Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Pyotto – Vicdanın və Azadlığın Səsi

Udinenin dumanlı səhərlərində, Alp dağlarının köksündə, tarix bir adın sədası ilə titrəyirdi – Pyotto. Bəlkə də bu ad bu gün çoxlarının yadına heç nə salmır. Bəlkə də onun qəhrəmanlığını nə dərsliklər öyrədir, nə də abidələr yad edir. Amma hər əsirlikdən azadlığa, hər susqunluqdan üsyana qalxan ruhda Pyotto – Əli Baba oğlu Babayev yaşayır. 1910-cu ildə Naxçıvanda dünyaya göz açan bu uşağın gələcəkdə qitələri aşacaq, yad torpaqlarda azadlıq uğrunda savaşacaq, amma öz vətənində "xain" damğası ilə zindana atılacağını kim deyə bilərdi? Əli Babayev Sovet ordusuna 1940-cı ildə çağrıldı. 2 il boyunca vətəninə sədaqətlə xidmət etmişdi. Lakin 1942-ci ildə müharibənin sərt üzü ilə üz-üzə qalmış və əsir düşmüşdür. Qaranlıq düşərgə barakları, tel hasarlarla əhatələnmiş həyatlar və boğulmuş ümidlər arasında onun vicdanı hələ də azad idi. 1943-cü ilin noyabrında o, İtaliyanın şimalında Udine şəhərindəki əsir düşərgəsindən bir qrup yoldaşı ilə qaçdı. Bunu sadəcə adi bir qaçış adlandıra bilmərik. Bu bir insanın öz ruhunu əsirlikdən azad etməsi idi. Bu ideallara, azadlıq eşqinə, insan ləyaqətinə verilən and idi. İtalyan kommunistlərinin köməyi ilə Əli Babayev dağlara sığınmış, silaha sarılmış və yeni bir ad almışdı - Pyotto. Əli Babayev 25 mart 1944-cü ildə italyan partizan hərəkatına qoşulur. Pyotto adı altında Əli Babayev İtaliya partizan hərəkatının fəal iştirakçısına çevrilmiş və sovet əsirlərindən ibarət Çapayev batalyonunu yaradaraq onun komandiri olmuşdu. Bu batalyonda onunla yanaşı Oruc Əliyev – “Mixail-Moska” ləqəbli azərbaycanlı da döyüşürdü. Onlar Qaribaldi adına batalyonun tərkibində bir çox mühüm əməliyyatlarda iştirak etdilər. Onların ən möhtəşəm fəaliyyətlərindən biri Udinedəki həbsxanaya hücum idi. Bu əməliyyat nəticəsində heç bir itki vermədən 73 nəfər əsir azad edildi. Hücumun ön cəbhəsində Əli Babayev dayanmışdı. Bu igidlik ona İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalına təqdimat qazandırdı. O, artıq bundan etibarən təkcə azərbaycan əsilli döyüşçü deyildi, həmçinin İtaliya müqavimətinin siması, mübarizənin sarsılmaz rəmzi idi. Ancaq müharibə bitdi. Faşizm məğlub oldu, silahlar sustu. Amma Əli Babayevin mübarizəsi yeni mərhələyə keçdi. 1951-ci ilin yanvarında qələbə bayrağı qaldıran əllər bu dəfə zəncirləndi. Sovet rejimi onu "Azərbaycan legionunun üzvü" kimi təqdim edərək həbs etdi. Vətən uğrunda vuruşan Pyotto indi “xain” adlandırıldı. Məhkəmə onu 15 il azadlıqdan məhrum etdi, əmlakı müsadirə olundu. Zindan illəri sərt idi – hər gün bir əsrə bərabər, hər gecə bir nisgil idi. Amma onun içindəki azadlıq alovu heç zaman sönmədi. Stalinin ölümü sonrası imperiyanın zəncirləri boşaldı və Pyotto əfv olundu. O, azadlığa çıxsa da, bu azadlıq illərlə itirilmiş həyatın əvəzini verə bilməzdi. Onun Qüdrət və Baba adlı iki övladı yadigar qaldı. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsində adlarını böyük harflərlə yazdığımız Mehdi Hüseynzadə – “Mixaylo” və Əhmədiyyə Cəbrayılov “Xarqo” kimi Pyotto da unudulmamalıdır. Onların hər biri azadlıq ideyası naminə canından keçməyə hazır olmuş, yad torpaqlarda öz vətənlərinin ləyaqətini qorumuş igidlərdir. Tarix göstərdi ki, Azərbaycan torpağı təkcə şairlər, alimlər deyil, həm də qəhrəmanlar yetirir. Pyotto – Əli Babayev bu qəhrəmanların sükut içində ucalan səslərindən biridir. Bəlkə heykəli ucalmayıb, bəlkə küçələrə adı verilməyib, amma İtaliya dağlarında, Naxçıvanın elində, Udinenin sükutlu küçələrində onun izi qalır. O iz  bir xalqın başı dik, alnı açıq tarixi deməkdir. Əli Babayev kimi insanlar üçün susmaq xəyanətdir. Onlar mübarizə ilə doğular, azadlıqla ölər. Əslində Pyotto heç vaxt ölmədi o, vicdanın adını daşıyan tarixə çevrildi. Bizim vəzifəmiz bu cür qəhrəmanları tanıtmaq, onların adlarını tarixdə layiq olduğu yerə qoymaqdır. Unutmayaq – qəhrəmanlıq coğrafiya tanımaz, onun dili, milləti, vətəndaşlığı yoxdur. O, insanlığın vicdanında yaşayır.

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-07 19:05:43
3569 baxış

Digər xəbərlər

Millət vəkili: “Qanunçuluğun möhkəmlənməsində prokurorluq əməkdaşlarının xidməti böyükdür”

Naqif Həmzəyev: “Hərbi Prokurorluq cinayətkarlıqla mübarizədə böyük uğurlara imza atıb” Bu gün 1 oktyabr - Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev ölkəmizdə qanunçuluğun möhkəmlənməsində, ədalətin bərqərar olmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq əməkdaşlarının böyük əmək sərf etdiyini bildirib: “Hər şeydən öncə peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarını təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıram.  Heç kimə sirr deyil ki, ölkəmizdə ədalətin möhkəmlənnməsində, cinayətkarlığa qarşı prinsipial və effektiv mübarizədə prokurorluq orqanları mühüm rol oynayır. Digər hüquq-mühafizə orqanları ilə yanaşı, həm də prokurorluq işçilərinin gərgin əməyi, peşəkarlığı, əzmkarlığı sayəsində ölkəmizdə sabitliyin qorunub saxlanılması, cinayətkarlığa qarşı uğurlu mübarizə, hüquq sisteminə inam təmin olunub, bu sahədə çox böyük nailiyyətlərə imza atılıb.  Mən Hərbi Prokurorluğun da fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən qələbədən irəli gələn vəzifələr Hərbi Prokurorluq tərəfindən qətiyyətlə icra olunur. Bu gün orduda qanunçuluğun möhkəmlənməsində, Ulu öndər Heydər Əliyev ideyalarının təbliğində, nizam-intizamın güclənməsində Hərbi Prokurorluğun mühüm rolu var. Təsadüfi deyil ki, Hərbi Prokurorluq tərəfindən  cari ilin səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb. Bu fakt bir daha göstərir ki, Hərbi Prokurorluğun da fəaliyyəti son dərəcə qənaətbəxşdir. Onu da qeyd edim ki, prokurorluq əməkdaşları Birinci Qarabağ müharibəsində törədilən erməni vəhşilikləri ilə bağlı da cinayət işlərini araşdırmaqda, bu istiqamətdə silsilə addımlar atmaqdadır. Mən bir daha prokurorluq əməkdaşlarını təbrik edir, bu çətin və şərəfli işdə onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Xalqın mübarizə tarixini özündə əks etdirən unikal Şəhidlər Kompleksi

