Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX məlumat yaydı: Şuşaya gələn livanlı terrorçu ələ keçdi

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Publika.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbər verir ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb. Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda araşdırmalar davam edir.

2020-12-02 00:00:00
3206 baxış

Digər xəbərlər

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Çox hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gözəl gündə Sizə ən dərin ehtiramımı, istedadlı dövlət xadimi, beynəlxalq xadim və məlahətli qadın kimi Sizə heyranlığımı bildirirəm. Tükənməz enerji və əməksevərlik, ən doğru və səmərəli həlləri tapmaq istedadı, dürüstlük və yüksək peşəkarlıq - bu keyfiyyətlər Sizin inkişafınıza və yalnız irəli getməyinizə imkan verir. Siz praktiki təcrübəniz, fəal həyat mövqeyiniz, əzmkarlığınız, nikbinliyiniz, geniş erudisiyanız və biliyiniz, qeyri-adi təşkilatçılıq qabiliyyətiniz sayəsində Azərbaycanın inkişafına çox böyük töhfə vermisiniz, bütün xalqın sevgisini və hörmətini qazanmısınız. Mənim üçün Siz həmişə səmimilik, xeyirxahlıq, müdriklik və gözəllik təcəssümü olmusunuz, bu gün də belədir və həmişə belə olacaq. Əziz Mehriban Arif qızı, icazə verin, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq, xoş əhval-ruhiyyə, aydın səma, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Qoy, ömrünüzün hər günü dostlarınızın təbəssümü və yaxınlarınızın sevgisi ilə dolu olsun. Sizə, ailənizə və işlərinizə həmişə heyranam. Sizə və yaxınlarınıza ən xoş arzularımı bildirirəm". Milli.Az

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə veteranlar arasında görüş keçirilib

  Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu qəhrəmanlığın 44 günlük Vətən müharibəsində təkrarlandığını, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərə imza atdığını bildirib.   Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik İdarəsinin rəisi, polkovnik Şaiq Məmmədov isə çıxışında bütün veteranlara Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun təbrikini çatdırıb. Özünün də veteran ailəsində böyüdüyünə diqqət çəkən polkovnik Şaiq Məmmədov, Azərbaycan xalqının öz veteranları ilə qürur duyduğunu vurğulayıb. Daha sonra polkovnik Şaiq Məmmədov bir qrup Böyük Vətən müharibəsi iştirakçısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından hədiyyələr təqdim edib.   Veteranlara verdiyi dəstəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə öz təşəkkürünü bildirən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, gəncləri veteranlardan örnək almağa, vətəni, torpağı bundan sonra da qətiyyətlə müdafiə etməyə səsləyib. Təşkilat sədri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığını, vətənpərvərliyin inkişafındakı rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, polkovnik Şaiq Məmmədova təşkilat adından hədiyyə təqdim edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
“8 Noyabr” Elektrik Stansiyası – Zəfərin Enerjiyə, Qələbənin İnkişafa Çevrildiyi Milli Layihə

