Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur

Yavər Əliyev: Səmamızın şahini


44 günlük Vətən Müharibəsində tarixi qələbəyə imza atan ölkəmizdə min illər boyu qəhrəmanlıq tarixini yaradan igidlər olub. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Yaqub oğlu Əliyevdir. 1956-cı il iyunun 27-də Bakı şəhərində anadan olan Yavər Əliyev Pirallahı adasında 235 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuşdur.
1977-ci ildə məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il Zabrat aviabirliyində pilot kimi fəaliyyətə başlamışdır. Öncə o, Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət etmiş, sonradan həmin helikopterin komandiri olmuşdur. Sonra isə yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edilmişdir. 
Ötən əsrin 90-cı illərində hər bir Azərbaycan vətəndaşı Vətən qarşısında imtahana çəkildi. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hər kəsi bir şüar altında birləşdirdi: Ana Vətən çağırır! Yavər Əliyev Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmməov, Məzahir Abbasov, Züleyxa Seyidməmmədova, Fatma Səttarova kimi qəhrəmanların vətənində doğulmuşdu. 
Vətən torpaqlarının müdafiəsi uğrunda 1941-45-ci illərdə qəhrəmanlıq tarixi yaradan bu igidlərin yolunu davam etdirmək Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün Yavər Əliyev kimi igidlər arxa cəbhəni ön cəbhəyə dəyişdilər.
Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri könüllü olaraq helikopterin sükanı arxasına keçərək ön cəbhəyə yollanmaq qərarı alır. 
Bu elə bir dövr idi ki, erməni daşnakları dəstək aldıqları ölkələrin hərbi qüvvələri ilə Qarabağda, Şərqi Zəngəzurda qanı su yerinə axıdırdılar. 
Təşkilatçılıq məharətinə, döyüş qabiliyyətinə, yüksək peşəkarlığına görə milli aviatorlar arasında xüsusi nüfuz qazanan Yavər Əliyev hərbi helikopterin birinci eskadrilasının komandiri kimi mülki aviasiyasının peşəkar aviatorları Zakir Yusifovu, Zakir Məmmədovu, Xanlar Səmədovu, Firuz Cəlilovu, Faiq Məmmədovu və digər qəhrəman pilotlardan ibarət peşəkar döyüş kollektivi formalaşdıraraq hərbi aviasiyanın qurulmasına töhfə verir.
Ağdam və Şuşa istiqamətində mövcud olan kəndlər arasında hava körpüsünün salınmasına nail olan Yavər Əliyev və onun peşəkar pilotları on minlərlə soydaşımızı ölüm təhlükəsindən, məhv olunmadan xilas edir. Hərbi hissələrə silah – sürsat daşınmasında, ərzaq təminatının təşkilində də xüsusi xidmətlər göstərir. 
Yavər Yaqub oğlu Əliyev qəhrəmanlıq tariximizə yazılan döyüş uçuşları ilə igidliyini, cəsurluğunu, Vətənə sonsuz məhəbbətini sübut edir. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin, qüdrətli ordumuzun iradəsi ilə işğaldan azad edilən Qarabağda, Zəngəzurda 1990-1992-ci illərdə Mİ-24 helikopteri ilə döyüş uçuşları həyata keçirən, düşmən mövqeyinə zərbələr endirən, növbəti döyüş əməliyyatını 1992-ci il fevralın 29-da yerinə yetirərkən Şəhidlik zirvəsinə yüksələn Yavər Yaqub oğlu Əliyev elə həmin il ölümündən sonra “Azərbaycanın Respublikasının Milli Qəhrəmanı” adına laiq görülür. 
Yavər Əliyev qəhrəmanlıq tarixini səmada, göy üzündə yazdı. Ölümü ilə ölümsüzlüyə qovuşdu. Düşmənlərə sübut etdi ki, Yavər kimi igidləri olan Azərbaycan xalqı canından keçər, bir qarış torpağından keçməz. 44 günlük Vətən müharibəsi bu həqiqəti dünyaya sübut bir daha bəyan etdi. 
Milli Qəhrəmanımızın adı çox yerlərdə, ünvanlarda əbədiləşib. Təhsil aldığı Pirallahı adasındakı 235 saylı orta məktəb onun adını daşıyır. Sabunçu və Xətai rayonlarında adını daşıyan küçələr mövcuddur. Övladları onun yolunu davam etdirir. 
