Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DSX 2025-2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edir

Veteran.gov.az xəbər verir ki, DSX 2025-2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edir. 

ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili

QƏBUL ŞƏRTLƏRİ:

Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2025-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

SƏNƏDLƏRİN QƏBULU:

İmtahanda iştirak etmək istəyən namizədlər 2025-ci ilin 27 mart tarixinədək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

İMTAHANLARIN KEÇİRİLMƏ QAYDALARI:

Qəbul imtahanı DİM tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahan 13 aprel 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək. İmtahanın keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır. Namizədlər “imtahana buraxılış vərəqəsi”nı imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

Azərbaycan dili;

Riyaziyyat.

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən namizədlər:

-şəxsiyyət vəsiqəsi;

-imtahana buraxılış vərəqəsi gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

Əlaqə telefonu: 012-554-92-44

 

2025-03-12 13:26:18
5065 baxış

Digər xəbərlər

“Sumqayıt Tibb Mərkəzi şəhid hərbi həkimlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görür”

Naqif Həmzəyev: “İnanıram ki, bu qurum gənc nəslin vətənprəvərlik tərbyəsinə bundan sonra da böyük töhfələr verəcək” 44 günlük Vətən müharibəsində ordumuzun bütün kontingenti kimi hərbi həkimlərimizin də cəsarətlə iştirak etdiyi, 8 Noyabr zəfərinə böyük töhfələr verdiyi şübhəsizdir. Məhz bu səbəbdən də bütün şəhidlərimiz kimi şəhid həkimlərimizin də cəmiyyətə tanıdılması, onların xatirəsinin əbədiləşdirilməsi bir zərurət olaraq meydana çıxmaqdadır. Qürurvericidir ki, bu məsələdə Prezident Administrasiyası, Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti  orqanları ilə yanaşı, digər dövlət qurumları da aktiv şəkildə iştirak edir ki, bunlardan biri də Sumqayıt Tibb Mərkəzidir. Qeyd edək ki, Vətən müharibəsində şəhid olan hərbi həkimlərin ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliği istiqamətində sistemli addımlar atan Sumqayıt Tibb Mərkəzində cari ilin aprel ayında şəhid hərbi həkim Eldar Abdullayevlə bağlı bədii-sənədli filmin təqdimatı keçirilmiş, film cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Ümumiyyətlə, Elnur Azadxanovun Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinatından sonra adıçəkilən qurumun fəaliyyətində ciddi dəyişikliklər, müsbət dinamika müşahidə edilməkdədir. Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətincə ardıcıl tədbirlərin görülməsi, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi Elnur Azadxanovun adı ilə bağlıdır. Peşəkar həkimlərin Sumqayıt Tibb Mərkəzinin tabeçiliyindəki müəssisələrə cəlb edilməsi də yeni rəhbərliyin sözügedən qurumun həyatına gətirdiyi mühüm yeniliklərdəndir.   Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, Sumqayıt Tibb Mərkəzinin şəhid hərbi həkimlərin xatirəsinin əbədiləşdirilməsi, onların tanıdılması istiqamətində atdığı adımların mənəvi-tarixi əhəmiyyətindən danışıb: “Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu prosesi diqqətdə saxlayır, şəhdilərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atır. Dövlətimiz şəhid adlarını əbəədiləşdirməklə yanaşı, onların ailələrinin sosial problemlərinin həll edilməsi, şəhid övladlarının hərtərəfli himayə olunması və s. kimi məsələlərlə bağlı da qətiyyətli siyasət yürüdür. Şübhəsiz, bu siyasət bundan sonra da davam edəcək. Çünki şəhidlərimiz elə bir fədakarlıq göstərib ki, heç nə bu fədakarlıqla müqayisə oluna bilməz. 44 günlük Vətən müharibəsində bizim həkimlərimiz, eləcə də hərbi həkimlərimiz cəsarətlə iştirak etdi, qələbəmizə böyük töhfələr verdi.  Həkimlərimiz öz həyatlarını təhlükə altına qoyaraq öz hərbçi yoldaşlarının, döyüş yoldaşlarının həyatını xilas etdilər. Mənfur düşmən müharibə zamanı hərbi konvensiyalara zidd olaraq tibbi maşınları da atəşə tuturdu. Ancaq buna baxmayaraq, həkimlərimiz müharibənin ən qızğın nöqtələrində fəaliyyət göstərmiş, öz müqəddəs missiyalarını əzmlə yerinə yetirmişdilər. Odur ki, bütün şəhidlərimiz kimi həkim şəhidlərimizin də xatirəsinin əbədiləşdirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu mənada Sumqayıt Tibb Mərkəzinin şəhid həkimlərlə bağlı layihələri, onların xatirəsinin əbədiləşdiirlməsi, qəhrəmanlıqarının təbliği ilə bağlı atdığı addımlar son dərəcə önəmlidir. Bu addımlardan biri kimi Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü və dəstəyilə çəkilmiş, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş “Şəhidlər evə qayıdır” qısametrajlı bədii-sənədli filmini göstərmək olar. Bu filmdə şəhid Eldar Abdullayevin həyat və döyüş yoluna nəzər salınıb, onun qəhrəmanlıqları, vətən uğrunda sərgilədiyi fədakarlıqlar yüksək peşəkarlıqla öz əksini tapıb. Sumqayıt Tibb Mərkəzinin şəhid həkimlərimizin cəmiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımları təqdirəlayiqdir və şəxsən mən bu fəaliyyəti alqışlayıram. Onu da qeyd etməliyəm ki, tanınmış jurnalist Ramil Zeynallının rəhbərlik etdiyi Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi bu sahədə xüsusi ciddi aktivlik sərgiləyir, Mərkəzin fəaliyyətinin təkib hissəsi kimi şəhid həkimlərimiz xatirəsinin əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması istiqamətindəki yenilikləri cəmiyyətə çevik şəkildə çatdırır. Sumqayıt Tibb Mərkəzinin Mərkəz İctimaiyyətlə əlaqələr bölməsi həm media, həm də sosial şəbəkələr üzərindən geniş iş aparır, Sumqayıt Tibb Mərkəzinin həyata keçirdiyi hər bir yenilik kimi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətindəki tədbirlər haqqında ictimaiyyəti operativ şəkildə məlumatlandırır. İnanıram ki, başda hörmətli Elnur Azadxanov olmaqla Sumqayıt Tibb Mərkəzinin bütün dəyərli kolektivi bundan sonra da şəhidlərimizlə bağlı məlum fəaliyyəti uğurla davam etdirəcək, gənc nəslin vətənpərvərlik tərbiyəsinə yeni-yeni töhfələr verəcək”.  Seymur ƏLİYEV  

Hamısını oxu
"Fatma Səttarovanın xatirəsi qəlbimizdə daim yaşayacaq"

Azərbaycanın məşhur mühafizə şirkəti olan “SECURİTY OPERATİON SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib. Qurumdan "AzPolitika"ya daxil olan başsağlığında deyilir: “Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova 2024-cü il sentyabr ayının 14-də ömrünün 102 ilində vəfat etmişdir. Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. O, 1940-cı ildə Bakıda Tibb Texnikumundan məzun olub və 1941-ci ilin yanvarında ailə həyatı qurub. Ailə qurduqdan beş ay sonra onun həyatı tamamilə dəyişib, iyunun 22-də Almaniya Sovet İttifaqına hücum edib və Fatma xanım şəfqət bacısı kimi cəbhəyə gedib. Fatma Səttarova müharibə dövründə 1941–1942-ci illərdə Moskva uğrunda döyüşdə iştirak edib. Tibb bacısı kimi borcunu yerinə yetirən Fatma Səttarova cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edib. O vaxt Moskva ətrafında döyüş meydanında onun özünü də yerin altından çıxardıblar. O, səngərdə olarkən tanklar onun üstündən keçib. Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, onun tanıdılmasında əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəməyib. Tez-tez cəbhə bölgələrində olub, əsgərlərlə görüşən Fatma Səttarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin yanvar ayının 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi. Qeyd edək ki, “İstiqlal” ordenli Fatma Səttarova, həm də Prezident təqaüdçüsü idi. “SECURİTY OPERATİON SERVİCES” MMC-də çalışan çox saylı birinci və ikinci Qarabağ müharibəsi veteranları ilə hər zaman əməkdaşlıq edən, onlara öz məsləhət və tövsiyələrini verən görkəmli ictimai xadim, səmimi insan Fatma Hüseyn qızı Səttarovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə “SOS” MMC-nin kollektivi adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” Onu da qeyd edək ki, “Security Operation Services” Məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyi və bir qrup Qarabağ müharibəsi veteranı əməkdaşı Fatma Səttarovanın dəfn mərasimində iştirak edərək mərhumun məzarı üzərinə əkili qoyub, ruhuna dualar oxutdurub.

