Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni il təbriki

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov Azərbaycan xalqını və Veteranlar   Təşkilatının çoxminli üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Təbrikdə  deyilir!

Əziz həmvətənlər, hörmətli veteranlar!

Birlik, Bütövlük, Həmrəylik hər bir xalqın, dövlətin milli sərvəti tarixi naliyyətidir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 31 dekabr uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi.  Bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməli qoyuldu. Artıq 35 ilə yaxındır ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Torpaqlarımızın işğaldan azad olunması milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasına böyük töhfələr verilib. Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir.

Əziz hənmətənlər, hörmətli veteranlar!

Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram. Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti uğurlar  arzulayıram.

Bayramınız mübarək olsun!

 

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik   Cəlil Xəlilov    

2024-12-29 20:17:23
1427 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Əməkdar jurnalist Ağahüseyn Hüseynovu 85 illik yubileyi münasibətilə təbrik edib

İyulun 7-də Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Veteran.gov.az Azertac-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Azərbaycan milli mətbuatının inkişaf tarixində özünəməxsus yeri olan Ağahüseyn Hüseynovun peşəkar jurnalist, bacarıqlı redaktor və media təşkilatçısı kimi uzun illər səmərəli fəaliyyəti ilə seçildiyini bildirib. O qeyd edib ki, yaradıcılıq yoluna görkəmli alim-jurnalist Nəsir İmanquliyevin yaratdığı məşhur "Bakı" və "Baku" qəzetlərində başlayan Ağahüseyn Hüseynov həmin nüfuzlu jurnalistika məktəbinin layiqli yetirmələrindən biri kimi formalaşıb. Sonralar bu qəzetlərə rəhbərlik edərək yüksək redaktorluq mədəniyyəti, peşə etikasına sadiqliyi və prinsipial mövqeyi ilə milli mətbuatın inkişafına mühüm töhfələr verib. Professor Afət Abbasova vurğulayıb ki, Ağahüseyn Hüseynovun çoxillik fəaliyyəti Azərbaycan jurnalistikasında peşəkarlıq, məsuliyyət və vətəndaş mövqeyinin vəhdətini özündə ehtiva edən örnəklərdən biridir. Daha sonra Ağahüseyn Hüseynovun ömür yolunu, jurnalistika sahəsində keçdiyi peşəkar inkişaf mərhələlərini və Azərbaycan mətbuatına verdiyi dəyərli töhfələri əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Azertac-ın İdarə Heyəti sədrinin müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, kinoşünas, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, yazıçı-publisist, baki-baku.az saytının baş redaktoru Şərəf Cəlilli, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin baş məsləhətçisi, baki-baku.az saytının layihə rəhbəri Dəniz Məmmədli, Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli, veteran jurnalist Ənvər Məşədiyev, polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova, jurnalist, tədqiqatçı, kulturoloq-yaponşünas Əbülfəz Babazadə, Ağahüseyn Hüseynovun qızı, pedaqoq Nurlanə Quliyeva və yazıçı-tərcüməçi, baki-baku.az saytının redaktoru Xanım Aydın Ağahüseyn Hüseynovun milli mətbuatın inkişafındakı rolundan danışıblar. Natiqlər onun uzun illər "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru kimi peşəkar jurnalistika prinsiplərinin qorunmasına, redaktorluq məktəbinin inkişafına və gənc jurnalistlərin formalaşmasına mühüm töhfələr verdiyini bildiriblər. Qeyd olunub ki, yüksək peşəkarlığı, obyektivliyi, prinsipiallığı, tələbkarlığı və təşkilatçılıq bacarığı ilə seçilən Ağahüseyn Hüseynov redaktor kimi sözün məsuliyyətini daim diqqət mərəzində saxlayıb. Onun rəhbərliyi ilə hazırlanan nəşrlər mövzuların dolğun təqdimatı, faktlara dəqiq yanaşma, aydın üslub və peşəkar redaktə mədəniyyəti ilə geniş oxucu auditoriyasının rəğbətini qazanaraq Azərbaycan mətbuatında özünəməxsus yer tutub. Əməkdar jurnalist, "Bakı" və "Baku" qəzetlərinin sabiq baş redaktoru Ağahüseyn Hüseynov yubileyinin Prezident Kitabxanasında keçirilməsini həyat və yaradıcılığına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirib, göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirib. Tədbirə yekun vuran Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki, Ağahüseyn Hüseynovun zəngin ömür yolu və çoxillik redaktor təcrübəsi Azərbaycan jurnalistikasının peşəkar inkişaf mərhələsini dolğun şəkildə əks etdirir. O bildirib ki, sözə məsuliyyətlə yanaşmaq, obyektiv mövqe və milli mətbuat ənənələrinə bağlılıq Ağahüseyn Hüseynovun fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərdəndir. Professor Afət Abbasova vurğulayıb ki, belə görkəmli ziyalıların irsinin öyrənilməsi və təbliği yalnız mətbuatın deyil, bütövlükdə ölkənin ictimai fikir tarixinin araşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Afət Abbasova əlavə edib ki, Prezident Kitabxanası Azərbaycan dövlətçiliyinə, elmə, mədəniyyətə və milli mətbuata dəyərli xidmətlər göstərmiş görkəmli ziyalıların zəngin irsinin toplanılması, mühafizəsi, tədqiqi və geniş oxucu auditoriyasına çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl surətdə davam etdirəcək.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə “TÜRKEL” Media Qrupu arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Veteran.gov.az xəbər verir ki, bu gün Almatı və Bişkek Mərkəzli “TÜRKEL” Yayın Qrupunun prezidenti, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova və sözügedən yayın qrupunun baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında qonaq olub. Təşkilat sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən qonaqlar rəhbərlik etdikləri qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, bu fəaliyyətin bütün türk dünyasının maraqlarına xidmət etdiyini vurğulayıblar. Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın üqmumi istiqamətləri müəyən edilib. Qeyd edək ki, TÜRKSOY laureatları olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli həm də Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının aparıcılarıdır və sözügedən proqram türk dünyasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə, türk xalqlarına məxsus mədəniyyətlərin, adət-ənənələrin, tarixi həqiqətlərin təbliğinə xidmət edir.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi – Veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi polkovnik Samir Musayev, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Azər Hacıbəyli Səlimov da iştirak edib.    

Hamısını oxu
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

2026-cı il martın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, əməkdar hüquqşünas Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.  Sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb.   Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan bəhs edib. Çıxışında vəkillik institutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il 28 dekabr tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun xüsusi rolunu vurğulayan Anar Bağırov qeyd edib ki, həmin Qanun vəkilliyin müstəqil hüquqi təsisat kimi formalaşmasının əsasını qoyub. Sədr bildirib ki, məhz bu Qanunun qəbulundan sonra Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik institutu tam müstəqil, heç bir hakimiyyət qolundan asılı olmayan peşə qurumu kimi fəaliyyət göstərməyə başlayıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində çəkişmə prinsipi əsasında məhkəmə prosesinin bərabərhüquqlu iştirakçısına çevrilib. VK sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini bildirib. Anar Bağırov bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması olduqca yüksək göstəricidir. Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir. Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib. Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub. Qeyd olunub ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir. Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son illər ərzində Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını qeyd edib. Bildirib ki, 1999-cu ildə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşması və fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub. Fərhad Abdullayev vurğulayıb ki, bu gün VK və vəkil korpusu cəmiyyətin nüfuzlu və etibarlı hüquq institutlarından birinə çevrilib. Kollegiyanın kadr potensialı əhəmiyyətli dərəcədə güclənib, vəkillərin peşə hazırlığı və hüquqi bilik səviyyəsi yüksəlib, bu isə bütövlükdə ölkədə hüquq sisteminin inkişafına mühüm töhfə verir. Mərasimdə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov namizədləri təbrik edərək gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib. Vəkillik peşəsinin yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində formalaşdığını vurğulayan əməkdar hüquqşünas onların hüquqi bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrinin vacibliyini söyləyib, vəkillik institutunun nüfuzunun qorunması və daha da yüksəldilməsi istiqamətində səylə fəaliyyət göstərməyin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar. Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər. Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim olunub. Mərasimdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər. Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.   

Hamısını oxu
Qubada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyəti və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hər uşaq bir ümid, bir gələcəkdir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyətində şəhid övladları ilə görüşərək onları bayram münasibətilə təbrik edərək, hədiyyələr təqdim etmiş və onlara uğurlar arzulamışdır. Sonra Quba rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm kursunun üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək bildirmişlər ki, uşaqların hüquqlarının qorunması, onların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd olunmuşdur ki, ölkəmizdə uşaqların hərtərəfli inkişafı, sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Daha sonra tədbirin bədii hissəsində uşaqların ifasında şeirlər səsləndirilmiş, musiqi və rəqs nömrələri təqdim olunmuş, həmçinin peşəkarlar tərəfindən nağıl animasiyaları nümayişi etdirilmişdir. Nümayiş etdirilən maraqlı çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sonda uşaqlara bayram hədiyyələri təqdim olunmuş, xatirə şəkilləri çəkdirilmişdir.      

Hamısını oxu