Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Daşksəndə Böyük Vətən müharibəsi veteranına ərzaq yardımı edilib

İyulun 9-da xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının nümayəndəsi İsmayıl İsmayılov ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Daşkəsən rayonunda yaşayan İkinci Dünya müharibəsi veteranı 94 yaşlı Əhmədov İdris Kərəm oğlunun evində qonaq olublar, ona ərzaq məhsullarından ibarət sovqat veriblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Böyük Vətən müharibəsi veteranlarına dəstək olmaq məqsədi ilə ərzaq yardımı paylayır.
Veteranla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara əməl etməyin vacibliyi vurğulanıb.
Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun məktubu İdris Əhmədova çatdırılıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

2020-07-09 00:00:00
3673 baxış

Digər xəbərlər

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.   “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi.   Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.     Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub.   

Hamısını oxu
“Xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri erməni faşizminin ifşasına xidmət edir”

Cəlil Xəlilov: “Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər”   Bu gün prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında ölkəmizdə fəaliyyət göstərən xarici diplomatlardan ibarət heyət növbəti dəfə işğaldan azad edilən ərazilərə səfər edib.   Moderator.az-a açıqlamasında bu səfərin əhəmiyyətinə toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, belə səfərlərin erməni faşizminin ifşası baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb:   “Təbii ki, xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri erməni faşizminin 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi ağır cinayətlərin beynəlxalq miqyasda ifşasına xidmət edir. Bildiyiniz kimi, təcavüzkar dövlət 30 ilə yaxın müddətdə işğalda saxladığı torpaqlarımızda bütün sosial obyektləri, yaşayış evlərini, infrastrukturu, dini və tarixi abidələri vəhşicəsinə dağıdıb, talan edib. Məscidlərimiz, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılıb. İşğaldakı torpaqlarımıda yerləşən təbii ehtiyatlarımız amansızcasına istismar olunub, ekosistemin tarazlığı ciddi şəkildə pozulub. Bütün bu cinayətlərin beynəxalq aləmdə ifşa edilməsi baxımından işğaldan azad edilən torpaqlarımız bu cür səfərlərin təşkili son dərəcədə əhəmiyyətlidir.   Xarici diplomatların işğaldan azad edilən ərazilərə səfəri, qarşılaşdıqları mənzərə ilə bağlı səsləndirdikləri fikirlər Ermənistanın beynəlxalq qınaq obyektinə çevrilməsi, ona qarşı gələcəkdə irəli sürəcəyimiz təzminat iddiasının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.   Şübhəsiz ki, dövlətimizin əlində erməni cinayətlərini ifşa edən çoxsaylı faktlarlar mövcuddur. Lakin bununla yanaşı, əcnəbi diplomatların erməni vəhşiliyi ilə bağlı səsləndirdiyi fikirlər, təqdim etdiyi və ya edəcəyi hesabatların da əlavə  fakt və sübut kimi dövlətimizin mövqeyini gücləndirəcəyi danılmazdır. Bu baxımdan hörmətli Hikmət Hacıyevin rəhbərliyi altında bu cür səfərlərin təşkilini yüksək qiymətləndirir, bunu ölkəmiz üçün son dərəcə faydalı hesab edirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi, avanqardı ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilmişdir.

Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır. Gənclərin uğurlarının təməlində dövlətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti dayanır. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələri və gənclər gününün hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında yanvarın 31-də veteranlarla Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə keçirilən görüşdə səslənib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevralın 2-də respublikamızın gəncləri bu günü qeyd edirlər. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb”. Bildirilib ki, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən inamla və müasir dövrün tələblərinə uyğun davam etdirilməsi öz bəhrələrini verib. Azərbaycan gənclərinin intellektual inkişafı, sosial, mədəni problemlərinin həlli ilə bağlı müxtəlif dövlət proqramları icra olunub. Bu gün ölkədə gənclərin qarşısında geniş imkanlar yaradan fondlar, şuralar, ictimai birliklər və sair təşkilatlar fəaliyyət göstərir. Sevindirici haldır ki, gənclər onlara göstərilən etimadı doğruldurlar. Gənclər bütün istiqamətlərdə fəaldırlar və gələcəkdə daha da fəal olmalıdırlar. Bu isə onların bilikli, geniş dünyagörüşlü, intellektual, vətənpərvər insanlar kimi yetişmələrindən asılıdır. Ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi budur. Ehtiyatda olan polkovnik qeyd edib ki, bu gün ordu sıralarında xidmət edən, müxtəlif sahələrdə çalışan, təhsil alan gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi bizi sevindirir. Torpaqlarımızın işğaldan azad edilməsi yönündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Azərbaycanın güclü ordusunun formalaşdırılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlarımıza göstərilən qayğı bunun nəticələridir. Ötən ilin aprel hadisələri Ordumuzun gücünü, döyüş əzmini aydın şəkildə nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə, üçrəngli bayrağımızın Şuşada və işğal altındakı digər ərazilərimizdə qaldırılacağına inamımızı daha da artırır. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Adil Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Böyük Vətən müharibəsi iştirakçısı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən Fatma Səttarova, veteranlar və digərləri çıxış edərək Gənclər Günü münasibətilə gəncləri təbrik edib, belə görüşlərin, nəsillər arasında əlaqələrin vacibliyindən, gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, könüllülük hərəkatında gənclərin iştirakından, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra veteranlar adından Azərbaycan gənclərinə müraciət qəbul edilib. Müraciətdə bildirilir ki, ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Vətəni, müstəqil dövləti qorumaq, daha da inkişaf etdirmək gənclərin ən ümdə borcudur. Onlar ölkənin ərazi bütövlüyünün təmin edilməsinə öz töhfələrini verməyə hazır olmalıdırlar. Dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı bu məsələnin Azərbaycan xalqının milli maraqlarına uyğun həll ediləcəyinə veteranların böyük inamı var. Azərbaycan Ordusunun ruh yüksəkliyi, əsgər və zabitlərimizin vətənpərvərliyi, qələbə əzminə köklənməsi bizi ruhlandırır. Veteranlar da bütün qüvvəsi ilə bu yolda ordumuza hərtərəfli dəstək olmağa daima hazırdır. Sonda ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə, veteran hərəkatında fəal iştiraklarına və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir neçə şəxs Respublika Veteranları Təşkilatının yubiley medalları ilə və fəxri fərmanlarla təltif olunublar.  Tədbir bədii hissə ilə davam edib.

Hamısını oxu
Misirdə Xaqani Şirvaninin əlyazmaları tapılıb

Veteran.gov.az xəbər verir ki, Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov tariximiz və klassik ədəbi irsimizlə bağlı dəyərli məlumatları üzə çıxarmaqda davam edir. Alimin növbəti uğuru Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan (burada 60 minə yaxın əlyazma saxlanılır) “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapması olub. Belə ki, S.Nəsirov şairin divanının “Divan Xaqani” dörd nüsxəsi (üçü tam və dördüncüsü natamamdır) və “Töhfətül İraqeyn” divanının əlyazma nüsxəsini aşkar edib. Tədqiqatçı-alim bildirib ki, Xaqani Şirvani ərəb mənbələrində iki adla təqdim olunur. Birinci variantda Fəzləddin Bədil Əli oğlu əl-Xaqani əl-Şirvaninin hicri tarixi ilə 595–ci (miladi 1199) ildə vəfat etdiyi qeyd edilir. İkinci təqdimatda isə Əfzələddin Əli oğlu İbrahimin həkim Xaqani kimi məşhur olduğu, hicri tarixi ilə 582–ci (miladi 1186) ildə vəfat etdiyi yazılıb. Birinci nüsxə hicri tarixi ilə 1012–ci (miladi 1603) ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. Ikinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 858–ci (miladi 1454) ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 1009–cu (miladi 1600) ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir. Hicri tarixi ilə 823–cü (miladi 1420) ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcuddur. “Töhfətül İraqeyn” adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən hicri tarixi ilə 551-ci (miladi 1156) ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma hicri tarixi ilə 1106–cı (miladi 1694) ilin səfər ayında Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir. Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin “Xəmsə”si və İmadəddin Nəsiminin Azərbaycan dilində “Külliyatı”nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edən tədqiqatçı-alim, eyni zamanda, dünyanın 50 ölkəsindən olan və Qahirədə təhsil alan mindən çox tələbəyə rəhbərlik edir.  

Hamısını oxu