Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“31 Mart soyqırımı erməni xislətinin, onun amansızlığının ən bariz nümunəsidir”

Cəlil Xəlilov: “44 günlük Vətən Müharibəsində baş verənlər Ermənistanın soyqırım siyasətindən əl çəkmədiyini göstərir”   Qarşıdan 1918-ci ilin 31 Mart soyqırımının növbəti ildönümü gəlir. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mart soyqırımının erməni xislətinin əsl mahiyyətinin dərk edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “31 Mart soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. Bu soyqırımının miqyas və mahiyyətini anlamaq üçün sadəcə bir faktı diqqətə çatdırım ki, 31 Mart soyqırımı respublikamızın əksər şəhər və rayonlarını əhatə edib. Bakı, Quba, Şamaxı, Lənkəran və s. kimi şəhərlərdə ermənilər xalqımıza qarşı kütləvi qırğınlar həyata keçirib, qadın, uşaq, qoca demədən qarşılarına çıxan hər kəsi amansızcasına qətlə yetiriblər.   Bu baxımdan, 31 Mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir.   44 günlük Vətən müharibəsində ermənilərin Gəncə, Bərdə, Tərtər və s. səhərləri raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırım siyasətindən imtina etmədiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan hər zaman olduğu kimi XXI əsrdə də, öz məkirli niyyətlərini gerçəkləşdirmək üçün qeyri-insani üsul və vasitələrdən istifadə etməkdən belə çəkinmir, bütün dünyanın gözü qarşısında soyqırım siyasətini davam etdirməyə çalışır. Hansı ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusu düşmənin bu qorxunc niyyətinin qarşısını aldı, işğalçıları darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Məhz “Dəmir yumruq” sayəsində Ermənistan geri çəkilməli, kapitulyasiya sazişini imzalamalı oldu.   Şübhəsiz, bu gün bütün beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri Ermənistanın tarixi soyqırım siyasətini qınamalı, bu cinayətlərə görə onun hüquqi müstəvidə cəzalanmasını təmin etməlidir. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi, aparıcı dövlətlərin pinsipial münasibəti, beynəlxalq təşkilatların qətiyyətli mövqeyi nəticəsində bütün insanlıq üçün təhlükə kəsb edən bu cür hallara son qoymaq, belə cəhdlər qarşısında etibarlı sədd çəkmək mümkündür. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə bütün bəşəriyyətə qarşı töprədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəiyyət maraqlı olmalıdır ”.   Seymur ƏLİYEV

2021-03-29 00:00:00
3649 baxış

Digər xəbərlər

“8 Noyabr zəfəri İlham Əliyevin ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir”

