Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.

Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.

Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir.

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur.

Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.

Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.

Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.

Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.

Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.

Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2024-cü il

2024-12-06 10:53:23
3421 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Hamısını oxu
Prezident fərman imzaladı: Şəhid ailələrinə hər ay 500 manat veriləcək

Şəhid ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.   AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək.   İndiyədək bu təqaüdün məbləği 300 manat olub.   Eyni zamanda, hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.   Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Hamısını oxu
Xankəndi, sülhməramlı və 3 VACİB MESAJ

Ermənistanın kapitulyasiyası ilə nəticələnən üçtərəfli razılaşmadan (10 noyabr) iki ay vaxt keçir. Razılaşmanın müəyyən müddəaları yerinə yetirilib (Ağdam, Kəlbəcər və Laçının təhvil verilməsi). Lakin ən vacib müddəalardan biri və ən çox müzakirəyə səbəb olan məsələ hələ də problem olaraq qalmaqdadır: erməni silahlı birləşmələrinin bölgədən çıxarılması.Bu, razılaşmanın 4-cü müddəasında əks olunur və qeyd olunur ki, silahlı ermənilər sülhməramlıların bölgəyə yerləşdirilməsinə paralel olaraq çıxarılmalıdır.Bu prosesin həyata keçirilməsindən məsuliyyəti sülhməramlılar daşıyır, hərçənd, iki ay müddət keçməsinə baxmayaraq, yerinə yetirilməyib və sülhməramlıların 10 noyabr bəyanatında təsbit olunmuş funksiyasından kənar fəaliyyəti müşahidə olunur. Söhbət erməni əhalisinin bölgəyə gətirilməsindən gedir.Bunun fonunda Ermənistan rəsmiləri və Fransadan olan nümayəndə heyətinin Qarabağa qanunsuz səfər etməsi sülhməramlıların missiyasına uyğun işləmədiyinin növbəti sübutu oldu. Ermənistan xarici işlər nazirinin Xankəndinə səfəri isə sonuncu təxribatlardan biridir.Bütün bunların fonunda cəmiyyətdə suallar yaranır:- Ermənistanın XİN rəhbəri Xankəndinə necə gələ bilir?- Sülhməramlılar onu, eləcə də Fransa nümayəndə heyəti və digərlərini bölgəyə necə buraxır?- Sülhməramlılar razılaşmada nəzərdə tutulan funksiyadan kənar addımlar niyə atır?Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu suallara aydınlıq gətirdi və dəqiq mesajlar verdi.Birinci mesaj: Xankəndi Azərbaycan torpağıdır və xarici vətəndaşlar ora yalnız rəsmi Bakının icazəsi ilə gedə bilər...Prezident Ermənistanın xarici işlər nazirinin Xankəndinə qanunsuz səfəri haqda danışarkən bildirdi ki, Azərbaycandan xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır: “Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.Dövlət başçısı Ermənistana 44 gün davam edən və düşmənin darmadağın edildiyi “Dəmir Yumruq” əməliyyatını xatırlatdı. Qeyd etdi ki, “unutmasınlar, dəmir yumruq yerindədir”.“Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”, - dövlət başçısı qeyd etdi.Və burada hər şey açıq mətnlə ifadə olunur:1. Qarabağda ermənilərin yaşaması üçün ayrılan bölgə – Xankəndi, Xocavənd və Xocalı Azərbaycan torpağıdır;2. Bu bölgələrə səfər edən istənilən xarici vətəndaş – Ermənistan rəsmiləri, beynəlxalq təşkilatlar (Beynəlxalq Qırmızı Xaç Komitəsi istisna olmaqla), istənilən ölkənin nümayəndə heyəti Azərbaycandan icazə almalıdır;3. Azərbaycan qanunsuz səfərlərə səssiz qalmayacaq: Fransa nümayəndə heyətinin qanunsuz səfərindən sonra bu ölkənin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub və nota verilib;3. Azərbaycan Ermənistanın istənilən təxribata qarşı dəmir yumruqla cavab verəcək;İkinci mesaj: sülhməramlılara xatırlatma...Prezident İlham Əliyev çıxışında sülhməramlıların fəaliyyətinə toxundu və bildirdi ki, sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır.“Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”, - dövlət başçısı qeyd edib.Dövlət başçısı vurğuladı ki, sülhməramlı qüvvələrin Qarabağda funksiyası var: “Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik”.1. Sülhməqamlı qüvvələrin funksiyası 10 noyabr razılaşmasında təsbit olunub, lakin bu funksiya yerinə yetirilmir;2. Rəsmi Bakı sülhməramlıların funksiyasından kənar fəaliyyətindən məlumatlıdır, lakin indiki hava şəraitində ermənilərin yaşaması üçün problemin olmaması üçün buna göz yumur;3. Çünki Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşıdır və Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Sülhməramlıların funksiyasından kənar fəaliyyətinə Azərbaycanın göz yumması da bunun isbatıdır;Prezidentin bu mesajlarında həm də iki məqam diqqət çəkir:a) Qarabağdakı ermənilərə heç bir idarəçilik verilmir, onlar yalnız Azərbaycanın idarəçiliyi altında yaşaya bilərlər və bu halda onlara daha yaxşı şərait yaradılacaq;b) Sülhməramlılar funksiyasını xatırlamalı və silahlı erməniləri bölgədən çıxarmalıdır;Dövlət başçısının “Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb” sözləri də məhz bu deməkdir: hər kəs, sülhməramlılar da, Ermənistanda bəyanata uyğun fəaliyyət göstərməlidir.Üçüncü mesaj: Azərbaycanın öz ərazisinə anti-terror əməliyyat keçirmək hüququ...Prezident İlham Əliyev çıxışında Xocavənddə təxribat törədən erməni silahlıları məsələsinə aydınlıq gətirdi: “...Biz bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.1. Müharibə başa çatandan sonra Qarabağa gələn və ordumuz tərəfindən əsir götürülən erməni silahlı qruplaşmalarının üzvləri hərbi əsir yox, terrorçudur;2. Bundan sonra bölgədə təxribata əl atan erməni silahlılara qarşı Xocavənddə olduğu kimi, anti-terror əməliyyatı keçiriləcək, bu Azərbaycanın beynəklxalq hüquqa əsasən haqqıdır;3. Müharibə başa çatandan sonra erməni silahlı qruplaşmaları Qarabağa gələ və Azərbaycan hərbçilərinə qarşı təxribat hücumları edə bilirsə, deməli, sülhməramlılar öz vəzifələrini tam yerinə yetirə bilmir;Prezident mesajlarını açıq mətnlə Ermənistana və bölgədə sülhü təmin etmək missiyasını daşıyan qüvvələrə çatdırdı:Ermənistana: Azərbaycan kifayət qədər humanistlik göstərib, erməni tərəfi bunu qiymətləndirməlidir;Sülməramlı qüvvələrə: 10 noyabr razılaşmasına uyğun fəaliyyət göstərmək və razılaşmada təsbit olunmuş erməni silahlı qruplaşmalarının bölgədən çıxarılması təcili sürətdə təmin edilməlidir;Bütün bunlar 10 noyabrdan sonra Xankəndi məsələsi və sülhməramlılarla bağlı Azərbaycanın ən yüksək səviyyədə verdiyi konkret mesajlar hesab oluna bilər.Asif Nərimanlı

Hamısını oxu
Prezident və Birinci vitse-prezident nekroloq imzaladılar

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur. Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır. Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur. 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir. Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Ziyad Səmədzadə Eldar İbrahimov Əhliman Əmiraslanov Teymur Bünyadov Sudeif İmamverdiyev".

Hamısını oxu