Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər

Suraxanı rayonunda ağacların kəsilərək yerində obyekt tikilməsinə dair məlumatlar yayılıb. Məsələni araşdıran zaman məlum olub ki, həqiqətən də Yeni Günəşli qəsəbəsində bir neçə ağac kəsilərək yerində obyektlər tikilir.

COP29 kimi dünya miqyasında mötəbər iqlim tədbirlərinə ev sahibliyi edən Azərbaycanda kiminsə biznes maraqlarına görə ağacların kəsilməsi təəssüf doğurur. Bu illərdir ölkəmizdə aparılan yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və ekoloji təmiz şəhər siyasətinə zidd addımlardır. Bu hadisə Bakıətrafı hansısa yeni tikilən məhəllədə baş versəydi, düşünmək olardı ki, gözdən yayınıb, amma ağacların kəsilərək yerində obyekt tikilməsi Ramiz Cəfərov küçəsində, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yaxınlığında, yerli icra strukturlarının gözü önündə baş verib. Belə ki, ikinci Qarabağ müharibəsi qazisi olduğunu deyən Elvin Zeynalov ərazidəki ağacları kəsdirərək yerinə dəmir konstruksiyalar ilə quraşdırılmış kiosk yerləşdirib. 

Həmin ərazi SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olduğundan neft sənayesi obyektlərinin təhlükəsizliyini təmin edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları torpaq sahəsinin özbaşına zəbt edilərək üzərində qanunsuz obyekt tikilməsinə icazə verməyib.

Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o ətrafına topladığı bir neçə müharibə veteranı ilə birlikdə tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib. Torpaq zəbti barədə Daxili İşlər Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lakin əraziyə gələn icra hakimiyyətinin əməkdaşları nədənsə qanunsuz torpaq zəbtinə laqeyd münasibət sərgiləyib, hətta obyekt tikintisinə göz yummadıqları üçün mühafizəçilərlə münaqişəyə belə giriblər.

İcazəsiz daşı daş üstünə qoymağın mümkün olmadığını bildiyimiz üçün icra hakimiyyətinin işçilərinin qanunsuz tikintiyə olan “isti” münasibəti bizdə bu özbaşına tikilinin hansı dairələrdə “bişməsinə” dair müəyyən təsəvvürlər yaradır.

İnternetdə kiçik araşdırma etməklə Elvin Zeynalovun bundan öncə də bir neçə dəfə qanunsuz torpaq zəbti həyata keçirdiyini öyrəndik.(BAX: https://report.az/hadise/qazi-adindan-istifade-ede...)

Belə ki, o 2021-ci ildə Sabunçu rayonu ərazisində neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək üzərində qanunsuz tikinti işləri həyata keçirib. “Evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin Zeynalovun inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Bir neçə müddət sonra isə Elvinin həmin obyekti məşhur mağazalar şəbəkəsinə icarəyə verdiyinə dair videolar paylaşılıb:

Elvin Zeynalov bütün müharibə əlilləri kimi dövlətin tam sosial qayğısı ilə əhatə olunub, hətta əldə etdiyimiz məlumata görə, ona mənzil də verilib. Bununla belə “Qarabağ qazisi” adından istifadə edib qanunsuz işlərinə göz yumulmasını tələb edən Elvinin əməlləri təəssüf doğurur. Və bütün bunlardan sonra insanda sual yaranır, Elvin Zeynalov neçə obyekt sahibi olmalıdır ki, neft sənayesinə aid torpaqları zəbt etməkdən gözü doysun, qanunsuz əməllərindən əl çəksin?

azpolitika.info

2025-01-07 19:16:08
2944 baxış

Digər xəbərlər

“Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə FHN-nin yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”

  Cəlil Xəlilov: “Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir”   “Türkiyədəki kütləvi meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Azərbaycanın ilk andan Türkiyənin yanında yer aldığına diqqət çəkən polkovnik, ölkəmizin sona qədər qardaş ölkəyə dəstək verəcəyini bildirib:   “Bildiyiniz kimi, Türkiyədə meşə yanğınları başlayan andan Azərbaycan hərəkətə keçdi və ölkə prezidentinin göstərişinə əsasən FHN-nin bir qrup əmkdaşı, o cümlədən yanğınsöndürmə texnikası, ambulans və digər nəqliyyat vasitələri qardaş ölkənin köməyinə göndərildi. Iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-nin yanğınsöndürmə qüvvələrinin 100 nəfərlik əməkdaşlarından ibarət ilk qrup Türkiyəyə yola salındı. Onlar qısa zamanda Trükiyənin Marmaris bölgəsində yanğınların söndürülməsi prosesinə cəlb edildi.   Iyulun 31-də FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşdü. Hansı ki, həmin yanğın-xilasetmə qrupuna FHN-in 1 ədəd helikopteri, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil idi.   Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Marmaris bölgəsində olub, yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Bunun ardınca Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, həmin müşavirədə atılacaq növbəti addımlar müzakirə olunub.   Bundan başqa, Azərbaycan qardaş ölkəyə həm də amfibiya təyyarə göndərib. Qeyd edim ki,  FHN-in arsenalında olan yanğın əlehinə "B-240ÇS" amfibiya təyyarəsi unikal keyfiyyətlərə malikdir. Bu təyyarə hərəkətdə ola-ola su ehtiyatı yığa bilir və sadəcə dənizə eniş etməklə 1 dəqiqə ərzində lazım olan su ehtiyyatını toplayır.   Azərbaycanlı yanğınsöndürənlər yanan evlərin birindən türk bayrağını xilas etdilər ki, bununla bağlı görüntülər həm ölkəmizdə, həm də qardaş Türkiyədə qürurla izləndi.   Azərbaycanın FHN-nin yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti, ümumilikdə dövlətimizin yanğınlara qarşı mübarizədə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara, eləcə də türk xalqı tərəfindən də yüksək qiymətləndirilməkdədir. Bu, Azərbaycan-Türkiyə dostluğunun, Azərbaycan-Türkiyə qardaşlığının daha bir  bariz nümunəsidir. Baş verənlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri hər zaman bir-birinin yanındadır və bütün təhlükələrə, problemlərə birlikdə mübarizə aparmaq, bütün çətinliklərin öhdəsindən birlikdə gəlmək əzminə malikdirlər.   Mən Türkiyədə meşə yanğılnlarına qarşı mübarizə aparan FHN-nin yanğın-xilasetmə qüvvələrinə öz fəaliyyətlərində uğurlar arzulayır, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Mehriban Əliyevadan Dünya azərbaycanlılarına MÜRACİƏT

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib. Publika.az xəbər verir ki, müraciətdə deyilir: Əziz həmvətənlər! Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib. O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb. Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb. İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir. Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər. Əziz qardaşlar və bacılar! Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Hər bir səsin əhəmiyyəti var! Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır. Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

Hamısını oxu
Hikmət Hacıyevdən ermənipərəst dairələrə mənəviyyat dərsi... - TƏHLİL!

Ruben Vardanyana verilən cəza Azərbaycanın qanuna, ədalətə, bəşəri dəyərlərə münasibətinin təzahürüdür Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum edilən Ruben Vardanyanın həbsinə münasibət bildirib. Hikmət Hacıyev Vardanyana verilən cəzanı 30 ildir davam edən münaqişənin simvolik və məntiqi yekunu kimi dəyərləndirib. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Ruben Vardanyana verilən bu cəza məlum faciənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdan xəbər verir. Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə ortaq olmaq deməkdir... Hikmət Hacıyevin paylaşımında diqqət çəkən məqamlardan biri isə Prezidentin köməkçisinin baş verənlərə həm də  mənəviyyat və bəşəri dəyərlər baxımından yanaşmasıdır. Bəzi qüvvələrin bir çox məsələlərə olduğu kimi, erməni terrorçuları ilə bağlı olaylara da ikili standartlardan yanaşdığına diqqət çəkən Hikmət Hacıyev, Ruben Vardanyan kimi cinayətkarlara azadlıq tələbinin qeyri-əxlaqi və qeyri-mənəvi olduğunu bildirib: “...Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək ədaləti öz hüquq sistemi çərçivəsində təmin edib və bununla beynəlxalq ictimaiyyət üçün nümunə ortaya qoyub. Eyni zamanda, bəzi dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və “Amnesty International” kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağırış etməsi qeyri-etik, qeyri-mənəvi addımdır. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində bu məsələyə toxunaraq bildirib: “İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. Göründüyü kimi, Hikmət Hacıyev paylaşımında insanlığa qarşı ağır cinayətlərdə ittiham edilən, cinayətləri məhkəmə prosesində sübut edilən şəxslərlə bağlı azadlıq çağırışının yalnız qanuna deyil, həm də əxlaqa zidd olduğuna diqqət çəkib. Eyni zamanda, dövlət başçısının “France 24” telekanalına verdiyi müsahibədən sitat gətirməklə, erməni faşistlərinin alman faşistlərindən daha ağır cinayətlər törətdiyini bildirib. Hikmət Hacıyevin bu sözlərindən alınan qənaət birmənalıdır: Erməni faşizmini müdafiə etmək, onun törətdiyi cinayətlərə mənəvi baxımdan ortaq olmaq deməkdir. Bu isə insanlığa, onun özündə ehtiva etdiyi dəyərlərə xəyanətdən başqa bir şey deyil. Bu mənada Hikmət Hacıyevin “X” hesabındakı sözügedən paylaşımını ermənipərəst dairələrə verilən növbəti mənəviyyat dərsi hesab etmək olar. Azərbaycan qanunun aliliyi ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərin toxunulmazlığına sadiqdir Ruben Vardanyanın məhkəməsi ilə bağlı məlum həqiqətlərdən biri də bu məhkəmənin şəffaf şəkildə, media və ictimaiyyətin geniş iştirakı ilə keçirilməsiylə bağlıdır. Hansı ki, rəsmi Bakı ədalətli mühakiməni təmin etmək, məhkəmə və onun ədaləti ilə bağlı hər hansı qərəzli yanaşma və söyləntiyə yer qoymamaq üçün bu nüansa xüsusi diqqət yetirib, Ruben Vardanyanı vəkil, tərcüməçi və digər xidmətlərlə təmin edib. Məhkəmə prosesinin şəffaf şəkildə keçirilməsinin özü sübut edir ki, Vardanyanla bağlı qərarda zərrə qədər də olsun siyasi yanaşma yoxdur və verilən qərar sırf qanuni prizmadan qəbul edilib. Bütövlükdə, istər Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyana verdiyi cəza, istərsə də Hikmət Hacıyevin “X” hesabındakı mülahizələri sübut edir ki, Azərbaycan hər bir məsələdə qanunun aliliyi, ədalətin toxunulmazlığı ilə yanaşı, həm də əxlaqi-mənəvi dəyərlərə, bəşəri prinsiplərə sadiqlik sərgiləyir. Və nə zaman ki, yalnız Azərbaycan deyil, bütün ölkələr, eləcə də erməni faşistlərinin himayədarı qismində çıxış edən güclər atdıqları hər bir addımda insani dəyərləri rəhbər tutacaq, o zaman bütün dünyada ədalətin təntənəsinə şahid olacağıq. Seymur ƏLİYEV  