Azərbaycanın enerji sektorunda mühüm və tarixi bir mərhələ tamamlandı: Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının təntənəli açılışı gerçəkləşdi. Bu layihə təkcə mühəndislik və texnologiya baxımından deyil, həm də mənəvi-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu stansiya Azərbaycanın 2020-ci ildə əldə etdiyi Şanlı Qələbənin davamı, Vətən müharibəsindəki zəfərin iqtisadi gücə və dayanıqlı inkişafa çevrilməsinin parlaq nümunəsidir. “8 Noyabr” qələbə tariximiz olmaqla yanaşı, həm də bir rəmz, bir güc, bir inkişaf yolunun başlanğıcıdır. “Bu, sadəcə bir tarix deyil. Bu, Azərbaycanın müasir tarixinin şanlı səhifəsidir,” deyə Prezident İlham Əliyev çıxışında bildirmişdir. Dövlət başçısının bu sözləri “8 Noyabr” adının təsadüfi seçilmədiyini açıq şəkildə göstərdi. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşanı azad etdi və bu gün 1880 meqavat gücündə müasir enerji nəhəngi də həmin tarixlə əbədiləşdi. Bu addım həm rəmzi, həm də strateji cəhətdən dövlət siyasətinin düşünülmüş, ardıcıl və gələcəyə yönəlik mahiyyətini ifadə edir. Azərbaycanın enerji təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Stansiya təkcə ölkə daxilində enerji təchizatının sabitliyini möhkəmləndirmir, eyni zamanda ixrac potensialını da artırır. Təxminən ölkə üzrə elektrik enerjisinin 15 faizini təmin edə biləcək bu nəhəng layihə Azərbaycanın enerji balansında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu stansiyanın istismara verilməsi bizə təkcə əlavə güc qazandırmır, eyni zamanda Azərbaycanın enerji ixracında sabitlik yaradır. “8 Noyabr” Elektrik Stansiyası cəmi iki il ərzində tikilərək istifadəyə verilib. Dünya praktikasında bu gücdə bir stansiyanın belə qısa zamanda istismara verilməsi nadir haldır. Bu fakt Azərbaycan dövlətinin çevik idarəçilik modelinin, təşkilati potensialının və milli texniki imkanlarının təntənəsidir. Müasir SCADA sistemləri ilə təchiz olunan stansiyada idarəetmə və nəzarət maksimum səviyyədə optimallaşdırılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz bu stansiyanı iki ilə tikdik. Bu, bizim iradəmizi, texniki imkanlarımızı və təşkilati potensialımızı göstərir. “8 Noyabr” Elektrik Stansiyası yalnız güc baxımından deyil, ekoloji üstünlükləri ilə də diqqət çəkir. Ən son texnologiyalarla təchiz edilmiş stansiyada karbon emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılıb. Bu isə Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Eyni zamanda, stansiyanın fəaliyyətə başlaması ilə şərti yanacaq sərfiyyatının azalması, təbii qaza qənaət və bərpaolunan enerji layihələrinin genişlənməsi üçün zəmin yaradılır. Yeni stansiyanın Mingəçevirdə yerləşməsi təsadüfi deyil. Mingəçevir artıq illərdir ki, Azərbaycanın enerji mərkəzi kimi tanınır. Bu layihə şəhərin iqtisadi və sosial həyatına yeni nəfəs verəcək. Tikinti mərhələsində minlərlə insanın işlə təmin olunması, stansiyanın daimi fəaliyyət dövründə isə yüzlərlə mütəxəssisin işlə təmin olunması, layihənin həm texniki, həm də sosial layihə olduğunu təsdiqləyir. Stansiyanın açılışı zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq enerji əməkdaşlığından da bəhs edərək, İtaliya və Çinlə strateji tərəfdaşlığın önəmini vurğulayıb. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Çinlə isə daha çox bərpaolunan enerji sahəsində əməkdaşlıqların gücləndirilməsi gündəmdədir. Bu isə göstərir ki, Azərbaycanın enerji strategiyası təkcə daxili deyil, həm də beynəlxalq miqyasda dayanıqlı inkişaf üzərində qurulub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçevirə raket zərbələri endirməsi, enerji obyektlərini hədəfə alması faktı bir daha sübut edir ki, düşmən ölkənin planlarında Azərbaycanın enerji təminatını sarsıtmaq əsas məqsədlərdən biri olub. Lakin bu cür təhdidlər qarşısında Azərbaycan dövləti daha da güclənərək, məhz Mingəçevirdə belə bir nəhəng enerji stansiyası inşa etdi. Bu, əslində, tarixə qarşı yönəlmiş hücuma gələcək üçün verilmiş sarsıdıcı cavabdır. “8 Noyabr” Elektrik Stansiyası təkcə bir enerji layihəsi deyil bu, milli iradənin, dövlət gücünün və xalq birliyinin mühəndisliklə qovuşduğu bir məfkurə layihəsidir. Bu stansiya Zəfər Günü ilə başlayıb gələcəyə uzanan inkişaf yolunun texniki dayağı, iqtisadi dirəyi və siyasi sabitliyin təntənəsi kimi tarixə düşür. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan bu gün həm enerji təminatında, həm də siyasi iradədə güclü dövlətdir. Bu gücümüzün əsas mənbəyi xalqımızın birliyidir.” “8 Noyabr” tarixə yazılmış zəfərin enerjiyə, milli iradənin isə davamlı inkişafa çevrildiyi bir nümunədir. Azərbaycanın bu uğuru təkcə regional deyil, qlobal enerji xəritəsində də öz yerini daha da möhkəmləndirir. Bu layihə göstərdi ki, Azərbaycan yalnız zəfər çalmır – o zəfəri uzunmüddətli və dayanıqlı uğura çevirir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə mühəndislər, energetiklər və iqtisadçılar üçün deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələri üçün qürurverici hadisə oldu. Xüsusilə də bu uğura ən çox sevinənlər müharibə və əmək veteranları, eləcə də Silahlı Qüvvələrin təqaüddə olan üzvləridir. Onlar yaxşı anlayırlar ki, bu günün təməlində həm zəhmət, həm də qanla yazılmış bir tarix durur. Bu stansiya əslində, müharibədəki qələbənin davamı, əmək cəbhəsindəki zəhmətin nəticəsidir. Onilliklər ərzində ölkənin müdafiəsi, quruculuğu və inkişafı naminə çalışan minlərlə vətənpərvər bu nailiyyəti böyük fəxr hissi ilə izləyir. “Biz bu zəfəri illərlə gözləmişdik, bu gün onun bəhrəsini görürük,” deyə veteranlar bildirirlər. Veteran təşkilatlarının nümayəndələri qeyd edirlər ki, “8 Noyabr” Stansiyası həm də yeni nəsillər üçün nümunədir. Necə ki, bir vaxtlar müharibə və əmək meydanlarında şücaət göstərilirdisə, bu gün həmin ənənə elm, texnologiya və dövlətçilik sahəsində yaşadılır. Zəfərin ruhu artıq yalnız tarixdə deyil – o, iqtisadiyyatda, təhsildə və sənayedə də yaşayır. Əmək veteranları bu stansiyanı “xalqın zəhmətinin abidəsi”, müharibə veteranları isə “Zəfərin davamı” adlandırır. Onların qoruduğu sabitlik bu gün böyük uğurlara çevrilir. “8 Noyabr” Elektrik Stansiyası müasir Azərbaycanın enerji ordusuna qoşulan yeni bir “əsgər”dir. O, ölkənin iqtisadi gücünü artıracaq, sosial rifahını yüksəldəcək və Azərbaycanın beynəlxalq nüfuzuna töhfə verəcək. Bu layihə həm keçmişə ehtiram, həm də gələcəyə çağırışdır.Çünki biz birlikdə güclüyük, irəliləyirik və qalibik!   Cəlil Xəlilov: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu