Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Mikayıl Qulubəyov – Alim, Mübariz, Qəhrəman

İkinci Dünya Müharibəsi dünya tarixinin ən qanlı və amansız müharibələrindən biri olmaqla yanaşı, keçmiş SSRİ xalqlarının, o cümlədən Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmişdir. Bu müharibə Azərbaycan üçün yalnız cəbhə döyüşləri deyil, həm də mənəvi sınaqları ilə yadda qaldı. Minlərlə azərbaycanlı döyüşlərdə iştirak etmiş, arxa cəbhədə isə xalq bütün resurslarını və gücünü səfərbər edərək qələbəyə töhfə vermişdir. Azərbaycan SSR müharibə dövründə SSRİ-nin əsas neft bazası kimi çıxış etmiş və qələbənin təmin olunmasında mühüm rol oynamışdır. Cəbhələrdə döyüşən azərbaycanlılar sırasında təhsilli, ziyalı kadrlar da xüsusi seçilirdi. Onlar yalnız döyüşçü deyil, həm də təşkilatçı, təbliğatçı, həkim, mühəndis, partizan kimi də fəaliyyət göstərirdilər. Bu qəhrəmanlardan biri də kimya elmləri doktoru, professor, partizan hərəkatının fəal üzvü Mikayıl Rəhim bəy oğlu Qulubəyov olmuşdur. Ailədən gələn maarifçilik və vətənpərvərlik ruhu Mikayıl Qulubəyovun bütün həyat və fəaliyyətinə təsir etmişdir. Mikayıl Qulubəyov 30 mart 1915-ci ildə Yelizavetpol qəzasının Mollavələdli kəndində (indiki Goranboy rayonunun Şəfəq kəndi) dünyaya göz açmışdır. Onun atası Rəhim bəy Qulubəyov dövrünün tanınmış maarifçisi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş fədakar pedaqoq olmuşdur. Rəhim bəy ömrünü kənd yerlərində savadsızlığın aradan qaldırılmasına, təhsilin yayılmasına həsr etmişdi. Onun təşəbbüsü ilə qızlar məktəbə cəlb olunmuş, məktəblərdə axşam kursları təşkil edilmişdi. Belə bir ziyalı ailəsində böyüyən Mikayıl Qulubəyov ilk təhsilini atasından almış, 1933-cü ildə Quba Kənd Təsərrüfatı Texnikumunda, ardınca isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində (indiki BDU) təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmi fəaliyyətə 1940-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki ADAU) başlamış və üzvi kimya kafedrasında assistent vəzifəsində çalışmışdır. 1942-ci ilin martında ordu sıralarına çağırılan Mikayıl Qulubəyov qısa müddətdə hərbi hazırlıq keçərək Stalinqrad döyüşlərində iştirak etmişdir. 1942-ci ilin sonunda Şərq cəbhəsində gedən döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş və ardıcıl olaraq Almaniya, İtaliya, daha sonra Yuqoslaviyaya sürgün olunmuşdur. Lakin o, burada da təslim olmamış, 1943-cü ilin əvvəlində əsirlikdən qaçaraq Yuqoslaviya partizan hərəkatına qoşulmuşdur. Yerli partizanlar arasında "Doktor Mişa" ləqəbi ilə tanınan Mikayıl Qulubəyov həm döyüşçü, həm də təcrübəli kimyaçı və yaralılara yardım edən tibb işçisi kimi fəaliyyət göstərmişdir. O, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin (Mixaylo) ən yaxın silahdaşlarından biri olmuşdur. Mehdi ağır yaralandığı zaman onu son nəfəsinə qədər qoruyan, qucağında can verən və gecənin qaranlığında üzü qibləyə məzar qazıb dəfn edən şəxs məhz Mikayıl Qulubəyov olmuşdur. Yuqoslaviya hökuməti onun xidmətlərini yüksək qiymətləndirərək Mikayıl Qulubəyovu "Qəhrəmanlıq ordeni" və "Qəhrəmanlıq medalı" ilə təltif etmişdir. Bu fakt Mikayıl Qulubəyovun beynəlxalq miqyasda tanınmış bir döyüşçü və insanlıq fədaisi olduğunu göstərir. Müharibədən qayıtdıqdan sonra Mikayıl Qulubəyov elmi fəaliyyətini davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsində işləmişdir. Kimya elmləri namizədi, daha sonra doktorluq dissertasiyası müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür. Alim kimi Azərbaycanda üzvi kimyanın inkişafında mühüm rol oynamış, yüzlərlə tələbəyə dərs demiş, bir çox gənc kimyaçının elmi rəhbəri olmuşdur. Onun elmi əsərləri həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında tanınmışdır. Mikayıl Qulubəyovun həyatı bir Azərbaycan ziyalısının bütöv obrazını təqdim edir: ailədən qaynaqlanan maarifçilik, müharibədə göstərilən vətənpərvərlik və müharibədən sonrakı elmi fəaliyyət onun şəxsiyyətində vəhdət təşkil edir. O, öz dövrünün fədakar ziyalısı olmaqla yanaşı, həm də Azərbaycan xalqının Böyük Vətən Müharibəsində verdiyi əvəzsiz töhfənin canlı simvoludur. Azərbaycan xalqı bu gün də Mikayıl Qulubəyov kimi ziyalılarını, alimlərini, döyüşçülərini hörmətlə xatırlayır. Onun həyat yolu yalnız tarixi bir fakt deyil, həm də gənc nəsillər üçün vətənə, elmə və insanlığa xidmət nümunəsidir.

