Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Qələbənin 80 İlliyi və Azərbaycan Qadınlarının Cəsarəti

2025-ci il tarixə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi kimi daxil olur. Bu əlamətdar tarix təkcə bir müharibənin sonunu deyil, eyni zamanda minlərlə insanın o cümlədən Azərbaycan qadınlarının göstərdiyi qəhrəmanlıq və fədakarlığın rəmzidir. Bu gün biz təkcə silahla döyüşənləri deyil, həm də döyüş bölgələrində, hospitallarda, arxa cəbhədə çalışan cəsur qadınlarımızı minnətlə xatırlayırıq. Azərbaycan qadını tarix boyu mərdliyi, əzmkarlığı və vətənə sədaqəti ilə seçilmişdir. Böyük Vətən Müharibəsi dövründə isə bu xüsusiyyətlər bir daha parlaq şəkildə özünü göstərdi. Müharibənin başlanması ilə minlərlə azərbaycanlı qadın silaha sarıldı, cəbhəyə könüllü şəkildə yollandı, hospitallarda tibb bacısı və həkim kimi çalışmağa başladı, ərzaq təminatı, vətənpərvərlik ruhunun qorunması kimi mühüm işlərdə iştirak etdi. Böyük Vətən Müharibəsi xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sərt sınaq yeri idi. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif millətlərdən olan qadınlar müharibənin bütün çətinliklərini dəf edərək qəhrəmancasına vuruşdular və Berlində öz imzalarını atdılar. Onların arasında Katyuşa Mixaylova, Nazxanım Səfərova, Yekaterina Yerşova, Şəfiqə Əhmədova, Simruk Hacıyeva, Pakiza Manafova, Züleyxa Rzayeva, Şəfiqə Əhədova, Mədinə Ahmədova kimi vətənpərvər qadınların adlarını çəkmək yerinə düşərdi. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda 440 mindən çox yaralının sağaldığı 76 hospital təşkil olunmuşdu. Yüzlərlə azərbaycanlı həkim və tibb bacıları hərbi hissələrdə yaralılara tibbi yardım göstərirdilər. Sanitar təlimatçı Mədinə Əhmədova İtaliyada, Böyükxanım Bağırova, Xədicə Lətifova, Firuzə Fətəliyeva, Əsmər Həsənova isə Krımda partizan dəstəsində döyüşürdülər. Kapitan Şura Əlizadə xəstəxana gəmisində, daha sonra dəniz piyadaları briqadasında xidmət keçmiş, Krım, Odessa, Sevastopol uğrunda döyüşlərdə yaponlara qarşı müharibədə iştirak etmişdi. Azərbaycandan ilk hərbi həkimlər arasında isə Aliyə Rüstəmbəyova yer alırdı. Cəbhə bölgəsində olan bütün çətinliklərə o, cəsarətlə sinə gəlirdi. Bu cəsur qadınlardan biri də II Dünya Müharibəsi dövründə böyük fədakarlıq göstərmiş qəhrəman həkim Səfurə Məlikyeqanovadır. Səfurə xanım 1920-ci il aprelin 25-də Xocavənd rayonunun Tuğ kəndində dünyaya göz açmışdır. Uşaqlıqdan arzusunda insanlara kömək etmək, onların sağlamlığının keşiyində durmaq istəyi var idi. Bu istəyin arxasınca gedərək Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alır. Lakin o illər müharibə illəri idi. 1942-ci ildə artıq faşist Almaniyası SSRİ torpaqlarına hücum etmiş, döyüşlər qızğın bir mərhələyə keçmişdi. İnstitutunu bitirdikdən dərhal sonra Səfurə Məlikyeqanova könüllü olaraq cəbhəyə yollanır. 21 yaşında olmasına baxmayaraq, o, igidliklə döyüş bölgələrində xidmət edir. Müharibə dövründə tibb xidməti baş leytenantı hərbi rütbəsinə yüksəlmişdir. Onun döyüş yolu İkinci Ukrayna cəbhəsinin 94-cü qvardiya diviziyasının piyada batalyonundan başlayır. Diviziya komandanının əmri ilə batalyona həkim təyin olunan Səfurə xanım, döyüş bölgələrində kişilərə xas cəsarət və iradə nümayiş etdirərək yüzlərlə yaralını xilas edir, onlara yerindəcə tibbi yardım göstərir. Kursk, Xarkov, Podolsk və Belqorod uğrunda gedən ağır döyüşlərdə iştirak edən Səfurə Məlikyeqanova bir dəfə yaralansa da, tezliklə qayıdır və fəaliyyətinə davam edir. Öz xatirələrində yazırdı: “Döyüşlər o qədər amansız idi ki, nə soyuğu, nə yorğunluğu, nə də yuxusuzluğu hiss edirdik.” Bu sözlər onun fədakarlığının, peşəsinə və vətənə bağlılığının bariz nümunəsidir. 1944-cü ildə o, Xarkov şəhərindəki hərbi hospitalda ordinator olaraq fəaliyyət göstərir. Müharibə bitmədən az əvvəl bir qrup qadın həkimlə birlikdə Moskva Hərbi Dairəsinə göndərilir. Daha bir il xidmət etdikdən sonra təxris olunur və doğma vətəni Bakıya qayıdır. Müharibə illərində göstərdiyi xidmətlərə görə Safura Məlikyeqanova “İgidliyə görə”, “1941-45-ci illər Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində qələbəyə görə”, “Döyüş xidmətinə görə”, medalları ilə təltif olunmuşdur.  Bunlardan əlavə müharibədən sonrakı dövrdə  1947-ci ildə “döyüş xidmətlərinə görə” medalı, 1967-ci ildə “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı, 1980-ci ildə “2-ci dərəcəli Qırmızı Əmək Sancağı” ordeni, 1985-ci ildə “1941-45-ci illər Böyük Vətən Müharibəsində qələbənin 40 illiyi” yubiley medalı və 2-ci dərəcəli “Vətən müharibəsi” ordeniylə təltif edilmişdir. Səfurə Məlikyeqanovanın müharibədən sonrakı fəaliyyəti də uğurlarla yadda qalmışdır. Bakıya döndükdən sonra Binəqədi rayonundakı 6 saylı tibb məntəqəsinə baş həkim təyin olunmuşdur. Ardından isə 39 saylı poliklinikada baş həkim vəzifəsində çalışmışdır. Yaşadığı rayonun siyasi həyatında da fəal şəkildə iştirak edən Səfurə Məlikyeqanova Şəhər Sovetinə bir neçə dəfə deputat seçilmişdir. Binəqədi Rayon Qadınlar Şurasının sədri kimi fəal iş aparmışdır. Səhiyyə sahəsində göstərdiyi xidmətlərə görə “Səhiyyə əlaçısı” döş nişanı, “Əməkdar həkim” fəxri adlarıyla təltif edilmişdir. Səfurə xanımın timsalında Azərbaycan qadınının nə qədər güclü, iradəli və vətənpərvər olduğunu bir daha görürük. Qələbənin 80 illiyi münasibətilə biz bu igid qadınların adlarını qürurla xatırlayır, onların fədakarlığını ehtiramla yad edirik. Bu tarix həm də gənc nəsil üçün bir çağırışdır. Vətən sevgisi, cəsarət və əqidə hər bir dövrdə aktuallığını qoruyan əbədi dəyərlərdir. Bu gün müstəqil Azərbaycanın inkişafında, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə fəal iştirak edən qadınlarımız, keçmişin qəhrəman qadınlarının varisləridir. Səfurə Məlikyeqanova kimi qəhrəman Azərbaycan qadınının izi bu gün də yaşayır və yaşadılır. Qələbənin 80 illiyi bizim üçün yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də xalqımızın əzmini, birliyini və Azərbaycan qadınının misilsiz cəsarətini bir daha xatırladan qürurverici gündür.

Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-04-28 15:03:31
4283 baxış

Digər xəbərlər

İlham Əliyev Qarabağ ermənilərinə müraciət edib

“Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və rifahları daha da artacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, Dağlıq Qarabağda indi səfalət hökm sürür:   “Biz oraya investisiya qoyarıq, sosial layihələr icra edərik. Eyni zamanda, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə budur: azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerləbir etmək və elan etmək ki, bu qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvələrində köçürülüb”. Prezident bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı onların düşməni deyil: “Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar. Bu, ədalətli deyil. Buna biz heç vaxt razı ola bilmərik. Hər bir müharibə sülhlə nəticələnir. Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa, beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərlərsə, buna nail olmaq mümkün olacaq”. İlhamə Əbülfət

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

31 yanvar 2025-ci il saat11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalıların iştirak edib.   Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti",  Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyevin moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib. Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqkl fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib . Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib: “Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur,  Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”. I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov, Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti",  Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyev “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər. Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin  bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar. Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Salyanda ictimai iştirakçılıq mövzusunda görüş keçirilib

Salyan rayon Mərkəzi kitabxanasında ictimai iştirakçılıq mövzusunda maarifləndirici görüş təşkil edilib. QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimai fəallar iştirak edib. Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev rayonda qeyri-hökumət təşkilatlarının və medianın ictimai həyatdakı rolundan danışıb, İctimai Şura ilə əməkdaşlıq mühitinin formalaşdığını diqqətə çatdırıb. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, ölkəmizdə ictimai şuraların yaradılması prosesi barədə ətraflı bəhs edib. Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. Rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov ötən dövr ərzində ictimai şuranın gördüyü işləri haqqında məlumat verib. Müzakirələrlə davam edən tədbirdə İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən qeyri–hökumət təşkilatları təmsilçiləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. İctimai iştirakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirlməsinin vacibliyi vurğulanıb. Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim edilib.    

