Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib.

Arxiyepiskop Paul Riçard Qallager Roma Papası Fransiskin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.

Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlətimizin başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırladı, Roma Papasını ölkəmizə səfərə dəvət etdi.

Səfərinin əsas məqsədinin Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdis edilməsi olduğunu deyən qonaq bu kilsənin inşası üçün ərazinin ayrılmasına və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi, bunun tərəfdaşlığın nümunəsi olduğunu və ölkəmizdəki katolik icması tərəfindən çox böyük rəğbətlə qarşılandığını vurğuladı.

Dövlətimizin başçısı yeni kilsənin inşasına başlanmasından məmnunluğunu ifadə edərək, arxiyepiskop Paul Riçard Qallagerin ölkəmizə səfərinin və kilsənin tikiləcəyi ərazini təqdis etməsinin Müqəddəs Taxt-Tacın Azərbaycanın katolik icması ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirdiyini dedi. Prezident İlham Əliyev yeni tikiləcək kilsənin əlaqələrimizin yaxşı rəmzi olacağını vurğuladı.

Qonaq Azərbaycanda müxtəlif dini icmaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamasında Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etdi. Arxiyepiskop Paul Riçard Qallager vurğuladı ki, müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinə bu cür hörmət göstərilməsi, harmonik şəraitin yaradılması Azərbaycanın və xalqımızın fərqləndirici xüsusiyyətlərindən biridir.

Dövlətimizin başçısı Azərbaycanın multikulturalizm ənənələrini qeyd edərək, ölkəmizdə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin daim sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşadığını vurğuladı.

Arxiyepiskop Paul Riçard Qallager ölkəmizdəki katolik icmasının nümayəndələrinin Azərbaycan rəsmiləri və cəmiyyəti ilə rahat şəraitdə münasibətlərinin olmasından məmnunluğunu bildirdi və qeyd etdi ki, bu da Azərbaycana nüfuz gətirən amillərdən biridir. Qonaq ölkəmizə səfəri çərçivəsində çox səmərəli görüşlər keçirdiyini dedi.

Prezident İlham Əliyev bütün bunların Azərbaycan üçün fəxr hissi doğurduğunu bildirdi, ölkəmizdə multikulturalizmin və çoxmillətliliyin daim təmin olunmasını məmnunluqla qeyd etdi, bunu dövlət siyasəti ilə xalqımızın ənənəvi yaşayış tərzinin vəhdəti olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin ölkəmizdə sülh, dostluq və mehriban şəraitdə yaşaması Azərbaycana əlavə güc verir, sabitliyin və cəmiyyətdə ahəngdarlığın təmin olunmasına xidmət edir.

Azərbaycanın, həmçinin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və bu sahədə əməkdaşlığa böyük töhfə verdiyini deyən dövlətimizin başçısı ölkəmizdə mütəmadi olaraq mədəniyyətlər və konfessiyalararası dialoqa həsr edilən beynəlxalq tədbirlərin keçirildiyini məmnunluqla xatırladı.

Qonaq COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev bildirdi ki, COP29 ərəfəsində dünya dini liderlərinin sammiti də keçirilib və orada dünya dini liderləri tərəfindən də iqlim dəyişmələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət olunub. COP29 zamanı Azərbaycanın müxtəlif tərəflər arasında körpülərin yaradılmasına çalışdığını deyən dövlətimizin başçısı bu tədbir çərçivəsində aparılan danışıqlar prosesinin uğurlu nəticələr verdiyini xüsusilə qeyd etdi.

Söhbət zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı.

Görüşdə Yaxın Şərqdəki vəziyyətə toxunuldu. Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha qeyd etdi.

Arxiyepiskop Paul Riçard Qallager dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

2024-12-16 18:39:33
3483 baxış

Digər xəbərlər

Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı olub

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda Dövlət katibi Kırımbek Köşerbayevin iştirakı ilə Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı olub.   Mərasimə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qazaxıstanın mədəniyyət və idman naziri Aktotı Rayımkulova, xarici işlər nazirinin birinci müavini Şahrat Nurışev, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin bu ölkədəki səfirləri və səfirlik nümayəndələri, nüfuzlu elm adamları, ictimai xadimlər, millət vəkilləri və digər qonaqlar qatılıblar.   Türk Akademiyası iki binada yerləşir. Binalardan biri inzibati məqsədlər, digəri Türk Muzeyi və Türkologiya Kitabxanısı üçün nəzərdə tutulub.   Qeyd edək ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Zirvəsində Qazaxıstan Prezidenti - Elbaşı Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmasına qərar verilən Türk Akademiyası 2010-cu ilin 25 may tarixində fəaliyyətə başlayıb. 23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən II Zirvə toplantısında beynəlxalq status qazanıb.   Beynəlxalq Türk Akademiyasının əsas məqsədi türk ölkələrinin elmi inteqrasiyasını gücləndirmək, ortaq irsi hərtərəfli təbliğ etmək, Türk dünyasında təhsil və elm sahəsində akademik fəaliyyəti əlaqələndirməkdir.    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Dekabrın 11-də Respublika Veteranlar Təşkilatının əməkdaşları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Respublika Veteranlar Təşkilatının əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır. 1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 17-ci ildönümü gününü paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər.

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu mətbuat nümayəndələri arasında müsabiqə elan edir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir. Müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər. Kriteriyalar: - Məqalə innovativ və əhatəli olmalıdır; - Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir; - Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində); - Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır; - Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir. QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə mdtf.press@gmail.com adresinə göndərilə bilər. Mükafat: I yer-1000 AZN Il yer - 800 AZN III yer - 600 AZN Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat Müsabiqənin müddəti: 01 iyun - 15 iyul 2022-ci il Əlaqə vasitələri: Tel: (012) 436-98-52 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Vətən müharibəsi qazilərinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

13 sentyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bir qrup 44 günlük Vətən müharibəsi qazisinin övladına məktəb ləvazimatları hədiyyə edib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov adından şagirdlərə yeni dərs ilində uğurlar arzulayan Təşkilat şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, dövlətimizin şəhid ailələri və müharibə veteranlarına olan qayğısından danışıb. Polkovnik Nadir İsmayılov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatı da öz növbəsində şəhid ailələri və veteranları tez-tez yad edir, öz imkanı daxilində həssas kateqoriyadan olan ailələrə dəstək göstərir. Bu dəstəyin bundan sonra da davam edəcəyini  bildirən Nadir İsmayılov, veteranlara diqqət və qayğı göstərməyin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.  

Hamısını oxu