Hamısını oxu
“Rusiyada soydaşımızın ölümünə səbəb olan polis əməkdaşı haqqında ədalətli qərarın çıxarılması vacibdir”

Cəlil Xəlilov: “Vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad edilməsi hüquqi və məntiqi baxımdan anlaşılmazdır”   Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub. Qeyd edək ki, yol polisinin atəş açması nəticəsində yaralanan V.Abdullayev xəstəxanada vəfat edib.   Soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının azadlığa buraxılması  həm Rusiyadakı soydaşlarımız, həm də Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığına səbəb olub.   Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının ədalətli şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib:   “Təbii ki, Rusiyada yol polisinin soydaşımıza odlu silahdan atəş açması və daha sonra  İstintaq Komitəsinin tələbi ilə həbsdən azad edilməsi təəssüfedici haldır və ictimaiyyətdə haqlı narazılıq doğurmaqdadır. Silahsız vətəndaşa qarşı polis əməkdaşı tərəfindən silah tətbiqinin özü ciddi qanun pozuntusudur və dünyanın bütün ölkələrində hüquq-mühafizə orqanı əməkdaşları üçün məsuliyyət doğuran hal sayılır. Belə bir əmələ yol verən yol polisinin daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri tərəfəndən həbsdən azad edilməsi isə məntiqi və hüquqi baxımdan anlaşılmazdır.   Rusiya Azərbaycanın şimal qonşusudur və onunla ölkəmiz arasında sıx dostluq münasibətləri, strateji əməkdaşlıq mövcuddur. Bizim Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya ilə Azərbaycan arasında geniş iqtisadi-ticari, mədəni-siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya hərbçiləri Qarabağda sülhyaratma missiyasında yaxından iştirak edir. Dövlətimizin hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib və bu gün də yetirməkdədir. Belə olan halda soydaşımıza heç bir zərurət olmadığı halda odlu  silahdan atəş açan yol polisi əməkdaşının həbsdən azad edilməsi soydaşlarımız arasında Rusiya hüquq-mühafizə orqanlarının ədalətinə inamsızlıq yaradır ki, bu da hər şeydən öncə Rusiyanın özü üçün arzuedilməzdir. Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soyadaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməi şəkildə sübut etməlidir.   Onu da qeyd edək ki, Respublika Veteranlar Təşkilatı olaraq İkinci Dünya Müharibəsi iştirakçısı olan 25-ə qədər veteranımız adından Rusiya Federasiyasının prezidentinə, o cümlədən bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ümid edirəm ki, bizim müraciətimizə həssaslıqla yanaşılacaq və soydaşımızın ölümünə səbəb olan yol polisi əməkdaşı haqqında ədalətli qərar çıxarılacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu