzrə qəbul qazanlb və hal-hazırda həmin universitetdə təhsil alır.

-Xaricdə təhsil alan soydaşlarımızdan daha kimləri nümunə göstərə bilərsiniz?

-Bu kateqoriyadan olan soydaşlarımızdan biri də Aysun Məmmədlidir. Azərbaycan Dillər Universitetinin Fəxri Məzunu Aysun Məmmədli, 2024-2025-ci tədris ili üçün Harvard Universitetində Təhsildə Rəhbərlik, Təşkilatlar və Sahibkarlıq (Education Leadership, Organizations, and Entrepreneurship)  ixtisası üzrə magistratura təhsili alır. Eyni zamanda MIT Universitetindən də bir sıra dərslər alaraq hər iki TOP Universitetin tələbəsi olaraq yaradılan imkanlardan yararlanır. Onun təhsil xərcləri 2024-2025 “Dövlət Proqramı” Təqaüd Proqramının qaliblərindən biri olaraq tam şəkildə dövlətimiz tərəfindən maliyyələşdirilir. Qeyd etmək istərdim ki, O bütün bunları heç bir xaricdə təhsil şirkətindən dəstək almadan öz gücünə edib. Hal-hazırda isə digər gənclərin TOP Universitetlərə qəbuluna dəstək olmaq üçün mentorluq fəaliyyəti ilə məşğuldur.

-Asim bəy, sonda xaricdə təhsil almaq istəyən soydaşlarımıza nə tövsiyə edərdiniz?

-Mən xaricdə təhsil almaq istəyən hər bir azərbaycanlıya uğurlar arzulayır, müvəffəqiyyətlə diləyirəm. Hər şeydən əvvəl onlara tövsiyə edərdim ki, öz məqsədlərinə çatmaq üçün sona qədər qətiyyət göstərsinlər və çətinliklərdən qormasınlar. Çünki bütün çətinliklər müvəqqətidir və bir gün onların hamısı geridə qalır.

Seymur ƏLİYEV

 

2024-10-06 12:43:02
3519 baxış

Digər xəbərlər

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

(Akademik İbrahim Cəfərovun yubileyinə həsr olunur)Böyük ömürlər olur – yaşanır və bitir. Bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. Akademik İbrahim Cəfərovun ömrü məhz bu qəbildəndir. Bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.İnsan var ki, elmi seçir. İnsan var ki, vəzifəni. İnsan da var ki, insanı seçir.  İbrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz İNSANI əsas götürdü. Elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.REKTORLUQ – VƏZİFƏ DEYİL, MƏSULİYYƏT İDİRektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. İbrahim Cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı dövr isə İbrahim Cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. Xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. Bu illərdə ADAU-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. İbrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi. İbrahim Cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. Onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.O, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.Bu baxışdan doğdu müasir tələbə yataqxanaları…Betondan tikilən binalar deyildi onlar. Hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. Müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. İbrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. Bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “Burada tək deyilsən”.PANDEMİYA SINAĞINDA İNSANLIQ DƏRSiZaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. Pandemiya illəri də belə bir imtahan idi.Pandemiya çox şeyi üzə çıxardı. Kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… İbrahim Cəfərov üçün isə seçim çoxdan edilmişdi...Distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. Rektor İbrahim Cəfərov isə başqa sual verdi:“Kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”Cavab kağız üzərində qalmadı. O, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. Səssiz, reklamsız, təmtəraqsız… Çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi. O günlərdə bir çox gənc üçün İbrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.Qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. Bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.ELM ADAMIHazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən İbrahim Cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. İnstitutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur. İbrahim Cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… Amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.O, bilir ki, elm torpağa toxunmayanda quruyur. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: Azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.Onun elmi kabinetlərdə qapanıb qalmayıb. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar Azərbaycanın aqrar inkişafı üçündür. Təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.Akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.DÖVLƏTÇİLİYƏ SƏDAQƏT, İNSANA HÖRMƏTAkademik İbrahim Cəfərov hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. Dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.Amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. Onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.SEVGİ İLƏ YAŞANAN ÖMÜRİbrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. Onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. Bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə. Ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.YOL DAVAM EDİRBu gün akademik İbrahim Cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür.70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru İbrahim Cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan İbrahim Cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. Bu bağlılıq onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. Bitki mühafizəsi sahəsində seçdiyi yol onu Moskvanın nüfuzlu Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb. Akademik İbrahim Cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.Akademik İbrahim Cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. Bu ömür göstərir ki, elmə sədaqət, Vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.Qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.Böyük insanlar həyatın mənasını özlərində tapırlar.İbrahim Cəfərov da tapdı.Tapdı və başqalarına da göstərdi.Bu ömür — elmə, Vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.Dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.Xəlil Xəlilov

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı anım tədbiri keçirib

Cəlilabad rayon Veteralar Təşkilatı  Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirib. Anım tədbirində  Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Xocalı  faciəsi ilə bağlı ətraflı məlumat verib, bu soyqırımın öz ağlasığmaz qəddarlığı  ilə xalqımızın yaddaşında heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirib. O, həmçinin  Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi vurğulayıb. Anım mərasimində Əmək və Müharibə veteranlarından Əsədulla Əliyev, Zaman Qarayev, Araz Əhmədov, Maşalla Əliyev, şəhid ataları Arif Abdullayev, Fazil Ağayev, şəhid qardaşı Sakit Üçtəpəli, yazıçılardan Əfrahim Abbas, Əlövsət Tahirli, İman Abdulla, Mikayıl İnçəçaylı, ictimai fəal Famil Səlimov və başqaları çıxış edərək   qeyd  ediblər ki,   Vətən müharibəsində igidlik nümunələri göstərən qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Çıxış edənlər qürur hissi ilə bildiriblər ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına  geri qayıdırlar.

Hamısını oxu
Ermənistan öz sərhədlərini artıq qoruya bilmir

                        

Hamısını oxu
Saatlı rayon İcra Hakimiyyətinin birinci müavini İlham Quliyevə yubiley medalı təqdim olunub.

Saatlı rayon İcra Hakimiyyətinin birinci müavini İham Quliyevi veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və rayon Veteranlar Təşkilatının sədri  Əliağa Qurbanovun iştirakı ilə yubiley medalı sahibinə təqdim edilib. Rayon İcra Hakimiyyətinin birinci müavini İham Quliyev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Hamısını oxu