Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə tədbirlər planına əsasən veteranlarla gənclərin görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının 2019-cu il üzrə Tədbirlər Planına uyğun olaraq aprelin 3-də Respublika Veteranlar Təşkilatının inzibati binasında müharibə veteranları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyətinin görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. video Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, ADPU-nin rektoru professor Cəfər Cəfərov, veteranlar,  universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə general-polkovnik Tofiq Ağahüseynov açaraq gənc nəslin vətənpərlik tərbiyyəsi istiqamətində Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi işlər barədə və vətənpərvərlik ruhunda tərbiyə edilməsində veteranların fəaliyyəti haqqında məlumat verib. Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını vurğulayıb. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gəncliyinin xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrin əldə edilməsində, eləcə də, ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimiz naminə sinəsini sipər etmiş gəncləri əsl vətənpərvər adlandırıb. C.Xəlilov Azərbaycan gəncliyinin vətən sevgisinə, tərbiyəsinə, əxlaqına görə dünyaya nümunə olduğunu diqqətə çatdırıb. ADPU-nin rektoru professor Cəfər Cəfərov çıxışında Respublika Veteranlar Təşkilatına bu cür tədbirlərin təşkilinə görə təşəkkür edib. Gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi Universitetin gənclərinin təhsildə əldə etdiyi uğurlara nəzər salıb. Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurgulayıb. Əfqanıstan və Qarabağ müharibəsi veteranları polkovnik Adil Haqverdiyev, polkovnik Elşad Şabanov, Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və ADPU-nin dekanı Laçın Həsənova Aprel döyüşlərinin iştirakçısı Məmmədov Elşad və başqaları çıxış edərək  gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonra tədbir iştirakçıları Pedaqoji universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov haqqında  hazırladıqları videoçarxa baxıblar. Tədbirin sonunda ADPU-nun rektoru professor Cəfər Cəfərova “General Həzi Aslanov” yubiley medalı və kollektivin bir qrup müəllim tələbə heyəti  Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif edilib, birgə xatirə şəkli çəkilib.

2019-04-03 00:00:00
5500 baxış

Digər xəbərlər

“Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfrans keçirilib

5 iyun 2024-cü il saat 10:30-da Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə  “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfrans keçirilib. Konfransda kursantlar, müxtəlif qoşun növlərinin nümayəndələri, gənclər və veteranlar, həmçinin, millət vəkilləri, görkəmli ziyalılar, vətəndaş cəmiyyəti institutlatrının nümayəndələri iştirak edib. Konfransdan öncə foyedə rəsm sərgisinə baxış keçirilib, vətənpərvərliklə bağlı əsərlər konfrans iştirakçılarının marağına səbəb olub. Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respubikasının Dövlət Himni ifa olunub. “Xalq-ordu birliyi və 44 günlük Vətən müharibəsi” adlı videoçarx nümayiş olunub. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalq-ordu birliyi ilə bağlı maraqlı fikirlər səsləndirib, bu birliyi təhlükəsizliyimizin qarantı adlandırıblar. Ordu-xalq vəhdətinin 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynadığını bildirən konfrans iştirakçıları, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu birliyin gələcəkdə də qorunub saxlanılanacağına əminliklərini ifadə ediblər. Çıxışlardan sonra müxtəlif layihələrdə uğur və nailiyyətlər əldə etmiş gənclərə diplom və Fəxri Fərmanlar təqdim edilib. Bundan sonra konfransda iştirak edən tələbə və kursantlar çıxış edən rəsmilərə suallar ünvanlayıb, onları maraqlandıran məsələlər haqqında ətraflı məlumat alıblar. Konfransın sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.    