Hamısını oxu
İlham Əliyevdən bəzi şəxslərin avtomobillə təmin edilməsi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya Müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 (iki milyon səkkiz yüz yetmiş səkkiz min iyirmi) manat ayrılıb.   Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.  Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Hamısını oxu
Rəna xanım Paşayevanın xatirəsinə: Əlvida, gözəl insan

Biz onunla "Əli və Nino" kafesində görüş təyin etmişdik. 2009-cu il idi. Rəna xanım Parisdən yenicə qayıtmışdı. Parisdə UNESCO Rəna xanımın atası - böyük alim Musa Əliyevin doğum gününü təntənə ilə qeyd etmişdi. Mən ondan bu mövzuda müsahibə götürmək niyyətində idim. Zala zərif, təbii, ingilissayağı eleqant geyimdə bir xanım daxil oldu. Zahiri görkəmi yaşına uyğun və çox ciddi idi. Bir sözlə, qüssəli eleqant xanım. Biz masalardan birinin arxasında əyləşib söhbətə başladıq. Masa arxasına keçərək, dedim: - Rəna xanım, fikirləşirəm, sizə hansı sualı verim ki, üzünüz gülsün. Görünür, bu sualım çox gözlənilməz olmuşdu. Rəna xanım gülümsədi: "Ümumiyyətlə mən nadir hallarda gülürəm". - "Nə üçün?" - "Bilmirəm, uşaqlıqdan qüssəli xarakterim olub. Yəqin ki, çox tez yaşlaşmışam". Əlbəttə, burada zaman və genlər öz təsirini göstərmişdi. Rəna Paşayevanın babaları və ulu babaları arasında siyasətçilər, diplomatlar, maliyyəçilər, din və maarif xadimləri olub. Onlardan ən məşhuru - babası Məmmədtağı Əlizadə çar hökumətinin naziri, Rusiyanın Almaniyadakı elçisi, 1-ci Dövlət Dumasının deputatı, "Hümmət" Partiyasının əsasını qoyanlardan biri, "Əkinçi" qəzetinin fəal yazarı olub. 1918-ci il Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən diri-diri yandırılıb. Ailəsi xilas olmaq üçün qaçmağa məcbur olub. - Bu "Şamaxı qaçqını" hissi anama ömrünün sonuna qədər əzab verirdi. Atama görə qorxu hissi də onu heç vaxt tərk etmirdi, - Rəna xanım dedi. - Ağır illər idi. Ötən əsrin bütün repressiyaları bizim ailədən də yan keçməyib. Atası, onun dostları və o dövrün qorxusu barədə Rəna xanımın atası Musa Əliyev dünya şöhrətli alim olub. Bu azərbaycanlı alim rusiyalılara geologiya elminin əlifbasını öyrədib, əlcəzairlilərə neftlə zəngin olan Böyük Səhranın sirlərini açıb, Yura dövründə naməlum personajı axtarıb tapıb, Mezozoy dövrünün faunasının stratiqrafiyasına aid sanballı əsərlər dərc etdirib, Meksika, Danimarka, Hindistan və Livanda elmi konfranslarda çıxış edib. Ötən əsrin 30-cu illərinin ortalarından başlayaraq Azərbaycanda yüksək vəzifələr tutub: Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini, Milli Elmlər Akademiyasının prezidenti və sair. Ona ehtiyac duyurdular, çünki o, yüksək səviyyəli peşəkar idi. Lakin hər bir plenumda - yeni layihənin icrasının başlanması müzakirə ediləndə də, Səməd Vurğunun müdafiəsindən və ya özünün cavabdeh olduğu bir yatağın işlənməsindən söhbət gedəndə də respublikanın rəhbəri Mircəfər Bağırov hədələyici tərzdə xəbərdarlıq edirdi: "Sən ağarmış başını Solovkidə qoyacaqsan". - O vaxt rəhbərlik stili belə idi, - deyə Rəna xanım dəqiqləşdirdi. - Bugünkü nəsil Solovki barədə heç nə bilmir, amma biz bilirdik. Bu dəhşətli sürgündən, demək olar ki, heç kəs qayıtmırdı. Atam, adətən, mülayim, xoşrəftar adam idi, amma belə günlərdə qanı qaralırdı və biz - uşaqlar, bilirdik ki, ona yaxınlaşmasaq, yaxşıdır. Anamla o, qapını bağlayıb nəyisə sakitcə müzakirə edirdilər. Ən lazımlı əşyaların yığıldığı balaca çamadan həmişə hazır vəziyyətdə idi. - O, Bakıdan köçüb getməyə hazırlaşırdı? - O, həbs olunmağa hazır idi. Bilirdi ki, növbəti "təmizləmə" siyahısında Səməd Vurğun, Mirzə İbrahimov və Musa Əliyevin adları var. ...O illərin repressiyaları barədə çoxlu proqram hazırlamışam və bir məsələ məni həmişə narahat edirdi. Rəna Paşayevaya həmin sualla müraciət etdim: "Nə üçün ağıllı adamlar onlara divan tutulmasını belə sakitcə gözləyirdilər? Nə üçün cəlladlardan qaçmırdılar?". - Hara qaçaydılar?! Qırxıncı illərin əvvəlində atamı Moskvaya, SSRİ Xalq Neft Komissarlığının Elm İdarəsinə rəhbərlik etməyə göndərdilər. Almanlar Moskvaya yaxınlaşırdı. Atam sözün hərfi mənasında bomba sədaları altında Moskvanın neft üzrə ali məktəblərini Qroznıya və Ufaya köçürürdü ki, kadr hazırlığı pozulmasın. Moskvada atamı paytaxtda saxlamağı qərara alırlar, lakin Bağırov Musa Əliyevin qayıtmasını tələb edir. Əslində, atamı güclə Bakıya qaytardılar və sonra... Bu nəsil romantiklər nəsli idi. Onlar öz Vətənini fədakarcasına sevirdilər. Heç nəyə baxmadan hakimiyyətə inanırdılar. - Lakin həm də ondan qorxurdular, eləmi? - Qorxurdular. Valideynlərimin yataq otağında hökumət telefonu vardı. Bu telefonla yalnız Bağırov zəng edə bilərdi. Həmin aparatın zəngi səslənəndə, - bu isə yalnız fors-major hallarda olurdu, - hərəmiz bir tərəfə qaçırdıq. Qorxumuzdan pıçıltı ilə danışırdıq... (bir qədər susdu). İndi də bir mühüm məsələdən söhbət düşəndə pıçıltı ilə danışıram. Mənə deyirlər: "Sən yenə səsini azaldırsan?" Mən isə cavab verirəm ki, yəqin, elə belə də həyatdan köçəcəyəm (kədərlənir). İndi keçmiş dövr barədə nostalgiya ilə danışanları görəndə təəccüblənirəm. Axı o dövrdə nə var idi? Növbələr, heç nə tapılmırdı, darısqal mənzillər, bir yerə getmək mümkün deyildi. Qorxu... Yox. Bu gün keçmişdən daha yaxşıdır. - Böyük adamın qızı olmaq çətin idimi? - Məsuliyyətli idi. Axı sən təkcə özünü təmsil etmirsən. Atamı hörmətdən salmamaq çox vacib idi. Çünki o da, biz də göz qabağında idik. Dövr isə sərt və təhlükəli idi. - Atanız kiminlə ünsiyyətdə olurdu? Sizin evə kimlər gəlirdi, onun dostlarından kimi xatırlayırsınız? - Azərbaycan elminin əsasını qoyanların, demək olar ki, hamısı bizim evdə olurdu, xüsusən