Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Laçına Böyük Qayıdış – Beş İlin Bəhrəsi

İllərdir köçkün həyatının keşməkeşini yaşayan, hər daşına nəfəsi hopmuş Laçını xatırlayan insanlar üçün 2020-ci ilin dekabrında bir möcüzə baş verdi, Laçın doğma sahibinə qovuşdu. O gündən bu yana beş il ötür. İndi Laçın azaddır. İndi Laçın öz övladlarını nur dolu sabahlarında bağrına basır. Bu torpağa yenidən ayaq basan hər kəs sanki bir nağıla düşür. Dağların əzəməti, bulaqların şəffaflığı, sıldırım qayaların üstündə süzülən qartallar sanki bu illər ərzində də vətənə sədaqətlə göz qoyublar, qoruyublar, yolumuzu gözləyiblər. İllər keçsə də, bəzi tarixlər var ki, xalqın yaddaşında əbədi iz buraxır. Elə 18 may da bu cür tarixlərdəndir.

1992-ci il mayın 18-də Laçın rayonu Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edildi. Nəticədə Laçının əhalisi etnik təmizləməyə məruz qalaraq 77 mindən artıq sakin Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi müvəqqəti məskunlaşdı. Ermənistan tərəfindən Laçında dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə və 2 avtonəqliyyat müəssisəsi, müxtəlif təyinatlı sənaye obyektləri talan və məhv edildi. Ümumilikdə rayona 7.1 milyard dollar həcmində ziyan vuruldu. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 264 nəfər şəhid oldu, 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyalarına zidd şəkildə Laçının onlara dəhliz kimi verilməsini əsas gətirərək coğrafi adları dəyişdirmiş, təbii resursları talamış və əsasən Suriyadan olan 13 mindən artıq erməni əsilli qaçqını bölgədə qeyri-qanuni şəkildə məskunlaşdırmışdır. Bu, rayonun demoqrafik tərkibinə kobud müdaxilə idi. Uzun illər acı, kədər və nisgillə xatırladığımız bu Vətən torpağı artıq beş ildir ki, sevincin, qürurun, zəfərin rəmzinə çevrilib.Bu gün biz Laçında azadlığın, qayıdışın, haqqın və ədalətin bərqərar olmasının beşinci ildönümünü qeyd edirik. Bu gün bir xalqın ləyaqətinin, əzminin və vətən sevgisinin zəfərlə təcəssüm etdiyi gündür.

1992-ci ilin 18 mayında işğal edilən Laçın 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli Birgə Bəyanatına əsasən dinc yolla Azərbaycana qaytarıldı. Laçının azad edilməsi şəhid verilmədən baş tutdu və Azərbaycan ictimaiyyətində böyük sevinc və qürur hissi doğurdu. Prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə aparılan Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Laçının azad olunması əməliyyatlarında iştirak edən 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

Laçın təkcə təbiəti ilə deyil, ruhu ilə də mübariz və məğrurdur. İndi Laçın yenidən qurulur. Elektrik stansiyaları, yollar, tunellər, körpülər inşa edilir. 2021-ci ildə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı bölgənin beynəlxalq statusunu artıracaq və turizmin inkişafına böyük töhfə verəcəkdir. İşğaldan azad olunandan bəri Laçında 700-dən çox bina inşa edilib. Zabux kəndində 176 şagird yerlik orta məktəbin bərpası aparılır. Hotel və mehmanxana kompleksləri, mebel fabriki, aqro və sənaye parkları tikilir. Həkəri çayının sahilində bulvar salınır.

 2023-cü il mayın 28-də - Müstəqillik Günündə laçınlıların doğma yurdlarına  Böyük Qayıdışı başlandı.Qısa müddətdə Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyev Laçına dəfələrlə səfər edib, yeni layihələrin təməlqoyma və açılışlarında iştirak edib 31 iyul 2023-cü il tarixli Sərəncamla Azərbaycanın işğaldan azad olunmuş şəhərləri üçün rəsmi şəhər günləri təsis olunub. 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Bu beş ildə təkcə şəhər bərpa olunmadı, həm də minlərlə insanın ümidləri və arzuları çiçək açdı. Zabux, Sus, Güləbird və Qorçu kimi kəndlərə yeni nəfəs gəldi. Hər tikilən ev bir ailənin arzusu, hər çəkilən yol bir nəslin ümididir.

 Bu gün Laçın torpağında addımlayan hər bir insan, xüsusilə də Vətən müharibəsi iştirakçıları və qazilər, həm qürur hissi, həm də minnətdarlıq duyur. Onlar deyirlər: “Əgər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, güclü siyasi iradəsi və strateji qərarları olmasaydı, bu torpaqlara qayıtmaq bizim üçün ancaq bir xəyaldan ibarət olardı.” Laçının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi bu torpaqda əbədi yaşayır. Onların qəhrəmanlığı, vətən sevgisi və fədakarlığı nəticəsində bu gün Laçında həyat yenidən başlayıb. Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin ehtiramımızı bildiririk. Onların şücaəti heç zaman unudulmayacaq! Müharibədə yaralanaraq sağlamlığını itirən, lakin ruhunu əyilməyə qoymayan qazilərimiz bu torpaqların əsl qəhrəmanlarıdır. Onlar vətən yolunda göstərdikləri igidliklə Azərbaycan xalqının qürur mənbəyinə çevriliblər.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri də fəxrlə bildirirlər ki, illər əvvəl sinələrini sipər etdikləri bu torpaq indi hər bir vətəndaş üçün firavan və təhlükəsiz həyat ünvanına çevrilib. Laçınlılar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən böyük diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirirlər. Ali Baş Komandanın dediyi kimi: “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”

          Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-16 12:54:58
3988 baxış

Digər xəbərlər

Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə

Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq. Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram. Hörmətlə,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 noyabr 2024-cü il

Hamısını oxu
“Benilüks” Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı silsilə tədbirlər keçirir

Veteran.gov.az xəbər verir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Təşkilatının Rəhbərliyi ilk öncə I Fəxri Xiyabana gedərək Zərifə xanım Əliyevanın və Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Daha sonra “Benilüks” Azərbaycanlıları Konqresinin, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının və “Yüksəliş” Gənclər Hərəkatının rəhbərləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya Müharibəsi iştirakçısı, İstiqlal ordenli, 101 yaşlı Fatma Səttarova ilə görüş keçirmişdir. Görüş zamanı “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən birgə və səmərəli əməkdaşlığa görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və Cəlil Xəlilov fəxri fərmanla təltif edilmişdir. Eyni zamanda “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tərəfdaşlığı ilə Şəhid ailələri və Qazilərlə görüş keçirildi. Görüş zamanı 100-dən çox Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinə “Benilüks” Azərbaycanlıları Konqresinin dəstəyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə bayram sovqatları çatdırılmışdır.  

Hamısını oxu
“Almaniyanın üzrxahlığı Prezidentimizin və diplomatiyamızın gücündən xəbər verir”

Məlum olduğu kimi, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Bunun ardınca Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.    Mövzu ilə bağlı Veterann.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov baş verənləri Azərbaycan dövlətinin prinsipiallığının nəticəsi kimi dəyərləndirib: “Almaniyanın üzrxahlığı diplomatiyamızın gücündən, dövlətimizin prinsipiallığından xəbər verir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan diplomatiyası həqiqətən də çox güclüdür və dövət maraqlarımızın keşiyində ayıq-sayıq dayanıb. Bildiyiniz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmışdı. Bu isə haqlı olaraq Azərbaycanın ciddi etirazına səbəb olmuş, bu etiraz ən sərt şəkildə Almaniyanın ölkəmizdəki səfirinin diqqətinə çatdırılmışdı. Azərbaycan tərəfi Almaniyadan baş verənlərlə bağlı ictimai şəkildə üzrxahlıq edilməsini tələb etmişdi. Hansı ki, Azərbaycanın bu tələbi ən qısa zamanda yerinə yetirildi, Almaniya yaşanan məlum olayla bağlı ölkəmizdən üzr istədi. Bu fakt bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan diplomatiyası ölkəmizin maraq və mənafeyi ilə bağlı məsələlərdə heç kimə, heç bir dövlətə güzəştə getmək niyyətində deyil və bu məsələlərdə sona qədər prinsipiallıq sərgiləyir. Artıq məlum insident öz məntiqi sonluğa çatsa da, baş verənlər bizim hər birimizdən ayıq-sayıq olmağın, dövlətimizə, onun Prezidentinə daim dəstək verməyin son dərəcə önəmli olduğunu göstərir. Biz Vətən müharibəsindəki həmrəyliyimizi günümüzdə də davam etdirməli, hər bir böhtan və təxribatın qarşısını qətiyyətlə almalı, bu haqsızlıqları birlikdə ifşa etməliyik. Unutmayaq ki, yalnız birlik, bərabərlik bizi hər bir mübarizədən qalib çıxara, bizi öz hədəflərimizə çatdıra bilər”. Seymur ƏLİYEV  

Hamısını oxu
"Xocavənd əməliyyatı" keçirilən ərazidə şəhid olan kəşfiyyatçıların xatirəsi anılıb

“Xocavənd əməliyyatı”nın (1997-ci il) ildönümüdə 7 hərbçinin şəhid olduğu əraziyə səfər təşkil olunub, şəhidlərin xatirəsi anılıb. APA-nın Qarabağ bürosu xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xətti ilə təşkil edilən səfərdə şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.   Yuxarı Güzlək kəndi ərazisində Xocavənd əməliyyatı şəhidlərinin xatirəsinə salınan guşə ziyarət edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər hərbçilərin keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, 7 aprel 1997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib. Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub. Birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb. Leytenantlar Elxan Ağayev (qrup komandiri) və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Musatafayev və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonu Horadiz istiqamətindən təmas xəttini keçib və təxminən 40-50 kilometr yol qət edərək döyüş tapşırığı yerinə yetiriblər. Lakin əməliyyatın üçüncü günü, geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən aşkarlanıblar. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif kəşfiyyatçılar tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə qalıb, döyüşçü yoldaşları onun şəhid olduğunu düşünüblər. Qrupun digər yeddi üzvü döyüşə davam ediblər. Onlar sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Huşsuz vəziyyətdə qalan çavuş Aqil Əhmədov ermənilər tərəfindən aşkarlanıb və əsir götürülüb. Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. Onlar Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn olunublar. Hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər. Ermənilər tərəfindən əsir götürülən Aqil isə 1998-ci ilin fevral ayında məhkəmə qarşısına çıxarılıb, ona güllələnmə hökmü təyin edilib. Azərbaycan dövləti tərəfindən Aqilin xilas edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Uzun sürən danışıqlardan sonra 1999-cu ilin mart ayında Prezident Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün olub, o, Vətənə qaytarılıb. Həmçinin çıxışlar zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində torpaqlarımızın azad edilməsindən danışılıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərba olunub. Artıq azad edilən ərazilərə həyat qayıdıb keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşublar. Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra "Xocavənd əməliyyatı" şəhidlərinin xatirəsinə onların şəhid olduğu ərazidə bulaq tikilib və simvolik bir guşə yaradılıb. Foto

Hamısını oxu