Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

20 Yanvar Azərbaycan xalqının qan yaddaşı, həm də Əbədi İstiqlal uğrunda tarixi savaşıdır

Hürriyyət, Azadlıq və İstiqlaliyyət pay verilmir, uğrunda qan tökülür, Şəhid verilir! Şəhidlərin al qanı ilə tarix yazılır! Azərbaycan xalqının azadlığa, Əbədi İstiqlala gedən yolda ən böyük sınağı, ən parlaq nümunəsi hesab olunan 20 Yanvar faciəsindən 35  il ötür. Bu qanlı cinayəti törətməkdə əsas məqsəd Azərbaycan xalqının iradəsini qırmaq, onun azadlıq istəyini boğmaq idi. Lakin sovet imperiyasının amansız davranışı xalqımızın azadlıq istəyini daha da alovlandırdı, milli azadlıq hərəkatı daha da geniş vüsət aldı. 20 Yanvar faciəsi xalqımızın yaddaşında, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. 20 Yanvar dəhşətlərinin  baş verməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqının Kreml tərəfindən cəzalandırılması da əsas rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların Bakını zəbt etməsi, mühasirəyə alması xüsusi qəddarlıqla müşayiət olundu. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Fövqəladə vəziyyət elan olunanadək və ondan sonra beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri pozulmuş, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməyərək qanunsuz olaraq xalqı təzyiq altında saxlamağa çalışmışlar. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların qətlə yetirilməsi və yaralanması, 82 nəfərin amansızcasına qətlə yetirməsi, 20 nəfərin ölümcül yaralaması ilə müşayət olunan hadisələr sübut etdi ki,  bu faciə düşünülmüş şəkildə həyata keçirilmiş, dünyanın gözü qarşısında insan haqlarına təcavüz edilmişdir.  Qanlı yanvar hadisələri təkcə paytaxt Bakını deyil fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da həyata keçirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar gecəsi baş vermiş tarixi cinayət Beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayət idi. SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu bəşəri cinayəti həmin dövrlərdə obyektiv siyasi hüquqi qiymət alması qeyri-mümkün idi. Təsadüfi deyil ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmiş və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması barədə qərarı vermiş 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılaraq geri qaytarılmamışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmişdir.  Bu qanlı cinayətə ilk etiraz edən şəxs məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Sovet rejiminin qadağalarına baxmayaraq, faciədən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə mənəvi və siyasi varisi, ən yeni Azərbaycanın prezidenti İlham Əliyevlə birlikdə gələn Heydər Əliyev cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş siyasi səhv kimi qiymətləndirmişdir.

Qeyd etdiyimiz kimi 20 Yanvar dəhşətlərinin tarixi kökləri var idi. Qarbaçov rejimi Azərbaycan xalqının iradəsini qırmaq, onun Qərbi Azərbaycan və Qarabağ uğrunda savaşlarına son qoymaq niyyətində idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Moskva dövründən sonra lidersizlik problemi yaşayan Azərbaycanın üzərinə hücumlar səngimək bilmirdi. 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi durumun kəskinləşməsi, Kreml rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda azadlıq hərəkatının güclənməsinə zəmin yaratmışdı. Bunun  əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi-torpaq  iddiaları ilə çıxış etməsi, uydurma "Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin əsassız iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı prinsipiallığı ilə SSRİ  rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində baş qaldıran erməni separatizmi qədim türk torpaqları olan Qərbi Azərbaycandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdi. Bu haqsızlığa və cinayətə görə nümayiş və mitinqlərə çıxan əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zor gücünə  öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də  ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi. Respublikada yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə  edən SSRİ-nin xüsusi xidmət orqanları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif  ixtişaşlar törətdi. Yanvarın 20-də sovet qoşunları dinc əhalinin üstünə yeridildi, dəhşətli faciə baş verdi. Azərbaycan informasiya blokadasına alındı. Qanlı faciədən az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladıldı. Radionun fəaliyyəti, qəzetlərin nəşri dayandırıldı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və faciəli bir vaxtda xalqımızın vətənpərvər oğlu, Ulu öndər Heydər Əliyev yuxarıda da vurğuladığımız kimi, Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə baxmayaraq, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin şəkildə tənqid edən bəyanat verdi. Ulu Öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünyaya çatdırdı, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli Lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla da 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin əsasını qoydu. Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsi üçün ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü yenidən götürülsün və burada Şəhidlər Memorial Kompleksi ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və həmin iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqətində oldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində, eləcə də Vətən müharibəsində ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial təminatı ildən-ilə gücləndirildi.