atam Elmlər Akademiyasının prezidenti olan dövrdə. Səməd Vurğun, - o, vitse-prezident idi, - Mirəli Qaşqay, Əşrəf Əlizadə, Süleyman Vəzirov, Ədhəm Şıxəlibəyli, Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Baba Babazadə - bir sözlə, neft geologiyasının qızıl fondunun bütün qaymaqları. Çay süfrəsi sadə, münasibətlər təbii, şən olurdu. O vaxt intellektual diskussiyaları çox eşitmişəm. "Dünyanın yarısını ona tapşırmışdılar" - Necə oldu ki, siz şərqşünaslıq peşəsini seçdiniz? Yeri gəlmişkən, 1960-cı illərdə bu, Bakıda ən prestijli və dəbdə olan fakültələrdən biri idi. - Elədir, oraya çoxları can atırdı, çünki bu fakültə xaricə getməyə, Şərq ölkələrində işləməyə imkan verirdi. Amma mən hələ məktəb illərindən Yaxın Şərq ədəbiyyatını öyrənməyi arzu edirdim. 1968-ci ildə Livan ədəbiyyatına aid dissertasiya müdafiə etdim, 12 il Moskva Şərqşünaslıq İnstitutunda işlədim, Sudanda təcrübə keçdim, Əlcəzairdə oldum. Sonra Bakıya qayıtdım, 13 il Şərqşünaslıq İnstitutunda, daha sonra 14 il Vaşinqtonda çalışdım. Mənim həyat yoldaşım Hafiz Paşayev ABŞ-da müstəqil Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olub. ...Hafiz Paşayevin səlahiyyətləri dairəsinə ABŞ-dan əlavə digər dövlətlər - Kanada, Meksika, Kuba, Latın Amerikası ölkələri də daxil idi. Şair Nəriman Həsənzadə bununla əlaqədar zarafatla deyirdi: "Sənə dünyanın yarısını tapşırıblar". Yadımdadır, Hafiz Mircəlal oğlundan soruşdum ki, ilk günlər Amerikada Azərbaycan səfiri üçün ən mürəkkəb sual nə idi? Səfir xatırlayırdı: O vaxt Vaşinqtonda az adam bilirdi ki, Azərbaycan Abican ilə Abuca arasında yerləşən ekzotik Afrika guşəsi deyil, suveren dövlətdir. Ən mürəkkəb sual da lakonik səslənirdi: nədən başlamalı? "Vaşinqton Post" qəzetində dərc edilmiş bir yazı məni, sadəcə, şok etdi. Ağ Evdə Azərbaycana görə cavabdeh olan yüksəkrütbəli şəxs telefonda öz xanımı ilə söhbət edir. Bu arada, onun köməkçisi qaça-qaça gəlir və deyir ki, Azərbaycanda vəziyyət yenidən gərginləşib. Məmur öz xanımından sakitcə soruşur: "Əzizim, sən bilmirsən ki, Azərbaycan harada yerləşir?" Rəna xanım da ərinin sözlərini təkrar edir: - Bəli, 1990-cı illərin əvvəli olduqca mürəkkəb dövr idi. İnformasiya blokadası. Hamı ermənilərə tərəfdar çıxır. Hara getsən, hər yerdə soruşurlar: "Siz nə üçün onları öldürürsünüz?". Anamın dərdi barədə danışmaq istəyirəm, ermənilər onun atasını öldürüb, evlərini yandırıblar. Heç kəs bunu eşitmək istəmir. Nə konqresmenlər, nə senatorlar, nə Ağ Evdəkilər, hətta şəxsi söhbətlər zamanı da. Qarşımızda "Berlin divarı" dayanmışdı və Hafiz sözün hərfi mənasında bu divarı dəf etməyə çalışırdı. Mənim əllərim yanıma düşmüşdü. ...Kənardan baxanda diplomatın həyatı monoton, yeknəsəq, hər gün çox böyük səbir tələb edən yorucu işlə dolu həyatdır. Zahirən o qədər də effektli görünməyən bu həyat, əslində, dərin daxili temperament, fikir temperamenti ilə doludur. - Gecələr çox vaxt yataqda uzanıb, amma yatmırdım, - deyə Hafiz Paşayev xatırlayırdı, - özümün və xalqımın təhqir olunması fikri mənə dinclik vermirdi. Axı işğal edilmiş ərazilər, öz yurdundan silah gücünə qovulmuş insanlar mənim millətimə mənsubdur. Nə üçün? Nəyə görə? Hansı haqla? - Belə vəziyyət çoxmu davam etdi? - Üç-dörd il, - Rəna xanım dedi, - o vaxt Hafiz peşəkar diplomat deyildi. O, fizika-riyaziyyat elmləri doktorudur, buna görə də elm adamlarının qapılarını döyməyə başladı. Ölkəni gəzir, Kolumbiya, Harvard, Berkli universitetlərində çıxışlar edirdi. Mən səfir xanımları ilə görüşür, onların vasitəsilə ərəb dünyası ilə əlaqə yaradırdım. ...Rəna xanım Hafiz Paşayevin ABŞ prezidentləri Buş və Klinton ilə mühüm tanışlıq görüşlərində iştirak edirdi, belə görüşlərdən yaranan ilk təəssüratın böyük əhəmiyyət kəsb etməsi isə diplomatik dairələrdə yaxşı məlumdur - Rəna xanıma xas olan kübarlıq, ağıl, davranış maneraları uzun müddət onların yadında qalırdı! Ərəb ölkələrinin səfirləri ilə Hafiz Paşayevin diskussiyalarında Rəna xanımın iştirakının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir - filologiya elmləri doktoru, şərqşünas, ərəbşünas qadının ərəb dünyasına aid bilikləri diplomatları yaxşı mənada heyrətləndirirdi. Beləcə, onlar addım-addım vəziyyəti dəyişdilər. Böyük səbir tələb olunurdu. Onlar heç nəyi nəzərdən qaçırmırdılar. Bəzən ən gözlənilməz tərəfdən uğur qazanmaq olardı, bu hətta kuryoz təsir bağışlayırdı. - Vaşinqtonda Konqres klubu var, - Rəna Paşayeva xatırlayırdı, - orada fəaliyyətdə və istefada olan konqresmenlərin xanımları hər il böyük ziyafət təşkil edirlər. Məni hər il dəvət edirlər, mən də hər ilə səliqə ilə gəlirəm. Hər dəfə də məndən nəzakətlə soruşurlar: "Siz kimsiniz? Hansı ölkədənsiniz?" Qəbullar müxtəlif, bəzən tematik olurdu. Bir dəfə ölkələr öz milli geyimlərini nümayiş etdirməli idilər. Bizim milli geyimimizi bir azərbaycanlı tələbə qız nümayiş etdirdi. Onu Amerikanın ali məktəblərinin birində axtarıb tapmışdıq. Uca boylu, şux qamətli, kürən saçlı bir qız idi. Çox gözəl idi. Onu gurultulu alqışlarla qarşıladılar. Qız podiumdan düşəndə bütün kişilər onun əlini sıxmağa çalışırdı... O vaxtdan etibarən mən klubda görünəndə dərhal məni tanıyırdılar: "Ah, Sizin o qız necə gözəl idi!". Bəlkə də, xırda məsələdir, amma nəticəsi yaxşı olmuşdu... Heydər Əliyev ölkədə hərc-mərcliyə son qoyaraq, sabit siyasi vəziyyət yaratmağa nail olanda, demək olar ki, hər şey əsaslı şəkildə dəyişdi. Neftlə bağlı "Əsrin müqaviləsi" imzalananda isə, əlbəttə, bizi eşitməyə, anlamağa, bizə hörmət etməyə başladılar. "Raisa Qorbaçovanın brilyant üzüyü" Yeri gəlmişkən, kiçik bir haşiyə. Dünya praktikasında taleyüklü problemlərə təsir göstərən diplomatların xanımları çox olub. Təəssüf ki, bəzən mənfi təsir göstərənlər də olub. Qorbaçovun dövründə SSRİ-nin ABŞ-dakı səfirinin xanımının əhvalatı çoxlarına məlumdur. Dubinin Z.Bjezinskinin təbirincə desək, "qəşəng yalançı" idi. Onun arvadı Lyana Dubinina, - qızlıq soyadı Xaçaturyan, - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi. Bunun müqabilində Raisa Qorbaçova ABŞ-dakı erməni icmasından qədim brilyant üzüyü hədiyyə almışdı. Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan "Ştern" jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində Dağlıq Qarabağın üzərinə düşür. Məhəbbət, müharibə, siyasətçi qadınlar və yaxşı insanlar haqqında İlk baxışdan, ilk görüşdən məhəbbətin nə demək olduğunu yaşlı nəsil bilir. Belələri həyatda onların qarşısına çıxmış çoxsaylı namizədlər arasından yeganə birini seçir, elə ilk görüşdə ona vurulur və öz hisslərini taleyüklü "odun, suyun və zəfərlərin içində" qoruyub saxlamağı bacarırlar. Bu sözlər Rəna və Hafiz Paşayevlərə aiddir. Onlar 55 il birgə yaşayıblar... Məktəbdə, səkkizinci sinifdə oxuyarkən tanış olublar. Dostluq ediblər. Məktəbi bitirəndən sonra Rəna ailəsi ilə bərabər Moskvaya köçüb. Sonra Hafiz Moskvaya gedib, aspiranturaya daxil olub. Evləniblər. - Hafizlə dostluğum çox möhkəmdir. Çox zərbələrə birlikdə sinə gərmişik. Var qüvvəmizlə bir-birimizi dəstəkləmişik (gülümsəyir)... Görürsünüz, yenə qüssəli mövzuya keçdik. - Siz dünyabaxışınıza görə necə adamlarsınız - optimist, pessimist, yoxsa romantik? - Çox güman ki, realistlərik. Hafiz yumor hissi olan realistdir, mən isə, sadəcə, realist. - Bu gün sizi qorxudan məsələlər varmı? - Bəli. Müharibə. Mən nəvələrim üçün qorxuram, dörd nəvəm var. Anam deyərdi ki, müharibədən qorxulu heç nə yoxdur. Mən hesab edirəm ki, müharibədənsə problemin uzun sürən olsa da, sülh yolu ilə həlli daha yaxşıdır. - Qadınlar vəziyyətə təsir göstərə bilərlərmi? - Mən Amerikada çox şey öyrənmişəm. Orada hara getsən - istər Ağ Ev olsun, istər Baş Qərargah və Pentaqon - hər yerdə qadınlardır. Oradakı çalışanların 50 faizi qadınlardır. Bizdə bu mənada görüləsi iş hələ çoxdur. Mənim fikrimcə, böyük siyasətdə qadınlar nə qədər çox olsa, dünyamız bir o qədər xeyirxah və təhlükəsiz olar. - Rəna xanım, Siz həyatınızdan razısınızmı? - Bir dəfə qadın qohumlarımdan biri dedi ki, təbiət bizim üzərimizdə istirahət edir, çünki biz atalarımız qədər yüksək mövqelərə çatmamışıq. Cavabında mən dedim ki, nə üçün çatmamışıq? Biz, sadəcə, yaxşı insanlarıq. Məgər bu azdırmı? Məncə, çoxdur, lap çoxdur, çünki yaxşı insanlar azdır. ...Mən nə üçün məhz bu söhbəti xatırladım? Bu həftə Rəna xanım Paşayeva dünyasını dəyişdi... Məhz işğalçı ermənilər yenidən təxribat törətdikləri gün. Yenə atışma. Yenə qan. Yenə kədər, elə bil ürəyinə dammışdı. Əlvida, gözəl, qüssəli xanım, rahat yat. Nadejda İsmayılova Milli.Az

Hamısını oxu