Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müstəqil Azərbaycan Ordusunun generalı Dadaş Rzayev

Adı hərb tariximizə qızıl hərflərlə həkk olunan generallarımız olub. Bu gün də var. Onlardan biri də “Zabit olmaq üçün ilk növbədə xalqını, torpağını sevməlisən. Əgər sevmirsənsə, səndən zabit çıxmayacaq. Dünyada zabit adından şöhrətli, ağır vəzifə yoxdur. Çünki yeganə insandır ki, torpağı, xalqı qoruyur. Şərəfli işdir. Buna görə qanında, canında torpağı qorumaq, dövləti, xalqı, vətəni sevmək istəyi olmayan gənclər özlərinə başqa iş seçsinlər. Zabit 25 il xalqa qulluq etməli və nə qədər ağır iş varsa, icra edib əsgərlərə nümunə olmalıdır. Bir də unutmamalıdır ki, əgər zabit əsgərə doğma övladı kimi baxmırsa, əsgər onu sevməyəcək!” nidası ilə tarix yaradan general Dadaş Rzayevdir.

 O, Azərbaycan milli ordusunun formalaşmasında fəal iştirak edib. Dadaş Rzayev müstəqil Azərbaycanın hərbi tarixində və veteranların hüquqlarının qorunmasında əhəmiyyətli bir şəxsiyyət, xeyirxah insan olaraq tanınırdı. General Dadaş Rzayevin Veteranlar Şurasının sədri və Müdafiə Naziri kimi fəaliyyəti və ölkənin müstəqilliyi uğrunda apardığı mübarizə, həmçinin uzun illər boyu göstərdiyi hərbi xidmətlər və Azərbaycan ordusunun inkişafı üçün verdiyi töhfələr bu gün də gənc nəslə örnəkdir.

Dadaş Rzayev 1935-ci ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Axta rayonunda yerləşən Axundov kəndində sadə bir ailədə dünyaya göz açıb. Atası komsomol işində çalışıb, anası məktəbdə müəllimə işləyib. Uşaqlığı müharibə illərinə təsadüf etdiyindən o illərin məhrumiyyətləri  onun   həyatında dərin iz buraxıb. Müharibənin qızğın vaxtında, 1943-cü ildə birinci sinfə gedib. Atası müharibədə olduğundan ailənin böyük oğlu kimi onun da üzərinə məsuliyyət düşüb. Həm məktəbə gedib, həm də anasına çörək qazanmaqda yardım edib. Anasına ailəni saxlamaqda kömək etməsinə baxmayaraq, dərslərini də yaxşı oxuyub. Orta məktəbdə oxuyarkən çevik hərəkəti, hazırcavablığı, çalışqanlığı ilə yoldaşlarından fərqlənib. Anası oxumaq məsələsində onlara qarşı tələbkar olub.
Atasının  işi ilə əlaqədar  olaraq 1949-cu ildə Goranboyun Dəliməmmədli qəsəbəsinə köçüblər. Kəndlərindən 3 km aralıda təyyarə aeredromunun olması 6-7-ci sinif şagirdi olan Dadaş Rzayevi  təyyarəçi olmağa həvəsləndirib. O öz xatirələrində bu barədə deyirdi: “Orada müharibədən qalan təyyarələr çox uçurdular. Uşaqlarla gedib həmişə təyyarələrə baxardıq. Çox maraqlı idi. Minlərlə təyyarə yanmışdı. Hamısını yığıb Rusiyaya göndərirdilər. Normal olanı ilə isə təlim keçirdilər. Bəzən təyyarə elə gözümüzün önündəcə qəzaya uğrayırdı. Bütün bunlar mənim və mənimlə yanaşı, bir neçə uşaq üçün çox maraqlı idi və biz gələcəkdə hərbçi, təyyarəçi olmağı xəyal edirdik”.