Yavər Yaqub oğlu Əliyev Qəhrəmanlıq dastanını al qanı ilə yazdı. Şəhidlik zirvəsinə ucaldı. Vətən sevgisindən uca heç nəyin olmadığını sübut etdi. Şəhidliyə qovuşmasından 28 il sonra uğrunda qan töküb can verdiyi Qarabağ Şərgi Zəngəzur işğaldan azad olundu.
30 il öncə Yavər Əliyev və pilotları yerli sakinləri düşməndən xilas etmək üçün təxliyə edirdilər. İndi Bakıdan Qarabağa köç başlayıb. Qarabağ tikilir, qurulur, dirçəlir. Qarabağın müxtəlif  bölgələrində hava limanları istifadəyə verilir. Azərbaycan bayrağı  həkk edilən təyyarələr, helikopterlər Azad Qarabağın, Şərqi Zəngəzurun Azad Səmasında qanad çalır. Yavər Əliyev kimi igidlərin, qəhrəmanların ruhunu şad edir.

2024-11-29 11:44:55
1118 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi veteranı Fətullah Əliməmmədov vəfat edib

Qəbələ rayon Bum kəndində anadan olmuş, 8 mart 1942-ci ildə hərbi xidmətə çağırılmış, 1942-1943-cü illərdə əfsanəvi 416-ci Azərbaycan atıcı diviziyasında  xidmət etmiş, döyüşlərdə sücayətinə görə bir orden, altı medalla təltif olunmuş, Mazdok şəhərində ağır yaralanmış birinci dərəcəli müharibə əlili 100 yaşlı Əliməmmədov Fətullah Səbzəli oğlu 11 yanvar 2026-cı ildə vəfat etmişdir. Fətullah Əliməmmədov Qəbələ rayonunda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər görmüşdür. Respublika Veteranar Təşkilatının rəhbərliyi və kollektivi Böyük Vətən müharibəsi veteranı Fətullah Əliməmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin.

Hamısını oxu
Vətənpərvərlik dönməz prosesdir

Vətənpərvərlik tərbiyəsi müxtəlif formalarda, müxtəlif üsullarla aparılır. Bu üsullardan biri də veteranlarla görüşlərdir. Veteranların tarixə, milli mentalitetə söykənən söhbətləri istər yeniyetmələrin orduya hazırlığına, istərsə də əsgərlərin mənəvi hazırlığına təsirsiz ötüşə bilməz. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirdə birinci dərəcəli kapitan Natiq Bağırov qonaqları təqdim etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında bilavasitə şəxsi heyətlə işləyən zabitlərin üzərinə düşən vəzifələrdən, zabit-əsgər münasibətlərinin daha da möhkəmləndirilməsi zərurətindən əsgərin mənəvi hazırlığının döyüş hazırlığı qədər vacib olmasından danışaraq qeyd etdi ki, aprel döyüşləri həm ordumuzun gücünün, həm də ordu ilə xalqın birliyinin təsdiqi oldu. “Təsdiqləndi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir, sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın döyüş əmrinə hazırdır.” Ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxışında dedi ki, vətənpərvərlik hisslərinin daha dinamik yüksəlişi ordunun gücü deməkdir. “Ordumuz kifayət qədər güclüdür. Ən müasir silahlar da əsgərə həvalə edilir. Deməli, əsgərin həm döyüş, həm də mənəvi hazırlığı bir-biriylə təmasda aparılmalıdır. Zabitlərimiz bu amili həmişə diqqətdə saxlamalıdırlar.” Silahlı Qüvvələrimizdə, əsasən də Hərbi Dəniz Qüvvələrində 1-ci dərəcəli kapitan Aleksandr Qritçenko yaxşı tanınır. O, 51 kitab müəllifidir, 95 yaşı var. İstər təcrübəsini, istərsə də xatirələrini Silahlı Qüvvələrimizin əsgər və zabitləriylə böyük səxavətlə bölüşür. Tədbirdə iştirak edən qocaman hərbçi Böyük Vətən müharibəsində azərbaycanlı əsgər və zabitlərin xidmətlərindən, şücaətlərindən söz açaraq bildirdi ki, mən ömrümün yarısını Bakıda yaşamışam. “Özümü bakılı hesab edirəm. Silahlı Qüvvələrimizlə həmişə fəxr etmişəm. Ona sevinirəm ki, yazdığım kitablar Azərbaycan Ordusunun əsgər və zabitlərinin mənəvi hazırlığında az-çox gərəkli olur.” Sonra tədbir iştirakçılarına müraciətlə "Sevin Vətəni" - dedi. "Vətəni sevin, Xəzəri sevin. Gəncliyimin şahidi olan Bakı da, Xəzər də mənim ömrümün məbədidi...". 1-ci dərəcəli kapitan Zaur Hümmətov gərəkli tədbir üçün qonaqlara minnətdarlığını bildirdi. Sonda bir qrup zabit Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının idarə heyəti adından ordenlə, fəxri fərmanla təltif edildi. Tədbir bir daha təsdiqlədi ki, vətənpərvərlik dönməz prosesdir...   Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"