20 Yanvar hadisələrinin qurbanlarına, İstiqlal Fədailərinə daimi dövlətin diqqət və qayğısı bununla bitmir. Bu məqsədlə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. 1990-cı ilin yanvarında şəhid olmuş şəxslərin ailələrinin və övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri, Şəhidlər Memorial Kompleksi ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Onu da vurğulamaq yerinə düşər ki, hazırda 20 Yanvar faciəsi zamanı şəhid olmuş Azərbaycan övladlarının ruhu şaddır! 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli Azərbaycan Ordusunun, Qazilərimizin iradəsi, Şəhidlərin al qanı ilə  Vətən torpaqları işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan xalqı, ümumiyyətlə dünya Azərbaycanlıları 35 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə meydanında şəhid olanları daima anır, yad edir, ruhları qarşısında baş əyir. Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinin həllinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın  da bu istiqamətdə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən xalqımızın qanlı 20 Yanvarı, habelə Vətən müharibəsi ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Milli vətənpərvərlik hissi ilə müşaiyət olunan bu xeyirxah missiyanın işğaldan azad olunan tarixi torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərini də əhatə etməsi milli müstəqilliyin əbədi və dönməz olması üçün bu gün də mücadilə edən hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır!

 

                                                                                                        Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri

                                                                                             polkovnik    Cəlil Xəlilov

                                                                          

2025-01-15 16:00:46
3724 baxış

Digər xəbərlər

Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Bakı, 2 noyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a

Hamısını oxu
Azərbaycana qarşı törədilmiş ekoloji terrorun məsuliyyətini rəsmi İrəvan daşıyır

30 ilə yaxın torpaqlarımızın işğalı zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər.   Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir.   Şükürlər olsun ki, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmış və artıq bu stansiyalar işlək vəziyyətdədir. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır.   Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində öz cinayət əməlləri ilə seçilmişdirlər. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Hərbi cinayətlərə görə erməni rəhbərliyi mütləq olaraq məsuliyyət daşımalıdır. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər.    Ermənistanda revanşist hisslərlə yaşayanların son zamanlar sərsəm bəyanatları ilə rastlaşırıq.  Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu
“Şəhidin çiynində daşıyan qadın!” – Zəhra İmranlıdan Anım Günü ilə bağlı möhtəşəm şeir!

Bu gün – 27 sentyabr Anım Günüdür. Düz iki il bundan öncə düşmən təxribatına əks-hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etmiş, Azərbaycanən ərazi bütövlüyünü təmin etmişdir. Şübhəsiz, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün də itkisiz ötüşməmiş, üç min hərbçimiz şəhidlik zirvəsinə yüksəlmişdir. Qürurvericidir ki, müharibədə verdiyimiz şəhidlər xalqımızın, o cümlədən şəhid ailələrinin iradəsini, mübarizə əzmini qrımamış, əksinə, şəhidlərimiz kimi onların anaları, bacıları, qızları, həyat yoldaşları da əsl fədakarlıq sərgiləmiş, onların bəzisi şəhidini əbədi mənzilə öz çiynində vüqarla daşımışdır. Veteran.gov.az xəbər verir ki, 5-ci sinif şagirdi, bədii qiraətçi Zəhra İmranlı “Şəhidin çiynində daşıyan qadın!” şeirində Azərbaycan qadının bu mübarizliyini vəsf etmiş, bunu vətən, bayraq sevgisinin bütün dünyaya örnək olan ən ali nümunəsi kimi xarakterizə etmişdir. Zəhra İmranlının müəllifi olduğu “Şəhidin çiynində daşıyan qadın!” şeirini oxucuların diqqətinə çatdırırıq.

Hamısını oxu
“Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusunda konfrans keçirilib