Amma orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan Dadaş Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılıb. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilib. İkinci kursda taqım komandirinin müavini təyin edilib. "Qızıl Ulduz" ordeni ilə təltif olunub. O, Hərbi Hava Desantçıları Məktəbini bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilib. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş Rzayev polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirib.

 Dadaş Rzayev Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edib. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M.F.Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirib. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən general Dadaş Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edib. Dadaş Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general rütbəsində çalışıb.

Azərbaycan hökumətinin çağırışı ilə Dadaş Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışıb və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olub. Elə həmin illərdə Dadaş Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olub. 1991-ci ildə, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə əlaqədar ordu quruculuğu xüsusilə vacib idi. Dadaş Rzayev bu prosesə böyük töhfələr vermiş, Milli Ordunun yaradılması üçün zəmin hazırlamışdır. O, ordu strukturunun təşkilində, kadr hazırlığında və hərbi təlimlərin aparılmasında fəal iştirak etmişdir. Bu fəaliyyətlər, müstəqil Azərbaycanın güclü hərbi qüvvələrinin formalaşmasına kömək etmişdir.1991-ci ildə, Dadaş Rzayev müdafiə nazirinin müavini təyin edilmişdir. Bu təyinat, onun hərbi sahədəki bilik və təcrübəsinin etirafı idi. Müdafiə nazirinin müavini kimi, general Dadaş Rzayev müharibə şəraitində olan Azərbaycanın təhlükəsizlik məsələlərini həll etməyə, ordu quruculuğu və müdafiə qabiliyyətini gücləndirməyə çalışmışdır. Onun bu dövrdəki fəaliyyəti, Dağlıq Qarabağ müharibəsindəki hazırlıqların və qələbələrin təməlini qoymuşdur. Dadaş Rzayevin həmin illərdəki fəaliyyəti, onun Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında və ölkənin müstəqilliyini müdafiə etmək üçün apardığı mübarizədəki vacib rolunu nümayiş etdirir. Bu fəaliyyətlər onun hərbi sahədəki bacarıqlarını və Azərbaycanın müdafiə qabiliyyətini artırmaq məqsədilə göstərdiyi fədakarlığı göstərir. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunan general Dadaş Rzayevin Birinci ordu korpusunun komandiri kimi Başkəndi ermənilərdən xilas etmək qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq istəyən qüvvələr vardı. Avqustun 8-də, general Dadaş Rzayevin rəhbərliyi altında Azərbaycan Ordusu ermənilərin əsas mövqelərinə hücum edərək, möhkəm şəkildə müdafiə olunan Başkəndi işğaldan azad etmişdi. General Dadaş Rzayevin bu uğuru, yalnız hərbi baxımdan deyil, həm də siyasi və psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirən bu əməliyyat, həm də Qarabağ müharibəsinin gedişatına müsbət təsir göstərmişdi. Başkənd əməliyyatı uğurla başa çatdıqdan sonra, Dadaş Rzayevin hərbi qabiliyyəti və liderlik bacarığı daha çox tanındı. Lakin, onun müdafiə naziri təyin edilməsi, o dövrdəki bəzi etirazlara səbəb oldu. Bəzi şəxslər, xüsusilə bu əməliyyata qarşı çıxanlar, onun müdafiə naziri təyin olunmasına mane oldular. Buna baxmayaraq, general Dadaş Rzayev 1993-cü ilin fevralında Azərbaycan Respublikasının Müdafiə Naziri vəzifəsinə təyin edildi. Onun bu təyinatı, Dağlıq Qarabağ müharibəsinin ağır şəraitində və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm bir addım idi.Başkənd əməliyyatı və general Dadaş Rzayevin bu döyüşdəki liderliyi, onun hərbi karyerasında və Azərbaycanın müstəqillik mübarizəsindəki rolunu ön plana çıxaran hadisələrdən biri olmuşdur.O, Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edildi. Üsyan, 1993-cü ilin iyun ayında Gəncə şəhərində baş vermişdi və əslində, həmin dövrün siyasi və hərbi gərginliyi çox yüksək idi.Prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi dövrdə, Gəncə üsyanı ciddi bir hadisə olaraq qiymətləndirildi. Üsyan, əsasən, ordu içindəki dislokasiya və siyasətə qarşı yaranan etirazlardan qaynaqlanmışdı. Dadaş Rzayevin həmin dövrdəki roluna dair mübahisələr vardı və o, bu hadisələrlə bağlı olaraq Prezident Elçibəy tərəfindən vəzifəsindən azad edilmişdi. Onun vəzifəsindən azad olunması, Azərbaycanın hərbi və siyasi həyatında müəyyən bir dəyişiklik yaratmışdı və ölkənin təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirmişdi. Ancaq onun hərbi xidmətləri və gələcək fəaliyyətləri, xüsusilə müharibə veteranlarının hüquqlarının qorunması sahəsindəki uğurları, onun şəxsiyyətinə və xidmətlərinə dərin hörmət qazandırmışdır. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilən Dadaş Rzayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsini də icra etmişdir. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bu mükafat, onun Azərbaycanın ictimai və hərbi həyatına verdiyi töhfələrə, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki xidmətlərinə görə verilmişdir. General Dadaş Rzayevin həm veteranlar hərəkatına, həm də ordunun gücləndirilməsi və müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fədakar xidmətləri, onun bu ordenlə təltif olunmasında mühüm rol oynamışdır.

General Dadaş Rzayevin rəhbərliyi altında, veteranlar həmçinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması məqsədilə bir çox layihələrdə iştirak etmişdir. Veteranların təcrübəsi, mübarizə ruhu, gənc nəsilə örnək olmuşdur. Onlarda Azərbaycan Ordusunun qüdrətinə, tarixi Zəfərə inam hissini artırmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Dadaş Rzayev  davamlı olaraq veteranlarla görüşlər keçirmiş, onların problemlərini dinləmiş, ın ödənilməsi üçün əlindən gələni əsirgəməmişdir.

2024-cü il mayın 27-də Bakı şəhərində dünyasını dəyişən  general Dadaş Rzayev İkinci Şəhidlər Xiyabanında torpaq müqəddəsliyinə qovuşmuşdur. Bütün həyatını ölkənin hərbi qüdrətinin güclənməsinə, peşəkar hərbiçi kadrların yetişdirilməsinə həsr edən  general-mayor Dadaş Rzayevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, mənalı ömür yolu tədqiq və təbliğ edilərək gəns nəslə çatdırılacaqdır.

 

                                                                               Cəlil Xəlilov

                                           Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları            

                                                                 Təşkilatının sədri, polkovnik

2024-12-23 10:57:57
3869 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin BMT-dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti sülhə, ədalətə və tərəqqiyə səslədi, qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar verdi”. Bunu saytımıza açıqlmasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı daha təhlükəsiz dünya üçün atılması gərəkən addımlara diqqət çəkib: “Prezident İlham Əliyevin BMT kürsüsündəki çıxışı, bu çıxışda yer alan fikirlər bütün dünyanın bugünü və gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Dövlət başçısı faktiki olaraq bu çıxışı ilə daha təhlükəsiz, daha ədalətli dünyanı necə, hansı şəkildə inşa etməyin formulunu təqdim etdi. Prezident bildirdi ki, belə bir dünya yaratmaq üçün öncə ikili standartlardan imtina edilməli, ədalətin selektiv şəkildə tətbiqindən imtina olunmalıdır. Çünki bu cür yanaşma insanların ədalətə olan inamına zərbə vurur, onlarda məyusluq doğurur. Qeyd edək ki, Azərbaycan uzun müddət Ermənistanın işğalı ilə yanaşı, həm də ikili standartlardan, ədalətsizlikdən əziyyət çəkib. 30 ilə yaxın müddətdə qlobal güclər, dünyanın aparıcı ölkələri Azərbaycanın haqq işini əməli şəkildə dəstəkləməyib, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayıblar. Məhz bu baxımdan Azərbaycan ikili standartlara şahid olan, ədalətsizliklə üzləşən dövlət kimi ədalətli yanaşmanın nə qədər vacib olduğunu, bu məsələdə selektiv yanaşmaların haqsızlığa məruz qalan xalqlar tərəfindən necə böyük məyusluq və qəzəb doğurduğunu bilir. Buna görə də cənab Prezident daha gözəl, daha ədalətli dünya üçün ikili standartlardan imtinanın həuyati əhəmiyyət kəsb etdiyini bir kəs daha diqqətə çatdırdı”. Polkovnik qeyd etdi ki, dövlət başçısının diqqət çəkdiyi amillərdən biri də sülh faktoru olub: “Prezidentimiz bəşəriyyətin firarvanlığı və tərəqqisi baxımından sülh amilinin son dərəcə həyati önəm kəsb etdiyini vurğuladı. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, sülh yalnız sözdə deyil, həm də əməldə olmalıdır. Çünki yalnız bu halda həqiqi sülhü təmin etmək, onun praktiki nəticələrindən faydalanmaq mümkündür. Hansı ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional sülh uğrunda ardıcıl səylər, böyük fədakarlıqlar sərgilədi. Bütün bu səylər 2025-ci ilin 8 avqust tarixində ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh mətninin paraqraflanması ilə nəticələndi. Qeyd edək ki, Prezident İlham Əliyev sülhə verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa bir daha təşəkkür etdi, onun əməyini yüksək qiymətləndirdiyini vurğuladı. Bir sözlə, Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə bəşəriyyətin inkişafına yön verdi, dünya dövlətlərinə bir növ gələcək fəaliyyətlə bağlı dəqiq, aydın yol xəritəsi təqdim etdi.  Dövlət başçısı öz dəmir məntiqi ilə sübut etdi ki, planetimizin sabahı dünya dövlətlərinin bir-birləri ilə sülh şəraitində yaşamasından, səmimi əməkdaşlığından asılıdır və Azərbaycan bundan sonra da bu cür səyləri əməli şəkildə dəstəkləməyə, bəşəriyyətin rifahına töhfə verməyə hazırdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov İsmayıllıda çağırışçılar qarşısında çıxış edib

Təşkilat sədri: “Azərbaycan Silahlı Qüvvələrində xidmət hər bir şəxs üçün qürur mənbəyidir!” Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 2 iyul 2026-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İsmayıllı Rayon Şöbəsindən əsgərliyə yola salınan çağırışçılar qarşısında çıxış edib. Gənclərə hərbi xidmətdə uğurlar arzulayan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyin hər bir şəxs üçün böyük qürur və iftixar mənbəyi olduğunu bildirib: “Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək, vətənin müdafiəsinə qatılmaq, onun təhlükəsizliyində yer almaq hər bir şəxs üçün qürur mənbəyidir. Çünki ordu xalqımızın və dövlətimizin təhlükəsizliyinin qarantı, onun qüdrətinin göstəricisidir. Bu gün siz qalib bir ordunun sıralarında xidmətə yola salınırsınız. Düz 6 il bundan öncə erməni faşizmini darmadağın edərək işğaldakı torpaqları azad edən bu ordu,  hazırda bütün dünyanın 50 ən güclü orduları sırasındadır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, düşmənə qarşı mübarizədə tətbiq etdiyi taktikalar Rusiya, Çin, ABŞ kimi böyük dövlətlər tərəfindən belə böyük diqqətlə tədqiq edilməkdə, öyrənilməkdədir. Siz məhz belə bir orduda xidmət edəcək - əldə silah vətənin müdafiəsində yer almaqla şərəfli bir missiyada iştirak etmiş olacaqsınız. İnanıram ki, hər biriniz sizə olan etimadı doğruldacaq, öz nümunəvi xidmətinizlə ailənizlə yanaşı, xalqımız və dövlətimiz üçün də qürur mənbəyinə çevriləcəksiniz”. Polkovnik Cəlil Xəlilov son illər SHXÇDX-də həyata keçirilən islahatlara toxunub, çağırış sistemində əldə olunan böyük nailiyyətlərə diqqət çəkib: “Bizim üçün sevindiricidir ki, dövlət başçısının diqqəti və qayğısı sayəsində SHXÇDX-nin fəaliyyətində son illər çox ciddi dəyişikliklər baş verib, önəmli nailiyyətlər əldə olunub. SHXÇDX-də işin çevik, müasir tələblər səviyyəsində təşkili, hər bir addımda vətəndaş məmnunluğunun nəzərə alınması, elektron xidmətlərin genişləndirilməsi və s. cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqdadır. Mən bütün bu uğurlara görə SHXÇDX-nin hər bir əməkdaşını, xüsusilə də Xidmət rəisi general-mayor Mürsəl İbrahimovu təbrik edir, onlara öz fəaliyyətində uğurlarlar arzulayıram. Bu gün burada – SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsində şahid olduqlarımdan sonra bir daha əmin oldum ki, SHXÇDX öz tarixi inkişafı yolunda sözün həqiqi mənasında keyfiyyətcə yeni bir mərhələyə daxil olub və bu yolda sürətlə irəliləməkdədir. Mən çağırışçılarla işi yüksək səviyyədə quruğuna, onlara, eləcə də çağırışçıların valideynlərinə münasibətdə xüsusi həssaslıq göstərdiyinə, rayonda vətənpərvərlik tərbiəsinin təbliği sahəsində geniş iş apardığına, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi pokovnik Xaqani Fərzəliyevə də xüsusi təşəkkürümü bildirirəm”. Çağırışçılar qarşısında çıxış edən SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi polkovnik Xaqani Fərzəliyev çağırışçılara hərbi xidmətdə uğrular arzulayıb, onların vətənə ləyaqətlə xidmət edəcəyinə inamını ifadə edib. Daha sonra polkovnik Xaqani Fərzəliyev hər bir çağırışçı ilə vidalaşaraq onları avtobusa qədər müşayiət edib. Seymur ƏLİYEV

Hamısını oxu
Daha 120 müharibə veteranı üçün kiçik bizneslər qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində bu il daha 120 nəfər müharibə veteranını biznes planlarına uyğun aktivlərlə təmin edib. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar. Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil edilir. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə mal və materiallar formasında aktivlər verilir.  

Hamısını oxu
Azərbaycan Karate Federasiyasında yeni təyinat

Veteran.gov.az xəbər verir ki, Vüsal Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi vəzifəsinə təyin olunub. Məlumat üçün bildirək ki, Vüsal Abdullazadə  həmçinin Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə  "Dünya Fudokan Federasiyası"nın Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsidir. Vüsal Abdullazadə eyni zamanda  hərbi döyüş çoxnövçülüyü və karate üzrə 3 qat dünya çempionudur. O eyni zamanda 2016-cı il aprel döyüşlərinin iştirakçısıdır. Əlavə olaraq qeyd edək ki,  son illər idman sahəsində aparılan islahatlar nəticəsində Azərbaycanda dövlət tərəfindən tanınan və akkreditasiya olunmuş tək karate federasiyası Azərbaycan Karate Federasiyasıdır. Digər bütün karate növləri (üslublar) AKF -nın nəzdində inkişaf etdirilir. Qurumun prezidenti isə Karate üzrə dünya və avropa çempionu, 8-ci dan qara kəmər sahibi, Milli Məclisin deputatı Ülvi Quliyevdir.

Hamısını oxu