 “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bütün dünyaya örnək olan müasir ordu formalaşdırıb”   Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyidir. Xalqımızın həyatının bütün sahələrində silinməz izlər qoyan, müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyümüzü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.   Ulu öndərin izi ilə: Adidən mükəmməlliyə gedən yol...   Məlumdur ki, Azərbaycanda nizami ordu quruculuğu prosesi ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də, nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və s. istiqamətində ciddi qərarlar qəbul edildi. Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu.  Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı.   İlham Əliyev hərbçilərin sosial müdafiəsini niyə və necə gücləndirib?   İlham Əliyevin ordu quruculuğu prosesi əsnasında həyata keçirdiyi mühüm addımlardan biri hərbçilərin sosial rifahının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əmək haqlarının mütəmadi şəkildə artırılması ilə bağlı olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman haqlı olaraq belə hesab edib ki, vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumları, düşmən təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi və s. kimi hallarla üzləşməməlidir. Bu məqsədlə mütəmadi surətdə hərbçilərin sosial təminatının gücləndirilməsi ilə bağlı fərman və göstərişlər verən ölkə başçısının bununla bağlı son fərmanı 15 noyabr 2021-ci il tarixində olub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanla hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın katibliyi müəyyənləşib. Bundan daha öncə, 2021-ci ilin iyun ayında Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" sərəncam imzalayıb. 2021-ci ilin 1 iyul tarixindən qüvvəyə minən bu sərəncama əsasən işğaldan azad edilən ərazilədə xidmət edən hərbçilərin maaşları artırılıb.   Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb. 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin ediliblər. Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı ölkə başçısının məlum göstərişi də, YAŞAT Fondunun yaradılması da Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailələ üzvlərinə olan doğma münasibətinin göstəricisidir.   Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə!   İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev, bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısndakı üstünlüyünü bir qədər də artırmış, onu sözün həqiqi məansıdna məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi.   Xarici dövltətlərdən Azərbaycan ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vurulmuşdur. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir.   Bunu da qeyd edim ki, ölkə başçısı öz çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siaysətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib ki, bu da Azərbaycan ordusunun post-müharibə dönəmindən sonra da hərbi-texniki təchizat baxımından öz liderliyini qoruyub saxlayacağı deməkdir.   Yeni hərbi akademiyalar, xarici dövlətlərdə təkmilləşdirmə kursları və “peşəkarlar məktəbi”   İlham Əliyevin ordu quruculuğunda mühüm yer tutan məqamlardan biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Xatırladaq ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 19 aprel 1971-ci il tarixində Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi lideyin yaradılmasına nail olmuş, bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırmışdı. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam etmişdir. Ulu öndərin məlum siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılmasına nail olmuşdur. Buna nümunə olaraq Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradımasını göstərmək olar. Hansı ki, 44 günlük Vətən müharibəsində bütün qoşun növləri kimi Sərhəd Qoşunları da torpaqlarımızın erməni işğalından azad edilməsində yaxıdnan iştirak etmiş və böyük qəhrəmanlıqlar göstərmişdir.   Bundan başqa, məhz İlham Əliyevin səyi nəticəsində yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr qardaş Türkiyə başda olmaqla dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilmiş, bununla da öz peşəkarlıqlarını daha da yüksəltmiş, dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olmuşdular. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng  peşəkarlar məktəbinə çevrilmiş, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlmişdi.   Ordusunu vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan!   Müasir ordu quruculuğu prosesində İlham Əliyevin həyata keçridiyi hər bir islahat, tətbiq etdiyi hər bir yenilik son dərəcə səmərəli olmuş və bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış etmişdir.   İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar sırasında ordu daxilində mənəvi baxımdan sağlam ab-havanın yaradılıması, yüksək mübarizə əzminin və əhval-ruhiyyəsinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Təsadüfi deyil ki, İlham Əliyev sadəcə bütün dünyaya nümunə olacaq müasir ordunun qurucusu olmaqla yanaşı, həm də hərbçilərini vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan kimi tanınmaqdadır. İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində bütün aydınlığı ilə büruzə verdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir.   Məlumat üçün qeyd edim ki, Vətən müharibəsinin başa çatmasından bir il ötsə də, bu gün Azərbaycan ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar şanlı Azərbaycan ordusunun, bu ordunun Ali Baş Komandanı olan İlham Əliyevin gücündən, böyüklüyündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.   Yuxarıda qeyd etdiyimiz kimi, dekabrın 24-ü Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın  60 illik yubileyidir. Bizim üçün xüsusilə sevindiricidir ki, Azərbaycan xalqı öz liderinin 60 illik yubileyini ərazi bütövlüyünü təmin etmiş halda – qalib xalq kimi qeyd edir. Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bir-birindən böyük, bir-birindən önəmli uğurlara nail olacaq, insanlarımızın sosial rifahı daha da yaxşılaşacaq və vətənimiz günü-gündən daha da çiçəklənəcəkdir. Heç şübhəsiz ki, bu mühüm işdə hər birimiz Ali Baş Komandanın yanında olmalı, ona dəstək verməli və onun ətrafında dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq gələcəyimiz bu birlik və həmrəylikdən asılıdır.   Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik  

Hamısını oxu
Bir döyüşdə düşmənin 4 tankını məhv edən Sovet İttifaqı Qəhrəmanı: Qəzənfər Əkbərov!

Sovet İttifaqı Qəhrəmanı  Əkbərov Qəzənfər Qulam oğlu 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.   1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.   Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.                                    

Hamısını oxu
Azərbaycan-İran Strateji Tərəfdaşlığı:Qonşuluqdan Qardaşlığa Uzanan Münasibətlər

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə münasibətləri əsrlərin sınağından çıxmış dostluq,qardaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuşdur.Bu münasibətlər tarixdən gələn ortaq mədəni dəyərlərə,dini yaxınlığa, etnik və coğrafi bağlılığa əsaslanmaqla yanaşı, müasir dövrdə hər iki ölkənin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfər bu münasibətlərin inkişafında mühüm mərhələ təşkil etmişdir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlarda qeyd olunduğu kimi, Azərbaycan-İran münasibətləri qarşılıqlı etimada və bir-birinin suverenliyi, ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır.Bu səfər çərçivəsində imzalanmış sənədlər, aparılan danışıqlar və geniş fikir mübadiləsi göstərdi ki, hər iki ölkə bu münasibətləri daha da dərinləşdirmək əzmindədir.Əldə olunmuş razılaşmalar təkcə ikitərəfli formatda deyil, həm də regional və çoxtərəfli əməkdaşlıq müstəvisində böyük əhəmiyyət kəsb edir.Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin inkişafı və onun region ölkələri üçün iqtisadi səmərəsinin artırılması məqsədilə Azərbaycan tərəfindən reallaşdırılan infrastruktur layihələri bu əməkdaşlığın strateji dəyərini daha da artırır. Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan artan yük həcmini qarşılamaq məqsədilə nəqliyyat və logistika imkanlarını genişləndirməkdədir. Humanitar, mədəni və elmi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də səfərin əsas gündəm mövzularından biri olmuşdur.Qarşılıqlı mədəniyyət günlərinin yaxın gələcəkdə yenidən təşkili ilə bağlı qəbul edilmiş qərar xalqlarımız arasında mədəni dialoqun davamlılığını təmin edəcəkdir.  Prezident Pezeşkianın sözlərinə görə, ortaq dini, etnik və tarixi dəyərlər Azərbaycan-İran münasibətlərinin təməlini təşkil edir və bu birliyi heç bir xarici güc poza bilməz. Prezident İlham Əliyev qeyd etmişdir ki, “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq”.İran Prezidenti də çıxışında “Özümüzü Azərbaycanda yad ölkədə yox, sanki Təbrizdə, Ərdəbildə hiss edirik” deməklə bu mənəvi yaxınlığın nə qədər real və dərin olduğunu bir daha göstərdi. Səfər çərçivəsində həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, bir-birinə dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunmuşdur.BMT, İƏT, Qoşulmama Hərəkatı və digər qurumlarda iki ölkənin nümayəndələri ənənəvi olaraq bir-birini dəstəkləməkdədir.Prezident Pezeşkian bəyanatında Azərbaycanın regional və beynəlxalq siyasətdə göstərdiyi əzm və iradəni yüksək qiymətləndirmiş, gələcəkdə sənaye, elm, mədəniyyət, iqtisadiyyat və təhlükəsizlik sahələrində daha əhatəli strateji planların hazırlanacağını qeyd etmişdir. O, həmçinin vurğulamışdır ki, gələcək nəsillər bu gün əsası qoyulan əməkdaşlıqdan qürur duyacaqdır. Azərbaycan və İranın strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı iqtisadi rifahın təmin edilməsi və mədəni yaxınlığın daha da gücləndirilməsi baxımından mühüm rol oynayır. Bu