Hamısını oxu
Ata, ağlama, evə qayıdırıq! – Şuşa səfəri, I yazı

  Sentyabrın 11-də Şuşaya səfər edəcəyimizi eşidəndə ilk ağlıma gələn atam oldu. Ona görə yox ki, o, Şuşada doğulan, ömrünün böyük hissəsini Şuşada keçirən, bütün qəlbi, ruhu ilə bu şəhərə bağlı olan və Şuşa həsrəti ilə dünyasını dəyişən sadə şuşalılardan biri kimi bu şəhəri dəlicəsinə sevirdi. Ona görə ki, mən Şuşanı məhz onun sayəsində sevmişdim. Atamın Şuşa haqqında danışdıqları məni bu şəhərə onun gözləri, onun könlü ilə baxmağa sövq etmiş, onun Şuşa sevgisi anbaan, günbəgün, ilbəil qeyri-ixtiyari şüuruma, ruhuma axmışdı. Lakin əminliklə deyə bilərəm ki, Şuşanı yurd yeri, and yeri kimi əsl dəyərini mənə anlatan atamın sevgi dolu sözləri deyil, onun göz yaşları oldu. Heç vaxt ağlamayan, ən dar məqamda da həyata nikibinliklə baxan atamın göz yaşları...   Boğazda qalan loxma...   Şuşanı ailə olaraq 1992-ci ilin 8 mart tarixində tərk etmişdik. O vaxt bizi Sumqayıta – dayımgilə yola salan atam şəhərin bombalanması dayanandan, ordumuz erməniləri məğlub edəndən sonra bizi geri qaytaracağını bildirmişdi. Təbii, o vaxt Şuşanın ermənilər tərəfindən işğal olunacağı, itiriləcəyi heç kimin ağlına gəlmirdi. Şuşa sakinləri bu ehtimalı özləri üçün təhqir hesab edir, bu barədə ara-sıra səslənən fikirlərə ən cəfəng, absurd iddia kimi yanaşırdılar. Lakin taleyin ümidinə buraxılan köməksiz şəhərin 1992-ci ilin 8 may tarixində işğalı acı bir gerçəyə çevrildi. Həmin gün şəhərin müdafiəsində iştirak edən onlarla insan qəhrəmancasına şəhid olsa da bu, şəhərin erməni faşistləri tərəfindən işğalına mane ola bilmədi.   Şuşanın işğalı xəbərini eşidəndə ailəmizin ilk ağlına gələn atamın taleyi oldu. Artıq bir gün keçsə də atamdan heç bir xəbər yox idi. Bəziləri onun öldüyünü, digərləri isə əsir götürüldüyünü  iddia edirdi. Ailəmizn mayın 9-u gecəsini də bu cür ağrılı və qorxunc düşüncələr, göz yaşları içində keçirdi.   10 may 1992-ci il... Günortadan xeyli ötüb... Dayımgilin həyət qapısı açılır və üst-başı toz-torpaq içərisində olan atam həyətə daxil olur. Şəhərin işğal edilməsi bizi nə qədər sarsıtsa da, atamın sağ qalmasına bir o qədər çox sevinirik. Cəmi bir neçə dəqiqədən sonra ev əhli əl-üzünü yuyub əyin-başını qaydaya salan atama eyni anda onlarla sual ünvanlanmaya başlayır. Ancaq heç kim əsas məsələ haqqında - Şuşanın həqiqətən də işğal edilib-edilmədiyi barəsində soruşmağa cürət eləmir. Sanki hamı bu suala qorxduqları cavabı alacaqlarından ehtiyat edir.   “İkinci dərəcəli” suallara ötəri cavab verən atamın davranışında diqqəti çəkən əsas məqam onun baxışlarını günahkar kimi bizdən gizləməsi, Şuşa itkisi fonunda zahiri soyuqqanlığını, saxta təmkinini qorumağa çalışmasıdır. Lakin görünür o bunu o qədər də yaxşı bacarmırdı. Bəlkə elə buna görə də onun daxili narahatlığını hiss edən qohumlardan kimsə ortamı yumşaltmaq, bu gərginliyə adi ovqat qatmaq üçün atamın iki gündür ac-susuz yollarda olduğunu xatırlatdı və üzünü ətrafdakılardan kiməsə tutub yemək gətirmələrini tapşırdı.   ...Daha bir neçə dəqiqə keçir. Qohumların təkidi ilə atam ilk loxmanı ağsına qoyub udmağa çalışır. Lakin “nə isə” buna imkan vermir. Və birdən hər kəs tükürpədən hönkürtüdən dəhşətə gəlir. Və hər kəsin eşitməkdən qorxduğu baş verir. Atam üzümü anama tutaraq sel kimi axan göz yaşları içində sadəcə, “Daha Şuşa yoxdur” deyə bilir.   Mən yalnız həmin an necə böyük, dəhşətli hadisənin baş verdiyini dərk etdim. Məhz o zaman anladım ki, Şuşanını itirilməsi sadəcə evimizin, şəhərimizin itirilməsi demək deyil. Bu, mənim uşaq ağlımın dərk edə bilmədiyi daha böyük, daha mühüm nələrinsə itirlməsi deməkdir. Bu itkiyə elə şeylər daxildir ki, onun ağrısı bütün həyatı əzab-əziyyət içində keçən, od-alovda möhkəmlənən insanı belə başqaları önündə ağlamağa məcbur edir, onu göz önündəcə boğurdu. Məhz bu mənzərə Şuşanı – onun əsl dəyərini mənə yenidən kəşf etdirdi.   