Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AQEM Media Forumunun iştirakçılarına

Hörmətli Forum iştirakçıları!

Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz!

Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.

AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə Bakıda keçirilən yüksək səviyyəli görüşlər, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin intensivləşməsinə töhfə verərək Azərbaycanın dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir.

Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir. Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir.

Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır.

Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir.

Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir. Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir.

Etibarlı məlumat yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir. Dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Media savadlılığının artırılması və yeni texnologiyaların məsuliyyətli tətbiqi də etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir.

Bu xüsusda AQEM Media Forumunun keçirilməsi media sahəsində əməkdaşlığın yeni məzmun və istiqamətlərlə zənginləşdirilməsi baxımından əlamətdar hadisədir. Əminəm ki, dost ölkələrin nüfuzlu media nümayəndələrinin iştirak etdiyi hazırkı Forum AQEM məkanında media sahəsində işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəkdir.

Forumun işinə uğurlar və səmərəli müzakirələr arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2026-cı il

https://president.az/az/articles/view/73617

 

2026-10-01 18:02:00
20 baxış

Digər xəbərlər

Bu gün şəhid çavuş Ülvi Alışovun doğum günüdür

Veteran.gov.az xəbər verir ki, bu gün şəhid  Ülvi Alışovun doğum günüdür.   Ülvi   Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub.   Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020 ci il sentyabrın 27 –də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın  işğalı altında olan ərazilərin azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.  

Hamısını oxu
“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Cəlil Xəlilov: “Bu fakt dövlətimizin hərbi gücündən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir” “Mövcud reallıq həm də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir” Məlum olduğu kimi, “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını təqdim edib. Ötən ilin terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan, 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşıb və bununla da reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi yer alıb. Mövzu ilə bağlı saytımıza   açıqlama verən Müharib, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov beynəlxalq hesabatda Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələr sırasında yer alması faktının ciddi mətləblərdən xəbər verdiyini bildirib: “Şübhəsiz ki, beynəlxalq reytinq cədvəlində Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer almağı Prezidentimizin və dövlətimizin tarixi uğurudur. Bu fakt Azərbaycan dövlətinin hərbi gücündən, siyasi iradəsindən, yürütdüyü anti-terror siyasətinin optimallığından xəbər verir. “Global Terrorism Index 2026” (GTI) Hesabatında ölkəmizlə bağlı yer alan bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyi naminə həyata keçirdiyi uğurlu siyasətin son dərəcə effektiv olduğunu göstərir. Məlum gerçəklik bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandan Azərbaycanın təhlükəsizlik arxitekturasının memarı, təhlükəsizliyimizin və tərəqqimizin qarantıdır”. Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkəmizə yönəlik terror cəhdlərinin qarşısının alınmasındakı roluna da diqqət çəkib: “Global Terrorism Index 2026” (GTI) Hesabatında dövlətimizin terror təhlükəsinə görə ən təhlükəsiz ölkələr sırasında yer almasında DTX-nın da mühüm rolu var. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz maddi-texniki təchizatını, peşəkarlğını daim yüksəldən DTX, Azərbaycana qarşı həyata keçirilən terror aktlarının qarşısını müvəffəqiyyətlə almaqda, terror cəhdlərini elə hazırlıq mərhələsindəcə neytrallaşdırmaqdadır. Beynəlxalq reytinq cədvəlində dövlətimizin ən yüksək sıralarda yer alması bir sıra amillərlə yanaşı, həm də DTX-nın peşəkarlığının göstəricisidir və bu peşəkarlıq xalqımız tərəfindən təqdir olunmaqda, alqışlanmaqdadır”. Seymur ƏLİYEV

Hamısını oxu
“2022-ci ilin “Şuşa ili” elan olunması hər bir azərbaycanlını qürurlandırır”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə xalqa müraciəti bir çox mühüm məqamları özündə ehtiva etməklə bərabər, ölkə başçısının 2022-ci ili “Şuşa ili” elan etməsi kimi mühüm hadisə ilə yadda qaldı. Şuşa şəhərinin Azərbaycan xalqı üçün milli-mənəvi əhəmiyyətini nəzərə alaraq onu qeyd etməliyik ki, 2022-ci ilin “Şuşa ili” elan olunması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, cənab Prezidentin 2022-ci ilin “Şuşa ili” elan olunması haqqında Sərəncamı olduqca mühüm tarixi, siyasi hadisədir”.   Bu sözləri Veteran.gov.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, 2021-ci ildə ölkəmizin əldə etdiyi ən böyük nailiyyət İkinci Qarabağ müharibəsinin nəticələrinin dünya tərəfindən qəbul olunmasıdır. Bu baxımdan cənab Prezidentin xalqa müraciətində qeyd etdiyi fikirlər olduqca mühümdür. Beləki, ölkə başçısı ilin yekunlarını həm də münaqişənin yekunları ilə birlikdə açıqlamışdır. Təqdim etdiyi mənzərəni isə müharibədən sonra cərəyan edən proseslərin Azərbaycanın haqlı mövqeyinin timsalı adlandırmışdır.  Bu baxımdan cənab Prezidentin sözləri ilə desək, “...müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”. Bəli, müharibədə qazanılmış qələbə nə qədər mühüm idisə, onun nəticələrini beynəlxalq səviyyədə qəbul etdirmək də, həmin nisbətdə mühüm idi. Bu baxımdan, 2021-ci il olduqca mühüm nailiyyətlərlə yadda qaldı.   Cənab Prezident İlham Əliyevin xalqa müraciətində ən mühüm məqamlardan biri də bu ilin “Şuşa ili” elan olunmasıdır deyən millət vəkili bildirib ki, bu il  Azərbaycan xalqı Şuşa şəhərinin əsasının qoyulmasının 270 illik yubileyini qeyd edəcək. Məhz, 2022-ci ilin “Şuşa ili” elan olunması cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin növbəti dəfə təzahürüdür. Bu baxımdan qeyd etməliyik ki, ötən il Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və burada keçirilən bir çox mühüm tədbirlər torpağın əsl sahibinin qayıtdığını bir daha bütün dünyaya çatdırmış oldu. 28 illik işğal dövründə düşmən Şuşa şəhərini erməniləşdirməyə çalışsa da buna nail ola bilməyib. Şuşa şəhəri öz milli-mədəni, tarixi ruhunu düşmənin bütün barbarizminə qarşı qoruyub mühafizə edə bilib.   T. Cəfərova xüsusilə qeyd edib ki, ötən 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 28 illik işğal dövründən sonra yenidən Şuşa şəhərinin tarixi, mədəni, siyasi, strateji dəyəri özünə qaytarılır.Cənab Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən “Şuşa sən azadsan”, “Şuşa biz qayıtmışıq”, “Şuşa biz səni dirçəldəcəyik” ifadələri önəmli məna daşıyırdı. Cənab Prezidentin məlum Sərəncamına əsasən deyə bilərik ki, bu gün biz bu mənanı daha yaxşı anlayırıq. Şuşada həyata keçirilən bərpa və quruculuq işləri, təşkil olunan mühüm tədbirlər və eləcə də, ölkə Başçısının dəfələrlə buraya səfərləri Şuşa şəhərinin tarixi, siyasi əhəmiyyətini bir daha ortaya qoyur.  Bütün bunlarla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün əlbəttə ki, strateji bir yer olduğunu hər birimiz unutmamalıyıq. Hamıya bəllidir ki,  hər zaman Şuşaya kim nəzarət edirsə Qarabağa da nəzarət edir deyilir. Bu baxımdan da Şuşanın əhəmiyyəti çox böyükdür. “Şuşa İli”nin elan olunması bir daha məhz bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya sübut etdi.   Bir daha vurğulamalıyıq ki, bu ilin “Şuşa ili” elan olunması mühüm tarixi,siyasi hadisə olmaqla yanaşı, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bir sözlə, bütün yollar bizi Şuşaya aparır- deyə millət vəkili Tamam Cəfərova bildirib.

Hamısını oxu
Ordu quruculuğu - böyük Qələbəni təmin edən vacib amil

Hamısını oxu