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-05-14 14:59:07
3826 baxış

Digər xəbərlər

Dövlət Xidməti təşkilat üzvlərini və yeniyetmələri təltif edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bir sıra şəxsləri təltif edib.  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 7 nəfər üzvü gənclərin vətənpərvərlik tərbiyəsində göstərdikləri xidmətlərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə fəxri fərmanla təltif ediliblər. Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, həmçinin Dövlət Xidmətinin rəhbər şəxsləri – polkovnik Tehran Babatov və Pərviz Sədrəddinov iştirak ediblər. Tədbirdə çıxış edən Cəlil Xəlilov üzvlərinin həvəsləndirilməsini yüksək qiymətləndirib və təşəbbüsə görə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova minnətdarlığını bildirib.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! İsmayıl İsmayılov.

Onların fədakarlıqları gələcək nəsillər üçün təkcə bir tarix deyil, həm də hər birimizin vicdanında bir alov kimi yanır 1939-1945-ci illər İkinci Dünya Müharibəsi zamanı Azərbaycan xalqı, həm Sovet İttifaqının bir hissəsi olaraq, həm də strateji mövqeyi ilə müharibədə əhəmiyyətli rol oynamışdır. Azərbaycan Xəzər dənizinin cənubunda yerləşdiyinə görə müharibə dövründə həm iqtisadi, həm də hərbi baxımdan mühüm bir əhəmiyyət kəsb etmişdir. Sovet Ordusunda xidmətləri zamanı qəhrəmanlıqları ilə xüsusi seçilmişlər.  Azərbaycanın müxtəlif bölgələrindən minlərlə gənc Sovet ordusuna çağırılmış və Böyük Vətən Müharibəsi (1941-1945) cəbhələrində döyüşmüşdür. Azərbaycanlı döyüşçülər xüsusilə müharibənin ilk günlərində Sovet İttifaqının müdafiəsini təmin etmək üçün çox önəmli rol oynamışdırlar. Onlar həm ön, həm də arxa cəbhədə fəal iştirak etmişdilər. Müharibə bitdikdən sonra çoxsaylı soydaşımız Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqının ordenləri və medalları ilə təltif olunmuşdur. Bu dövrün qəhrəmanları yalnız Sovet İttifaqı tarixində deyil, həm də Azərbaycanın müstəqillik və milli kimlik tarixində mühüm yer tutur. Bu qəhrəmanlardan biri də “Qırmızı Ulduz” ordenli leytenant İsmayıl İsmayılovdur. İsmayıl İsmayılov 21 dekabr 1916-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. 1933-cü ildə orta məktəbi bitirmiş, daha sonra təhsilini Şuşa şəhərində davam etdirmişdir. 1937-ci ildə təhsilini başa vurduqdan sonra İsmayıl İsmayılov Qubadlı rayonunda müəllimlik fəaliyyətinə başlamışdır. Həmin dövrün sakinləri onu igid, qorxmaz və ziyalı bir insan kimi tanımışlardır.İkinci Dünya Müharibəsi başlayanda İsmayıl İsmayılov könüllü olaraq cəbhəyə yola düşmüşdür. İlk vaxtlar Sovet ordusunun tərkibində İranda olmuşdur. Orada hərbi təlimlər keçdikdən sonra kiçik leytenant kimi ön cəhbəyə yola düşmüşdür. Sovet ordusunun 274-cü atıcı alayın 4-cü atıcı rotasının vzvod komandiri olan leytenant İsmayıl İsmayılov cəhbənin müxtəlif istiqamətlərində qəhrəmanlıq göstərmiş və göstərdiyi igidliyə görə bir çox mükafatlarla təltif olunmuşdur. 