Hamısını oxu
Şəkidə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

23 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan tədbirdən öncə polkovnik Cəlil Xəlilov və icra başçısı Elxan Usubov Ulu öndərin Heydər Əliyev Mərkəzi qarşısındakı heykəlini ziyarət edib, heykəl önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və resublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqımızın İkinci Dünya müharibəsi və 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığını əks etdirən sənədli film nümayiş etdirilib. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Eklxan Usubov tariximizin qəhrəmalıqlarla zəngin olduğunu bildirib. Xalqımızın İkinci dünya müharibəsində faşizmin məğlub edilməsində mühüm rol oynadığını bildirən icra başçısı, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını, respublikamızın ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. İcra başçısı çıxışında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib, bu fəaliyyətin həm qəhrəmanlıq tariximizin təbliği, həm də vətənpərvərlik ruhunun qorunması baxımından mühüm önəm kəsb etdiyini qeyd edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1945-ci ildə xalqımızın alman faşizmi üzərində əldə etdiyi qələbəni 2020-ci ildə erməni faşizmi üzərindəki tarixi zəfərlə təkrarladığını bildirib. Təşkilat sədri qeyd edib ki, Azərbaycan gəncliyi cəmi 44 gün ərzində erməni işğalçılarını darmadağın etməklə öz babalarının qəhrəmanlıq ənənəsinə sadiqlik nümayiş etdirib, xalqımıza böyük zəfər bəxş ediblər. Bununla yanaşı polkovnik Cəlil Xəlilov Vətən müharibəsindəki həmrəyliyin bundan sonra da qorunub saxlanılmasının vacibliyini vurğulayıb: “Azərbaycan xalqı Vətən müharibəsində öz böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi qələbəni təmin etdi. Bütün dünyaya göstərdi ki, xalq öz ordusunun, öz Ali Baş Komandanının yanındadır. Biz bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, dövlətimizin, dövlət başçımızım hər bir çağırışını dəstəkləməliyik. Bu gün dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Şəhid ailələrinə, veteranlara dövlətimiz tərəfindən göstərilən qayğı göz qabağındadır. Bizim üçün qürurvericidir ki, Prezidentimizin bu siyasəti yerlərdə də yüksək səviyyədə təşkil olunur. Şəki Şəhər İcra Hakimiyyətinin bu istiqmaətdə gördüyü işləri xüsusilə vurğulanmalıdır. Şəki Şəhər İcra Hakimiyyəti, eləcə də şəhərdəki digər dövlət qurumlarının yetkililəri vətəndaşlarla mütəmadi görüşlər keçirir, onları qayğı və istəkləri ilə maraqlanır, dövlətimizin inkişafı üçün bir bütöv olaraq əllərindən gələni əsirgəmirlər. Hazırda çoxsaylı sosial layihələrin icrasını təmin etməklə yanaşı, dövlətimiz Silahlı Qüvvələrimizi daha da gücləndirmək üçün mühüm addımlar atır. Müdafiə və təhlükəsizliyimin etibarlı şəkildə təmininin bir nömrəli vəzifə kimi daim diqqət mərkəzində saxlayır. Bütün bunların fonunda bizim dövlətimizin yanında olmağımız mütləqdir və əminəm ki, xalqımız hər zaman olduğu kimi bundan sonra da ordusu, Prezidenti, dövləti ilə həmrəy olmaqda davam edəcək”. Tədbirdə çıxış edən İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun övladı Cavanşir Cəbrayılov atasının döyüş yolundan bəhs edib, müasir Azərbaycan gəncliyinin qəhrəmanlıq tarixinə, milli-mənəvi dəyərlərə sadiqliyindən qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsi qazisi Taleh Qurbansoy döyüş xatirələrindən danışıb, qalib müharibənin qalib əsgəri olmaqla fəxr etdiyini bildirib. Tədbirin sonunda şəhid ailələri, veteranlar, gənclər və ctimai fəallarla xatirə şəkli çəkilib. Seymur ƏLİYEV    

Hamısını oxu