Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Əməkdar jurnalist Ağahüseyn Hüseynovu 85 illik yubileyi münasibətilə təbrik edib

İyulun 7-də Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Veteran.gov.az Azertac-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Azərbaycan milli mətbuatının inkişaf tarixində özünəməxsus yeri olan Ağahüseyn Hüseynovun peşəkar jurnalist, bacarıqlı redaktor və media təşkilatçısı kimi uzun illər səmərəli fəaliyyəti ilə seçildiyini bildirib. O qeyd edib ki, yaradıcılıq yoluna görkəmli alim-jurnalist Nəsir İmanquliyevin yaratdığı məşhur "Bakı" və "Baku" qəzetlərində başlayan Ağahüseyn Hüseynov həmin nüfuzlu jurnalistika məktəbinin layiqli yetirmələrindən biri kimi formalaşıb. Sonralar bu qəzetlərə rəhbərlik edərək yüksək redaktorluq mədəniyyəti, peşə etikasına sadiqliyi və prinsipial mövqeyi ilə milli mətbuatın inkişafına mühüm töhfələr verib. Professor Afət Abbasova vurğulayıb ki, Ağahüseyn Hüseynovun çoxillik fəaliyyəti Azərbaycan jurnalistikasında peşəkarlıq, məsuliyyət və vətəndaş mövqeyinin vəhdətini özündə ehtiva edən örnəklərdən biridir.

Daha sonra Ağahüseyn Hüseynovun ömür yolunu, jurnalistika sahəsində keçdiyi peşəkar inkişaf mərhələlərini və Azərbaycan mətbuatına verdiyi dəyərli töhfələri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Azertac-ın İdarə Heyəti sədrinin müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, kinoşünas, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, yazıçı-publisist, baki-baku.az saytının baş redaktoru Şərəf Cəlilli, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin baş məsləhətçisi, baki-baku.az saytının layihə rəhbəri Dəniz Məmmədli, Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli, veteran jurnalist Ənvər Məşədiyev, polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova, jurnalist, tədqiqatçı, kulturoloq-yaponşünas Əbülfəz Babazadə, Ağahüseyn Hüseynovun qızı, pedaqoq Nurlanə Quliyeva və yazıçı-tərcüməçi, baki-baku.az saytının redaktoru Xanım Aydın Ağahüseyn Hüseynovun milli mətbuatın inkişafındakı rolundan danışıblar. Natiqlər onun uzun illər "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru kimi peşəkar jurnalistika prinsiplərinin qorunmasına, redaktorluq məktəbinin inkişafına və gənc jurnalistlərin formalaşmasına mühüm töhfələr verdiyini bildiriblər. Qeyd olunub ki, yüksək peşəkarlığı, obyektivliyi, prinsipiallığı, tələbkarlığı və təşkilatçılıq bacarığı ilə seçilən Ağahüseyn Hüseynov redaktor kimi sözün məsuliyyətini daim diqqət mərəzində saxlayıb. Onun rəhbərliyi ilə hazırlanan nəşrlər mövzuların dolğun təqdimatı, faktlara dəqiq yanaşma, aydın üslub və peşəkar redaktə mədəniyyəti ilə geniş oxucu auditoriyasının rəğbətini qazanaraq Azərbaycan mətbuatında özünəməxsus yer tutub.

Əməkdar jurnalist, "Bakı" və "Baku" qəzetlərinin sabiq baş redaktoru Ağahüseyn Hüseynov yubileyinin Prezident Kitabxanasında keçirilməsini həyat və yaradıcılığına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirib, göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirib.

Tədbirə yekun vuran Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki, Ağahüseyn Hüseynovun zəngin ömür yolu və çoxillik redaktor təcrübəsi Azərbaycan jurnalistikasının peşəkar inkişaf mərhələsini dolğun şəkildə əks etdirir. O bildirib ki, sözə məsuliyyətlə yanaşmaq, obyektiv mövqe və milli mətbuat ənənələrinə bağlılıq Ağahüseyn Hüseynovun fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərdəndir.

Professor Afət Abbasova vurğulayıb ki, belə görkəmli ziyalıların irsinin öyrənilməsi və təbliği yalnız mətbuatın deyil, bütövlükdə ölkənin ictimai fikir tarixinin araşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Afət Abbasova əlavə edib ki, Prezident Kitabxanası Azərbaycan dövlətçiliyinə, elmə, mədəniyyətə və milli mətbuata dəyərli xidmətlər göstərmiş görkəmli ziyalıların zəngin irsinin toplanılması, mühafizəsi, tədqiqi və geniş oxucu auditoriyasına çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl surətdə davam etdirəcək.

2026-07-08 10:24:00
803 baxış

Digər xəbərlər

Peşəkar kəşfiyyatçı, təcrübəli çekist, Ulu öndər Heydər Əliyevin silahdaşı...

Həyatda elə insanlar var ki, onlar öz şəxsiyyətləri, xarakterləri, hədsiz peşəkarlıqları, sonsuz vətən sevgiləri ilə sadəcə sağlıqlarında xalqın, cəmiyyətin sevimlisinə çevrilmirlər. Onlar əbədiyyətə qovuşandan sonra da qoyub getdikləri zəngin irs, böyük məktəb, işıqlı xatirələrlə insanlar tərəfindən sevgi və ehtiram hissi ilə xatırlanır, daim böyük nəhayətsiz məhəbbətlə yad edilirlər. Azərbaycan xalqının belə nəhəng şəxsiyyətlərindən biri də peşəkar kəşfiyyatçı, təcrübəli çekist, Ulu öndər Heydər Əliyevin silahdaşı Rzaqulu Hüseyn oğlu Quliyevdir.  Erməni soyqırımının qurbanları... Rzaqulu Quliyev 1915-ci ilin sentyabr ayında  Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Lakin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı başlatdığı irimiqyaslı soyqırım siyasəti Qərbi Azərbaycandakı əksər azərbaycanlılar kimi Rzaqulu Quliyev da ailəsini doğma yurd yerini tərk etmək məcburiyyəti qarşısında qoyur. Rzaqulu Quliyevin atası, eləcə də digər yaxın qohumları azyaşlı uşaqların həyatını xials etmək üçün doğma dədə-baba torpaqlarını tərk etsələr də, onlar erməni faşizminin vəhşilikləri ilə barışmır, bu tarixi ədalətsizliyə silahlı şəkildə müqavimət göstərirdilər. Məhz bu döyüşlərdə Rzaqulu Quliyevin atası Hüseyn bəy, eləcə də əmisi 23 yaşlı Heydər düşmənə ağır zərbələr endirmiş, qeyri-bərabər mübarizədə qəhrəmanlıqla şəhid olmuşdular. Ermənilər tərəfindən gerçəkləşən  soyqırımı zamanı Rzaqulu Quliyevin anası Zərif xanım da haqqın rəhmətinə qovuşmuş, uşaqlar valideyn himayəsindən məhrum olmuşdular. Məhz belə bir ağır zamanda Quliyevlər ailəsinin qohumları Əlirza Əliyev və İzzət xanım Rzaqulu Quliyev və onun bacılarını taparaq öz himayələrinə götürürlər. Bu, faktiki olaraq uşaqların gələcəyini xilas edir, onlar üçün yeni perspektivlər açır. Gənc qəhrəman İkinci Dünya müharibəsi illərində... Orta məktəbi bitirdikdən sonra 1929-cu ildə əmək fəaliyyətinə başlayan Rzaqulu Quliyev, eyni zamanda öz təhsilini də uğurla davam etdirir, ən məşhur ali məktəblərdə təhsil alır. 1940-cı ilə qədər müxtəlif sahələrdə çalışan və bütün bu vəzifələrdə özünü təsdiq edən Rzaqulu Quliyev, İkinci Dünya müharibəsinin SSRİ-yə sıçraması ilə hərbi komissarlıq sistemində fəaliyyətə başlayır. 1940-1944-cü illərdə həm hərbi komissarlıq, həm də prokurorluq orqanlarında çalışan gənc vətənpərvər, 1944-cü ildə dövlət təhlükəsizlik orqanında fəaliyyətə başlayır. Rzaqulu Quliyev ömrünün sonuna qədər bu qurumda çalışır və Azərbaycan dövlətinin təhlükəsizliyinə böyük töhfələr verir. Rzaqulu Quliyev dövlət təhlükəsizlik orqanlarında xidmət edərkən sadəcə paytaxtda deyil, bölgələrdə də ciddi iş aparır. Şərur, Ordubad və Naxçıvanda peşəkar çekist kimi effektiv fəaliyyət göstərən Rzaqulu Quliyev daha sonra Bakıda – mərkəzi idarədə mühüm tapşırıqlar həyata keçiri, ciddi postlarda təmsil olunur. Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanındakı 35 illik fəaliyyəti dönəmində dəfələrlə yüksək orden və medallarla təltif olunmaqla yanaşı, həm də polkovnik rütbəsinə layiq görülür. Ulu öndər Heydər Əliyevin sevimlisi... Rzaqulu Quliyevin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti Ulu öndər Heydər Əliyev tərəfindən də diqqətlə izlənilir, təqdirlə qarşılanırdı. Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarında işləyən şəxslərdə əsasən iki mühüm keyfiyyətin olmasını vacib hesab edirdi. Bunlardan biri həqiqi peşəkarlıq, digəri isə əsl vətənprəvərlik idi. Ümummilli lider hesab edirdi ki, bu iki amil dövlət təhlükəsizliyi orqanlarında çalışanlarda vəhdət təşkil etməlidir. Çünki yalnız bu halda uğru və müvəffəqiyyəti təmin etmək,dövlətin və xalqın təhlükəsizliyini sözün həqiqi mənasında təmin etmək mümkündür. Rzaqulu Quliyev da məhz bu xüsusiyyətləri – peşəkarlığı və vətənpərvərliyi ilə diqqət çəkir, bununla ətrafdakı digər insanların da rəğbətini qazanırdı. Rzaqulu Quliyevin çalışqanlığı, çətin və mürəkkəb situasiyalarda məntiqli qərarlar qəbul etməsi, öz təmkinini heç vaxt itirməməsi Ulu öndər Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlər idi. Buna görə də Heydər Əliyev Rzaqulu Quliyevə xüsusi ehtiramla yanaşır, onun fəaliyyətini, dövlət qarşısndakı xidmətlərini yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Rzaqulu Quliyev 1982-ci ildə vəfat edən zaman Heydər Əliyevin təşəbbüsü ilə II Fəxri Xiyabanda dəf edilmiş, onunla bağlı rəsmi nekoloq yayımlanmışdır. Həmin nekroloqda deyilirdi: “Kəşfiyyat orqanlarında məsul vəzifələrdə Rzaqulu Quliyev operativ işi düzgün təşkil etmək və şəxsi heyətlərin səylərini başlıca vəzifələrin yerinə yetirilməsinə səfərbər etmək bacarığı ilə fərqlənmişdir. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi uzun illər ərzində o, yüksəkixtisaslı kəşfiyyatçı, bacarıqlı təşkilatçı kimi yetişmiş, zəngin təcrübə toplamış, təcrübəsini cavan əməkdaşlara səxavətlə öyrətmişdir”. Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanlarında xidmət edərkən gənc kadrlara bu peşənin sirlərini həvəslə öyrədir, öz təcrübəsini onlarla sevə-sevə bölüşürdü. O, çox yaxşı bilirdi ki, dövlətin gələcək təhlükəsizliyi məhz gənclərdən, onların bilik və bacarığından, peşəkarlığından asılıdır. Buna görə də Rzaqulu Quliyev gənclərə xüsusi həssaslıqla yanaşır, onlar üçün sözün həqiqi mənasında ilham mənbəyi rolunu oynayırdı. Xidmətdən sonra da xalqa xidmətini davam etdirən vətənpərvər Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanlarından təqaüdə çıxandan sonra da xalqa xidmət etməkdə davam etmiş, ictimai-siyasi müstəvidə ciddi aktivlik sərgiləmişdir. Xalq arasında yüksək nüfuza və hörmətə malik olan Rzaqulu Quliyev şəhər və rayon Xalq Deputatları sovetlərinin deputatı seçilmiş, bu vəzifədə də xalqa ləyaqət və vicdanla xidmət etmişdir. O, “İnturist" Ümumittifaq Səhmdarlar Cəmiyyətinin Bakı Şöbəsinin rəhbəri, habelə, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini vəzifələrində də fəaliyyət göstərmişdir.  Rzaqulu Quliyev ictimai-siyasi fəaliyyətinə görə də çoxsaylı təltiflər almış, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenlərinə,  SSRİ-nin “Fəxri çekist”i adına  layiq görülmüş, Azərbaycan Respublikasının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır. Peşəkar kəşfiyyatçı təqaüdə çıxdıqdan sonra da gənclərlə aktiv şəkildə işləməkdə davam etmiş, onları yüksək təhsil almağa, dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməyə, özlərini inkişaf etdirməyə həvəsləndirmişdir. Yüzlərlə gənc məhz Rzaqulu Quliyevin məsləhət və tövsiyəsi ilə ali məktəblərdə təhsil almış, müxtəlif dövlət qurumlarında faəliyyətə başlamışdır. Hansı ki, Rzaqulu Quliyevin işıqlı xatirəsi bu gün də onlar tərəfindən ehtiramla xatırlanmaqdadır.  ...Qarşıdan mərhum çekistin anadan olmasının 110 illiyi gəlir. İnanıram ki, Rzaqulu Quliyevin 110 illik yubileyi əlaqədar dövlət qurumları tərəfindən yüksək səviyyədə qeyd ediləcək, onun xatirəsi bir kəs daha təntənəli şəkildə yada salınacaq.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də bütün ömrünü Azərbaycan dövlətinin və xalqının inkişafına, təhlükəsizliyinə həsr edən Rzaqulu Quliyevlə bağlı tədbirlər keçirəcək, gəncləri məhz bu cür şəxsiyyətlərdən öyrənməyə səsləyəcəyik. Gənclərimiz dünənlərinə görə kimlərə minnətdar olduqlarını bilməli və sabahın təhlükəsizliyini keçmişin təməlləri üzərində inşa etməyi bacarmalıdırlar. Çünki bu, keçmişə sahib çıxmaq mədəniyyəti və dərrakəsi ilə yanaşı, həm də inkişaf və təhlükəsizliyin ən etibarlı, ən optimal yoludur!  Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  

