Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib

4 dekabr 2024-cü il saat 14:00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında  Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib.

Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışıb, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundna əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirib, buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü bildirib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirib.

Tədbirdə çıxış edən, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirib.

Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olunub, xatirə şəkli çəkilib.

 

2024-12-04 14:47:12
3236 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: "Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir"

Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir. Azərbaycanda qazi və şəhid ailələrinə dövlət dəstəyi, onların problemlərinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olması, həll edilməsi prioritet məsələlərdəndir. Bunu Azərtac-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Respublika Veteranları Təşkilatının sədr müavini bildirib ki, ki, dövlətin şəhid ailələri, müharibə əlilləri, qazi və veteranlara qayğısı ildən-ilə genişlənməkdədir: “Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə dövlətimiz tərəfindən böyük qayğı və diqqət göstərildiyi hər kəsə məlumdur. Beynəlxalq mediada da bununla bağlı çoxlu sayda məlumatlar yer almaqdadır. Dünyanın bir çox ölkələrində Azərbaycanda şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən layihələr maraqla öyrənilir, bu sahədə dövlətimizin təcrübəsindən yararlanmağa çalışırlar. Ümumiyyətlə, insan faktoru, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Bunu istər ölkəmizdə həyata keçirilən layihələrdən, istər şəhid ailələri və qazilərə verilən imtiyazlardan, istərsə də dövlət büdcəmizin sosialyönümlü təşkilindən aydın görmək mümkündür. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğının əhəmiyyətli tərəflərindən biri də həssas kateqoriyaya olan bu yanaşmanın cəmiyyəti də eyni əhvali-ruhiyyəyə kökləməsi ilə bağlıdır. Bu qayğıya şahid olan hər kəs, o cümlədən gənc nəslin nümayəndələri anlayır ki, şəhid ailələri və qazilərə qayğı və ehtiram hər kəsin mənəvi borcudur. Bundan başqa, qazilərə olan dövlət qayğısı vətəni qoruyan, onun müdafiəsində dayanan hər kəsin xidmətlərinə verilən yüksək qiyməti göstərir və vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verir”. Cəlil Xəlilov indiki məqamda qazilərin də üzərinə xüsusi missiyanın düşdüyünü vurğulayıb: “Şəhidlərimiz, qazilərimiz 44 günlük Vətən müharibəsində düşməni doğma torpaqlarımızdan qovmaqla öz tarixi missiyalarını yüksək səviyyədə yerinə yetiriblər və xalqımız hər zaman buna görə onlara əbədi minnətdar olacaq. Bu, birmənalıdır. Lakin bu günün reallıqlarına nəzər salsaq görərik ki, bu gün erməni faşizmi ilə hərbi müstəvidə mübarizə başa çatsa da, hələ də bəzi təxribatçı qüvvələr ölkəmizdəki sabitliyi pozmağa, dövlətlə vətəndaşlar arasında süni gərginlik yaratmağa cəhd edirlər. Azərbaycanın tarixi qələbəsini, sosial-iqtisadi inkişafını, xalqın birlik və bərabərliyini həzm edə bilməyən qüvvələr müxtəlif vasitələrlə təxribatlar yaratmağa cəhd edir ki, bu da həm dövlət, həm də xalqımızın maraqlarına ziddir. Buna görə də iki il əvvəl düşmənə qarşı ön xətdə mübarizə aparan əsl qazilərimiz bu gün sosial mediada, gündəlik həyatlarında şahidi olduqları neqativ hallara, antimilli düşüncə və addımlara qarşı mübarizə aparmalı, bu sahədə də ciddi aktivlik sərgiləməlidirlər”. Polkovnik qeyd edib ki, bu gün qazilərin özündən təxribatçı məqsədləri istifadə etməyə çalışan qüvvələr mövcuddur: “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həm paytaxtda, həm də respublikamızın müxtəlif bölgələrində keçirdiyimiz tədbir və konfranslarda mövcud təhlükələrlə bağlı həyəcan təbili çalır, təxribatçı qüvvələrə qarşı birgə mübarizənin önəmini qeyd edirik. Həmin tədbirlərdə də qeyd edirik ki, bu gün əsl qazilərin özündən, onların cəmiyyətdəki nüfuzundan sui-istifadə etməyə çalışan, onları öz məkrli niyyətlərinə alət etməyə cəhd edən qüvvələr mövcuddur. Onlar qaziləri keşiyində dayandıqları dövlətlə üz-üzə qoymağa çalışır, süni şəkildə gərginliklər yaratmağa çalışırlar. Qazilərimiz belə hallara qarşı diqqətli olmalı, öz hüquqlarını, tələb və arzularını əlaqədar dövlət qurumlarına müraciət etməklə, qanuni şəkildə qorumalı və diqqətə çatdırmalıdırlar. Hər bir qazi öz əməli və davranışı ilə, ortaya qoyduğu dövlətçilik mövqeyi ilə cəmiyyətə nümunə olmalıdır. Biz yalnız bu halda birliyimizi qorumaqla yanaşı, davamlı inkişafımızı təmin edə, ölkəmizin daha da çiçəklənməsinə nail ola bilərik”.  

Hamısını oxu
“Ümummilli Lider və gənclər siyasəti” mövzusunda konfrans keçirilib

3 fevral 2026-cı ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Ümummilli Lider və gənclər siyasəti” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov ölkə gənclərini təbrik edib, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin gənclərə olan münasibətindən, onlara göstərdiyi diqqət və qayğıdan söz açıb: “Öncə bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edir, onların hər birinə uğur və müvəffəqiyyət arzulayıram. Bizim üçün qürurvericidir ki, bu gün biz qalib gənclərlə bir yerdəyik. Bu gün Azərbaycan gəncləri öz vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı, elmi-intellektual potensialı, ən müxtəlif sahələrdə əldə etdikləri uğurlarla bütün dünyada tanınmaqda, sevilməkdədir. Bütün bunlar Azərbaycan gəncliyinin mübarizliyindən, zəhmətkeşliyindən, novatorluğundan xəbər verir. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan gəncləri hər zaman dövlətin diqqət və qayğısını öz üzərində hiss edib, bu qayğı sayəsində uğur və inkişaf yolunda qətiyyətlə addımlayıblar. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən etibarən hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi dövlətimizin ölkə gəncliyinə verdiyi önəm və diqqətin təzahürüdür. Bu fakt sübut edir ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə cəmiyyətin və dövlətin əsas hərəkətverici qüvvəsi kimi böyük əhəmiyyət vermiş, gənclərimizin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Prezident İlham Əliyev də hər zaman gənclərə mütəmadi diqqət göstərib, onların xarici ölkələrdə təhsil almasına, özlərini elm, idman və s. sahələrdə daha yaxşı inkişaf etdirmələrinə şərait yaradıb. Bu gün Azərbaycanda dövlət idarəçiliyində  xeyli sayda gənc təmsil olunur ki, bunun özü Prezidentimizin gənclərə olan inam və etimadından, ölkəmizin gənclərlə bağlı siyasətindən xəbər verir. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbəmizə verdiyi tarixi töhfə hər zaman Müzəffər Ali Baş Komandan tərəfindən təqdirlə qarşılanıb, dövlət başçısı öz çıxışlarında bu mövzuya xüsusi önəm verib. Bu gün dövlətimizin gənclərimizə yaratdığı şərait, eləcə də gənclərimizin milli-mənəvi dəyərlərə bağlılıq səviyyəsi, yüksək intellektuallığı onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi bundan sonra da öz uğurları ilə bizi sevindirməkdə davam edəcək, respublikamızın inkişafına, anti-Azərbaycan qüvvələrinin ifşasına böyük töhfələr verəcək”. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev, Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin  dekanı,  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Murtəza Həsənov, Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf  xanım Cəlilli, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Vahid Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nəzrin Abdullayeva Azərbaycan dövlətimizin gənclərə olan diqqət və qayğısına diqqət çəkib, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin tarixi qəhrəmanlığa imza atdığını bildiriblər. Natiqlər qeyd ediblər ki, bu gün dövlətin idarə edilməsində, milli maraqlarımızın müdafiəsində yaxından iştirak edən Azərbaycan gəncləri bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət etməkdə davam edəcək, hər zaman Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə respublikamızın tərəqqisinə töhfə verəcəklər. Tədbirin sonunda bir qrup gənc Fəxri Fərmanla təltif olunub.  

