Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Türkiyədə ilk dəfə olaraq Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizlə yanaşı, Azərbaycan dilinin təbliği, tədrisi  istiqamətində də layihələr həyata keçirirlər.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaqdır.

Kurslar Qazi Universitetinin Mərkəzi Kampusunda Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış “Azərbaycan Araşdırmalar Mərkəzi”ndə üz-üzə olaraq keçiriləcək və dərslər  çərçivəsində tələbələr üçün oxu günləri, film nümayişləri və danışıq-müzakirə klubları təşkil ediləcəkdir.  Kursların iştirakçılarının azərbaycanlı tanınmış şəxslər, ictimaiyyət, mədəniyyət xadimləri ilə görüşləri və ana dilimizdə Azərbaycan, onun nailiyyətləri, milli mədəniyyətimiz və s. maraqlı mövzulara dair müzakirələr keçiriləcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzindən əldə edilən məlumata görə Azərbaycan dili kursları -dərsləri Mərkəzin bu sahədə təcrübəyə malik podaqoqu tərəfindən ödənişsiz olaraq aparılacaqdır. Qazi Universitetində isə dərslər “məcburi olmayan, tələbələrə tövsiyə edilən dərslər”in onlayn siyahısına da daxil ediləcəkdir. Gələcəkdə Azərbaycan dili kurslarının daha da genişləndirilməsi, habelə ali təhsil ocaqlarında tədris proqramlarına daxil edilməsi və tədrisi istiqamətində də işlər həyata keçiriləcəkdir.

Qeyd edək ki, tədrisə dair metodiki vəsaitlər, nəşrlər Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacaq, dərslərdə informasiya texnologiyaları tətbiq olunaraq, audio-video materiallar, dialoq və filmlər nümayiş olunacaq, dərslər fərqli metodika ilə aparılacaqdır.  Kursları uğurla başa vuran müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə rəsmi sertifikatı veriləcəkdir.

Azərbaycan dili kurslarında Qazi Universitetinin tələbələri ilə yanaşı, digər Universitetlər, maraqlı şəxslər, habelə başqa ölkələrin Türkiyədə təhsil alan tələbələri də iştirak edə biləcəklər.

Seymur ƏLİYEV

 

2025-02-07 18:28:19
2902 baxış

Digər xəbərlər

YAP Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb

Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib. Bəyanatda deyilir: “Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına almaqdadır. Ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirilib. Təcavüzkar Ermənistanla döyüşdə böyük şücaətlər göstərən Ordumuzun itkiləri də oldu. Xalqımız Vətən yolunda şəhid olan qəhrəmanlarını böyük qürurla son mənzilə yola saldı. Ordumuz isə onların qisasını yerdə qoymadı. Azərbaycan dövləti və cəmiyyəti, eyni zamanda, bəşəriyyətin bir nömrəli düşməninə çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə aparır. Dövlətin böyük imkanları qorxulu xəstəliklə mübarizəyə səfərbər edilib, həkimlərimiz ön cəbhədəki əsgərlər qədər qəhrəmanlıq nümunəsi göstərərək insanların sağlamlığının keşiyində dayanıblar. Əhalinin sağlamlığını qorumaq bu gün torpaqlarımızı qorumaq qədər əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələsidir. Bu həssas, ölümcül xəstəlik və xain düşmənin təxribatları ilə mübarizə aparıldığı bir zamanda xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsi, dövlətin və Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi ölkəmizin gücünü və qüdrətini qat-qat artırır. Bakıda iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən əzəmətli yürüş bunun əyani nümunəsidir. Xalqın dəstəyindən ilham alan şanlı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələrini endirməkdə davam edir, sərhədlərimizin toxunulmazlığı, əhalinin təhlükəsizliyi keşiyində mətanətlə dayanır. Yeni Azərbaycan Partiyası təəssüf hissi ilə bildirir ki, bəzi məkrli dairələr insanlarımızın, əsas etibarilə gənc vətənpərvərlərin Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdiyi yürüşdən sui-istifadə edərək təhrikçi çağırışlarla yürüş iştirakçılarının az bir qismini xüsusi mühafizə olunan Milli Məclisin binasına zorla daxil olmasına, polis avtomobillərinə ziyan vurmağa və digər qanunazidd əməllər törətməyə istiqamətləndirməyə nail olmuşdur. Beləliklə də, yürüş iştirakçılarının azsaylı hissəsi qanunazidd əməlləri ilə əslində, maraqlı pozucu qüvvələrin və “beşinci kalon” təmsilçilərinin cəmiyyətdə ictimai-siyasi sabitliyi pozmaqdan, qarşıdurma yaratmaqdan ibarət olan anti-Azərbaycan və antixalq məqsədlərinə xidmət göstərmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, dövlət maraqlarına və milli mənafelərə daban-dabana zidd olan belə pozucu hərəkətlər hazırkı həssas məqamda düşmən dəyirmanına su tökmək qədər zərərli və təhlükəlidir. Bu, eyni zamanda, ülvi və vətənpərvər niyyətlə Azərbaycan Ordusuna və dövlətə dəstək nümayiş etdirən yürüş iştirakçılarına qarşı çirkin təxribatdan başqa bir şey deyildir. Biz hər bir Azərbaycan vətəndaşını, ilk növbədə, gənclərimizi ayıq-sayıq olmağa, məkrli dairələrin çağırışlarına qoşulmamağa, onların əlində alətə çevrilməməyə, hər birimizin böyük dəyər verdiyimiz ictimai-siyasi sabitliyi qorumağa, torpaqlarımızın keşiyində dayanan əsgərlərimizə, insanlarımızın sağlamlığının keşiyində duran həkimlərimizə mənəvi dəstək olmağa səsləyirik. Qarşımızda düşmənə qalib gələrək işğal olunmuş torpaqlarımızı, doğma Qarabağımızı azad etmək, amansız pandemiyadan xalqımızı qorumaq kimi şərəfli vəzifələr dayanır. Həm bu günümüzü, həm də gələcəyimizi hədəfə alan düşmənlərə qalib gəlməyin yolu isə bir olmaqdan, həmrəy olmaqdan, dövlətimizin ətrafında sıx birləşərək sıralarımıza girmiş mənfur və satqın antimilli qüvvələri ifşa edib yerində oturtmaqdan keçir

Hamısını oxu
Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: Ramazan ayınız mübarək! Bütün dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasının diləyirəm!  

Hamısını oxu
Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.   Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

Hamısını oxu
Prezidentin tapşırığı ilə Azərbaycana yeni təcili yardım maşınları gətirilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Modern.az xəbər verir ki, dövlət başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Hamısını oxu