Hamısını oxu
AzTU-da "B2G Forum" keçirilib

Veteran.gov.az xəbər verir ki, aprelin 12-də Azərbaycan Texniki Universitetində (AzTU) "Caspian Energy Club"un təşkilatçılığı ilə "B2G Forum" keçirilib. Forumda universitet nümayəndələri və sahibkarlar iştirak edib. Forumun moderatoru “Caspian Energy Club”un idarə heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev klubun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, "B2G Forum"un fəxri qonağı AzTU-nun rektoru Vilayət Vəliyevdir. Məqsəd universitetlə sahibkarların işbirliyini inkişaf etdirmək, əmək bazarının tələblərinə cavab verən kadr hazırlanması istiqamətində təkliflər verməkdir. Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında təqdimatla çıxış edib. Bildirib ki, belə görüşlərin keçirilməsi universitet-sənaye işbirliyi əsasında ideyaların biznesə çıxışı üçün əhəmiyyətlidir. Rektor AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası barədə də məlumat verib. İnkişafla yanaşı çatışmazlıqları da diqqətə çatdıran rektor innovasiyaların tətbiqində mövcud olan problemləri qeyd edib.   Forum çərçivəsində AzTU-nun rektoruna “Caspian Energy Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Rektor daha sonra sahibkarların suallarını cavablandırıb. Sahibkarlar universitetdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün yeni tədqiqat mərkəzlərinin, laboratoriyaların və texnoparkların yaradılması istiqamətində AzTU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Forumdan sonra qonaqlar universitetin laboratoriyaları və institutlarının fəaliyyəti ilə tanış olub.    

Hamısını oxu
Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi

Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi   Beş il öncə 2020-ci il noyabrın 8-dəAzərbaycan xalqı tarixinin ən qürurlu səhifəsini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqın milli ruhunu, dövlətin siyasi iradəsini və ordunun gücünü dünyaya nümayiş etdirdi.     Bu Qələbə yalnız hərbi zəfərlə yekunlaşmadı. Ardınca yeni bir mərhələ – Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, “Böyük Qayıdış” prosesi və regional sülhün qurulması dövrü başlandı. Son beş ildə bu torpaqlarda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslər Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi. 2020-ci ildən bəri Qarabağda görülən bərpa işləri misilsiz miqyas alıb. Prezident İlham Əliyev hələ müharibədən sonra “Biz bu torpaqları dirçəldəcəyik, Qarabağı cənnətə çevirəcəyik” demişdi. Bu gün həmin sözlər gerçək olur. Artıq 1400 kilometrdən çox yeni avtomobil yolu, 300 kilometrə yaxın dəmir yolu, üç beynəlxalq hava limanı Füzuli, Zəngilan və Laçın istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa olunaraq dünya miqyasında tikinti rekorduna imza atdı. Bu, yalnız mühəndislik uğuru deyil, həm də azad torpaqlarda yeni həyatın rəmzidir. Zəngilan və Laçın hava limanları regionun beynəlxalq əlaqələrinə yeni nəfəs gətirib. Bu limanlar Qarabağın “hava qapısı” kimi xidmət edir, həm humanitar yüklərin daşınmasında, həm də xarici investorların bölgəyə gəlməsində mühüm rol oynayır.   