tərəfdaşlıq bir daha göstərdi ki, bölgənin gələcəyi bölgə ölkələrinin öz əlindədir və dialoq, qarşılıqlı hörmət, birgə layihələr bu gələcəyin ən etibarlı təminatıdır. Azərbaycan-İran münasibətlərinin bu tarixi görüşlə yeni mərhələyə qədəm qoyması təkcə dövlətlərin deyil, xalqların da könül bağlarını biraz da möhkəmləndirdi. Bu, sadəcə diplomatik sənədlərin imzalanması deyil, qəlblərin yaxınlaşması, tarix boyu birgə addımlamış iki xalqın yenidən bir cərgədə dayanması anlamına gəlir. Təcrübəli dövlət adamlarının bu uzaqgörən siyasətinə veteranlarımız, ziyalılarımız da xüsusi dəyər verir. Ölkənin hər yerində bu səfər, səmimi çıxışlar və verilən mesajlar böyük rəğbətlə qarşılandı.  İran prezidenti Məsud Pezeşkianın görüş zamanı belə bir fikir səsləndirdi: “Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.” İran Prezidenti Məsud Pezeşkianın Qarabağ məsələsində verdiyi qəti və prinsipial mövqe sadəcə cari siyasi jest deyil, həm də strateji mahiyyət daşıyan, uzunmüddətli dövlət iradəsinin bəyanı kimi dəyərləndirilməlidir. 30 il işğal siyasəti yürütmüş Ermənistana müxtəlif mərhələlərdə birbaşa və ya dolayısı ilə dəstək verən qüvvələrin mövcud olduğu bir vaxtda bu cür açıq və qəti mövqe təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi mesajdır. Prezident Məsud Pezeşkian bu bəyanatı ilə yalnız şəxsi və ya hökumətinin mövqeyini deyil, həm də İran dövlətçiliyinin gələcək xəttini müəyyənləşdirən bir siyasi yanaşmanı göstərdi. Onun sözləri gələcəkdə İranda hakimiyyətə gələcək istənilən rəhbər üçün sözün əsl mənasında “miras” rolunu oynayacaq. Belə ki, bu bəyanat İranın ərazi bütövlüyü prinsipinə söykənən, qonşuluq və regional sabitlik əsaslı siyasətinə sadiqliyinin bariz ifadəsidir. Bu həm də bölgədə çoxmillətli oyunçuların, böyük güclərin və ikili standartlar siyasəti yürüdən dairələrin nəzərinə çatdırılan ciddi mesajdır ki, “Azərbaycanın ərazi bütövlüyü danışılası və ya müzakirə predmeti deyil” mənasına gəlir. İranın bu cür açıq və qəti bəyanatı regionda sülh prosesinin davamlılığına, erməni revanşizminin qarşısının alınmasına və gələcəkdə sərhədlərin toxunulmazlığı prinsipinin möhkəmlənməsinə mühüm töhfədir. Veteranlar bu qardaşlıq mesajlarını sabitliyin və sülhün zəmanəti kimi qiymətləndirir. Onlar yaxşı bilirlər ki, əgər bölgədə sülh varsa, sərhədlərimiz möhkəmdirsə bu həm də siyasi uzaqgörənliyin nəticəsidir. Bu görüş bir daha sübut etdi ki, sərhədlər qovuşdurur nəinki ayırır. Qonşuluq, tarix, ortaq mədəniyyət və etimad zamanın sınaqlarından çıxaraq xalqları daha sıx bağlayır. Bu gün Azərbaycan və İran arasında qurulan strateji tərəfdaşlıq körpüsü, sadəcə iqtisadi və siyasi maraqlar üzərində deyil qardaşlıq, dostluq və qarşılıqlı hörmət əsasında ucalmaqdadır. Prezident İlham Əliyevin və Prezident Məsud Pezeşkianın bu siyasi iradəsi gələcək nəsillərə miras qalacaq dostluq abidəsinin təməl daşıdır ki, o təməl daşı üzərində yeni uğurlar, ortaq layihələr və daha sabit, daha firavan bir region ucalacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!” Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.  Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:  “Əziz həmvətənlər!  Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.  Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Seymur ƏLİYEV  

Hamısını oxu