14 fevral 1945-ci ildə ona “Qırmızı Ulduz” ordeni verilmişdir. Leytenant İsmayıl İsmayılov Slovakiyanın azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusilə fədakarlıq göstərmişdir. O, 5 mart 1945-ci ildə Makulaş şəhəri yaxınlığındakı Poludzka kəndi ərazisində döyüşərkən ağır yaralanmışdır. Bu döyüşlər İkinci Dünya Müharibəsinin son mərhələlərində Sovet Ordusunun Almaniya ilə mübarizədə qazandığı əhəmiyyətli qələbələrdən birini təşkil edirdi. O, aldığı yaradan sonra 66-cı Tibbi sanitar Batalyonuna aparılmasına baxmayaraq aldığı güllə yarasından həlak olmuşdur. Leytenant İsmayıl İsmayılov Slovakiya Respublikasında Sovet Hərbi qəbristanlığında dəfn edilmişdir. İsmayıl İsmayılov və digər döyüş yoldaşlarının dəfn olunduğu bu məzarlıq onların xatirəsinin yad edilməsi və hörmətlə anılması üçün xüsusi bir məkana cevrilib. Bu cür qəhrəmanlar həm öz doğma torpağında, həm də döyüşdükləri yerlərdə əbədi olaraq xatırlanır.“Qırmızı Ulduz” ordenli leytenant İsmayıl İsmayılovun xatirəsi çox dəyərli və əzizdir. O, öz qəhrəmanlığı, igidliyi ilə xalqın yaddaşında əbədi qalacaq. Əlbəttə ki, Azərbaycan xalqı qəhrəman, cəsur oğulları heç vaxt unutmur və onların göstərdiyi igidlik, fədakarlıq və vətənə sevgisi hər zaman yaddaşlarda yaşayır. Onlar təkcə döyüş meydanında deyil, həm də xalqın ruhunda, tarixin hər bir səhifəsində əbədi izlər buraxmışdır.            Qəhrəmanlarımızın xatirəsi daim qorunur. Onların müharibələrdəki qəhrəmanlıqları, müstəqillik uğrunda apardıqları mübarizə, vətənə olan bağlılıqları gələcək nəsillərə nümunə olaraq qalacaq. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Gəncə, Şəki, Lənkaran və digər şəhərlərdə qəhrəmanlarımızın şərəfinə abidələr ucaldılıb, xatirə lövhələri və memorial komplekslər yaradılıb. Bundan əlavə hər il 9 May - Böyük Vətən Müharibəsinin Qələbə günü Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla qeyd edilir. Onların fədakarlıqları gələcək nəsillər üçün təkcə bir tarix deyil, həm də hər birimizin vicdanında bir alov kimi yanır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Azərbaycanda veteranlara göstərilən qayğı digər dövlətlər üçün nümunədir

Cəlil Xəlilov: “İndiki şəraitdə məktəblərdə hərbi dərslərin tədrisi bizim üçün ikiqat önəm kəsb edir” “Ehtiyata buraxılan zabitlərin əməyindən mülki həyatda geniş istifadə edilməldir” “Hər bir cəmiyyətdə dövlətlə yanaşı, fərdlərin də humanizminə ehtiyac var”  Uzun illərdir ki, ölkəmizin müharibə şəraitində yaşaması veteranlara göstərilən diqqət və qayğı, əhali arasında vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsi, işğalçıya qarşı bütün sahə və müstəvilərdə mübarizə aparmağın zəruriliyi, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının və döyüş hazırlığının mütəmadi surətdə yüksəldilməsi və s. kimi məsələləri daim diqqət mərkəzində saxlamağı zəruri edir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, peşəkar həbi mütəxəssis Cəlil Xəlilovla söhbətimizdə son illər bu istiqamətdə görülən işləri, həyata keçirilən layihələri şərh etməyə çalışdıq:   -Cəlil müəllim, ölkə başçısının veteranlara, müharibə iştirakçılarına hər zaman böyük qayğı göstərdiyi, onların problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyi məlumdur. Necə hesab edirsiniz, bu və digər amilləri nəzərə alıb söyləmək olarmı ki, ölkə başçısı qarşıdakı seçkilərdə veteranların dəstəyini təmin edib?   -Şübhəsiz. Ölkə başçısı Azərbaycan veteranları üçün çox böyük işlər görüb. Həm Böyük Vətən Müharibəsi, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər daim ölkə başçısının diqqət mərkəzində olub. Müharibə veteranlarının ev, torpaq və s. məsələlərlə bağlı xüsusi imtiyazları var. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. İlk növbədə isə I və II dərəcəli əlilliyi olan şəxslərin təminatına diqqət yetirilir. Sonrakı mərhələdə isə digər müharibə əlilləri və veteranların problemləri növbəlilik prinsipi əsasında öz həllini tapır. Əlillərin Bərpa Mərkəzləri var ki, orada müharibə əlilləri lazımi protezlər, arabalar, texniki vasitələrlə təmin edilir. Bəzi hallarda isə biz özümüz müyyən problemi olan veteranlarla bağlı əlaqədar dövlət qurumlarına müraciət edir, onlara köməklik göstərilməsinə nail oluruq. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda veteranara verilən müavinət digər ölkələrdəkindən heç də az deyil. Bundan başqa, bir çox ölkələrdə müharibə veteranlarına ümumiyyətlə ev və avtomobil verilmədiyi halda, ölkəmizdə veteranların həm mənzil, həm də avtomobil təminatı yüksək səviyyədə təşkil olunur. Bütün bunlar ölkə başçısının veteranlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.   -Silahlı Qüvvələrdən tərxis olunan hərbi qulluqçuların mülki həyatda işlə təmin edilməsi, onların məşğulluq probleminin həlli də rəhbərliyində təmsil olunduğunuz təşkilatın daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Sizcə ehtiyata buraxılan zabitlərin əməyindən, bilik və bacarığından mülki həyatda yetərincə faydalanırıqmı?   -Bildiyiniz kimi, hərbi qulluqda olan zabitlərimiz bəlli bir müddətdən sonra yüksək pensiya ilə ehtiyata buraxılır. Təbii ki, yaxşı olar ki, onların təcrübəsindən, bilik və bacarığından mülki həyatda da istifadə edilsin. Mən böyük müəssisə və şirkət rəhbərlərinə təklif edərdim ki, belə insanların təcrübəsindən faydalansınlar. Bu insanların enerjisindən, dünyagörüşündən, təşkilatçılıq bacarığından mülki həyatda da istifadə etmək lazımdır. Lakin təəssüf ki, bu məsələdə vəziyyət arzuedilən səviyyədə deyil. Zabitləri ehtiyata buraxan dövlət qurumları da, həmin zabitlərin sonrakı məşğulluğu haqqında düşünməlidir. Yaxşı olardı ki, bu qurumlar ehtiyata buraxılan zabitlərin hansı sahələrdə çalışmasının daha məqsədəuyğun ola biləcəyi ilə bağlı əlaqədar qurumlar qarşısında təkliflərlə çıxış etsinlər. Onların mənzil, iş və s. ilə təmini ilə bağlı aidiyyati dövlət qurumlarına müraciət ünvanlasınlar. Bir çox ölkələrdə ordudan tərxis edilənlərin mülki həyata uyğunlaşmasını təmin etmək üçün xüsusi kurslar fəaliyyət göstərir. Bu cür şəxslərlə 3-5 aylıq kurslar keçir, onları yeni işləyəcəkləri sahəyə hazırlayırlar. Yaxşı olardı ki, ölkəmizdə də bu sahədə sistemli iş aparılsın. Biz bununla bağlı bir sıra təkliflər vermişik. Yəqin ki, gələcəkdə bu təkliflər nəzərə alınacaq.   -Sizcə ehtiyata buraxılan hərbi mütəxəssislər mülki həyatda hansı sahələrdə daha çox faydalı ola bilər?   -Onlar bir çox sahələrdə fəaliyyət göstərə, əmək prosesində ciddi nəticələr, ciddi uğurlar ortaya qoya bilərlər. Zabitlər hər şeydən öncə ali və orta məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Biz Təhsil Nazirliyi ilə sıx əlaqədəyik. Çalışırıq ki, yüksək təcrübəyə malik zabitlərimiz ordudan tərxis olunandan sonra orta məktəblərdə hərbi hazırlıq fənnindən dərs desinlər. Onlar hərbçi olduqları üçün bu dərsləri mülki şəxslərdən daha yaxşı, daha yüksək səviyyədə keçə bilərlər. Hərbi dərslərin önəmi bizim üçün olduqca vacibdir. Azərbaycan gəncinin hərbi anlayışı geniş olmalıdır. Nə qədər ki, biz müharibə şəraitində yaşayırıq, nə qədər ki, Qarabağ problemi həll olunmayıb, həm orta məktəb şagirdlərimiz, həm də ali məktəb tələbələrimiz hərb elmi haqqında zəngin məlumata malik olmalıdır. Biz onların hərbi hazırlığına xüsusi diqqət yetirməliyik ki, gələcəkdə onlar orduda qulluq edəndə komandirlərin də işini asanlaşdıra bilərlər.     -Bu günlərdə hərbi vətənpərvərliklə bağlı yeni medalın təsis edilməsi gözlənilir. Hansı ki, bu medal vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında fəallıq  göstərən şəxslərə veriləcək. Sizcə belə bir medalın təsis edilməsi, təltif siyasəti insanları vətənpərvərlik təbliğatındakı fəaliyyətə daha da həvəsləndirə, onlar üçün mənəvi sitimul ola bilərmi?   -Bu, çox vacib məsələdir. Nəzərinizə çatdırım ki, bizim təşkilatımızın özü bir neçə medal təsis edib. Məsələn, Cümhuriyyət generalı, Azərbaycanın müdafiə naziri Səməd bəy Mehmandarovun adına medal təsis etmişik. Qərargah rəisi olan general Əliağa Şıxlınski, Naxşıvanski, Həzi Aslanov adına da medallarımız var. Bundan başqa, “Veteranların qayğıkeşi” diplomu təsis etmişik. Məsələ bundadır ki, insanlaırn əməyinə qiymət vermək lazımdır. Əgər kimsə bu sahədə çalışırsa, ortaya böyük zəhmət qoyursa, iş qoyursa, minlərlə insana vətənpərvərlik ideyası aşılayırsa, onların hərbi dünyagörüşünün artmasına səy göstərirsə, niyə də onlar mükafatlandırılmasın? Biz dövlət qurumlarını, habelə həkimləri, digər peşə sahiblərini də təltif edirik. Hansı ki, onlar veteranların müalicəsində yaxından iştirak edir. Elə veteranlarımız var ki, onların yaxın qohumları yoxdur. Hər hansı bir tələbə onları himayəyə götürüb, onlara qayğı göstərir. Elə şəxslər var ki, onlarla veteranın təminatını üzərlərinə götürür, onların dərmana və s-yə olan ehtiyacını qarşılayır. Biz həmin insanlara öz təşəkkürümüzü bildiririk. Sevinirik ki, bu cür humanist insanlarımız var. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidentinin xüsusi təltif  diplomu var. Hansı ki, vətənpərvərlik sahəsində xidmətləri olan şəxslər bu diplomla təltif edilir. Bizim təşkilatımızdan artıq üç üzvü bu yaxınlarda prezident İlham Əliyev tərəfindən vətənpərvərlik sahəsində yüksək nailiyyətlər əldə etdiyi üçün fəxri diplom ilə təltif olunublar. Bunlar sədrimiz general Tofiq Ağahüseynov, Fatma xanım Səttarova və I dərəcəli kapitan Qritçenko Aleksandr Aleksandroviçdir. Bu fakt onu göstərir ki, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərə prezidentimiz də hörmətlə yanaşaraq, onları təltif edir. İnsanları əməkləri müqabilində təltif etmək onları daha da həvəsləndirir, onlar üçün sitimul rolunu oynayır.   -Ancaq elə insanlar da var ki, onlar hər şeyə görə dövləti məsul tutur, hər cür qayğı və diqqəti yalnız dövlətdən tələb edirlər. Sizcə bütün ümid və gözləntilərin dövlətə ünvanlanması, hər şeyə görə dövlətin cavabdeh tutulması nə dərəcədə doğrudur?   -Təəssüf ki, qeyd etdiyiniz xüsusiyyətləri özündə əks etdirən insanlar da var. Onlar anlamalıdırlar ki, biz hər şeyi dövlətin üstünə ata, hər şeyi dövlətdən tələb edə bilmərik. İnsanların özündə də humanistlik, qayğıkeşlik olmalıdır. İnsanlar yaxşı ilə pisi seçməyi, imkansız adamlara əl tutmağı bacarmalıdırlar. Bu cür xeyirxah addımlar cəmiyyətin psixologiyasına da müsbət təsir edir, bu sahədə bir ənənə artıq formalaşdırır. Xeyirxahlıq, böyüyə hörmət bizim xalqın milli mental xüsusiyyətlərindədir. Hansı ki, biz bu ənənəni davam və inkişaf etdirməliyik.   Seymur Əliyev

Hamısını oxu
“Şuşa İli” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində çox mühüm məqamlara toxundu, ötən il qazanılan nailiyyətlərə diqqət yetirdi, gələcək hədəflərlə əlaqədar vacib mesajlar verdi. Dövlət başçısı il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdığımızı, Azərbaycanın uğurla inkişaf etdiyini inamla ifadə etdi.   Həqiqətən də, 2021-ci ildə iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, tarixi Qələbinin diplomatik müstəvidə möhkəmləndirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması  istiqamətində çox mühüm işlər görülüb. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar konseptual xarakterli, sistemli tədbirlər uğurla davam etdirilib. Dövlət başçısının Azərbaycanın bölgələrinə səfərləri 2021-ci ildə də müntəzəm xarakter daşıyıb. Xüsusilə də, Azərbaycan Prezidentinin regionlara 47 səfərindən 32-si işğaldan azad olunmuş ərazilərə edilib. Bu, qalib Azərbaycanın qüdrətli Liderinin – yenilməz Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər yürüşünün davam etdiyini, Böyük Qayıdışın qısa müddət və yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir.   Regionların inkişafında yeni model - yeni mərhələ   Bu kontekstdə əsas məsələlərdən biri isə yeni regional idarəetmə mexanizminin yaradılmasıdır. Məlum olduğu kimi, ötən il Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzaladı. Bu, həm sosial-iqtisadi, həm tarixi-siyasi, həm də strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Bu addımın iqtisadi və regional inkişaf kontekstində əhəmiyyətinə keçməmişdən əvvəl qeyd edim ki, yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması Azərbaycanın möhtəşəm tarixi Qələbə nəticəsində yaratdığı reallıqların ifadəsidir. Yeni təsnifat Azərbaycan iqtisadiyyatının tamlığının bərpası və funksionallığının artırılması baxımından əhəmiyyətli olmaqla yanaşı, bütün resurslardan dinamik inkişafı təmin etmək üçün səmərəli istifadə olunmasına mühüm imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir, təbii sərvətləri və geniş turizm imkanları ilə fərqlənir. Ona görə də bu resurslardan istifadə etməklə regional inkişafın yeni mərhələsinin əsasını qoymaq mümkündür. Paralel olaraq Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi bölgələrin yeni mexanizm əsasında idarə olunması üçün cəlbedici modelin yaradılması baxımından diqqəti cəlb edir. Bu, eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı gələcək üçün yeni nümunələrin formalaşmasına imkan verəcək.      “Şuşa İli” yeni və daha möhtəşəm uğurlar vəd edir   Bunlarla yanaşı, Prezident İlham Əliyevin bəhs olunan müraciətində 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirməsi, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi böyük tarixi hadisədir. Bu, həm mədəni-mənəvi, həm də siyasi əhəmiyyətə malikdir. Dövlət başçısı təkcə Şuşada bərpa-quruculuq işlərinin həyata keçirilməsini xüsusi diqqət mərkəzində saxlamır, eyni zamanda, tarixi-mədəni irsin bərpasına, qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti ötən il ərzində Şuşa şəhərinə 7 dəfə səfər edib. Müzəffər Ali Baş Komandanımız bəhs olunan müraciəti zamanı “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”,-deyə vurğulayıb. Qısa müddətdə Şuşanın Baş planı hazırlanıb, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili bərpa edilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi isə qarşıdakı dönəmdə Azərbaycan naminə daha böyük işlərin görüləcəyini deməyə əsas verir - əminlik yaradır. Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa İli” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu