Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhidə həsr edilən kitabın təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Mübariz İsayevin qardaşı Sakit Üçtəpəlinin "Sən olmayan məzarına gəlmişəm" kitabının təqdimatını keçirib. 

"Basqal" ziyafət salonunda düzənlənən tədbirdə Müharibə və Əmək veteranları, şəhid ataları, tanınmış yaradıcı ziyalılar, İctimai birliklərin, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, qəhrəman şəhidlərimiz haqqında kitabların hazırlanıb nəşr edilməsi böyük əhəmiyyət kəsb edir. Belə əsərlər  bu gün gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Bu kitabların təqdimatını keçirib şəhidlərimizi yaxından tanıtmaq məqsədi ilə maarifləndirici tədbirlər təşkil etmək isə bizim vətəndaşlıq borcumuzdur.

Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, Cəlilabad rayon İcra  Hakimiyyətinin Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, Beynəlxalq Heydər Ata mükafatı laureatı, Prezident təqaüdçüsü Gülbala Teymur, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı Regional idarəsinin nümayəndəsi Cavidan Rəşidov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Əlövsət Tahirli, Səlamat Biləsuvarlı, Mikayıl İnçəçaylı, Əhməd Qala, İsmayıl Qocabəyli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, müharibə veteranı Qurban Əhməd, Axund Kamran Sadıqov və başqaları çıxış edərək şəhid Mübariz İsayevə həsr olunmuş kitabın müsbət məziyyətlərindən danışıb,  çap  olunmuş şeirlərdən nümunələr oxuyub və kitabın müəllifi Sakit Üçtəpəliyə yeni yaradıcılıq uğurları arzulayıblar.

Daha sonra  təqdimatı keçirilən  kitabın müəllifi şair Sakit Üçtəpəliyə  vətənpərvərlik ruhunda yazdığı əsərlərinə görə rayon  Veteranlar Təşkilatının Fəxri Fərmanı təqdim olunub.

Tədbirin sonunda "Sən olmayan məzarına gəlmişəm" kitabının müəllifi Sakit Üçtəpəli çıxış edib,  tədbirin yüksək səviyyədə təkil olunmasına görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

2024-10-21 11:27:34
3336 baxış

Digər xəbərlər

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.Hörmətli Leyla xanım Əliyeva,  Sizi doğum gününüz münasibətilə Respublika Veteranlar Təşkilatı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müxtəlif ictimai qurumların rəhbəri, ayrı-ayrı humanitar təşəbbüslərin müəllifi kimi Azərbaycanda və dünyada gördüyünüz işlər hər kəsə məlumdur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun fəaliyyətində milli - mənəvi dəyərlərimizin qorunması və təbliği xüsusi diqqət çəkən məqamlardan biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara - yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə böyük diqqət və yardım göstərirsiz. Bütün bunlar alqışa layiqdir. Vətənimizin inkişafı naminə atacağınız hər bir addımda Sizə uğurlar diləyirəm.Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram. Hörmətlə,Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrigeneral-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu
“Dəfn olunan hər şəhid nəşi bir ailənin nisgilinə son qoyulması deməkdir”

“Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır. Məsələ mütəmadi olaraq aidiyyəti dövlət qurumlarının gündəliyində saxlanılır, eyni zamanda beynəlxalq platformalarda da müzakirəyə çıxarılır”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin əldə etdiyi zəfər bu istiqamətdə daha sistemli və məqsədyönlü işlər görməyə zəmin yaradır: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar olunması bu istiqamətdə aparılan işlərin yeni mərhələyə keçməsinə imkan yaradıb. Aşkarlanan insan qalıqları üzərində müvafiq ekspertizalar, o cümlədən molekulyar-genetik müayinələr aparılır, itkin düşmüş vətəndaşlarımızın şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onların ailələrinə məlumat verilir və şəhidlərimizin nəşləri ehtiramla torpağa tapşırılır. Bu, sadəcə olaraq bir şəxsin kimliyinin müəyyən edilməsi və dəfn olunması məsələsi deyil. Burada 30 ildən artıq müddətdə doğmasının yolunu gözləyən ailələrin, valideynlərin, həyat yoldaşlarının, övladların və yaxınların mənəvi iztirabına son qoyulmasından söhbət gedir. İtkin düşmüş şəxslərin doğmaları uzun illər boyu ümidlə yaşayıblar. Onların ən böyük arzusu isə heç olmasa doğmalarının taleyini bilmək, məzarını görmək və onun qarşısında son borclarını yerinə yetirmək olub. Bu baxımdan, Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, axtarışların bu gün də davam etdirilməsi və şəhidlərimizə aid meyit qalıqlarının eyniləşdirilərək  öz doğmalarına qaytarılması olduqca böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Hər bir şəhidin qalıqlarının tapılaraq ailəsinə təhvil verilməsi, onun dövlət səviyyəsində ehtiramla dəfn olunması, əslində, həmin ailənin illərlə davam edən nisgilinə son qoyulması deməkdir. Dövlətimizin mövqeyi də ondan ibarətdir ki, Vətənin müdafiəsi zamanı itkin düşmüş hər bir şəhidin taleyi müəyyənləşdirilənədək axtarışlar davam etdirilməlidir. Çünki zamanın keçməsi bu insanların dövlət və cəmiyyət qarşısındakı xidmətlərini, eləcə də onların ailələrinin haqqını azaltmır. Əksinə, hər bir itkinin taleyinin müəyyənləşdirilməsi həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də onların ailələri qarşısında mənəvi borcumuzdur. Bu gün daha 5 itkin-şəhidimizin kimliyinin müəyyənləşdirilməsi və onların dəfn mərasimlərinin keçirilməsi göstərir ki, Ermənistan hərbçiləri tərəfindən Birinci Qarabağ müharibəsində törədilmiş  humanitar pozuntuların izləri tədricən üzə çıxarılır və ailələrin 30 ildən artıq davam edən həsrətinə son qoyulur. Bu iş davam etdikcə daha çox ailə öz doğmasının taleyini öyrənəcək, onun məzarına qovuşacaq və illərlə yaşadığı qeyri-müəyyənlikdən xilas olacaq. Ən əsası isə budur ki, itkinlərimizin axtarılması və şəhidlərimizin ailələrinə qaytarılması dövlətimizin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Vətən uğrunda canından keçən heç bir insan unudulmur və onların hər birinin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər dövlətimiz durduqca davam etdiriləcək”. Seymur ƏLİYEV

Hamısını oxu
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. APA-nın  məlumatına görə, Sərəncamda qeyd edilib ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur. "Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir", - Sərəncamda bildirilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.  

Hamısını oxu
20 Yanvarı xatırlarkən...

