Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”

 

Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.

 

Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:

 

“Əziz həmvətənlər!

 

Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.

 

Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib.

 

Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu.

Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”

 

Seymur ƏLİYEV

 

1169 baxış

Digər xəbərlər

Ulu Öndər Heydər Əliyev mayak kimi daim xalqımıza xoşbəxt gələcəyə aparan doğru yolu göstərəcəkdir

Artıq Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Zaman keçdikcə Ümummilli Liderimizin dahiliyi  daha da aydın görünür. Ulu Öndər Heydər Əliyev demişdir: “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında deyilmiş bu tarixi fikirlərin həyata keçdiyini, həmin qürurlu günləri gördükcə Ulu Öndərin uzaqgörən fenomen şəxsiyyət olduğunun bir daha şahidi oluruq. 1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov Ümumilli Lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş nankor qonşularımız yenə baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı. Beləliklə, 1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyun - Qurtuluş Gününə qədər, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə biz xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, müstəqilliyimizin təhlükə altına düşməsi, iqtisadi tənəzzül, çörək növbələri, ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qalması və bu kimi bir çox çətinlikləri  yaşamışıq. Nə yaxşı ki, Azərbaycanın müdrik ağsaqqalları, o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə muraciət edərək Azərbaycanı bu bəlalardan ancaq onun qurtara biləcəyini söylədilər. Səriştəsiz AXC-müsavat cütlüyünün idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Ümummilli Liderimizi  xalqı bu bəlalardan xilas etmək üçün ölkə rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın tələbini və Azərbaycanın düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə Azərbaycanı bu çətin, böhranlı  vəziyyətdən çıxartmağa başladı. Bu yolda düşmənlərimiz tərəfindən ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin ona qarşı davamlı təzyiqləri, hətta sui-qəsd və çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, sözün həqiqi mənasında Ümummilli Lider, Ulu Öndər, xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi. O demişdir: “Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq.”  Prezident olduğu dövrdə Ulu Öndər Heydər Əliyev 60-dan çox ölkəyə səfər etmiş, həmin səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir. Ulu Öndər Heydər Əliyev haqqında dünyanı idarə edən ölkələrin liderləri, dünya şöhrətli tanınmış şəxslər, hətta nüfuzlu din xadimləri çox müsbət və dəyərli fikirlər söyləmişlər. 1978-2005-ci illərdə Roma Papası olmuş II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur.” ABŞ-ın Prezidenti (2000-2008) Corc Buş: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.” Fransa Respublikasının Prezidenti (1995-2007) Jak Şirak: “...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir.” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Bu iqtibas siyahısını səhifələrcə davam etdirmək olar, yüzlərlə tanınmış şəxsiyyətin  Ulu Öndər Heydər Əliyev haqqında söylədiyi dəyərli fikirləri burada qeyd edə bilərik. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə 300 milyonluq ittifaqa rəhbərliyi zamanı onu şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə rusların Azərbaycana və azərbaycanlılara qarşı münasibəti müsbətə doğru dəyişmişdir. 1994-cü ildə daxili və xarici təzyiqlərə baxmayaraq neft yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”ni bağlaması ilə nəinki gələcəkdə ölkəmizə böyük valyuta axınının təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. İllər ötəcək, əsrlər keçəcək Ümummilli Lider Heydər Əliyev bir mayak kimi Azərbaycan xalqını və digər xalqları xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli xəzinəsidir, milli sərvətidir. Arximed demişdir: “Mənə istinad nöqtəsi göstərin, yer kürəsini yerindən tərpədim.” Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin istinad yeridir. Azərbaycan xalqı və digər xalqlar istənilən mövzuda Heydər Əliyev xəzinəsinə istinad edərək özlərinə lazım olan müsbət cavabı ala bilərlər. Müasir Azərbaycanın banisi, qurucusu, memarı olan Heydər Əliyev xəzinəsindən istər siyasi, istərsə də iqtisadi, mədəni, hərbi, humanitar, o cümlədən elm, təhsil, incəsənət və digər bütün sahələr üzrə bəhrələnmək olar. Heydər Əliyevin həyatı və fəaliyyəti insanlar tərəfindən öyrənilməsi labüd olan ali bir məktəbdir. Bu məktəbin daimi dinləyicisi və bilicisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi Azərbaycan xalqına xilaskar kimi bəxş etdiyinə görə də xalqımız Ulu Öndər Heydər Əliyevin ruhuna daim  dualar oxumalıdır. Ümummilli Liderin cənab İlham Əliyev haqqındakı tarixi fikrini hamımız  yaxşı xatırlayırıq: “Mən ona  özüm qədər inanıram”. Bu sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi, bu bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi fikir idi. “Ot kökü üstə bitər” deyib atalarımız. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hakimiyyətdə olduğu elə ilk günlərdən, özü dediyi kimi, hər  bir azərbaycanlının Prezidenti olmaqla Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərinin keçirildiyi bir məkana çevirmişdir. Azərbaycanda olan siyasi və iqtisadi stabillik, hərtərəfli inkişaf, iş yerlərinin açılması, Olimpiya İdman Kompleklərinin tikilib istifadəyə verilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, o cümlədən də Bakının gündən-günə gözəlləşməsi Ümummilli Liderimiz Heydər Əliyev kursunun inamla və böyük uğurla davam etdirilməsindən xəbər verir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Prezident olduğu zamandan başlayaraq hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Ordu quruculuğu, iqtisadiyyatın möhkəmləndirilməsi, dünya ölkələri ilə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulmasi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq səviyyədə özünə layiqli yer tutması, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması və digər uğurlarımız 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təməli idi. Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlayır, Müzəffər Ali Baş Komandan İlham  Əliyevin dediyi kimi “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” Böyük sərkərdə cənab İlham Əliyevin, eləcə də igid əsgər və zabitlərimizin canı-qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının qamətini düzəltdi. Bu qüruru bizə yaşadan qəhrəman şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, igid qazilərimizə uzun ömür və cansağlığı arzulayırıq. Bu Qələbə şanlı tariximizə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə qızıl hərflərlə yazılacaq.  Qızıldan imza atdın Tarixin yaddaşına, Şanlı bir tarix yazdın Vətənin savaşına. Prezidentim, İlhamım, Ali Baş Komandanım! Qarabağı almağı Məqsəd qoydun qarşına, Dəmir yumruq endirdin Düşmənlərin başına. Prezidentim, İlhamım, Ali Baş Komandanım! Fəaliyyəti dövründə Azərbaycan Ağsaqqallar Şurası da hər zaman  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi Ümummilli Liderin dirçəliş və iqtisadi inkişaf strategiyasının, daxili və xarici siyasət kursunun dəstəklənməsi və vətəndaşlarımız arasında təbliğ edilməsi missiyasını yüksək səviyyədə həyata keçirir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında təşkilat  Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsini, milli dövlətçilik ideyalarını cəmiyyətə, xüsusilə də gənc nəslə aşılayır. Paytaxtda, o cümlədən ölkəmizin şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən nüfuzlu ağsaqqalların, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilir. May ayının 2-də növbəti  belə bir tədbir, möhtəşəm konfrans baş tutmuşdur. Belə ki, Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də Türk Dövlətləri Təşkilatının nümayəndələrinin, qurumun Ağsaqqallar Şurasının üzvlərinin, o cümlədən respublikamızın tanınmış elm adamlarının, ağsaqqalların və ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi-praktiki konfransda Ulu Öndər Heydər Əliyevin SSRİ  Nazirlər Sovetinin sədrinin 1-ci müavini işlədiyi dövrlərdə Sovet İttifaqının tərkibindəki türk dövlətlərinə və digər  respublikalara göstərdiyi dəstəkdən, Türkiyə ilə olan dostluq və qardaşlıq  münasibətlərindən söhbət açılmış, onun bütün Türk dünyası üçün böyük şəxsiyyət olması çıxış edən natiqlər tərəfindən xüsusi vurğulanmışdır. Bu məsuliyyətli və şərəfli yolda, cəmiyyətimizin, xüsusilə də gənclərimizin dövlətimizin  və dövlətçiliyimizin inkişafı naminə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi, Azərbaycanımızın dünyada daha şöhrətli, qalib bir ölkəyə çevirilməsi üçün Respublika Ağsaqqallar Şurasının üzvləri  hər zaman olduğu kimi bu gün də öz müdrikliyi və həyat təcrübələri ilə əllərindən gələn dəstəyi və köməkliyi göstərməkdədirlər. Biz unutqan olmamalıyıq. Bu günün qədrini bilməliyik. Gənc nəslə bu xoşbəxt günə hansı çətin, keşməkeşli yollarla gəlib çıxdığımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik. Bu gün biz əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli və uğurlu davamçısı, yüksək zəkası, əzmi, cəsarəti, mükəmməl idarəçilik qabiliyyəti ilə bütün dünyada böyük nüfuza və hörmətə sahib olan, Vətənini, vətəndaşını ürəkdən sevən, onu ən ağır böhranlardan xilas edən böyük Lideri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni-yeni  parlaq qələbələrə imza atacaq, ölkəmiz əmin-amanlıq şəraitində  inamlı inkişaf yolunu uğurla davam etdirəcəkdir!  Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