Azərbaycan xalqının hər zaman şəhidlərinin xatirəsini uca tutduğu, onları daim böyük hörmət və ehtiram hissi ilə yada saldığı məlumdur. Son illər bir sıra rayonlarda Şəhidlər Xiyabanlarında həyata keçirilən yenidənqurma işləri, şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan addımlar, şəhid ailələrinə olan qayğıkeş münasibət buna nümunədir. Bu baxımdan Masallı rayonundakı Şəhidlər Kompleksi  müstəsna əhəmiyyətə malikdir. Bu kompleksi digər analoqlarından fərqləndirən, ona müstəsnalıq, təkrarsızlıq qazandıran bir sıra amillər var ki, bu amillərin hər biri özlüyündə milli tariximizin, qəhrəmanlıq salnaməmizin carçısıdır.   247 işıqlı sima: Ölümsüzlük və əbədiyaşarlıq nümunələri...   Masallıdakı Qəhrəmanlar Parkındakı Şəhidlər Kompleksinin ən mühüm özəlliklərindən biri bu kompleksdə Masallı rayonunda olan bütün şəhidlərin fotolarının, habelə onlarla bağlı informasiyaların öz əksini tapmasıdır. Başqa sözlə desək, bir tək bu kompleksi ziyarət etməklə Masallı rayonunun şəhidləri ilə bağlı bütün zəruri məlumatları əldə etmək, bu rayondan olan soydaşlarımızın erməni işğalına qarşı mübarizədəki fədakarlığına şahid olmaq mümkündür.   Komplekslə bağlı təqdiredici məqamlardan biri də məlum kompleksdə həm Birinci Qarabağ Müharibəsinin, həm də İkinci Qarabağ Müharibəsinin bütün şəhidləri haqqında məlumatların cəmlənməsi, onların hamısının vahid platforma əsnasında  ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Bu isə xalqımızın Qarabağ uğrunda son 30 ildə apardığı mübarizə və onun nəticəsini bir tam olaraq qiymətləndirməyə imkan verir. Daş abidə və mərmər platformadan boylanan 247 işıqlı simaya – ölümsüzlük və əbədiyaşarlıq nümunəsinə baxdıqca dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan bu mübarizənin nə qədər böyük, nə qədər anlamlı, nə qədər müqəddəs olduğunu daha dərindən anlayırsan. Anlayırsan ki, hər şey – hətta zaman belə həyatını vətəninə, xalqına, bayrağına və torpağına fəda edən insanları unutdurmağa, onların cəsarət və qəhrəmanlığına olan heyranlıq hissini azaltmağa qadir deyil.   Məlumat üçün qeyd edək ki, kompleksdə Masallı rayonundan olan bütün şəhidlərin – 247 şəhidin hamısının xatirəsi əbədiləşdirilib ki, onların 242-si haqqında məlumat fotolar və qısa informasiyalar halında, Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 5 nəfər şəhidimiz haqqında bilgilər isə büstlər və onların üzərindəki məlumatlar şəklində əks olunub.   Tunc büstlər və dəmir iradəli qəhrəmanlar kompleksi...   Masallıdakı Şəhidlər Kompleksində diqqət çəkən məqamlardan biri də kompleksdə şəhidlərin fotoları ilə yanaşı, qəhrəmanların büstlərinin də yer almasıdır. Bütövlükdə Şəhidlər Kompleksində 5 qəhrəmanın büstü mövcuddur ki, onlardan 3-ü Birinci Qarabağ Müharibəsinin Milli Qəhrəmanı, 2-i isə 44 günlük İkinci Qarabağ savaşının Vətən Müharibəsi Qəhrəmanıdır. Dəmir iradəli qəhrəmanların tuncdan hazırlanan bu büstləri Şəhidlər Kompleksində xalqımızın mübarizə əzminin, igidlik və qəhrəmanlıq ruhunun əzəli-əbədi təntənəsi kimi ucalmaqdadır. Heç şübhəsiz, bu büstlər bügünkü və gələcək nəsillərə yaşadıqları xoş və işıqlı günlərə görə kimlərə minnətdar olduqlarını xatırladacaq, dar məqamda onları yeni zəfərlərə, qələbələrə ruhlandıracaqdır. Bu büstlər öz əzəmətli görkəmləri ilə həm də gənc nəsillərə başa salacaq ki, bu xalq onu yaşadan qəhrəmanlarını öz ruhunda, qəlbində, könül dünyasında sonsuza kimi yaşatmağa qadirdir.   Milli mübarizəmizin 20 Yanvar səhifəsinin əks olunduğu tarixi yaddaş kompleksi...   Masallıdakı Şəhidlər Kompleksinin unikallığını təmin edən amillərdən biri də, bu kompleksdə sadəcə Birinci Qarabağ Müharibəsi və Vətən Müharibəsi ilə yanaşı, həm də müstəqilik tariximizin ayrı-ayrı dönəmlərinə məxsus mübarizə tariximizin əks olunmasıdır. Buna nümunə olaraq Şəhidlər Kompleksində 1990-cı ilin 20 Yanvar tarixinə aid  abidəni göstərmək olar.   Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin şanlı səhifələrindən biri olan 90-cı ilin yanvar olayları, bu olaylar zamanı xalqımızın ölümə açıq-aşkar meydan oxuması faktı Masallıdakı Şəhidlər Kompleksində parlaq boyalarla əks olunmaqdadır. Bu abidə Azərbaycan xalqının bu günə - öz müstəqilliyinə və ərazi bütövlüyünə hansı mübarizələrdən, sınaq və imtahanlardan keçib gəldiyini göstərir. Bir sözlə, Masallıdakı Şəhidlər Kompleksini ziyarət edən hər kəs Birinci və İkinci Qarabağ müharibələri ilə yanaşı, 20 Yanvar hadisələri haqqında da aydın təəssürat əldə edə bilər.   Şəhidlər Kompleksində tarixin daş yaddaşına hopdurulan bütün əsrlərin ən qorxunc cinayəti – Xocalı soyqırımı abidəsi!   Masallıdakı Şəhdilər Kompleksində erməni faşizminin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərini əks etdirən guşə də mövcuddur ki, bu guşədə 1992-ci ilin 26 fevral Xocalı soyqırımı ilə bağlı abidə yer alır. Bu abidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də erməni vəhşiliyini ifşa edən, erməni vandalizmini aləmə car çəkən, bu vəhşiliyin zamana sığmayan dəhşətlərini anlatan bir abidə kimi mühüm tarixi-mənəvi əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev erməni faşizminin törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməsinin vacibliyini qeyd edib, dövlətimizin bu istiqamətdə bundan sonra da mütəmadi addımlar atacağını vurğulayıb. Habelə, ölkə başçısı erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətlərin unudulmayacağını, bu cinayətlərin qorxunc mahiyyəti haqqında beynəlxalq ictimaiyyətin daim məlumatlandırılması gərəkdiyini də qeyd edib. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində Xocalı soyqırımı ilə bağlı inşa edilən abidə sadəcə gənclərin deyil, gələcəkdə bu rayona səfər edən xarici turistləri, əcnəbi vətəndaşları Xocalı soyqırımı, erməni cinayətləri haqqında məlumatlandırmaq baxımından da böyük önəm kəsb edir. Sözügedən abidə tarixi qan yaddaşımızı özündə əks etdirməklə yanaşı, həm də mühüm təbliğati əhəmiyyətə malikdir.   Xatırladaq ki,  Xocalı soyqırımının bütün dünya dövlətləri tərəfindən tanınması, bu cinayətdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi dövlət siyasətimizin daim diqqət mərkəzində saxlanılan vacib istiqmaətlərindən biridir. Artıq uzun illərdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” kampaniyası həyata keçirilir ki, kampaniyanın məqsədi beynəlxalq birliyi bu soyqırım haqqında məlumatlandırmaq, erməni cinayətlərini ifşa etmək, bu cinayətə imza atanların məsuliyyəət cəlb edilməsi üçün siyasi-hüquqi zəmin formalaşdırmaqdır. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində Xocalı soyqırımı ilə bağlı ucaldılan abidə dövlət siyasətimizə mühüm dəstək kimi də xarakterizə edilə bilər.   Böyük qələbənin vahid simvolu: “Dəmir yumruq!”   Şəhidlər Kompleksində Vətən müharibəsi ilə bağlı abidələrdən biri də 3.6 metr hündürlüyündəki “Dəmir yumruq” abidəsidir. Bu abidə torpaqlarımızın işğaldan azad edilməsi məqsədi ilə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun  həyata keçirdiyi “Dəmir yumruq əməliyyatı”na hörmət və ehtiram əlaməti olaraq ucaldılıb. “Dəmir yumruq” abidəsi xalqımızın düşmən üzərində əldə etdiyi qəti qələbənin simvolu olmaqla yanaşı, həm də düşmən üçün daimi xəbərdarlıq siqnalı, zəruri xatırlatmadır. Necə ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra da dəfələrlə “dəmir yumruğun” yerində olduğunu xatırladıb və açıq şəkildə qeyd edib ki, əgər gələcəkdə Ermənistan yenidən xam xəyallara, cəfəng iddialara qapılarsa, o zaman “dəmir yumruğun” ölümcül zərbəsini təkrar hiss edəcəkdir. “Dəmir yumruğun” yerində olduğunu, heç hara getmədiyini xatırladan Ali Baş Komandan, ermənilərin 44 günlük Vətən müharibəsindən dərs çıxarmasının vacibliyini vurğulayıb. Bu baxımdan Masallıdakı Şəhidlər Kompleksində yüksələn “Dəmir yumruq” abidəsi ölkə başçısının tarixi xəbərdarlığının heykəlləşən, maddiləşən təsdiqidir. Əminliklə demək olar ki, bu abidə, ümumilikdə bu kompleks hər zaman xalqımızın ən müqəddəs and yerlərindən biri kimi vətəndaşlarımız tərəfindən kütləvi şəkildə ziyarət ediləcək, məktəblilər, yeniyetmə və gənclər yaxın keçmişimizlə bağlı ən böyük həqiqətləri bu məkanı ziyarət etməklə əldə edəcəklər. “Dəmir yumruq” abidəsi qalib müharibənin qalib vətəndaşlarına hər zaman öz güc və qüdrətinə əminlik hissi təlqin edəcək, gənc nəslin öz gücünə olan inamını artıracaqdır.   Xalqa, dövlətə, prezidentə sevgi və sədaqətlə xidmətin nümunəsi, yaxud görünən əməllərin “görünməyən” müəllifi...   Masallıdakı Şəhidlər Kompleksi sabahdan – Zəfər Gününün birinci ildönümündən etibarən istifadəyə veriləcək olsa da, artıq çoxdan media və sosial mediada bu komplekslə bağlı bir sıra məlumatlar yer almaqdadır. Lakin çox az adama məlumdur ki, milli tariximizə, vətənimiz və dövlətimizə böyük töhfə olan bu kompleks millət vəkili Məşhur Məmmədovun maddi-mənəvi səyi nəticəsində ərsəyə gəlib. Xalqa, dövlətə, prezidentə sevgi və sədaqətlə xidmətin nümunəsi olan bu kompleks, vətən eşqinin hansı möcüzələr yarada biləcəyinin real təsdiqidir. Hər zaman böyük və təqdirəlayiq əməllərin müəllifi olan, fəqət gördüyü əməllərdən bəhs etməyi sevməyən təvazökar millət vəkili, Masallıdakı Şəhdilər Kompleksi kimi möhtəşəm layihəyə imza atmaqla ictimai şüura, həm də belə bir mesaj ünvanlamış oldu: “Hər kəsin yaşından və peşəsindən, sosial statusu və maddi durumundan asılı olmayaraq bu xalq, bu dövlət üçün edə biləcəyi hökmən nə isə vardır. Önəmli olan öz vicdanının səsini dinləmək, edə biləcəyin hər şeyi sevgi və məsuliyyətlə, heç bir qarşılıq və təmənna gözləmədən edə bilməkdir”.   Seymur ƏLİYEV      

Hamısını oxu
Ölkə başçısının Həzi Aslanovla bağlı sərəncamı alqışalayiqdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.  Moderator.az-a açıqlamasında ölkə başçısının məlum sərəncamını şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu sərəncamın ölkəmizin dünəni və bu günü baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:  “Həzi Aslanov yalnız Azərbaycanın deyil, dünya hərb sənətinin ən böyük simalarından biridir və onun faşizmə qarşı apardığı mübarizə, bu mübarizədə göstərdiyi şücaətlər yalnız Azərbaycanda deyil, MDB məkanında, dünyada  böyük qəhrəmanlıq nümunələri hesab edilir. Ölkə başçısının general Həzi Aslanovun anadan olamsının 110 illiyi ilə bağlı imzaladığı bu sərəncam hər şeydən öncə, cənab prezidentin hərb tariximizə, ordumuza, qəhrəmanlarımıza verdiyi önəmdən, onun tariximizə olan bağlılığından xəbər verir.  Müharibə şəraitində olan, torpaqları hələ ki, işğal altında qalan Azərbaycanda belə bir sərəncamın verilməsi, bu günün reallıqları baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu cür sərəncamlar, bu sərəncamlar əsasında tarixi qəhrəmanlarımızın təntənəli şəkildə yad edilməsi, minnətdarlıq hissi ilə xatırlanması, onların xatirəsinin uca tutulması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, onların milli tariximizə, dəyərlərimizə bağlı şəkildə yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Odur ki, mən bu sərəncamı alqışlayır, bunu cənab prezidentin xalqımız, ordumuz,  milli tariximiz qarşısındakı növbəti xidməti hesab edir və ürəkdən dəstəkləyirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
Milli Azərbaycan Tarixi Muzeyində Belarus nümayəndə heyəti ilə görüş keçirilib

II Dünya müharibəsində Belarus cəbhəsində döyüşmüş azərbaycanlılar haqqında kitab hazırlanması məqsədi ilə 6-11 sentyabr 2021-ci il tarixlərində Belarus nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri planlaşdırılıb.   Qeyd edək ki, bu səfər proqramı çərçivəsində Belarus jurnalist yazarları Larisa Kuçerova və Dmitriy Koşevar ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində görüş keçirilib. Görüşdə qeyd olunan kitabın hazırlanması ətrafında müzakirələr aparılıb. Baş direktor, akademik N.Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin kitabın hazırlanmasında dəstək göstərəcəyini qeyd etdi. Müzakirə çərçivəsində muzeyin fondlarında mövzu ilə əlaqədar bir çox materialların olduğu və həmin materialların kitabın hazırlanması zamanı istifadə olunacağı vurğulandı.   Müzakirədən sonra Larisa Kuçerova II Dünya müharibəsi dövründə azərbaycanlıların Belarus uğrunda qəhrəmancasına döyüşdüyünü və Belarus xalqının bunu heç zaman unutmayacağını vurğuladı.   Həmçinin qonaqlara Muzeyin nəfis tərtibatlı nəşrləri təqdim olundu. Sonda qonaqlar Muzeyin ekspozisiyası, "Anadır arzulara hər zaman Qarabağ" və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgiləri ilə tanış oldular.   Mənbə: http://azhistorymuseum.gov.az/az/news/3556?fbclid=IwAR0UEzqr80V74-G6zPfJ5s_Z47u_paMYeeMkmMjTlXTDqLxfnk9x-s-pGqU

Hamısını oxu