Hamısını oxu
“Türkdilli məktəblərin ödənişli əsaslarla fəaliyyəti fonunda rusdilli məktəblərin büdcədən maliyyələşməsi absurddur”

Məşhur Məmmədov: “Rus dilində fəaliyyət göstərən təhsil müəssiələrinin hamısı ödənişli əsaslarla fəaliyyət göstərməlidir” “Bu, həm məntiqi, həm də qanuni baxımından daha doğru olar” Son vaxtlar Azərbaycanda rus dilində fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsinin dayandırılması və həmin müəssisələrin ödənişli şəkildə fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aktuallaşıb. Moderator.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə bu məsələni ətraflı şəkildə şərh etməyə çalışdıq: -Məşhur müəllim, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri ölkəmizdə fəaliyyət göstərən rusdilli təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılması və onların ödənişli əsaslarla fəaliyyətinin təşkili ilə bağlıdır. Sizcə belə bir yeniliyə ehtiyac var? -Əslində, bu, çoxdan olması gərəkən və uzun müddətdir ki, gecikən bir məsələdir. Hər şeydən öncə qeyd edək ki, Azərbaycanda rusdilli təhsil müəssisələrinin fəaliyyəti sovet dönəmi ilə bağlıdır. Məhz sovet dönəmində Kremlin ruslaşdırma siyasəti sadəcə ölkəmizdə deyil, SSRİ-yə daxil olan digər respublikalarda da rusdilli məktəblərin meydana çıxmasına səbəb oldu.  Lakin SSRİ-nin dağılması ilə keçmiş sovet respublikalarıdnakı bu məktəblərin bir qismi ləğv edildi, digər qismi isə ödənişli əsaslarla fəaliyyət göstərməyə başladı. Fəqət Azərbaycan həmin məktəbləri müstəqillik dönəmində də dövlət büdcəsi hesabına maliyyələşdirməkdə davam etdi. Ancaq müstəqillikdən bugünə qədərki dönəmin təhlili bir daha onu deməyə əsas verir ki, rus dilində fəaliyyət göstərən bu məktəblərin ödənişli əsaslarla fəaliyyətinə ehtiyac var. Bunu zəruri edən bir sıra səbəblər mövcuddur ki, biz bu səbəbləri görməzdən gələ bilmərik. -Həmin səbəblər hansılardır? -Həmin səbəblərdən ən başlıcası bu müəssisələrin dövlət büdcəsi hesabına fəaliyyətinin məntiqi baxımdan düzgün olmaması, eləcə də qanunvericilik baxımından sual doğurmasıdır. Respublikamızda dövlət dili Azərbaycan dilidir və dövlətimiz ana dilimizdə fəaliyyət göstərən bütün orta məktəblərin dövlət büdcəsi hesabına maliyyələşməsini təmin edir. Azərbaycan dili respublikamızda yeganə rəsmi dil olduğu üçün dövlətimizin məsələyə bu cür münasibəti həm qanuni, həm də mənəvi baxımdan tam doğru və məntiqlidir. Lakin rus dili Azərbaycanda qeyri-dövlət dili olduğu üçün bu dildə fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsi absurddur. Biz 1991-ci ildən etibarən müstəqil dövlətik və sovet dönəmində yaşamırıq. Bizim Azərbaycan dilindən başqa hər hansı bir dildə fəaliyyət göstərən təhsil müəssiəsini dövlət büdcəsi hesabına maliyyələşdirmək kimi borcumuz və öhdəliyimiz yoxdur. Belə olan halda rusdilli məktəblərin büdcə hesabına maliyyələşdirilməsinin davam etdirilməsi doğru sayıla bilməz. Onu da unutmaq olmaz ki, bu cür məktəblərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, həmin məktəblərin saxlanılmasına dövlət büdcəsindən hər il xeyli vəsait sərf edilir. Biz həmin məktəblərin ödənişli fəaliyyətinə start verməklə, büdcə vəsaitinə də qənaət etmiş olarıq. -Məşhrur müəllim, ölkəmizdəki rusdilli təhsil müəssisələrin dövlət büdcəsindən maliyyələşdirilməsinə son qoyulmasını zəruri edən daha hansı amillər mövcuddur? -Bunu zəruri edən digər bir amil ölkəmizdə fəaliyyət göstərən bütün qeyri-Azərbaycandilli məktəblərin hamısının ödənişli əsaslarla fəaliyyət göstərməsidir. Bu gün ölkəmizdə ingilis, alman və s. dillərdə fəaliyyət göstərən təhsil müəssisələri var. Hansı ki, həmin müəssisərləin hamısı ödənişli əsaslarla fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən türkdilli məktəblərin də fəaliyyəti ödənişli əsaslarladır və onlar büdcədən maliyyələşmir. Təsəvvür edin,  Türkiyə Azərbaycana qardaş ölkədir və ölkəmizdə fəaliyyət göstərən türkdilli məktəblərin heç biri dövlət büdcəsindən maliyyələşmir. Lakin rusdilli məktəblər kütləvi şəkildə dövlət büdcəsindən maliyyələşir. Halbuki, Rusiyda bir dənə də olsun Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisəsi yoxdur. Belə olan halda rusdili məktəblərin büdcədən maliyyələşdirilməsinin davam etdirlməsi yolverilməzdir. Hesab edirəm ki, biz həm milli maraqlarımızı, həm də büdcə maraqlarımızı əsas götürərək rusdilli məktəblərin ödənişli əsaslarla fəaliyyətini təmin etməli, onların büdcədən maliyyələşməsinə son qoymalıyıq. Seymur ƏLİYEV  

Hamısını oxu
“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini İlqar Cəlilov İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabenin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı “AzerGold” QSC-nin sədr müavini dövlət şirkətinin fəaliyyəti, əldə etdiyi uğurları və ölkə iqtisadiyyatına töhfələri barədə ətraflı məlumat verib. Səhmdar Cəmiyyəti tərəfindən beynəlxalq standartlara uyğun qaydada təşkil edilən geoloji kəşfiyyat, hasilat, emal və mineral resursların idarə olunması istiqamətindəki işləri, hazırda icra edilən və perspektiv inkişaf mərhələsində olan layihələri qonaqların diqqətinə çatdırılıb. İsmael Nabe çıxışında ölkəsi ilə Azərbaycan arasında iqtisadi və institusional əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, hasilat və geoloji kəşfiyyat istiqamətləri ilə yanaşı, kadr hazırlığı və təcrübə mübadiləsi sahələrində potensial əməkdaşlıq imkanlarına da xüsusi maraq göstərdiklərini qeyd edib. Qvineyalı nazir ölkəsinin qlobal polad sənayesi üçün strateji əhəmiyyət daşıyan Simandou dəmir filizi layihəsi çərçivəsində təsis edilmiş Akademiyasında dağ-mədən və geologiya üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycanla əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini diqqətə çatdırıb. Görüşün sonunda tərəflər perspektiv əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və növbəti addımların planlaşdırılması məqsədilə hər iki tərəfdən məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəliblər. Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.  

Hamısını oxu