Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilovun Moskvadakı Çıxışı: Tarixi İrsin Beynəlxalq Arenada Təbliği

Tarix bir millətin yaddaşıdır. Hər dövrün öz igidləri, hər zəfərin öz daşıyıcıları olur. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Məhz belə anlardan biri bu gün Moskvada yaşandı. Rusiya paytaxtında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda "Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi, veteran təşkilatlarının və komitələrinin, nəsillərin davamlılığını qoruması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" müzakirə olundu. Bu konfransda Azərbaycanın səsi ucadan və qürurla eşidildi. Bu səs qələbəyə 600 mindən çox oğul və qızını yola salan, onların yarıdan çoxunu torpağa əmanət edən, amma yenə də başı dik dayanan bir xalqın - Azərbaycan xalqının səsi idi.Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək xalqımızın həmin dəhşətli illərdə göstərdiyi qəhrəmanlığı, fədakarlığı və əzmi dünya ictimaiyyətinə bir daha çatdırdı. O bildirdi ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 600 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, bəziləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canını torpağa əmanət etdi. Hər bir halda isə onların hər biri tarixə qəhrəman kimi düşdü.Bu müharibənin tarixində diviziyalarla yazılan qəhrəmanlıq dastanı yazıldı. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.Polkovnik Cəlil Xəlilovun çıxışı sadəcə bir məruzə deyildi, həm də yaddaşın, qürurun və tarixi ədalətin çağırışı idi. Cəlil Xəlilov Azərbaycanın müharibədəki iqtisadi və texnoloji töhfələrinə də diqqət çəkdi. O vurğuladı ki, Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Müharibə illərində Bakı gecələri qaranlığa bürünsə də, bu şəhər tanklara və təyyarələrə güc, əsgərlərə döyüş ruhu verirdi. Hər alovlanan neft buruğunda bir əsgərin nəfəsi vardı.Polkovnik Cəlil Xəlilov arxa cəbhənin görünməyən qəhrəmanlardan danışdı və qeyd etdi ki, arxa cəbhədə xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitalarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi. Bu təkcə yardımlaşma deyil, ürəkdən gələn vətən sevgisinin təzahürü idi. Həmçinin Polkovnik Cəlil Xəlilov Azərbaycanın yetişdirdiyi qəhrəmanlardan da danışdı. Həzi Aslanov tank qoşunları general-mayoru iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı idi. Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə Adriatik sahillərində həyata keçirdiyi partizan əməliyyatları ilə tarixə düşdü. Bundan əlavə İsrafil Məmmədov, Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Hüseynbala Əliyev, Yusif Quliyev kimi qəhrəmanların adları bu gün də xalqımızın qürur mənbəyidir. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Çıxışında Polkovnik Cəlil Xəlilov azərbaycanlı döyüşçülərin adlarının digər ölkələrdə də əbədiləşdirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan övladları yalnız SSRİ ərazisində deyil, Şərqi Avropanın bir çox ölkələrində faşizmə qarşı döyüşüblər və onların qəhrəmanlığı bütün insanlığın ortaq mirasıdır.Konfrans çərçivəsində keçirilən veteranlarla görüşlər, təcrübə mübadilələri və ortaq layihə müzakirələri bu tədbirin yalnız keçmişə baxış deyil, gələcəyə uzanan bir körpü olduğunu sübut etdi. Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Çünki bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.Polkovnik Cəlil Xəlilovun “qanla yazılmış tarix silinməməlidir” fikri sözün əsl mənasında Vətəninə, Millətinə və Qəhrəmanına dəyər verən, yaddaşı yaşadan vətənpərvər bir ziyalının ürək sədası, tarixi ədalətə çağırışı və gələcək nəsillərə ünvanladığı mənəvi vəzifədir. Bu çıxış Azərbaycanın səsinin beynəlxalq platformada yenidən eşidilməsi demək idi.

Q.Süleymanlı

2025-05-01 14:26:07
4080 baxış

Digər xəbərlər

Beynəlxalq hüquq böhranı

Hamısını oxu
Azərbaycanla təhdid dili ilə danışmaq mənasızdır.

İran ölkəmizə qarşı təxribatlara son qoymalı, beynəlxalq hüquqa hörmət etməlidir. İranın davranışları iki ölkə arasındakı qonşuluq münasibətlərinə zidd olmaqla yanaşı, beynəlxalq qanunlara da ziddir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. “Məlum olduğu kimi, bu ilin martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub ki, bu da Azərbaycana qarşı açıq təxribat, əzələ nümayişi deməkdir. Xatırladım ki, İran bundan əvvəl də ölkəmizə qarşı təxribat xarakterli addımlar atıb, qeyri-dost mövqe nümayiş etdirib. Lakin Azərbaycan, demək olar ki, hər dəfə İranın bu davranışına səbirlə yanaşıb, bütün bu təxribatlara özünəməxsus müdriklik və soyuqqanlılıqla cavab verib. Fəqət İranın 11 mart tarixli təxribatı rəsmi Tehranın ölkəmizə qarşı düşmənçilik münasibətinə son qoymaq istəmədiyini göstərir. Bu isə Azərbaycanı cavab tədbirləri görmək məcburiyyəti qarşısında qoyur. İran anlamalıdır ki, Azərbaycanla təhdid dili ilə danışmaq, ona təzyiq göstərməyə cəhd etmək mənasızdır. Bu günə qədər heç bir dövlət bu yolla nəyəsə nail ola, Azərbaycanın iradəsinə təsir göstərə bilməyib. İran da bu dövlətlərin arasında istisna təşkil etmir. Azərbaycanın hər cür təzyiq və təxribata lazımınca cavab verəcək gücü var və 44 günlük Vətən müharibəsi bunun ən bariz isbatıdır”, - deyə polkovnik Cəlil Xəlilov bildirib.

Hamısını oxu
ADA Universitetinin bir qrup tələbəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

18 fevral 2026-cı il tarixində ADA Universitetinin “Hüquq” fakültəsinin bir qrup II kurs tələbəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər.  Görüş zamanı tələbələrə Təşkilat haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyinə toxunub, gəncləri ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etməyə, dövlətçilik maraqlarımızı media və sosial mediada fəal müdafiə etməyə səsləyib. Təşkilat sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verən ölkə gəncliyi, bu gün bütün platformalarda milli maraqlarımızın müdafiəsində dayanmalı, Prezident İlham Əliyevin hər bir çağırışına çevik şəkildə cavab verməli, Müzəffər Ali Baş Komandanın daxili və xarici siyasətini dəstəkləməlidir. Daha sonra tələləbələr Təşkilatın muzeyini ziyarət edib, hərb tariximiz haqqında maraqlı məlumatlar əldə ediblər.  

Hamısını oxu
Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib

Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.  

Hamısını oxu