Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi

Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib: video “Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz.

 
Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik. Rəhbərlik edəcəyiniz rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlər görülüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıb. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır. Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu, həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kəndlərdə modul tipli təmizləyici qurğular, artezian quyuları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna xüsusi diqqət göstərilməlidir, eyni zamanda, suvarma məsələlərinə də. Çünki həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada əlbəttə ki, su amilinin çox böyük önəmi var. Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar var. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni, bu, onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır. Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib. Çünki bu da olmalıdır. Bildiyiniz kimi, fermerlərə böyük həcmdə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır. Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız. Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər. Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər yaşayır, onlar üçün şərait yaradılır. Mənim yadımdadır ki, Prezident kimi ilk açdığım köçkün qəsəbəsi Biləsuvar rayonunda olmuşdur və siz də köçkünlərə xüsusi diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir və bildiyiniz kimi, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Təkcə bu il 7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Eyni zamanda, köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artım olmuşdur. Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur. Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz Douing Business proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə, indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznesin nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır. Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac var. Çünki pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır. Çünki son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə bu məsələlər öz həllini tapacaq. Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, bütün prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görsə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun. Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır. Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz. Əminəm ki, mənim bütün tapşırıqlarım, tövsiyələrim sizin gündəlik həyatınızda əsas prinsiplər olacaq və qısa müddət ərzində Biləsuvar və Saatlı rayonlarında həm ictimai ab-hava yaxşılaşacaq, eyni zamanda, rayonların inkişafı təmin ediləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram”. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov deyib: “Cənab Prezident, icazə verin, əvvəlcə öz adımdan və həmkarımın adından bizə göstərilən yüksək diqqət və etimada görə Sizə minnətdarlığımızı bildirək. Əmin edirik ki, biz Sizin bu etimadınızı yaxın gələcəkdə var gücümüzlə doğruldacağıq. Sizin bugünkü və ümumiyyətlə bütün çıxışlarınızda göstərdiyiniz məsələlər - vətəndaşların məmnunluğu, iqtisadi ab-havanın yaxşılaşdırılması, yerli və xarici səhmdarların Azərbaycanın bu bölgələrinə və hazırkı dövrdə Biləsuvar və Saatlıya cəlb olunması bizim fəaliyyətimizdə prioritet sahələrdən biri olacaqdır. Onu da qeyd edim ki, əsas məsələ yerlərdə yeni iş yerlərinin açılması və qeyd etdiyiniz kimi, bununla da vətəndaş məmnunluğuna nail olunmasıdır. Bir daha Sizə təşəkkürümü bildirirəm və əmin edirəm ki, etimadınızı doğruldacağıq”. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov deyib: “Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimaddan irəli gələn məsuliyyətin böyüklüyünü anlayıram. Sizi əmin etmək istəyirəm ki, öz fəaliyyətimdə, həyata keçiriləcək işlərdə daim yorulmadan var qüvvəmlə çalışacağam. Çox sağ olun, cənab Prezident. Bir daha Sizə təşəkkür edib, minnətdarlığımı bildirirəm”. Prezident İlham Əliyev: “Sağ olun, sizə uğurlar arzulayıram”.

2020-08-24 00:00:00
2800 baxış

Digər xəbərlər

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

“03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılmış və təmin edilmişdir. Mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılmışdır.Qeydə alınan müvafiq faktlarla bağlı DTX-də cinayət işi başlanılmışdır”. Bu sözlər Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında yer alıb. Məlumatda qeyd olunur ki, “Azərbaycan Respublikasının vətəndaşları – C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə, 03 dekabr 2025-ci il tarixində saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər etmişlər. Qeyd olunan şəxslər DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə – hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Göründüyü kimi, DTX növbəti dəfə sadə vətəndaşların mənzil arzusuna qəsd edən şəbəkəni müəyyən edərək həm qanunun, həm də ədalətin tələbini yerinə yetirib. Xatırladaq ki, DTX əvvəlki illərdə də dəfələrlə oxşar qanun pozuntularının qarşısını peşəkarlıqla almış, kiber cinayətkarlara qarşı uğurlu əməliyaytalr təşkil etmişdi. Lakin MİDA-nın keçirdiyi son satışlar və bu satışlar zamanı da kiber cinayətkarların sistemə müdaxilə cəhdləri məlum problemin həllinə daha fundamental yanaşmağı zəruri edir. Hər şeydən öncə qeyd edək ki, məlum müdaxilələr onu deməyə əsas verir ki, MİDA-nın sistemi kiber hücumlara qarşı kifayət qədər dayanıqlı deyil və məhz bu səbəbdən də dövlətin təhlükəsizliyi ilə bağlı üzərinə böyük məsuliyyət götürən DTX hər dəfə bu problemə də müdaxilə etmək məcburiyyətində qalır. Halbuki, məlum problemin həli istiqmətində daha fundamental və birdəfəlik addımlar atmaq olar. Bu addımlardan biri kimi, MİDA-nın mənzil satışı ilə bağlı daha təkmil sistem yaratmaq, yaxud sistemin müdafiəsini tamamilə DTX-ya həvalə etmək olar. DTX-nın maddi-texniki bazası, eləcə də kadr ehtiyatı bu problemi birdəfəlik ortadan qaldırmağa, satışın şəffaflığı ilə bağlı vətəndaşların narahatlığına son qoymağa imkan verir. Həm dövlətin maraqları, həm də vətəndaş məmnunluğunun təmini baxımından bu, ən optimal variantlardan biridir. Şübhəsiz, problemin həlli ilə bağlı digər variantlar da təqdim edilə bilər. Önəmli olan dövlətin bu nəcib layihəsinə kölgə düşməsinin qarşısını almaq, ədalət və qanunun şərtini yerinə yetirməkdir. Seymur ƏLİYEV

Hamısını oxu
Vaşinqton görüşü tarixi görüşə çevrilib - Əldə olunan nəticələr yeni siyasi yol xəritəsidir

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında 44 günlük Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.   Tədbirdən öncə vətən uğrunda şəhid olan hərbçilərimizin ruhui bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.   Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun cəmi 44 gün içində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, gücləndirilmiş müdafiə xəttini yarıb keçdiyinə diqqət çəkən Cəlil Xəlilov, hərbçilərimizin sərgilədiyi peşəkarlığın dünyanın ən qabqcıl dövlətlərini də heyrətləndirdiyini vurğulayıb.   Prezident İlham Əliyevin şəhid ailələrinə, qazi və veteranlara böyük diqqət və qayğı göstərdiyini qeyd edən Respublika Veteranlar Təşkilatının sədr müavini, Vətən müharibəsində olduğu kimi, bundan sonra da cəmiyyətimizin, o cümlədən onun bir hissəsi olan veteran və qazilərin ölkə başçısına dəstək verməsinin, onun ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Həmçinin, sədr müavini bildirib ki, Respublika Veteranlar Təşkilatı hər bir veteran və qazini narahat edən, onları maraqlandıran məsələ və problemlərin həllinə dəstək verməyə, onlarla əlaqədar dövlət qurumları arasında koordinasiya yaratmağa hazırdır. Polkovnik Respublika Veteranlar Təşkilatı və onun yerlərdəki şöbələrinin qapısının bugünə qədər olduğu kimi, bundan sonra da qazi və veteranların üzünə açıq olduğunu bildirib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova öncə Böyük Vətən Müharibəsində xalqımızın faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkib: “Azərbaycan xalqı digər sovet xalqları ilə birlikdə 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə aktiv iştirak edib, bu müharibədə böyük qəhrəmanlıqlara imza atıb. 44 günlük müharibədə isə Azərbaycan xalqının qeyrətli oğulları müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardı. Bu müharibədə iştirak edən hər bir qazi, hər bir veteran bizim üçün əziz və dəyərlidir. Onları dəyərli edən isə vətənimiz, xalqımız, bayrağımız uğrunda vuruşmasıdır. Mən qazilərimiz önündə, onların göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm.   Vətən müharibəsində Ali Baş Komandan 44 gün ərzində hərbi mundiri əynindən çıxarmadı. İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşdü, onunla bir yerdə oldu, hərbçi paltarını əynindən çıxarmadı. Biz Ali Baş Komandanımızla fəxr edir, qürur duyuruq”.   Daha sonra çıxış edən Vətən müharibəsi qaziləri Namiq Rufullayev və Elçin Əhmədov müharibə ilə bağlı xatirələrini danışıb, dövlətin qazilərə olan dəstəyindən bəhs edib.   Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev təşkilatın hüquqi və digər məsələlərdə qazilərə dəstək verməyə hazır olduğunu qeyd edib.   Tədbirin sonunda qazilərin bir qismi təşkilata üzv qəbul edilib, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Çoxəsrlik dövlətçilik tariximizin İlham Əliyev zirvəsi

Azərbaycanın dövlətçilik tarixi zəngin, ləyaqətli, qürurlu və şərəfli yolun inikasıdır. Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycan müxtəlif hadisə və proseslərlə, taleyüklü məsələlərlə üzləşsə də, inkişafına zirvəsinə çatmağa müvəffəq olub və tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Faktlar və reallıqlar göstərir ki, bunu təmin edən əsas – həlledici amil məhz lider fenomenidir. Daha dəqiq desək, müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və Onun siyasi varisi – layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində böyük uğurlara, inkişafa və qələbəyə nail olub.   Milli inkişaf - siyasi-iqtisadi möcüzə və inkaredilməz reallıq   Son 18 ilin tarixi mənzərəsi, siyasi, iqtisadi reallıqları göstərir ki, İlham Əliyevin timsalında lider fenomeni Azərbaycanı ən ali məqama yüksəldib, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasını mümkün edib. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “inkişafın milli – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin təmin olunması, nümunəvi sosial siyasətin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırılması, dünya iqtisadiyyatına uğurlu inteqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm cizgilərini təşkil edir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu araşdırma mərkəzləri və reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olması və davamlı inkişaf etməsi ilə əlaqədar faktları əks etdirirlər.   Sabitlik və təhlükəsizlik adası   Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə sabitliyin və təhlükəsizliyin qarantıdır. Onun uğurlu siyasəti nəticəsində ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Təbii ki, xalq-lider birliyi, dövlət başçısının siyasətinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi sabitliklə yanaşı, milli həmrəyliyin də möhkəmlənməsini təmin edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Multikulturalizmin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətinin tərkib hissəsi olması isə xüsusilə nəzərə çatdırılır.   Güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş   Cənab İlham Əliyevin strateji kursu, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsini təmin edib. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı, nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi dövlət başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri çox yüksək qiymətləndirilir, Azərbaycan dialoq məkanı kimi mühüm beynəlxalq tədbirlərə, yüksək səviyyəli görüşlərə uğurla ev sahibliyi edir. Avrasiyanın enerji və nəqliyyat xəritələrinin yenidən yaradılmasını şərtləndirən uğurlu layihələrin həyata keçirilməsi isə Azərbaycana mühüm siyasi və iqtisadi üstünlüklər qazandırır. Bir sözlə, Azərbaycan dünya birliyinin layiqli, məsuliyyətli, güclü, nüfuzlu və etibarlı üzvü kimi çıxış edir.    Dövlətçilik tariximizin zirvə hadisəsi   Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm – zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq, uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub - tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən Müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü işğalçıları darmadağın etməsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir.   Yeni zirvələrə doğru   Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu