Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Şəhidlərimizin vətən uğrunda göstərdikləri fədakarlıq xalqımızın tarixində unudulmaz yer tutur

Səfa  Axundov: Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir.                                           

Şəhidlərin al qanı ilə tarix yazılır! Bu, yalnız bir ifadə deyil, xalqımızın qəhrəmanlıq və fədakarlıq ruhunun əksidir. Hər bir şəhid, öz həyatını fəda edərək, müstəqillik və azadlıq uğrunda iz qoymış olur. Onların qanı, yalnız torpağa düşmür, xalqın ürəyinə, yaddaşına köçən və gələcək nəsillərə miras qalan yadigardır. Azərbaycanın müstəqilliyinin qorunması və azadlığının əldə edilməsi, heç vaxt asan olmamışdır. Bu yolu qət edən, xalqımızın birliyi və əzmi ilə döyüşən şəhidlərimizin fədakarlığı, heç vaxt yaddan çıxmayacaq. Onlar yalnız döyüş meydanlarında deyil, həm də hər birimizin qəlbində əbədi olaraq yaşayırlar. Onların qanı, Azərbaycanın hər qarış torpağının müstəqil və azad qalması üçün dökülüb, həmin torpaqlarda yeni tarixlər yazılıb. Azərbaycanın Zəfər tarixində Azərbaycanın Milli Qəhrəmanı  Səfa Axundovun da adı qızıl həriflərlə yazıldı.1958-ci ildə dünyaya göz açan Səfa Fətulla oğlu Axundov hələ uşaqlıq çağlarında orta məktəbdə təhsil aldığı illərdə təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzusu onu 1975-ci ildə Bakı aeroportuna gətirmiş və burada əmək fəaliyyətinə başlamışdı. Bir ildən sonra Orenburq şəhərində Mülki Aviasiya Məktəbinə qəbul olunmuşdu. Məktəbi bitirərək, təyyarəçi ixtisasını qazanmışdı. Vətənə qayıtdıqdan sonra, Bakıda 3 saylı Birləşmiş Aviadəstəsinin AN-2 təyyarəsində pilot köməkçisi kimi əmək fəaliyyətini davam etdirmişdi.Səfa Axundov 1982-ci ilin noyabr ayında Riqa şəhərinə köçmüş və 39 saylı Orta Texniki Peşə Məktəbində müəllim işləməyə başlamışdı. O, buraya bir müddət işlədikdən sonra Ali Mülki Təyyarəçilər məktəbinə daxil olmaq, ixtisasını artırmaq məqsədilə gəlmişdi. Həmin il Mülki Təyyarəçilik İnstitutunun qiyabi mexanika fakültəsinə qəbul olunmuşdu.Qarabağ hadisələri başlananda Səfa Axundov hədsiz dərəcədə hiddətləndirirdi. Gecə-gündüz Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, azadlığı barədə düşünürdü. Bilirdi ki,  gec-tez SSRİ dağılacaq. Doğma Azərbaycanı qorumaq lazımdır. Əsgərlərimiz sovet ordusu sıralarında xidmətdən boyun qaçırıb, Vətənə qayıtmalıdırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar birləşməli, doğma torpaqlarımızı qorumalı, ölkəmizin suveren, demokratik bir respublikaya çevrilməsi naminə var qüvvə ilə çalışmalıdırlar. Bu məqsədlə ilk növbədə informasiya mühasirəsindən çıxmalı, ermənilərin yalan məlumatlarını alt-üst etməli, dünyanın hər yerində Azərbaycan barəsində həqiqətin geniş yayılmasına nail olmalıyıq. Bu məqsədlədə Səfa Axundov Latviyanı qarış-qarış gəzib dolaşdı, burada yaşayan azərbaycanlılarla görüşüb, onlara öz məqsədini bildirdi. Qərib eldə yaşayan azərbaycanlılar Səfanın nəcib təşəbbüsünü bəyəndilər, yumruq kimi birləşdilər. 1988-ci ilin noyabr ayında Riqada “Dostluq” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradıldı. Səfa Axundov cəmiyyətin ilk sədri seçildi. Cəmiyyət Azərbaycanı dünyada tanıtmaq, Dağlıq Qarabağ barəsində həqiqəti yaymaq, erməniləri ifşa etmək sahəsində böyük işlər görürdü. Səfa Axundov o vaxtlar tez-tez Bakıya gəlir, kütləvi informasiya vasitələrində çıxış edir, Latviyadakı cəmiyyətlə Azərbaycanın əlaqələrini möhkəmləndirirdi. Təəssüf ki, bəzi partiya-sovet rəhbərləri cəmiyyətin sədrinə köməklik göstərmir, əksinə, “millətlər arasına ədavət toxumu səpmə” deyə onun işlərinə mane olurdular. Lakin Səfa Axundov ruhdan düşmür, Azərbaycanın qeyrətli övladları ilə sıx əlaqə saxlayırdı. Sonralar vahid Azərbaycan ideyasını nümayiş etdirmək məqsədilə cəmiyyətin adı dəyişdirilib, Latviya-Azərbaycan Əlaqələr Cəmiyyəti adlandırıldı. Cəmiyyətdə aparılan struktur dəyişikliyi onun fəaliyyət dairəsinin daha da genişlənməsinə səbəb oldu. Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün ağırlaşdırırdı. Ermənilərin tərəfini açıq-aşkar saxlayan Qorbaçov hökuməti 1990-cı il yanvarın 20-də Bakı qırğınını törətdi. Bununla da bütün dünyaya, bilməyənlərə də bəyan oldu ki, Moskva ermənilərin arxasında durub. Dünya miqyasında erməni diasporuna, onların güclü tərəfdarlarına, qorbaçovlara, sovet imperiyasına arxalanan ermənilər Dağlıq Qarabağda və sərhəd bölgələrində Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqınlar edir, kəndləri, evləri yandırır, talan edir, günahsız adamları qətlə yetirir, girov aparırdılar. Erməni təcavüzünün getdikcə genişlənməsi, düşmənin azğın hərəkətləri Azəbycan xalqının qeyrətli oğllarının səbrini tükəndirmişdi.

Səfanın Axundov 1990-cı ilin iyun ayında cəmiyyətin keçirilən yığıncağında Azərbaycanın içtimai-siyasi vəziyyəti barədə geniş nitq söyləyib, axırda belə bir nəticəyə gəldi: “Vətən ağır vəziyyətdədir. Onun heç bir arxası yoxdur. SSRİ-nin bütün yerlərində ordu arasında aparılan iş genişləndirilməli, azərbaycanlı əsgərlərin Vətənə qayıtması təmin edilməlidir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. Məsələn, mənim özümdən danışaq. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Vicdanım məni rahat buraxmır. Günü sabahdan mən Vətənə yola düşməliyəm. Siz də yaxşı-yaxşı fikirləşin, mənim əzizlərim! Kimin hərbi təcrübəsi, biliyi, baçarığı vardısa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”. Səfa Axundov 1990-cı il də Vətənə qayıtdı. O, əvvəlcə AN-2 təyyarəsində işə qəbul edildi. Lakin bu iş onun ürəyincə deyildi. Müdafiə Nazirliyinə üz tutaraq onun kömək məqsədilə mühüm işə qəbul olunmasını xahiş etdi. Çox keçmədən Səfa Axundov Zabratdakı “Azalaxti” şirkətinə məxsus Mİ-8 vertolyotunda ikinci pilot vəzifəsinə təyin olundu. Səfa Axundov Bakı-Ağdam marşrutu üzrə fəaliyyət göstərirdi. Lakin bu iş də onun ürəyini açmırdı. Səfa son dərəcə təhlükəli hesab edilən Dağlıq Qarabağ səmasında uçmaq, burada ağır vəziyyətdə yaşayan soydaşlarımıza köməklik göstərmək istəyirdi. Xalqımızın vətənpərvər oğlunun bu arzusu da nəzərə alındı. Səfa Axundov 1992-ci il yanvarın 27-də Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edildi. Onun ürəyi düşmənə nifrət, doğma xalqına məhəbbət və sədaqət hissi ilə döyünürdü. O, 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etdi.Yorğun olmasına baxmayaraq “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər” deyərək yenidən səmaya qalxdı. Artıq Şuşaya yaxınlaşırdı bu zaman Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Vertolyotu idarə edən üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.Bu, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi. 1992-ci il yanvarın 30-da xalqımızın qəhrəman oğlu Səfa Axundov iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudovla birlikdə Bakıda “Şəhidlər xiyabanında torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Səfa Fətulla oğlu Axundova göstərdiyi şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hər bir şəhidin apardığı mübarizə, yalnız bir torpağın müdafiəsi deyil, həm də azadlıq və müstəqillik uğrunda döyüşdür. Bu qəhrəmanlar, yalnız döyüş meydanında deyil, xalqın ürəyində də əbədi iz buraxırlar. Bu cür fədakar və qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın müstəqil dövlət olaraq dünyada mövqeyinin möhkəmlənməsinə, xalqın özünə güvəninə və torpaqların yenidən azad edilərək, qorunmasına böyük töhfə vermişdir. 44 günlük tarixi Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Şəhidlərimiz qanı yerdə qalmadı, çünki hər bir şəhidin qəlbi, onun mübarizəsi və döyüşü əsasında Azərbaycan torpaqları əbədi olaraq azad oldu. Göstərdikləri qəhrəmanlıq və fədakarlıq, Azərbaycanın müstəqil və güclü dövlət kimi gələcəyini təmin etməyə yönəlmiş əbədi bir addım oldu. Ərazi bütövlüyümüz uğrunda canını fəda edən qəhrəmanların arzusunu gerçəyə çevirdi. Şəhidlərimiz bizim qəlbimizdə, tariximizdə yaşayacaq və biz onların xatirəsini daima uca tutacağıq.

                                                              Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri

                                                             polkovnik    Cəlil Xəlilov

2025-01-30 19:40:31
3555 baxış

Digər xəbərlər

General Əli Nağıyevdən tarixi xatırlatma və yaxın keçmişimizə qısa baxış...

Heydər Əliyev xüsusi xidmət orqanlarımızı milliləşdirməklə ölkəmizi hansı bəlalardan hifz edib? Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd olunub. Tədbirdə çıxış edən DTX rəisi general-polkovnik Əli Nağıyev xüsusi xidmət orqanlarımızın mövcud durumu ilə yanaşı, tarixi keçmişinə də nəzər salıb. Çıxışında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın inkişafı ilə bağlı gördüyü işlərə toxunan Xidmət rəisi, Ulu Öndərin həm də bu qurumun milliləşdirilməsi istiqamətində  mühüm addımlar atdığını vurğulayıb. Əli Nağıyevin xatırlatdığı bu məqam Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən biridir və məhz bu addım ölkəmizi bir çox bəlalardan xilas edib. Azərbaycanın təhlükəsizik orqanlarında milli kadrların yüksəlişinə qoyulan “sirli maneə” Heydər Əliyev tərəfindən xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi xalqımızın gələcək inkişafı və təhlükəsizliyinə bilavasitə təsir göstərən mühüm hadisələrdən biridir. Ulu Öndər Azərbaycanın xüsusi xidmət orqanlarının rəhbərliyində təmsil olunduğu günə qədər, bu güc orqanında müxtəlif millətlərin nümayəndələri çalışır və adətən rəhbər vəzifələrə məhz onların təyinatı gerçəkləşirdi. Sovet rejiminin başında dayanan bəzi şəxslər, xüsusilə də Kremldəki erməni və ermənipərəst qüvvələr  azərbaycanlıların bu qurumda yüksək vəzifə tutmasına imkan vermirdi. Nəticədə, azərbaycanlı kadrlar mühüm vəzifələrdən kənarda qalır, onların bəzisi bu ədalətsizliyə etiraz əlaməti olaraq xüsusi xidmət orqanlarını tərk edirdi. Nəticədə, vəziyyət milli kadrların sayı və onların proseslərə təsiri baxımından daha da ağırlaşırdı. 1967-ci il: Böyük dəyişikliklərin başlanğıcı və tarixi ədalətsizliyin sonu! Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni bir dönəm başlandı. Sovet sisteminin azərbaycanlı milli kadrlara qarşı qərəzli və ədalətsiz münasibətinə son qoyan Heydər Əliyev, həm mərkəzi aparatda, həm də yerlərdə mühüm vəzifələrə azərbaycanlıların təyinatını həyata keçirməyə başladı. O, şəxsi nüfuzundan və siyasi əlaqələrindən istifadə edərək sovet rəhbərliyini həyata keçirdiyi yeniliklərin zəruriliyinə inandırır, bunun daha məntiqli və ədalətli olduğunu diqqətə çatdırırdı. Heydər Əliyevin Dövlət Təhlükəszlik Komitəsində həyata keçirdiyi islahatlar qısa müddət sonra öz müsbət nəticəsini verməyə başladı. Azərbaycanlı gənclər arasında xüsusi xidmət orqanlarında çalışmağa maraq artdı. Bu qurum gənclərimizin çekist kimi yetişməsində, öz peşəkarlıqlarını yüksəltməsində mühüm rol oynadı. Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar edən Lider! Ümummilli lider Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlı kadrların kariyera pilləsində sürətlə irəliləməsinə yardım etməklə, ölkəmizin müqəddəratı baxımından mühüm rol oynadı. O, Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar etməklə vətənə olan sədaqət və sevgisini bir kəs daha sübut etdi. Heydər Əliyevin dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alan milli kadrlar xalqımızın və dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələlərə daha həssas və qayğıkeş münasibəti ilə diqqət çəkir, Ulu Öndərin etimadını layiqincə doğruldurdu. Bu isə Heydər Əliyevdə iftixar hissi yaradır, onu qürurlandırırdı. Heydər Əliyev xüsusi xidmət orqanlarını milliləşdirməklə milli taleyimizi yad insanların vicdan və mərhəmət asılılığından xilas etdi. Bu gün general Əli Nağıyevin rəhbəri olduğu Azərbaycan DTX-sı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz yüksəlişinin zirvəsində qərar tutub. Və tarix sübut edir ki, bu yüksəlişə gedən yol məhz Heydər Əliyevən, onun xüsusi xidmət orqanlarımızda həyata keçirdiyi islahatlarla başlayıb. Seymur ƏLİYEV  

Hamısını oxu
Böyük dövlətlərin münaqişə poliqonu

Hamısını oxu
Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilsin.

Hamısını oxu
İlham Əliyev Şakir Kargarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Hamısını oxu