Bu qeydləri uzun illər ərzində ən məhdud auditoriyada belə üzə çıxarmağa, nə də geniş ictimaiyyətə çatdırmaq üçün çap etdirməyə ehtiyac duymamışam. Bəlkə də ixtisasımdan irəi gələn bir vərdişdur. Özümlə bağlı olanlardan yox, başqalarının xidmətlərindən yazmağı üstun tutmuşam. Beləcə iştirakçısı olduğum, fəallıq göstərdiyim hadisələrin indi nəinki təfərrüatını, hətta bəzən ən mühüm məqamlarını xatırlamaq çətin olur. Bir çox detalları dəqiqləşdirmək üçün arxiv adı ilə topladığım sənədləri, mətbu nəşrlərdə dərc edilmiş məqalələri, qeydləri yenidən ələk-vələk etməli oluram. Bəzi məqamlarını sizə çatdırmaq istədiyim hadisələrə gəlincə, onlar barəsində yazmaq qərarım bu gün müəyyən şəxslərin 1988-1990-cı illərdə Azərbaycanda baş verən hadisələrdən danışarkən nəinki obyektivlikdən uzaq olmaları, öz xidmətlərini hədsiz şişirtmələri, hətta tarixi faktları saxtalaşdırmaq cəhdləri ilə bağlıdır. Xalqın taleyüklü günlərində şübhəli məqsədlərlə, xalqa, hərəkata xor baxanların yanında olanların bu gün özlərinə gərək bildikləri avtobioqrafiya düzəltmək təşəbbüsləri də az dəhşətli deyil. Belələrinin məntiqinə görə, layiq olmadıqları mərtəbələrə yüksəlmələri xalq qəhrəmanına çevrilmələrinə də tam haqq qazandırır. Ancaq yaxşı ki, həmin günlərdən bizi uzun müddət ayırmır və insanların yaddaşı hələ itməyib. 1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağda, Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında və Gəncə şəhərlərində fövqəladə vəziyyət elan etdi. Azərbaycanın İranla sərhədyanı rayonlarında yaranmış gərgin vəziyyətlə əlaqədar və guya bir sıra yerlərdə hakimiyyətin zorla devrilməsi cəhdlərinin qarşısının alınması məqsədilə 16 yanvardan etibarən həmin ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilməli idi. Ancaq nədənsə bu qərar hadisələrin daha gərgin xarakter aldığı Bakı şəhərinə şamil olunmamışdı. Bunun əslində məkrli bir planın tərkib hissəsi olduğu, hazırlanan təcavüz qarşısında xalqın qısa müddətə arxayın salınması məqsədi güddüyü sonradan məlum oldu. Həmin günlərdə, Bakıda baş verən hadisələr, SSRİ rəhbərliyinin birbaşa göstərişi və imperiya cəza qüvvələrinin iştirakı ilə törədilən 20 Yanvar qətliamı barədə çöx deyilib və yazılıb. Ancaq 1990-cı ilin yanvar günlərində Azərbaycanın rayonlarında gedən proseslər, baş verən hadisələr barədə az yazılıb. Əslində isə, Azərbaycanın milli-azadlıq hərəkatı yalnız Bakıda aparılmamış, bütün ölkəni əhatə etmişdir. Sovet hökumətinin mövcudluğu ərzində bu və ya digər formada davam etmiş həmin mübarizənin bir sıra şərəfli səhifələri müxtəlif bölgələrimizdə, rayon və kəndlərimizdə də yazılıb. Ümummübarizə tariximizin tədqiqi baxımından azacıq da olsa əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, 20 Yanvar ərəfəsində Zəngilan rayonunda baş verən hadisələr dediklərimi sübut edir. Həmin vaxt mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 6 ilə yaxın müddət idi ki, təyinatla Zəngilan rayonunda çıxan “Kənd həyatı” qəzetində şöbə müdiri işləyirdim. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qarşısının alınması, ümumən Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının erməni təcavüzündən qorunması zəminində başlanan və sonradan milli-azadlıq, müstəqillik uğrunda mübarizə mərhələsinə keçən milli hərəkatda rayonumuzun bir sıra fəalları da iştirak edirdilər. Biz həm respublikada, həm rayonda, həm də onun ətrafında baş verən hadisələrdən operativ məlumat alır, prosesləri mümkün qədər nəzarətdə saxlamağa çalışırdıq. 1988-ci ilin sonlarından 1990-cı ilin yanvarınadək ən başlıca vəzifəmiz Zəngilanın Ermənistanla 158 kilometrlik sərhəd ərazisi üzrə əksər kəndlərdə yaradılmış postları möhkəmləndirmək, hər an gözlənilən təxribatların qarşısını almaq idi. Bu işdə rayonun ayrı-ayrı idarə və müəssisələrinin bir çox rəhbərləri də bizə lazım gəldikdə köməklik göstərir, xüsusilə ucqar kəndlərə getmək üçün nəqliyyatla təmin edirdilər. Postlarda ov silahları, əksəriyyəti isə əliyalın dayananların ərzağını isə yerli camaat təmin edirdi. 1988-ci ilin fevralından Ermənistanda antitürk, antiazərbaycan ovqatının daha da güclənməsi nəticəsində öz dədə-baba torpaqlarından zorla, ölüm təhdidi altında çıxarılmış azərbaycanlıların ilk dəstəsi Qafan rayonundan Zəngilana pənah gətirmişdi. Qaçqınların gəlişi, Ermənistanın digər ərazilərində deportasiyanın, daha doğrusu, etnik təmizləmənin davam etdirilməsi, Qağlıq Qarabağ ətrafında proseslərin Azərbaycana zidd məcrada inkişafı Zəngilanda da gərginliyi az qala günbəgün artırırdı. Vəziyyətin nəzarətdən çıxması təhlükəsi real olduğundan rayonun hücumları intensivləşmiş erməni yaraqlılarından qorunması ilə yanaşı, əhali arasında ardıcıl iş aparılması tələb edilirdi. Həmçinin İranla sərhəddə mümkün təxribatların qarşısının vaxtında alınması üçün tədbirlər görülürdü. Əlbəttə, bu daha çox xüsusi orqanların işi olsa da, əhalinin heç olmasa mitinqlər vasitəsilə düzgün məlumatlandırılması lazım gəlirdi.  Bu işlər aparıldığı üçün İranla sərhəddə bir neçə dəfə əhali toplanıb, azsaylı etirazlar və mitinq keçirilsə də, sərhədin texniki vasitələrinin dağıdılmasına imkan verilməmişdi. Belə toplantılardan biri 1990-cı ilin 10 fevralında Türkmənçay müqaviləsinin 162-ci ildönümü günündə baş tutmuşdu. Bir çox yaxın ərazilərdə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda insanları dövlət sərhədinə yığıb  toplantı keçirmək heç də asan deyildi. Bunu təsdiq edən foto şəkillər də var. Buna görə də rayonda 1990-cı il yanvar ayının 16-da fövqəladə vəziyyət tətbiq edilməsi, qadağan saatı qoyulması barədə qərar həm hərəkat fəallarını, həm də əhalinin böyük əksəriyyətini hiddətləndirmişdi. Qayda-qanuna, əsasən əməl olunmasına baxmayaraq, bütövlükdə əhalinin cəzalandırılması, başlıca təhlükənin Ermənistanla sərhəddən gözlənildiyi halda, diqqətin bilərəkdən İranla sərhədə yönəldilməsi bir məqsədə xidmət edirdi. Silahlı erməni yaraqlıları qarşısında əlyalın qalan xalq, başına od ələnsə, evində gülləboran olunsa da, axşam saat 21-dən səhər saat 6-yadək evində dustaq qalmalı idi. Bu vəziyyət Azərbaycanın bütün İranla sərhəd ərazilərində tətbiq edilmişdi. Daha acınaqlısı isə bir sıra yerli rəhbərlərin bu qərarın əhalinin xeyrinə olduğunu demələri və insanları buna inandırmaq cəhdləri idi. Əhalinin haqlı narazılığı və coşan hiddəti bizim mitinq qərarımızı qətiləşdirdi. Bütün xəbərdarlıqlara, hətta komendant saatının tətbiqinə cavabdeh qüvvələrin (onlar başqa millətlərin nümayəndələrindən ibarət hərbçilər idi) artıq rayona gətirildiyinə baxmayaraq, 17 yanvar saat 11-ə mərkəzi meydanda, Zəngilan rayon partiya komitəsi binasının yaxınlığında mitinq təyin edildi. Mitinq xalqın kükrəyən qəzəbinin həmin vaxtadək görünməmiş bir həddə nümayişi oldu. 34-35 min nəfər əhalisi olan bir rayonda 20 min nəfərə qədər insanın mitinqdə iştirakı rayon rəhbərliyini, yad hərbçiləri mübaliğəsiz deyim ki, hətta qorxuya salmışdı. Çıxış edənlərin tələbi eyni idi: heç bir əsas olmadan tətbiq olunan xüsusi vəziyyət və qadağan saatı ləğv edilməlidir. İnsanlar, daha çox da müəyyən səlahiyyət sahibi olanlar rayonda heç bir qeyri-qanuni hərəkətin törədilməyəcəyinə təminat verir, bu məhdudiyyətləri özləri üçün təhqir hesab etdiklərini bildirirdilər. Onlar, “biz təhlükəsizliyimizin təminatına yönəlmiş bütün cəhdləri alqışlayacağıq, bu qadağalar isə bizi təhlükə qarşısında qoyur” deməklə sanki sovet rejiminin məkrli niyyətlərinə işıq tuturdular. Mitinq iştirakçılarının qəti tələbi ilə sərhədyanı rayonlarda fövqəladə vəziyyətin tətbiqi barədə qərarın Zəngilanda icrası dayandırıldı. Bu barədə qərarı xüsusi komendantlığın rəisi A.Yakovlev meydanda elan etmək məcburiyyətində qaldı. Həmin hadisələr barədə rayon qəzetində səhəri gün 2 nəfər həmkarımla «Xalq birliyinin gecəsindən reportaj»ımız dərc edildi. Mitinqdəki çıxışlardan ikisini qəzetin həmin sayına istinadən diqqətinizə çatdırmaq istəyirəm. Mincivan qəsəbə sakini, İkinci dünya müharibəsi veteranı Musa Əliyev demişdi: “Mən müharibə iştirakçısıyam, o vaxtlar ərazimizdə əlavə sərhəd rolu oynayan tikanlı məftillər yox idi. Amma sərhəd lazımi qaydada qorunurdu. İndi 5 gün əvvəl əlavə zonaları xalqın iradəsi ilə götürüb, sonra yenə bağladılar. Bizi İran sərhədindən yox, Ermənistan sərhədindən təhlükə gözləyir. Bu təhlükəni qeyrətli oğullarımız öz sinələri ilə dəf etməyə hazırdırlar. Bizə xüsusi vəziyyət, qadağan saatı lazım deyil.”. Maşinist Abış Qasımov: “Həyatım boyu bu qədər adamın rayonumuzda etiraz səslərini ucaltmaq üçün bir yerə toplaşdıqlarını görməmişəm. Körpə uşaqlar da, xəstə, qocalar da bu meydana gəliblər. Gəliblər ki, qadağan saatını qadağan etsinlər”. O şaxtalı, soyuq havada mitinq keçirilən meydanda istədikləri qərarı alana qədər insanlar gecəyarısına qədər dağılmadılar. Meydanda 25 yerdə tonqal qalayıb ətrafında qızındılar, soyuqdan aclıqdan yoruldular, birinci katib də olmaqla, neçələrinin “sabah həll edilər, dağılın” vədinə aldanmayıb dözdülər, geri addım atmadılar. Yerli dövlət orqanlarının tapşırığı ilə baş verənlərin, gecəyarısına qədər davam etmiş mitinqin videoçəkilişi də aparılmışdı. Lakin həmin çəkiliş heç vaxt üzə çıxarılmadı. Bəlkə erməni işğalı vaxtı hansısa kabinetin küncündə unuduldu. Çünki artıq o dövrdə hakimiyyət orqanlarının bu çəkilişlərdən kimlərəsə qarşı istifadə etməsinin əhəmiyyəti qalmamışdı. Rayonda ikinci çoxsaylı mitinqi 1990-cı il yanvar ayının 22-də yenə şəhərin mərkəzi meydanında təşkil etdik. Minlərlə insan mərkəzi hakimiyyətə, şəxsən M.Qorbaçova Bakıya qoşun, daha doğrusu, cəza dəstələri yeridilməsinə görə öz etirazını bildirdi. Yüzlərlə şəxs mərkəzi hakimiyyətin əsas təmsilçisi Kommunist partiyası rəhbərlərinin Azərbaycana qarşı törətdiyi qanlı cinayətə, əslində soyqırıma etiraz əlaməti olaraq partiya biletlərindən imtina etdi, 400-dən çox kommunist biletini yandırdı. Mitinqin respublikanın paytaxtı Bakıda və bir çox ərazilərdə fövqəladə vəziyyətin tətbiqinə başlandığı bir vaxtda, həbs və təqib təhdidlərinin real olmasına baxmayaraq, keçirliməsi insanların cəsarətindən, vətənpərvərliyindən xəbər verirdi.  Həmin vaxt mən artıq 2 il idi ki, rayon partiya komitəsinin orqanı olan “Kənd həyatı” qəzeti və mətbənin birləşdiyi ilk partiya təşkilatının katibi idim. 20 Yanvar günün səhəri ilk partiya təşkilatının iclasını çağırıb, üzvlərin ərizələri əsasında və mütləq əksəriyyətin səsi ilə ilk təşkilatın ləğvi haqqında qərar çıxardıq. Bu rayonda ilk partiya təşkilatının ləğv edildiyi yeganə qərar idi. Bundan hiddətlənən rayon partiya komitəsi 1990-cı ilin martında artıq Zəngilanda fövqəladə vəziyyətin tətbiqinə başlandığı dövrdə keçirdiyi plenumda mənim işdən çıxarılmağım barədə qərar verdi. Rayonda olmadığım vaxt qəbul edilmiş həmin qərarın əmək kitabçama yazılmasına baxmayaraq, mən işsiz qalmadım, əksinə əyalətdən Bakıya gələrək burada öz ixtisasım üzrə qəzetlərdən birində işə başladım. Qeyd edim ki, ikinci mitinqin də videoçəkilişi üzə çıxarılmadı. 20 Yanvar qətliamından sonra Bakıda və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejiminin tətbiqi daha sərt şəkildə həyata keçirilməyə başlandı. Yerlərdə yaradılmış xüsusi komendantlıqlar tərəfindən milli-azadlıq hərəkatının üzdə olan fəallarının həbsinə, bir sıra iştirakçılarının isə təqibinə start verildi. Zəngilandan olan fəallar iki aydan sonra həbs, təqib və təzyiqlərə məruz qaldılar. Onlardan 6-7 nəfəri Rusiyanın müxtəlif ucqar ərazilərində bir neçə müddət həbs həyatı yaşadılar... Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru

Hamısını oxu