Hamısını oxu
“Konstitusiya və suverenliyimiz milli qürurumuz, iftixar mənbəyimizdir”

“Konstitusiya və suverenliyimiz milli qürurumuz, iftixar mənbəyimizdir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm əhəmiyyətə malikdir: “Konstitusiya və suverenlik hər bir azad dövlət üçün müstəqil yaşamın əsas göstəricisidir. Konstitusiyamız müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyünün qorunması üçün mühüm qanunvericilik bazası olmaqla yanaşı, ölkəmizdə demokratik azadlıqların, insan hüquqlarının müdafiəsinin təşkili baxımından həyati əhəmiyyətə malikdir. Qürur hissi ilə qeyd etməliyik ki, müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 1995-ci ilin 12 noyabr tarixində qəbul edilmiş, bununla da ölkəmizdə qanunvericilik sahəsində yeni bir dönəmin əsası qoyulmuşdur. Bundan sonra məlum Konstitusiya əsasında ölkəmizdə qanunvericilik sahəsində sistemli islahatlar həyata keçirilmiş, mühüm yeniliklərə imza atılmışdır. Qanunvericilik sahəsində görülən bütün bu işlər hüquq sistemimizin müasirləşməsinə, dünyanın ən qabaqcıl qanunvericilikləri səviyyəsinə yüksəlməsinə gətirib çıxarmışdır. 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi dövlətimizin tarixi zəfəri və ərazi bütövlüyümüzün, suverenliyimizin bərqərar olması ilə nəticələndi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən lokal antiterror tədbirləri ilə suverenliyimiz tam təmin edildi. Azərbaycan 30 ildən sonra öz suverenliyinə qovuşdu. Bu böyük, tarixi nailiyyətin altında isə yenə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzası var idi. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30, 8 Noyabr zəfərinin isə 5-ci ildönümüdür. Cari ildə Konstitusiya və suverenliyimizlə bağlı müxtəlif tədbirlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da həm konstitusiya, həm də suverenliyin önəminin ictimai şüurda daha dərindən dərk edilməsi, gənclərimizin bu anlayışlara daha dolğun sahiblənməsi baxımından olduqca əhəmiyyətlidir.  İnanıram ki, gənclərimiz dövlətçiliyimizin əsaslarından biri olan bu dəyərləri dərindən mənimsəyəcək, onların müdafiəsi və inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Gözdən Əlillər Cəmiyyətinin sədri: Görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb

Bakı, 7 fevral, AZƏRTAC Zaman günləri, həftələri, ayları, illəri qova-qova aparır və biz bəxtimizə düşən zaman kəsiyi içərisində müxtəlif hadisələrin şahidi oluruq. Əlbəttə ki, həmin hadisələrin içərisində xoş olanı, yadda qalanı, xatırlananı da var, xoş olmayanı da. Son illər bəxtimizə düşən zamanın içərisində elə xoş və unudulmaz hadisələr olub ki, onların işığı bütün ömrü işıqlandırmağa bəs edər. Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev bu sözləri paytaxtdakı 19 saylı Nərimanov seçki dairəsinin 36-cı məntəqəsində növbədənkənar prezident seçkilərində səs verərkən AZƏRTAC-a deyib. Son illər baş verən belə xoş hadisələrdən biri şübhəsiz ki, 2020-ci ilin 4, 17, 20, 25 oktyabrı və ən nəhayət 8 noyabrdır, - deyə cəmiyyətin sədri fikrini davam etdirib: “Həmin günlərdə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Şuşanın erməni hərbi birləşmələrindən azad edilməsini bütün varlığımdan keçən bir sevinc hissi ilə yaşamışam. Buraya həmin il noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də Laçının müharibəsiz və bir güllə atılmadan boşaldılmasını da əlavə etsəm, qəlbində yurd sevgisi, vətən yanğısı olan hər kəs məni yaxşı başa düşər. Ötən il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Qarabağdan separatçı qüvvələrin təmizlənməsi də son illər yaşadığım ən unudulmaz və xoş hadisələrdən olub. Həmin günlərin hər biri Azərbaycan tarixində çox mühüm və əlamətdar hadisədir. Bu mənada bu gün keçirilən və ölkəmizin gələcək həyatında taleyüklü hadisə olan prezident seçkilərini də heç də az əhəmiyyətli məsələ hesab etmirəm. Bu gün xalqımız müstəqillik tarixində ilk dəfədir ki, bütün ölkə miqyasında və bütün ərazisində bu mühüm siyasi kampaniyada iştirak edir. Budəfəki seçkinin ən böyük və önəmli faktoru elə budur. Xalqımız bütün ölkə miqyasında öz sabahına və gələcəyinə səs verir. Mən də öz konstitusion hüququmdan istifadə edərək məntəqəyə gəlmişəm. Burada görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb”. S. Abdullaevin verdiyi məlumata görə, ölkə üzrə 50 minə yaxın gözdən əlil şəxs var. 2003-cü ildən etibarən postsovet məkanında ilkin olaraq Azərbaycanda gözdən əlillər digər şəxslərlə yanaşı xüsusi trafaretlərlə gizli səs verə bilirlər. Bu il Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Gözdən Əlillər Cəmiyyəti tərəfindən görmə məhdudiyyəti olanlar üçün Brayl trafaretləri çap olunub. Həmin trafaretlər Mərkəzi Seçki Komissiyası tərəfindən bütün seçki dairələri üzrə paylanılıb. Görmə məhdudiyyəti olanlar paytaxtın Nərimanov rayonu ərazisində daha sıx məskunlaşdırqlarına görə 19 saylı Nərimanov seçki dairəsinin 36 və 37 saylı məntəqələrdə onların rahat səs vermələri üçün hər cür şərait yaradılıb. Hər iki məntəqə veb-kameralarla təmin edilib. “Səsvermə demokratik və şəffaf şəraitdə keçirilir. Hər kəs də layiqli hesab etdiyi namizədə səsə verir. Ümid etməyə dəyər ki, bugünkü seçkilər və onun ədalətli nəticəsi xalqımızın gələcək inkişafında çox böyük rol oynayacaq”, - deyə sədr fikrini yekunlaşdırıb.