Ruhun ölümü və ya sağ qalmaq günahdır!   Sonralar həmin günü xatırladıqca daha bir həqiqəti başa düşdüm. Anladım ki, evini, şəhərini, torpağını itirən, bu səbəblə də başqa evə, başqa məkana sığınan insan fiziki baxımdan sağ olsa da, mənəvi baxımdan ölür. Bu ölüm birdən-biri deyil, tədricən baş verir və uzunmüddətli olur. Hansı ki, həmin gündən etibarən atam da beləcə ölməyə başlamışdı. Və ən pisi isə o idi ki, heç kim onun gözü önündə baş verən bu prosesə əngəl ola, bu ölümü dayandıra bilmirdi.   Atam Şuşasız yaşamağı bacarmırdı və ölənə qədər də bacarmadı. O, Şuşasız yaşamağı günah hesab edirdi. Ona görə vətənsiz yaşamağın, sağ qalmağın heç bir mənası yoxdur. Buna görə də, atam Şuşanın işğalından sonra nəfəs alsa da, yaşamırdı.   İndi, atamın ölümündən və Şuşanın işğaldan azad olunmasından sonra bütün bunları yada salanda düşünürəm ki, bəlkə də atam haqlı idi. Bəlkə də vətəni müqəddəs və vazkeçilməz edən onsuz sağ qalmaq günah olmasıdır. Bəlkə də vətən elə bu olan şeydir ki, ondan ayrı keçən günlər ömürdən sayılmır. Bəlkə də vətənsizlik elə ruhun ölümü deməkdir. Hansı ki, ruhun yoxluğu fonunda bədənin var olması heç bir önəm daşımır...   ...Odur ki, həm 2020-ci ilin 8 noyabrında Şuşa erməni işğalından azad ediləndə, həm də 11 sentyabrda Şuşaya üz tutarkən üzümü yaddaşımda 1992-ci ildəki hönkürtüsü ilə qalan atama tutub bu sözləri demək gəldi içimdən: “Ata, ağlama, evə qayıdırıq!”   Əsgər ruhlarının keşik çəkdiyi müqəddəs yol...   11 sentyabr səhər saat 06:20. İçində mənim də olduğum avtobus “Azneft” dairəsindən hərəkətə başlayır. Saatlar ötdükcə rayonlar bir-bir geridə qalır. Magistral yolda sürətlə şütüyən avtobus bizi Füzuliyə yaxınlaşdırır. Avtobusumuz Füzulidən Şuşaya Zəfər yolu ilə hərəkət edəcək. 2020-ci ilin payızında hərbçilərimizin mərmi yağışı altında piyada hərəkət etdiyi, dağlar və meşələr içərisində addım-addım qət etdikləri müqəddəs yolla...   ...Çox keçmir ki, avtobusumuz Zəfər yolu ilə şütüməyə başlayır. Meşələrlə əhatə olunan dağların qoynunda ilan kimi qıvrılaraq uzanan yollar yadıma Şuşa-Laçın yolunu, həmin yolun “Yeddi dolama” adlanan hissəsini xatırladır. Lakin Zəfər yolundakı dolamalar mənə “Yeddi dolama”dan daha uzun gəlir. Yolun kənarlarından dağların ətəyinə doğru açılan sıldırımlar da mənə daha dərin gəlir. Və avtobus bu yolla irəlilədikcə istər-istəməz 44 günlük Vətən müharibəsini, hərbçilərimizin bu müharibədəki qəhrəmanlığını xatırlayırsan. Gözlərinin önünə yüngül və ağır atıcı silahlarla silahlanan, günlərlə davam edən soyuq havalarda bitib-tükənməyən dağ yolları ilə Şuşaya doğru hərəkət edən əsgərlər gəlir. Dar gündə Vətənin səsinə səs verərək evdə yaşlı valdieynlərini, balaca körpələrini, xəstə yaxınlarını, yardıma möhtac doğmalarını qoyub gələn əsgərlər... Hansı ki, onların bəzisinə yenidən evinə dönmək, öz yaxınlarına yenidən sarılmaq nəsib olmayıb. O əsgərlər ki, onların bir qismi üçün bu yol şəhidliyə - əbədiyyətə uzanan yola çevrilib. O əsgərlər ki, onların bəzisinin yaxınları bu gün də onların ölümünə inanmır, inana bilmir və nə vaxtsa evlərinə qayıdacağına ümid edir.   Və bütün bunları düşündükcə adama elə gəlir ki, bu yola – Zəfər yoluna bu gün də şəhid hərbçilərin ruhları keşik çəkir. Bəlkə də şəhidlik onları bu müqəddəs yolların əbədi keşikçisinə çevirib. Bəlkə onlar bundan sonra da qan və alın təri ilə suladıqları bu yolu mühafizə etməkdə, bu yolları bundan sonra da qorumaqda davam edəcəklər... Ömrünün tamamını hərbə həsr edən əsgərlər kimi...   “Bəyaz qala”, yaxud isti ürəklərlə buz qayalara doğru...   Zəfər yolunun bitməsinə bir qədər qalmış uzaqdan – az qala buludların qoynunda ağaran nəhəng sıldırım qayalıqlar diqqət çəkir. Bura Şuşadır. Üstündə qərar tutduğu ağ qayalar fonunda bəyaz qalaya bənzəyən doğma Şuşa... 29 il öncə xəyanət səbəbi ilə düşmənə yenik düşən, bir qərinəyə yaxın əsirlik həyatı yaşayan, torpağında babamın, nənəmin uyuduğu müqəddəs şəhər... 29 il ərzində yüzlərlə şuşalının həsrəti ilə öldüyü, onlarla döyüşçünün uğurunda şəhid olduğu doğma yurd yeri...   Avtobus Daşaltı kəndinin boyu yolla irəlilədikcə ötən ilin soyuq noyabr günləri yada düşür. Istər-istəməz döyüşçülərimizin bu yollarla piyada Şuşaya necə yaxınlaşdıqları, mərmi yağışı altında düşmənlə necə mübarizə apardıqları, bu sərt qayalıqları necə dırmaşdıqları haqqında düşünürsən. Gözlərinin önünə soyuq barmaqları ilə buz tutan qayalıqlardan yapışıb yuxarı qalxan, hər an yıxılmaq, yaxud düşmən gülləsinə hədəf olmaq təhlükəsi ilə üzləşən əsgərlərimiz gəlir. Onların ağır əsgər çəkmələri, atıcı silahlar, hərbi ləvazimatlarla bu qayaları səssiz-səmirsiz necə dırmaşa bildiklərini təsəvvür etməyə çalışırsan. Və bu zaman xəyallarının sərhədlərinin daraldığını, təsəvvür gücünün yetərli olmadığını hiss edirsən. Hiss edirsən ki, bu qəhrəmanlığı təsəvvür etmək, onu düşüncə olaraq yaşamaq belə böyük güc, özünəinam və cəsarət tələb edir. Bəlkə bu qəhrəmanlığı təkrarsız və böyük edən onun xəyalının belə qeyri-adi, heyrətaimiz olmasıdır.   Daşaltı kəndindən Şuşanın ağaran qayalıqlarına baxdıqca bu qayaları güllə yağışı altında fəth edən, onun buz soyuqluğunu ruhundakı vətən sevgisi ilə isidən, qayların sərtliyinə dəmir iradələri ilə qalib gələn, bu mübarizənin gedişində özləri də yeriyən qayalara çevrilən insnalarla eyni səma altında yaşadığına, onlarla eyni qanı daşıdığına, eyni bayrağın keşiyində dayandğına görə böyük bir fərəh və qürur hiss edirsən. Və içində baş qaldıran dərin bir inam səni əmin edir ki, vətən oğullarının sərgilədiyini bütün bu igidliklər bu vətənin özü kimi əbədi və həmişəyaşardır. Nə zamansa bu vətənin başı üzərini qara buludlar alarsa, o zaman tarixə çevrilən bu qəhrəmanlıqlar vətənin gələcək oğullarının simasında yenidən təkrarlanacaq, dövlətimizin xalqımızın, bayrağımızın əbədi toxunulmazlığını təmin edəcəkdir...   Seymur ƏLİYEV

Hamısını oxu
Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib.   Qeyd edək ki, Məhərrəm Məmmədyarov 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak edib, göstərdiyi qəhrəmanlıqlara görə 12 medal və ordenlə mükafatlandırılıb. Müharibədən sonrakı həyatını elmə həsr edən Məhərrəm Məmmədyarov 1973-1979-cu illərdə AMEA-nın Naxçıvan regional elmi mərkəzinin rəhbəri,1994-cü ildən 2002-ci ilə qədər isə AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.   2005-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilən Məhərrəm Məmmədyarov, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məhərrəm Məmmədyarovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir   Allah rəhmət eləsin!    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 12 dekabr - Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ümummilli Liderin məzarını ziyarət edib, əbədiyaşar liderin abidəsi önünə əkil və gül dəstələri qoyublar. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Heydər Əliyev ideyalarının hər zaman yaşayacağını, dövlətimizin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib. Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi bundan sonra da Heydər Əliyev ideyalarının gənclər arasında təbliğinə xüsusi diqqət yetirməli, bu ideyaları qətiyyətlə həyata keçirən Ulu Öndər Heydər Əliyev akademiyasının yetişdirməsi,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz xatirəsini ehtiramla yad ediblər.

Hamısını oxu