Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə milli-mənəvi dəyərlərimizin qorunmasına həsr olunmuş konfrans keçirilib

Mart ayının 11-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə “Türk dünyası qovuşağında milli-mənəvi  və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir” mövzusunda konfrans keçirilib.  “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın, DQİDK Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, həmçinin Gəncədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, eləcə də Gəncədə təhsil alan və çalışan türkiyəli müəllim və tələbələr, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı ADAU-nun rektoru Zəfər Qurbanov açıq elan edərək tədbir iştirakçılarını salamlayıb və bildirib ki, milli-mənəvi, dini dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm addımlar atılır. Gənclərin milli ruhda tərbiyə olunması, onların tariximizi, mədəniyyətimizi dərindən öyrənməsi istiqamətində müxtəlif layihələr icra edilir. ADAU olaraq biz də bu prosesə töhfə verməyə çalışırıq”, – deyə rektor vurğulayıb. Natiq, həmçinin, əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də Şuranın Gəncə şəhər təşkilatının üzvləri milli-mənəvi, dini dəyərlərimizin qorunması və gənc nəslə aşılanması prosesində fəal iştirak edirlər.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov mövzu ilə bağlı fikirlərini bildirib. Bu sahədə aparılan  dövlət siyasətindən bəhs edib. Vurğulayıb ki, son günlərdə Gəncədə səfərdə olan Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın şəhərdə məscid və kilsənin mövcud vəziyyəti ilə yaxından tanış olması milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin bariz göstəricisidir.

Tədbirdə çıxış edən DQİDK Gəncə-Daşkəsən regional bölməsinin sədri Həsən Məmmədov və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov da bu sahədə qarşıda duran vəzifələr barədə fikirlərini səsləndiriblər. Onlar, həmçinin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır” mövzusunda çıxış edərək, iki qardaş ölkə arasında tarixi əlaqələrin və strateji əməkdaşlığın, eləcə də ortaq dəyərlərimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini  Bayram Yusifov konfransın iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, özünə doğma hesab etdiyi bütün gəncəliləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfransın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayaraq bildirib ki, xalqımızın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlərimiz bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyatımız və incəsənətimizdir.  Azərbaycan Ağsaqqallar Şurasının əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri  xalqımızın milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir. Ağsaqqallarımız öz bilik və təcrübələrini əsirgəməyərək milli-mənəvi dəyərlərimizi qoruyur və gənc nəslə ötürürlər. Natiq, həmçinin, bildirib ki, Ulu Öndər Heydər Əliyev də ağsaqqaların bu missiyasını yüksək dəyərləndirərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Lakin unutmayaq ki, milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən bir vəzifədir. Bayram Yusifov, həmçinin, Türk dünyasında, eləcə də Türk Dövlətləri Təşkilatında təmsil olunan Azərbaycanın və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu qurumdakı əhəmiyyətli fəaliyyətindən ətraflı bəhs edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şura üzvlərinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının işində yaxından iştirak etdiklərini vurğulayıb.

ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova və Şah Abbas məscidinin dini icmasının sədri Əlisəftər Səfərəliyev də çıxışlarında milli-mənəvi, dini dəyərlərin qorunması və inkişafının vacibliyini qeyd ediblər, bu dəyərlərin gənc nəslə aşılanmasının cəmiyyətin mənəvi bütövlüyü üçün önəmli olduğunu bildiriblər. Konfransda iştirak edən şəhid Rauf Əsgərovun anası Brilyant Əsgərova da mövzu ilə bağlı fikirlərini bölüşüb.

Sonda Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov konfransın qəbul etdiyi Bəyannaməni tədbir iştirakçılarının diqqətinə çatdırıb.

2025-03-13 10:07:28
3154 baxış

Digər xəbərlər

Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.   Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