Ağıllı Kəndlərdən Ağıllı Şəhərlərə – Qarabağın Yeni Həyat Nəbzi   Beş il əvvəl sükutun hökm sürdüyü, hər addımda mina təhlükəsinin hiss olunduğu Qarabağ torpaqları bu gün həyat səsi ilə doludur. Küləyin səsi indi tikinti maşınlarının, uşaqların gülüşünün, məktəb zənglərinin səsinə qarışır. Azadlıqdan sonra başlayan “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib, yurd həsrəti bitir, həyat yenidən doğulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram təkcə köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi deməkdir. Ötən 5 il ərzində 10 mindən çox sakin öz doğma torpaqlarına Füzuli, Laçın, Zəngilan rayonlarına qayıdıb. Hər qayıdış bir ailə hekayəsidir, bir həyatın yenidən başlanğıcıdır. Bərpa prosesi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərinin baş planlarının təsdiqlənməsi Qarabağda müasir şəhərsalmanın yeni mərhələsini açdı. Bu planlar sadəcə tikinti sənədi deyil, həm də azad olunmuş torpaqlarda həyatın yenidən təşkili konsepsiyasıdır. Yeni baş planlar üzrə hər şəhərin memarlıq ruhu həm milli kimliyi, həm də müasir urbanizasiyanı əks etdirir. Füzuli şəhərinin planında “ağıllı nəqliyyat sistemi”, “yaşıl enerji ilə işləyən küçə işıqlandırması” və “ekoloji park zolaqları” nəzərdə tutulub. Şəhərin mərkəzi meydanında yerləşəcək “Zəfər Kompleksi” isə azadlıq və yenidənqurmanın rəmzinə çevriləcək. Cəbrayıl şəhərində sənaye və logistika zonası qurulur. Bu istiqamətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilib və onun əsas məqsədi regionu istehsal və ticarət mərkəzinə çevirməkdir. Eyni zamanda, şəhərin cənub hissəsində “Yaşıl Texnopark” layihəsi reallaşdırılır. Burada günəş panelləri, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri və aqrotexnologiya laboratoriyaları fəaliyyət göstərəcək. Laçın şəhərinin baş planı isə dağ ekosisteminə uyğun, təbiətlə harmoniya içində planlaşdırılıb. Burada dağ turizmi, ekoloji kənd təsərrüfatı və qış idmanı infrastrukturu əsas inkişaf istiqamətləridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Laçın Azərbaycan dağ turizminin paytaxtına çevriləcək.” Bu konsepsiyaların ən parlaq nümunəsi isə Zəngilanın Ağalı kəndidir. Bu kənd artıq “ağıllı kənd” modelinin gerçək simasına çevrilib. Burada enerji tam bərpa olunan mənbələrdən günəş panelləri və bioenerji sistemlərindən əldə olunur. Kənddə ağıllı idarəetmə sistemi fəaliyyət göstərir: hər evdə “ağıllı sayğac”, “ağıllı suvarma”, “enerji monitorinqi” və rəqəmsal kənd idarəetmə mərkəzi mövcuddur. Eyni zamanda, Qarabağın mədəni paytaxtı – Şuşa şəhəri yenidən qurulur. Azərbaycanın musiqi və ədəbiyyatının beşiyi olan bu qədim şəhər, hər daşında tarix, hər küçəsində mədəniyyət nəfəsi ilə canlanır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Xurşidbanu Natavan və Üzeyir Hacıbəyli irsinə həsr olunmuş tədbirlər, Bülbülün ev-muzeyi Qarabağın dirçəlişinin, mədəni zənginliyinin göstəricisidir. Beləcə, Qarabağda kənd və şəhər həyatı bir-birinə inteqrasiya olunur: burada texnologiya, davamlı inkişaf, mədəni irs və təhsil bir araya gəlir. Kəndlər müasir imkanlarla, şəhərlər isə tarixi və mədəniyyət zənginliyi ilə seçilir. Bu sintez Qarabağın gələcəyinin həm dayanıqlı, həm də mədəni baxımdan zəngin olacağını göstərir. Şuşada yalnız mədəniyyət deyil, həyatın bütün sahələri yenidən canlanır. Burada yaşayış kompleksləri inşa edilir, tarixi memarlıq abidələri bərpa olunur, məscidlər və çeşmələr sakinlər və turistlər üçün yenidən açılır. Yaradıcı mərkəzlər, konfrans və turizm infrastrukturu şəhəri gənclərin yaradıcılığı və regional iqtisadi inkişaf üçün də cəlbedici məkana çevirir. Təhsil də regionun gələcəyində mühüm rol oynayır. Regionun universitet və musiqi məktəbləri, o cümlədən Qarabağ Universiteti və Ağdam Musiqi Məktəbi gəncləri yalnız biliklə təmin etmir, onları gələcək nəsillərə dayanıqlı bacarıqlar ötürməyə hazırlayır. Hər tələbə, hər musiqi ifası, hər elmi araşdırma Qarabağın dirçəlişinə bir işıq qatır. Şuşa indi həm tarix, həm mədəniyyət, həm də müasir həyatın harmoniyasını əks etdirir. Burada qədim qala divarları ilə yeni yaşayış kompleksləri, tarixi məscidlər ilə innovativ təhsil müəssisələri bir-birinə qarışır. Bu şəhər Azərbaycanın zəfərinin, Qarabağın dirçəlişinin nişanəsidir. Şuşa yalnız keçmişi xatırlatmır, həm də gələcəyi formalaşdırır. Burada hər addım tarix, hər baxış mədəniyyət, hər nəfəs isə Qarabağın inadkar ruhu ilə doludur.   Yaşıl Enerji və “Zəngəzur Dəhlizi” – Yeni İqtisadi Arxitektura Bu iki nəhəng layihə Azərbaycanın gələcək iqtisadi simasını formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Bununla da bölgədə yeni bir dövr - “yaşıl dirçəliş dövrü” başlayıb. Bu, Azərbaycanın enerji strategiyasının növbəti mərhələsidir. Cəbrayıl və Zəngilanda BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərin iştirakı ilə günəş və külək stansiyaları tikilir. Bu layihələr həm enerji ixracını artırır, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini formalaşdırır. 240 meqavat gücündə Cəbrayıl Günəş Elektrik Stansiyası, Zəngilan - Cəbrayıl Enerji Korridoru, Laçın və Kəlbəcərdə yeni hidroqovşaqları Azərbaycanın enerji xəritəsini yenidən yazır.   Bu yenidənqurmanın ikinci nəfəsi isə Zəngəzur Dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan, Türkiyə və daha sonra Avropa və Orta Asiya ilə birləşdirən yeni tranzit xəttidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur Dəhlizi XXI əsrin əsas nəqliyyat arteriyası olacaq.” Horadizdən Qarsa uzanan bu strateji yol Azərbaycanın qitələri birləşdirən logistika sisteminə çevrilir. Artıq 80 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun əsas hissəsi hazırdır, Zəngəzur magistralında tunellər və körpülər yüksəlir. Bu dəhliz Naxçıvanı və Türkiyəni birləşdirməklə, Asiyadan Avropaya uzanan yeni “İpək Yolu”nu reallığa çevirir. Bu marşrut yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının iqtisadi və logistik birliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə bu layihə “Türk birliyinin arteriyası” adlandırıldı.   Qarabağ Zəfəri – Türk Birliyinin Oyanışı 2020-ci ilin payızında baş verən Qarabağ Zəfəri yalnız bir müharibənin qalibiyyəti deyildi. Bu, həm də Türk dünyasının birliyinin, ortaq ruhunun oyanışı idi. Həmin günlərdə bütün türk dövlətlərinin ürəkləri bir döyünürdü. Azərbaycan bayrağı ilə Türkiyə və Pakistan bayraqlarını yanaşı dalğalanarkən, bu qardaşlıq hissi təkcə duyğu deyil, yeni bir siyasi, iqtisadi və mənəvi ittifaqın təməl daşı kimi formalaşırdı. Bu gün artıq həmin birlik sarsılmaz strateji müttəfiqliyə çevrilib.  2021-ci ilin 15 iyunu günü tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan mədəniyyətinin beşiyi, müqəddəs Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Bu sənəd təkcə iki dövlətin dostluq rəmzi deyil, bütün Türk dünyasının birliyinin strateji əsasnaməsi kimi dəyərləndirilir. Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətləri “strateji müttəfiqlik səviyyəsinə” yüksəldi. Sənədin hər bəndi müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində birgə addımların yol xəritəsini müəyyənləşdirdi. Bu birliyin əyani təzahürü artıq Qarabağ torpağında görünür. 50-dən çox türk şirkəti Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasında iştirak edir. Onların hər biri yalnız inşaat deyil, sülhün, dostluğun və sabitliyin memarlarıdır. 2023-cü ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bu mənada simvolik idi. Zəfər torpağında toplanan türk liderləri “Türk Dünyası 2040 Baxış Sənədi” üzrə gələcək yol xəritəsini müəyyən etdilər. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə və mədəni inteqrasiya kimi sahələrdə vahid türk stratejisi artıq reallığa çevrilir.   Vaşinqtonda tarixi imza: “Tramp Memorandumu” Azərbaycanın qlobal rolunu gücləndirir 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətə malik “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd Azərbaycan ilə ABŞ arasında münasibətləri yeni strateji tərəfdaşlıq mərhələsinə daşıyaraq iki ölkənin enerji, təhlükəsizlik və innovasiya sahələrində birgə fəaliyyətini sistemli şəkildə genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etdi ki, bu razılaşma “Azərbaycan diplomatiyasının çoxvektorlu və müstəqil kursunun növbəti uğurudur.”   Memoranduma əsasən iki dövlət arasında yaradılan Strateji İşçi Qrupu qarşıdakı altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq və əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Enerji və tranzit - Cənub Qaz Dəhlizinin genişləndirilməsi, enerji ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və Xəzər - Qara dəniz bağlantılarının inkişafı, İqtisadiyyat və innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə birgə layihələrin icrası, Təhlükəsizlik və müdafiə - Müdafiə sənayesi məhsullarının satışı, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq kimi sahələr məhz bu anlaşmanın əsas istiqamətlərini müəyyən edir. Qarabağda aparılan bərpa və enerji layihələri, xüsusən də Zəngilan–Laçın istiqamətində tətbiq olunan “Sərhəd Texnologiyaları Layihəsi” ABŞ ilə strateji əməkdaşlığın praktiki təzahürü hesab olunur. Bu layihə çərçivəsində müasir müşahidə sistemləri, enerji təhlükəsizliyi infrastrukturu və kibermüdafiə texnologiyaları bölgədə tətbiq ediləcək. Tramp Memorandumu həm enerji sektorunda, həm də rəqəmsal diplomatiya sahəsində yeni imkanlar açır. ABŞ şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə yatırması, süni intellekt və innovasiya sahəsində birgə mərkəzlərin yaradılması nəzərdə tutulur. Azərbaycanın çoxşaxəli diplomatiyası nəticəsində bu sənəd yalnız iki ölkə arasında deyil, qlobal enerji və təhlükəsizlik sistemində də mühüm hadisəyə çevrilib. “Tramp Memorandumu” Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil diplomatik kursunun və regional liderliyinin daha da möhkəmləndiyini göstərir. Bu sənəd bir daha sübut etdi ki, Azərbaycan artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də sabitliyin və tərəqqinin etibarlı qarantıdır.   Azərbaycan – Şərqlə Qərbin Kəsişdiyi Yeni “İpək yolu” Körpüsü Bu gün qədim İpək Yolunun nəfəsi yenidən dirçəlir, lakin bu dəfə onun ritmi müasir Bakıdan gəlir. Azərbaycanın qapılarından keçən ticarət karvanları artıq yalnız tarixin deyil, həm də gələcəyin xəritəsini cızır. Şərqdən – uzaq Çindən başlayan bu yol Qafqazın ürəyinə - Bakı limanına qədər uzanır və buradan Avropaya səmərəlilik, sürət və etibar daşıyır. “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Avrasiyanın logistik nəbzini əlində tutur. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə Çin yüklərinin bu marşrut üzrə həcmi son illərdə 20 faiz artıb. Bu rəqəmlər sadəcə iqtisadi göstərici deyil  bu, Azərbaycanın beynəlxalq etimad və etibar körpüsünə çevrildiyinin sübutudur.  Hazırda Bakı ilə Pekin arasında “Yaşıl Ticarət Dəhlizi” üzrə yeni saziş layihəsi hazırlanır. Bu sənəd həm də ekoloji məsuliyyətin də sərhədlərini genişləndirəcək. “Rəqəmsal İpək Yolu” konsepsiyası ilə Azərbaycanın coğrafiyası yenidən bir mədəni və iqtisadi qovuşma məkanına çevrilir. Burada Şərqin zəngin təcrübəsi Qərbin innovasiyası ilə birləşir. Eyni zamanda Bakı və Moskva arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Əsas diqqət sərhəd təhlükəsizliyinə, xüsusilə də Qarabağ və Ermənistan sərhədlərində sabitliyin qorunmasına yönəlib. Zəngilan və Laçın istiqamətlərində müasir sərhəd məntəqələrinin inşası artıq tamamlanıb, Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti regionda sülhün və təhlükəsizliyin etibarlı təminatına çevrilib. Bu gün Azərbaycan diplomatiyası üç istiqamətdə Türk dünyası, Qərb və Şərq arasında incə, amma möhkəm bir tarazlıq yaradır. Şuşadan Astanaya, Vaşinqtondan Pekinə qədər uzanan bu diplomatik xəritənin mərkəzində Bakı – sabitliyin və tərəqqinin paytaxtı dayanır. Bu çoxşaxəli siyasət Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni enerji, logistika və təhlükəsizlik baxımından regionun əsas dayağına çevirib. Əsrlər öncə karvan yolları ilə daşınan ipək indi rəqəmsal məlumat, enerji və ideyalar şəklində Azərbaycan torpağından keçir. Beləcə, qədim İpək Yolunun müasir nəfəsi bu torpaqlarda yenidən duyulur  lakin bu dəfə karvanların başında Azərbaycan dayanır: müstəqil, güclü və qlobal nizamın etibarlı dayağı kimi.   