Digər xəbərlər
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin anası Flora Əliyeva vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov anasının vəfatı səbəbilə bütün veteranlar adından Baş prokuror Kamran Əliyevə dərin hüzünlə başsağlığı verib, ona və mərhumun bütün doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!
Hamısını oxu
“II Dünya müharibəsi ilə bağlı muzeyin yaradılması xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm xidmət olar” Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızda həyata keçirdiyi hərbi təlimlər, Qarabağ probleminin həlli ilə bağlı diplomatik müstəvidə atılan bir sıra addımlar, eləcə də şəhdilərimizin, milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi ilə bağlı irəli sürülən yeni təkliflər son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bütün bu məsələləri şərh etməyə, bəzi nüanslara aydınlıq gətirməyə çalışdıq. -Cəlil müəllim, oktyabrın 5-də Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər başa çatar-çatmaz düşmən yenidən 40 günlük hərbi təlimlərə başlayacağını elan etdi. Sizcə işğaldakı torpaqlarımızda fasiləsiz olaraq keçirilən bu təlimlər düşmənin ölkəmizə qarşı növbəti təxribatı sayıla bilərmi? -Təbii ki, bu bir təxribatdır. Dünya ictimaiyəti görür ki, heç bir beynəlxalq qanuna əhəmiyyət vermədən Azərbaycan torpaqlarını işğal edən Ermənistan, dünyadan pul dilənə-dilənə bu vəsaiti hərbi təlimlərə sərf edir. Halbuki, Ermənistanın bu torpaqlarda hər hansı formada fəaliyyət göstərmək, eləcə də hərbi təlimlər keçirmək haqqı və hüququ yoxdur. Bu gün Ermənistan ordusunda elə bir ağır vəziyyət mövcuddur ki, heç bir zabit və əsgər bu orduda xidmət etmək istəmir. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son vaxtlar qocaları, qadınları, yanğınsöndürənləri orduya cəlb etməyə çalışır, onları sovet dönəmindən qalma silahlarla təchiz edir. Ermənistan anlamalıdır ki, bu problemin onlar üçün heç bir müsbət perspektivi yoxdur. Onlar heç vaxt Qarabağı Ermənistana birləşdirə, bu torpaqların sahibi ola bilməyəcəklər. Çünki bu torpaqlar Azərbaycana məxsusdur və dünya da bu torpaqları məhz belə qəbul edir. Ermənistanın işğal edilmiş torpaqlarımızda keçirdiyi təlimlər beynəlxalq ictimaiyyətin təpkisinə səbəb olmalı, dünya birliyi işğalçı ölkəyə təzyiq göstərməlidir. Beynəlxalq təşkilatlar Ermənistandan tələb etməlidir ki, BMT-nın Təhlükəsizlik Şurasının Qətnamələrinə əməl etsin və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin. -Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışında bir daha erməni təcavüzünə diqqət çəkərək adıçəkilən təşkilatı məlum problemin həllində aktiv olmağa səslədi. Sizcə Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın maraqlarını beynəlxalq tribunada bu cür qətiyyətlə müdafiə etməsi erməni təcavüzünün qınaq hədəfinə çevrilməsi baxımından nə dərəcədə önəmlidir? -Ərdoğan BMT-yə Qarabağla bağlı ciddi mesajlar verdi. O qeyd etdi ki, nə üçün BMT Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra mexanizmini tapa bilmir? Nə üçün aparıcı dövlətlər Ermənistana iqtisadi-siyasi təzyiq göstərmir? Niyə öz torpaqlarından didərgin düşən bir milyondan çox insanın hüquqlarının pozulmasına göz yumulur? Niyə aparıcı dövlətlər, özlərini demokratiyanın beşiyi adlandıran ölkələr buna susur? Ərdoğanın beynəlxalq tribunada Qarabağ probleminə, erməni təcavüzü ilə bağlı səsləndirdiyi bəyanatını yüksək qiymətləndirir və bunu Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü hesab edirəm. Hesab edirəm ki, Türkiyənin diplomatik müstəvidə ölkəmizə göstərdiyi bu dəstək olduqca vacib və önəmlidir. -Son günlər yeni açılacaq metro stansiyalarına, körpülərə şəhidlərin adının verilməsi ilə bağlı təkliflər var. Sizcə bu təkliflərin reallaşması şəhid adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbiği baxımından nə dərəcədə zəruridir? -Azərbaycan xalqı və dövləti qarşısında xidməti olan insanların adları təbii ki, əbədiləşdirilməlidir. Onların adlarına parklar salınmalı, bu insnaların adları küçələrə, məktəblərə verilməlidir. Onların adları gəmilərə, metro stansiyalarına da verilə bilər. Yəni söhbət xalq və dövlət qarşısında xidməti olan insanlardan gedir. Əlaqədar dövlət orqanları bu məsələni diqqətdə saxlamalı və gərəkli addımları atmalıdır. Bizim veteranlar arasında da buna layiq olan, böyük xidmətlər göstərmiş insanlar var. Mən istərdim ki, onların da adı əbədiləşdirilsin. Mən uzun illər sərhəd qoşunlarında xidmət edən general Mustafa Nəsirovun adının əbədiləşdirilməsini istərdim. O, uzun müddətdir ki, rəhmətə gedib. Onun evinin divarına mərhum generalla bağlı lövhə belə vurulmayıb. Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təklif göndərmişik. Əlaqədar dövlət qurumlarına bununla bağlı məktublar ünvanlamışıq. Bəzi genarallarmızın adları əbədliləşdirildi, bir sıra genarllarla -general-mayor Firudin Hüseynov, general-leytenant Ziya Yusifzadə, general-leytenant Valeh Bərşadlı ilə də bağlı bu cür addımların atılmasını zəruri hesab edirəm. Bizim milli qəhrəmanlarımız, sovet ittifaqı qəhrəmanlarımızın, elm və əmək adamlarının da adlarının əbədiləşdirilməsi arzuediləndir. Qoy gənclər də bilsinlər ki, xalq qarşısında kimlərin xidməti var və bu insanlar heç vaxt unudulmur, daim ehtiram hissi ilə yad edilir. -Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov Azərbaycanın II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində mühüm xidmətlərə malik olduğunu, Bakının bu məsələdəki rolunun müstəsnalıq təşkil etdiyini bildirib. Hansı ki, məhz ölkəmizin faşizm üzərindəki mübarizədə əlahiddə xidmətlərə malik olduğu əsas götürələrək bir müddət bundan öncə məhz sizin tərəfinizdən gələn il – faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar olaraq Azərbaycanın II Dünya müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi səsləndirilib. Necə hesab edirsiniz, O.Süleymanovun Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu haqqında səsləndirdiyi yüksək fikirlər, sizin muzeylə bağlı irəli sürdüyünüz təklifin beynəlxalq miqyasda böyük aktuallıq kəsb etməsinin isbatı sayıla bilərmi? -Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilir ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovskiy öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı, müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. Istərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya Müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər. Biz muzeyin yaradılması ilə bağlı biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Lakin hələ ki, qarşı tərəf bununla bağlı rəsmi münasibət bildirməyib. Biz istəyirik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində muzeyin yeri müəyyən edilsin, onun yaradılması istiqamətində konkret addımlar atılsın. Bu, xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm bir xidmət olar. Seymur ƏLİYEV
Hamısını oxu
“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”.Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir:“Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq.Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”.
Hamısını oxuHörmətli Forum iştirakçıları! Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz! Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir. AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir. “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir. Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır. Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir. Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir. Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir. Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir. Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 sentyabr 2026-cı il https://president.az/az/articles/view/73617
Hamısını oxu