Hamısını oxu
“Bugünkü qələbənin əsasında Ulu öndərin siyasəti dayanır”

"Güclü Azərbaycan dövlətinin yaradılması Ulu öndər Heydər Əliyevin dəsti xəttidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi şəraitdə Azərbaycan xalqının israrlı təkidi ilə ümummilli liderin hakimiyyətə gəlməsi dövlətimizi gücləndirdi”.   Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O qeyd edib ki, bu gün qələbələrimizin əsasında Ulu öndərin qoyduğu siyasət dayanır:   "Bu siyasəti də dövlət başçısı İlham Əliyev uğurla həyata keçirir. Bunun da real nəticəsini biz 44 gün davam edən savaşda gördük və torpaqlarımız işğaldan azad edildi. Hər bir azərbaycanlının gözlədiyi gün gerçək oldu”.  

Hamısını oxu
Milli Qəhrəman Riad Əhmədov dəfn edilib.

“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub. Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirblər. Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.        

Hamısını oxu
Nəsimi rayon Veteranlar Təşkilatının sədri İkinci Dünya müharibəsinin iştirakçısı Fərəcov İsmayıl Mövsüm oğlu

       Hörmətli İsmayıl  müəllim ! Təşkilatın bütün kollektivi adından Sizi anadan olmağınızın 95 illiyi  münasibəti ilə  səmimi qəlbdən təbrik edirik. Veteran hərəkatında fəal iştirakınız və gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunmasında xüsusi xidmətləriniz təqdirə layiqdir. Sizə möhkəm can sağlığı, ailə səadəti  və gələcək  işlərinizdə daha  böyük  uğurlar  arzulayırıq.

Hamısını oxu