4 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusuna həsr olunan konfrans keçirilib. Konfransda millət vəkilləri, zabitlər və veteranlar, ölkə ziyalıları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Odlar Yurdu Universitetinin, tələbələri iştirak ediblər. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, həmçinin, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevaya həsr olunan  “Əsl məhəbbət haqqında” film nümayiş olunub. Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, onların işıqlı ideyalarının bu gün də öz aktuallığını qoruyub saxladığını vurğulayıb: “Bugünkü konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin memarı Heydər Əliyev və Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyeva kimi iki böyük şəxsiyyətin əziz xatirəsinə ithaf olunub. Onların zəngin irsi, çoxşaxəli fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri bu gün də cəmiyyətimiz üçün bir yol xəritəsi, örnək həyat məktəbi kimi dəyərini qoruyub saxlayır. Heydər Əliyevin dövlətçilik ideyaları, Zərifə Əliyevanın yüksək mənəvi dəyərləri və onların ailə nümunəsi gələcək nəsillər üçün əvəzsiz bir irsdir. Bu irsi qorumaq, yaşatmaq və inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Əminliklə deyə bilərik ki, Ümummilli Liderin və Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların həyat yolu isə hər zaman gənclərimizə düzgün istiqamət göstərəcəkdir. Bu gün burada toplaşan hər bir ziyalı, hər bir vətəndaş bu irsin daşıyıcısıdır. Bizim üzərimizə düşən əsas vəzifə bu zəngin mənəvi və siyasi irsi qorumaq, gələcək nəsillərə ötürmək və onu daha da inkişaf etdirməkdir. İnanıram ki, bugünkü konfransımız bu istiqamətdə dəyərli fikir mübadiləsi, elmi yanaşmalar və məhsuldar müzakirələrlə yadda qalacaqdır”. Çıxışının sonunda polkovnik Cəlil Xəlilov sözü konfransın moderatoru -  Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyevə verib. Konfransın önəminə toxunan Varis Yolçuyev, hər iki tarixi şəxsiyyətin ömür və mübarizə yolunun gənclərə örnək olduğunu bildirib: “Bugünkü konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin və Azərbaycan tibb elminin parlaq simalarından biri, akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunub. Bu iki böyük şəxsiyyətin həyat yolu, onların xalqa, dövlətə və insanlığa xidmətlə yoğrulmuş fəaliyyəti yalnız bir dövrün deyil, bütöv bir millətin mənəvi yaddaşına çevrilmişdir. Onların irsi bu gün də müstəqil Azərbaycan dövlətinin ideoloji sütunlarını möhkəmləndirən, cəmiyyətimizi birliyə, həmrəyliyə və inkişaf yoluna səsləyən əbədi dəyərlər sistemidir. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan güclü dövlət modeli, milli maraqların qorunmasına əsaslanan strateji xətt və xalqla hakimiyyət arasında formalaşdırılan sarsılmaz etimad körpüsü bu gün də ölkəmizin tərəqqisinin əsas təminatlarından biridir. Zərifə Əliyevanın elmə, səhiyyəyə və insan amilinə verdiyi dəyər isə milli intellektual irsimizin ən parlaq səhifələrində öz əksini tapmışdır. Bu böyük şəxsiyyətlərin həyat fəlsəfəsi bizə öyrədir ki, güclü dövlət yalnız möhkəm mənəvi dayaqlara, sağlam ailə institutuna və yüksək vətəndaş məsuliyyətinə söykəndikdə davamlı inkişaf edə bilər”. Konfransda çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq yazıçısı Sabir Rüstəmxanlı Heydər Əliyevin böyük dövlət xadimi kimi Azərbaycan xalqının həyatında, eləcə də mədəniyyətində oynadığı rola diqqət çəkib. Sabir Rüstəmxanlı qeyd edib ki, Ulu Öndər mədəniyyətin rolunu və əhəmiyyətini bildiyi üçün daim  mədəniyyət xadimlərinin fikir və rəyləri ilə maraqlanır, mədəniyyət adamlarına  xüsusi diqqət göstərirdi. Millət vəkili Hicran Hüseynova isə Heydər Əliyevin vətən sevgisinin, daşıdığı və  təbliğ etdiyi dəyərlərin hər bir azərbaycanlıya nümunə olduğunu bildirib. Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Heydər Əliyevin azərbaycançılıq ideyasından, bu ideyanın əhəmiyyətindən bəhs edib. Professor qeyd edib ki, Heydər Əliyev sadəcə dövlət xadimi kimi çoxşaxəli fəaliyyəti ilə deyil, həm də ömür yolunun hər bir anı, hər bir epizodu ilə Azərbaycan gəncliyinə örnəkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Ulu Öndərin ölkəmizin sadəcə iqtisadi-siyasi həyatında deyil, həm də  mədəni həyatında mühüm rol oynadığını bildirib, bu istiqamətdə gördüyü işlərə diqqət çəkib. Filologiya elmləri doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Ulu Öndər Heydər Əliyevin dövlət xadimi, akademik Zərifə Əliyevanın isə görkəmli oftalmoloq kimi zəngin fəaliyyətinin öz miqyas  və səmərəliliyi ilə heyranlıq doğurduğunu bildirib. O, qeyd edib ki, Heydər Əliyevlə Zərifə Əliyevanın cəmiyyətə təqdim etdiyi ailə modeli də öz saflığı, səmimiliyi, fədakarlığı ilə Azərbaycan gəncliyinə əbədi örnəkdir. Konfransda çıxış edən Xalq yazıçısı Elmira Axundova Heydər Əliyev və Zərifə Əliyeva ilə bağlı maraqlı xatirələr səsləndirib, hər iki şəxsiyyətlə bağlı apardığı araşdırmalar nəticəsində əldə etdiyi nadir məlumatları bölüşüb.   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nəzrin Abdullayeva da Heydər Əliyev irsinin zənginliyindən bəhs edib, onun Azərbaycan xalqının taleyində müstəsna rol oynadığını vurğulayıb. Seymur ƏLİYEV

Hamısını oxu