Hamısını oxu
28 May – Müstəqillik Günü: Tarixi Yaddaş, Millətin Dirçəlişi

Tarixdə elə günlər var ki, bəzən bütöv bir millətin taleyini dəyişir. O günlər millətin ruhuna hopur, yaddaşına köçür və hər nəsildə yeni nəfəs kimi doğulur. 28 May məhz belə bir gündür. 28 may Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə yazılmış müqəddəs bir tarix, bir millətin öz taleyini öz əllərinə almaq iradəsidir. Bu gün, Azərbaycanın azad nəfəs aldığı, müstəqilliyini dünyaya bəyan etdiyi gündür. Bu gün, əsrlər boyu istiqlal həsrəti ilə yanan ürəklərin dualarının cavabı, yurd uğrunda şəhid olanların xatirəsinə yazılmış bir qələbə nəğməsidir. 1918-ci il İstiqlal günəşi doğurdu. 1917-ci ilin çalxantılı Rusiyasında çar taxtdan salındı, imperiyanın divarları çat verdi. Bu çatlar arasında əsrlərlə sıxılmış xalqlar öz yolunu seçmək üçün fürsət qazandı. Azərbaycan xalqı da bu tarixə öz möhürünü vurdu. 1918-ci ilin 28 mayında Tiflisdə bir qrup maarifçi, mütəfəkkir və mübariz şəxs Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu, təkcə bir dövlətin deyil, bir ümidin, bir qürurun, bir arzunun doğulması idi. "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadənin səsi təkcə dövrünün deyil, gələcək nəsillərin də azadlıq çağırışı oldu. Demokratiyanın Şərqdəki qapısı Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk parlamentli respublikasına çevrildi. Bu dövlət cəmi 23 ay yaşadı, lakin bu zaman ərzində bir əsrə bərabər izlər buraxdı. Avropanın əksər ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu, milli bank və pul vahidi yaradıldı, 1918-ci il 4 iyunda Osmanlı dövləti tərəfindən tanındı, Bakı azad edilərək milli hökumət şəhərə köçürüldü. Bu dövlətin ruhunda bərabərlik, ədalət və millətinə sədaqət vardı. Hətta "millət, məzhəb, sinif, cins fərqi qoymadan hər kəsin hüququ qorunacaqdır" deyə yazılmışdı İstiqlal Bəyannaməsində. Bu bəyannamə bir millətin azadlıq manifesti idi. 1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq qoydular. Müstəqillik nəğmələri sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. O, hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan yenidən dirçəldi, SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi, çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər və illərin mübarizəsi vardı. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə daşıyan dahi lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə ölkənin müxtəlif sahələrində böyük irəliləyişlərə nail olundu. Elm, təhsil və mədəniyyət, sənaye sahələrində əsaslı islahatlar aparıldı. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Azərbaycanın elmi və mədəni elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət qurumları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu, Milli Ordu yenidən formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu. 1994-cü ildə atəşkəs elan edildi və müharibənin genişlənməsinin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Konstitusiya qəbul olunaraq hüquqi dövlətin əsasları qoyuldu. Milli ideologiya formalaşdırıldı ki, bu yolda da “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq arenaya inteqrasiyası sahəsində də mühüm addımlar atdı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi. Ulu Öndər Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu. Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi. O, öz siyasi kursunu davam etdirəcək ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi, onu dövrünün yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi, yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi, dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi, gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi. Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində onun Ali Baş Komandan kimi liderliyi sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin, beynəlxalq hüququn və tarixi ədalətin bəyanı oldu. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanıldı. Bölgədə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı. Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki, müstəqil siyasət mümkündür, yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir. Səbir və strateji baxış qalibiyyətin əsas şərtidir. 17 il ərzində Qarabağın azadlığı uğrunda görülən hazırlıqlar Böyük Zəfərlə nəticələndi. Xalqın dəstəyini alan lider məğlubedilməzdir. İlham Əliyev Azərbaycanın müstəqillik yolunda ən etibarlı davamçısı, xalqının güvənc yeri, tarix yazan lideridir. Onun adı artıq təkcə Prezident kimi deyil, Qarabağın fatehi, Azərbaycanın güclənməsinin rəmzi, zəfərlə yazılmış gələcəyin memarı kimi tarixdə əbədi yaşayacaq. Bu gün qeyd etdiyimiz 28 May – Respublika Günü, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini təcəssüm etdirir. Məhz cümhuriyyət qurucuları xalqımızın azadlıq və müstəqillik idealını gerçəkləşdirdilər. Onların qoyduğu əsaslar sonrakı dövrlərdə ölkəmizin milli oyanışının, dövlət müstəqilliyinin təməlini təşkil etdi. Bu müstəqillik ideallarını XX əsrin sonlarında böyük uzaqgörənlik, qətiyyət və müdrikliklə ümummilli lider Heydər Əliyev bərpa etdi, möhkəmləndirdi və müasir Azərbaycanın inkişafının əsasını qoydu. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu gün Azərbaycanı güclü, qalib və nüfuzlu bir dövlətə çevirmişdir. 28 May – Respublika Günü tariximizə qızıl hərflərlə yazılmış şanlı gündür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamın rəmzidir. Ulu öndərlərimizin yolu ilə irəliləyən müstəqil Azərbaycan daim yüksələcək! Respublika Gününüz mübarək!   Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
BŞTİ müdiri "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib

Veteran.gov.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib.   Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün təşkil etdiyi təlimdə çıxış edən Mehriban Vəliyeva "Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq"  mövzusunda təqdimatla çıxış edib. M.Vəliyeva mövcud şəraitdə təhsil müəssisələrində tədrisin təşkili, məktəb idarəetməsi, pandemiya şəraitində tədris prosesinin effektiv təşkili, ümumi təhsil müəssisələrində keyfiyyətin artırılması, istedadlı şagirdlərlə iş, təhsildə innovativ layihələrin idarəolunması, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə dezinfeksiya işləri, infrastruktur, elektron xidmətlər və digər mövzular ətrafında məlumat verib.   Daha sonra İdarə müdiri KİV nümayəndələri tərəfindən ünvanlanan suallara cavab verib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.  

Hamısını oxu
Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanda dəyişiklik edib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmanla Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yeni səlahiyyətlər verilib.   Dəyişikliyə qədər Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxırdı. Bundan sonra isə Səhiyyə Nazirliyi, Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti də həmin işlərə baxacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri müəyyənləşdirir. Prezidentin digər fərmanları ilə “Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə və “Dövlət Turizm Agentliyi haqqında Əsasmayə” müvafiq dəyişikliklər edilib.

Hamısını oxu