Hamısını oxu
Xankəndi, sülhməramlı və 3 VACİB MESAJ

Ermənistanın kapitulyasiyası ilə nəticələnən üçtərəfli razılaşmadan (10 noyabr) iki ay vaxt keçir. Razılaşmanın müəyyən müddəaları yerinə yetirilib (Ağdam, Kəlbəcər və Laçının təhvil verilməsi). Lakin ən vacib müddəalardan biri və ən çox müzakirəyə səbəb olan məsələ hələ də problem olaraq qalmaqdadır: erməni silahlı birləşmələrinin bölgədən çıxarılması.Bu, razılaşmanın 4-cü müddəasında əks olunur və qeyd olunur ki, silahlı ermənilər sülhməramlıların bölgəyə yerləşdirilməsinə paralel olaraq çıxarılmalıdır.Bu prosesin həyata keçirilməsindən məsuliyyəti sülhməramlılar daşıyır, hərçənd, iki ay müddət keçməsinə baxmayaraq, yerinə yetirilməyib və sülhməramlıların 10 noyabr bəyanatında təsbit olunmuş funksiyasından kənar fəaliyyəti müşahidə olunur. Söhbət erməni əhalisinin bölgəyə gətirilməsindən gedir.Bunun fonunda Ermənistan rəsmiləri və Fransadan olan nümayəndə heyətinin Qarabağa qanunsuz səfər etməsi sülhməramlıların missiyasına uyğun işləmədiyinin növbəti sübutu oldu. Ermənistan xarici işlər nazirinin Xankəndinə səfəri isə sonuncu təxribatlardan biridir.Bütün bunların fonunda cəmiyyətdə suallar yaranır:- Ermənistanın XİN rəhbəri Xankəndinə necə gələ bilir?- Sülhməramlılar onu, eləcə də Fransa nümayəndə heyəti və digərlərini bölgəyə necə buraxır?- Sülhməramlılar razılaşmada nəzərdə tutulan funksiyadan kənar addımlar niyə atır?Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu suallara aydınlıq gətirdi və dəqiq mesajlar verdi.Birinci mesaj: Xankəndi Azərbaycan torpağıdır və xarici vətəndaşlar ora yalnız rəsmi Bakının icazəsi ilə gedə bilər...Prezident Ermənistanın xarici işlər nazirinin Xankəndinə qanunsuz səfəri haqda danışarkən bildirdi ki, Azərbaycandan xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır: “Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.Dövlət başçısı Ermənistana 44 gün davam edən və düşmənin darmadağın edildiyi “Dəmir Yumruq” əməliyyatını xatırlatdı. Qeyd etdi ki, “unutmasınlar, dəmir yumruq yerindədir”.“Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”, - dövlət başçısı qeyd etdi.Və burada hər şey açıq mətnlə ifadə olunur:1. Qarabağda ermənilərin yaşaması üçün ayrılan bölgə – Xankəndi, Xocavənd və Xocalı Azərbaycan torpağıdır;2. Bu bölgələrə səfər edən istənilən xarici vətəndaş – Ermənistan rəsmiləri, beynəlxalq təşkilatlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi istisna olmaqla), istənilən ölkənin nümayəndə heyəti Azərbaycandan icazə almalıdır;3. Azərbaycan qanunsuz səfərlərə səssiz qalmayacaq: Fransa nümayəndə heyətinin qanunsuz səfərindən sonra bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub və nota verilib;3. Azərbaycan Ermənistanın istənilən təxribata qarşı dəmir yumruqla cavab verəcək;İkinci mesaj: sülhməramlılara xatırlatma...Prezident İlham Əliyev çıxışında sülhməramlıların fəaliyyətinə toxundu və bildirdi ki, sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır.“Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”, - dövlət başçısı qeyd edib.Dövlət başçısı vurğuladı ki, sülhməramlı qüvvələrin Qarabağda funksiyası var: “Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik”.1. Sülhməqamlı qüvvələrin funksiyası 10 noyabr razılaşmasında təsbit olunub, lakin bu funksiya yerinə yetirilmir;2. Rəsmi Bakı sülhməramlıların funksiyasından kənar fəaliyyətindən məlumatlıdır, lakin indiki hava şəraitində ermənilərin yaşaması üçün problemin olmaması üçün buna göz yumur;3. Çünki Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşıdır və Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Sülhməramlıların funksiyasından kənar fəaliyyətinə Azərbaycanın göz yumması da bunun isbatıdır;Prezidentin bu mesajlarında həm də iki məqam diqqət çəkir:a) Qarabağdakı ermənilərə heç bir idarəçilik verilmir, onlar yalnız Azərbaycanın idarəçiliyi altında yaşaya bilərlər və bu halda onlara daha yaxşı şərait yaradılacaq;b) Sülhməramlılar funksiyasını xatırlamalı və silahlı erməniləri bölgədən çıxarmalıdır;Dövlət başçısının “Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb” sözləri də məhz bu deməkdir: hər kəs, sülhməramlılar da, Ermənistanda bəyanata uyğun fəaliyyət göstərməlidir.Üçüncü mesaj: Azərbaycanın öz ərazisinə anti-terror əməliyyat keçirmək hüququ...Prezident İlham Əliyev çıxışında Xocavənddə təxribat törədən erməni silahlıları məsələsinə aydınlıq gətirdi: “...Biz bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.1. Müharibə başa çatandan sonra Qarabağa gələn və ordumuz tərəfindən əsir götürülən erməni silahlı qruplaşmalarının üzvləri hərbi əsir yox, terrorçudur;2. Bundan sonra bölgədə təxribata əl atan erməni silahlılara qarşı Xocavənddə olduğu kimi, anti-terror əməliyyatı keçiriləcək, bu Azərbaycanın beynəklxalq hüquqa əsasən haqqıdır;3. Müharibə başa çatandan sonra erməni silahlı qruplaşmaları Qarabağa gələ və Azərbaycan hərbçilərinə qarşı təxribat hücumları edə bilirsə, deməli, sülhməramlılar öz vəzifələrini tam yerinə yetirə bilmir;Prezident mesajlarını açıq mətnlə Ermənistana və bölgədə sülhü təmin etmək missiyasını daşıyan qüvvələrə çatdırdı:Ermənistana: Azərbaycan kifayət qədər humanistlik göstərib, erməni tərəfi bunu qiymətləndirməlidir;Sülməramlı qüvvələrə: 10 noyabr razılaşmasına uyğun fəaliyyət göstərmək və razılaşmada təsbit olunmuş erməni silahlı qruplaşmalarının bölgədən çıxarılması təcili sürətdə təmin edilməlidir;Bütün bunlar 10 noyabrdan sonra Xankəndi məsələsi və sülhməramlılarla bağlı Azərbaycanın ən yüksək səviyyədə verdiyi konkret mesajlar hesab oluna bilər.Asif Nərimanlı

Hamısını oxu