Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Zakir Yusifov: İgid ölər adı qalar

Qəhrəmanlıq salnaməsini Qarabağda yaradan, Şərqi Zəngəzurun Şəhidlərindən biri kimi xatirələrdə qalan Milli Qəhrəman Zakir Yusifovun adı gələndə hər kəs qürurla danışır. Qubadlıda, Səfiyanda, Bərgüşad və Həkəri çaylarının qoynunda Aleksey Meresyev kimi Vətən yolunda tarana gedən aviator xatırlanır. Qubadlının Milli Qəhrəmanı Əliyar Əliyev kimi adı ehtiramla çəkilir.
Birinci Qarabağ Savaşında milli aviator kadrlar demək olar ki, barmaqla sayılırdı. Yağı düşmən isə Vətən torpaqlarını odda, atəşdə yandırardı. Belə bir ərəfədə Mülki Aviasiyanın peşəkar aviatorları könüllü olaraq səngərlərə yollanırdı. Onların sırasında Yavər Əliyev, Zakir Yusifov, Zakir Məmmədov, Xanlar Səmədov, Faiq Məmmədov, Firuz Cəlilov kimi qəhrəmanlar var idi. Milli Ordu quruculuğuna töhfələr verən, səfərbərlik çağırışı olmadan belə düşmən üzərinə “Şahin kimi şığıyan” igidlər səmamızın Cahangirinə döndülər. Vətən, Torpaq naminə arxa cəbhəni ön cəbhəyə dəyişdilər. 
Zakir Tofiq oğlu Yusifov Şəhidlik zirvəsinə ucalanda 36 yaşı var idi. O, 1956-cı il sentyabrın 29-da Bakıda anadan olmuşdu. 1974-cü ildə 194 saylı orta məktəbi, 1977-ci ildə isə Sosovski adına Milli Təyyarəçilik Məktəbini bitirmişdi. Təhsilini başa vurandan sonra Yevlax Aviabirliyində fəaliyyətə başlamışdı. Peşəkarlığına, yüksək şəxsi keyfiyyətinə görə elə ilk gündən rəhbərliyin diqqətini üzərinə çəkmişdi. Qısa zaman kəsiyində təşkilatçılıq məharətinə, idarəçilik keyfiyyətlərinə, peşəkar aviator kimi xüsusiyyətlərinə görə AN-2 təyyarəsinə komandir təyin edilmişdi. Yüksək ali təhsili, hərtərəfli biliyi, hüquqşünas kimi hazırlığı Mülki Təyyarəçilik Məktəbinin və Bakı Dövlət Universitetinin məzununu ölkənin nüfuzlu aviatorlarından birinə çevirmişdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayanda hər gün Qarabağda onlarla şəhid verilir, evlər, kəndlər, qəsəbələr, şəhərlər dağıdılır, insanlar məhv edilirdi. Vətən naminə səfərbər olanların önündə isə Mülki Aviasiyanın şahinləri – aviatorlar gedirdi.
Milli Qəhrəman Yavər Əliyevin rəhbərliyi ilə qurulan Azərbaycan Respublikasının ilk Hərbi Helikopter Eskadrilyasının aparıcı simalarından, əsas mütəxəssislərindən olan Zakir Yusifovun ilk uğurlu uçuşu 1992-ci il aprelin 11-də Füzuli-Xocavənd rayonları istiqamətində gedən ağır döyüşlərdə oldu. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən, hərbi əməliyyatların təşkilində xüsusi rol oynayan Zakir Yusifov Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşa kənd uğrunda gedən savaşlarda yüzdən artıq uçuş edərək erməni yaraqlılarına ağır zərbələr endirdi.
1992-ci il oktyabrın 11-də Qubadlının igid, qəhrəman oğulları, milli özünü müdafiə batalyonlarının komandirləri - Əliyar Əliyevin, Adil Həşimovun uğurlu hərbi əməliyyatları, partizan hərəkatının önündə geən Həsənqulu Qorxmaz kimi igidlərin şücaəti sayəsində Ermənistan silahlı qüvvələrinin Qubadlı rayonu və Səfiyan kəndi yaxınlığında məhv edilməsi, quru qoşunlarına kömək məqsədi ilə Hərbi Helikopter Eskadriliyasının helikopterlərinin cəlb edilməsi düşmənə sarsıdıcı zərbə olmuşdu. Qəhrəmanlıq tarixini qorxmazlığı, igidliyi, vətənpərvərliyi ilə yazan Milli Qəhrəman Zakir Yusifovun helikopteri öndə uçur, düşmənə ağılagəlməz zərbələr endirirdi. Milli Qəhrəman Hərbi Helikopter Eskadrilyasının komandiri Yavər Əliyevin təlimatı, Zakir Yusifovun şəxsi istəyi ilə onun helikopteri düzülüşün önündə uçmalı, birdəfəyə atəş açaraq geri dönməli idi. Bu qeyri-bərabər döyüşdə bütün ekipajlar tapşırığı yüksək səviyyədə yerinə yetirir. Zakir Yusifovun “Gedirik!” əmri döyüş bölgəsində vəziyyəti Milli Ordumuzun xeyrinə dəyişir. Qrup açıq səmada, alçaq hündürlükdə dərə boyu Fərcan, Mahmudlu, Qəzyan, Xanlıq yolu istiqamətlərində, Həkəri və Bərgüşad çayları üzərində geri dönür. Ağcabədi Aviabirliyində - aerodromda iki helikopter eniş enir. Radardan itən helikopterin kapitanı Zakir Yusifov idi. Ekipaj üzvləri ilə birlikdə şəhid olmuşdu. Radardan çıxan, gözdən itən helikopteri axtarış üçün havaya qalxan Mİ-2 helikopterinin pilotları dəhşətlə üzləşirlər. Ensiklopedik biliyi, döyüş məharəti, Vətən sevgisi ilə bütün eskadriya və ekipaj üzvlərinə nümunə olan Zakir Yusifovun idarə etdiyi helikopter Qubadlı rayonuna gedən yolda, Səfiyan kəndində, cəbhə xəttindən uzaqda, təpədə parçalanıb dağılmşdı. Dağıdılmış helikopterin, ekipaj üzvlərinin məhv edilməsi yerli sakinləri dəhşətə gətirmişdi. Zakir Yusifovun adı onlar üçün Milli qəhrəmanları Əliyar Əliyev, Adil Həşimov, Həsənqulu Qorxmaz kimi doğma idi, əziz idi.
Əraziyə keçirilən baxış zamanı məlum oldu ki, “alətlər hidravlik sistemdə maye çatışmazlığını görənə qədər ekipaj zədələri hiss etməyib”. Zakir Yusifovu tanıyanlar isə bir həqiqəti söyləyirdi: “Helikopterdə zədələri bilsəydi belə, Zakir son ana qədər savaşacaq, düşmənin məhv olması üçün qanı, canı bahasına olsa da mübarizə aparacaqdı”...
Zakir Yusifov helikopterin uçuş heyəti ilə 1992-ci il oktyabrın 11-də Şəhidliyə qovuşanda 36 yaşı var idi. Ondan iki övladına var-dövlət, sərvət qalmadı. Cəsarət, ləyaqət, məğrurluq və sonsuz Vətən sevgisi ilə bağlı ömür kitabı, bükülüb gəldiyi Azərbaycan Bayrağı, bir də Milli Qəhrəman adı qaldı. O, bu adı ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə almışdı.
30 illik intizardan sonra Milli Qəhrəman Zakir Tofiq oğlu Yusifovun qanı tökülən torpaqlar işğaldan azad edildi. Yolunda canından, qanından keçdiyi Qarabağda, Şərqi Zəngəzurda indi Azərbaycan Bayrağı dalğalanır.
Övladları, nəvələri, millətinə, dövlətinə əmanət etdikləri Fəxri Xiyabanda ziyarətinə yollandıqca, adını daşıyan məktəbin önündəki büstünü seyr etdikcə, xatirəsini əbədiləşdirən küçədən keçdikcə: “Şəhidlər ölməz, Vətən bölünməz”, “İgid ölər adı qalar!” deyib, qürur hissi keçirirlər.

 

2024-12-02 12:33:03
3558 baxış

Digər xəbərlər

Azərbaycanlı veteranlar “Moskva uğrunda döyüşün 75 illiyi” xatirə döş nişanı ilə mükafatlandırılıb

Rusiyanın Azərbaycandakı səfirliyində Böyük Vətən müharibəsi veteranları Fatma Səttarovanın və Damad Nəbiyevin “Moskva uğrunda döyüşün 75 illiyi” xatirə döş nişanı ilə mükafatlandırılması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, döş nişanını veteranlara Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin hərbi attaşesi İqor Lobastov təqdim edib. İ.Lobastov qeyd edib ki, “Moskva uğrunda döyüşün 75 illiyi” xatirə nişanı 1941-ci ilin dekabrında Moskva ətrafında döyüşdə sovet qoşunlarının əks-hücumunun başlanmasının 75-ci ildönümü və Moskvanın müdafiəçilərinin hünərinin xatirəsi əlaməti olaraq təsis edilib. Bu döş nişanı Moskvada, Rusiya Federasiyasının digər subyektlərində, habelə xarici dövlətlərdə yaşayan Böyük Vətən müharibəsi veteranlarına – paytaxtın müdafiəsinin iştirakçılarına təqdim edilir. Qeyd edilib ki, döş nişanı cəmi 10 min veterana verilib. Onların 3980 nəfəri Moskvada, 19-u xarici dövlətlərdə, o cümlədən ikisi Azərbaycanda, qalanları Rusiya Federasiyasının subyektlərində yaşayırlar. İ.Lobastov azərbaycanlı veteranları mükafat münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı arzulayıb. Veteranlar Fatma Səttarova və Damad Nəbiyev Moskva uğrunda döyüş barədə məlumat verərək, xatırlandıqlarına və dünyanı faşist taunundan xilas etmiş bütün veteranların qəhrəmanlığına ehtiramla yanaşıldığına görə təşəkkür ediblər. Veteranlar jurnalistlərlə söhbət zamanı deyiblər: “Ən böyük arzumuz torpaqlarımızın erməni işğalçılarından azad edilməsidir”. “Moskva uğrunda döyüşün 75 illiyi” döş nişanının təqdim edilməsi mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrinin müavini Cəlil Xəlilov iştirak edib.

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu gün doğum günüdür.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu gün 41 yaşı tamam olur. Cənab Prezidentimizin və xalqımızın sözün əsl mənasında köməkçisi, döyüşün tək səngərdə aparılmadığını göstərən şəxs - Hikmət Hacıyevı Respublika Veteranlar Təşkilatının sədri general-polkovik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından təbrik edir, ona uzun ömür, can sağlığı arzulayır.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Iclasda 2022-ci ildə görülən işlərlə bağlı hesabat dinlənilib, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər müzakirə edilib. Maraqlı müzakirə şəraitində keçən tədbirdə Rəyasət Heyətinin üzvləri tərəfindən müxtəlif təkliflər səsləndirilib. Tədbirin sonunda bütün təkliflər nəzərə alınmaqla bir sıra qərarlar qəbul edilib. Həmçinin, “Heydər Əliyev İli” ilə bağlı görüləcək işlərlərlə bağlı tədbirlər planının yerli təşkilatlara göndərilməsi, keçiriləcək tədbirlərdə onların da geniş tərkibdə iştirakının təmin edilməsi qərara alınıb. İclas başa çatandan sonra Ulu öndərin büstü qarşısında xatirə şəkli çəkilib.  

Hamısını oxu
Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib. Məlumat üçün bildirək ki, Baxışov Seyfulla Abdulla oğlu 1925-ci il iyunun 19-da Şamaxıda anadan olub. 1943-cü ildə hərbi xidmətə çağırılıb, 840-cı atıcı artilleriya alayında xidmət edib. İkinci Dünya Müharibəsində Qafqazın müdafiəsinə qatılan Seyfulla Baxışov, Moskva ətrafında, habale Ukrayna və digər ərazilərdəki hərbi əməliyyatlarda yaxından iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Seyfulla Baxışovun vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbr diləyir.   Allah rəhmət eləsin!      

Hamısını oxu