Zəfərin Beş İli – Qəhrəmanlıq, Vətənpərvərlik və Dövlətçilik Salnaməsi “Zəfərin beş ili”, bu ifadə artıq Azərbaycan tarixində qürur, fərəh və milli dirçəliş rəmzinə çevrilib. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, əzmi və iradəsi sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu möhtəşəm Qələbə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və dövlətimizin suverenliyini bərpa etdi. Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı müqəddəs amalların gerçəkləşməsi, onun siyasi kursunun və milli ideyalarının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı artıq təkcə ideya deyil, müzəffər ordumuzun qanı, xalqımızın birliyi ilə təsdiqlənmiş tarixi həqiqətdir. Prezident İlham Əliyev bu böyük missiyanı – ata vəsiyyətini – ləyaqətlə, şərəflə yerinə yetirdi. Lakin Zəfər təkcə hərbi güc və qələbə ilə ölçülmür. Bu qələbənin mənəvi dayağı xalqın birliyi, dövlətin xalqına olan diqqəti və qayğısıdır. Hər bir qəhrəmanın, hər bir ailənin arxasında dayanan güc – Azərbaycan qadınının mərhəməti, şəfqəti və fədakarlığıdır. Bu ali keyfiyyətlərin bariz nümunəsi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli birliyini, humanizmi və Vətənə məhəbbəti öz şəxsiyyətində birləşdirir.  Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi mənəvi dəstək, onların həyatına işıq saçan qayğı və diqqəti hər bir vətəndaş üçün nümunədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə sosial məsuliyyətin, mərhəmətin və insanlığa xidmətin rəmzinə çevrilib. Fondun həyata keçirdiyi çoxsaylı layihələr şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiya və müalicə proqramları, təhsil, mədəniyyət və idman sahəsindəki təşəbbüslər dövlətin və cəmiyyətin bir məqsəd uğrunda birləşməsinin bariz göstəricisidir. Heydər Əliyev Fondu təkcə yardımlar paylamır, o, insanlara ümid verir, həyatlarını dəyişir, gələcəyə inam bəxş edir. Fond tərəfindən həyata keçirilən "Yeniləşən Qarabağ", "Şəhid ailələrinə dəstək", "Qazilər üçün reabilitasiya mərkəzləri" kimi layihələr bir millətin öz qəhrəmanlarına göstərdiyi dərin hörmətin ifadəsidir. Hər bir tədbir, hər bir yardım paketi, hər bir reabilitasiya proqramı həm də bir mesaj daşıyır – “Siz Vətən üçün döyüşdünüz, Vətən də sizin üçün var.” Bu mesaj xalqla dövlət arasında sarsılmaz bağın, etimadın və qarşılıqlı sevginin rəmzidir. Zəfərin beşinci ili münasibətilə biz bir daha anlayırıq ki, bu Qələbə yüzillərlə formalaşmış milli kimliyimizin, iradəmizin və birliyimizin təntənəsidir. Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir.    Qarabağ Zəfəri: Gücün, İradənin və Qəhrəmanlığın Manifesti   Bu beş ildə Azərbaycan Ordusu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığı artdı, şəxsi heyətin döyüş ruhu yüksəldi, mənəvi-psixoloji hazırlığı gücləndi, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Bu səylər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordularından birinə çevirdi. Ali Baş Komandanın uzaqgörən strategiyası “Güclü dövlət – güclü ordu” prinsipi üzərində qurulmuşdu və ilk məqsəd torpaqlarımızı düşmən tapdağından xilas etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Dövlət büdcəsində hər il müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu modernləşdirildi. Bu qüdrət beynəlxalq səviyyədə də tanındı və Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2011-ci il iyunun 26-da Bakıda keçirilən Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilmiş hərbi parada bu güc və peşəkarlıq ilk dəfə açıq nümayiş etdirildi. Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfəri ilə uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bu nailiyyətlərdən sonra isə tarixi an yetişdi: 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun Haqq yürüşü başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz sarsıdıcı zərbələr endirdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Ermənistan cəmi 44 gün tab gətirə bildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu torpaqlara qaytardı, vətəndaşların ürəklərində qürur və sevinc yarandı.  2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu Qələbənin və Ordumuzun gücünün dünyaya nümayişi oldu. Hərbi qulluqçularımız 2 min 900-dən çox şəhid vermişdi, lakin onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Dövlət başçısının imzaladığı sərəncamlarla ərazi bütövlüyümüzün bərpasında iştirak edən hərbi qulluqçular orden və medallarla təltif edildi, bir qismi isə yüksək hərbi rütbəyə layiq görüldü.   Zəfərin Beş İli – Ordumuzun Qüdrəti, Xalqın Birliyi və Dövlətin Əzəməti   Ordumuzun qəhrəmanlığı 2020-ci ilin şanlı Qələbəsi ilə tamamlanmadı. Azərbaycan əsgəri, Ali Baş Komandanın əmrlərini dəqiqliklə yerinə yetirərək, daim ayıq-sayıq mövqedə dayandı, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin keşiyində mətin dayanmağı davam etdirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi, dövlətin bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla dalğalandı.  Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan Ordusu regionda sülhün, ədalətin və sabitliyin qarantıdır. Onun qarşısında heç bir qüvvə dayana bilməz, çünki bu ordu xalqın iradəsindən, dövlətin qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyindən güc alır. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı bu möhtəşəm tarixi yekunlaşdırdı. O gün Xankəndidə dalğalanan üçrəngli bayraq suveren Azərbaycanın rəmzinə çevrildi.               Parad bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, qalibdir və bu qalibiyyət əbədi olacaq! Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində ən uca, ən müqəddəs yerdədir. Onların canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Onların ruhuna ehtiram əlaməti olaraq Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektara yaxın ərazini əhatə edən Zəfər Parkı Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı yaddaşına çevrildi. Burada ucaldılan Zəfər Tağı, memorial abidələr, tematik bağçalar və ümumi baxış nöqtəsi Qələbənin əzəmətini, xalqın birliyini və dövlətin qüdrətini əks etdirən amil kimi tarixi abidəyə döndü. Muzeydə şəhidlərimizin adları qızıl hərflərlə həkk olundu, ordumuzun igidliyi, xalqımızın dözümü və əzmi əbədiləşdirildi.  Bu Qələbə təkcə əsgərlərin deyil, həm də bütün xalqın, bütün nəsillərin zəfəridir. Respublika Veteranlar Təşkilatının üzvləri bu tarixi qələbə ilə dərin qürur hissi keçirir, özlərinin bu zəfərdə payı olduğuna görə fəxrlə danışırlar. Onlar Ali Baş Komandan İlham Əliyevin onlara göstərdiyi diqqət və ehtirama, veteranlara verilən yüksək qiymətə görə minnətdarlıq ifadə edir, Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirlər.    Zəfər Günü – bu, millətin birliyinin, dövlətin qüdrətinin, xalqın sarsılmaz iradəsinin rəmzidir. Bu gün biz bir daha fəxrlə deyirik: Qarabağ Azərbaycandır! Bu Qələbə əbədi olacaq, çünki onu xalqın inamı, şəhidlərin qanı, ordumuzun şücaəti və dövlətin iradəsi ilə qazanmışıq!   Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu