Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərin Sədaları Altında: Tarixin, Qəhrəmanlığın və Suverenliyin Diyarında – Naxçıvan

Zamanın tozlu səhifələrini vərəqlədikcə bəzi torpaqların adları tarixə qızıl hərflərlə yazılır. Elə bir diyar var ki, onun hər daşı bir qəhrəmanlıq dastanı, hər nəfəsi bir mübarizə nəğməsidir bu diyar Naxçıvandır.

Naxçıvan Azərbaycanın canlı tarix salnaməsi, ulu keçmişinin aynası, qəhrəmanlıq və müdriklik məkanıdır. Əsrlərin sınağından çıxmış bu qədim torpaq həm tarixi kökləri, həm də müasir inkişafı ilə Azərbaycanın milli kimliyində mühüm yer tutur. “Nuh peyğəmbərin məskəni”, “Əcəmi yurdu”, “Heydər Əliyev diyarı” kimi ifadələr onun çoxşaxəli və zəngin simasını əks etdirir. Nuhun türbəsi məhz burada yerləşir. Şəhərin adı bəzi mənbələrdə “Nuhun açdığı yer” kimi də izah olunur. Tarixi faktlar göstərir ki, bu torpaqlarda insan məskənləri hələ Paleolit dövrünə  təqribən 100 min il əvvələ gedib çıxır. Eneolit və Tunc dövrlərində burada formalaşan mədəniyyət və ictimai həyatın izləri Kəngərli, Ordubad, Şahbuz, Culfa və Babək kimi bölgələrdə bu gün də yaşadılır. Naxçıvan həm də Azərbaycan memarlığının beşiyi sayılır. XII əsrdə yaşamış dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun və Yusif ibn Küseyir türbələri təkcə Azərbaycanın deyil, bütün İslam aləminin memarlıq incilərindəndir. Bu abidələr Naxçıvanın tarixi, estetik və mənəvi dəyərinin canlı sübutudur. Naxçıvan əsrlər boyu yadelli hücumlara qarşı sipər olmuş, igid oğul və qızları ilə vətənin keşiyində dayanmışdırlar. Xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti və ölkədəki xaos zamanı Naxçıvan blokada şəraitində milli dirənişin və dövlətçiliyin rəmzinə çevrildi. Bu çətin dövrdə Naxçıvanı sabitlik adasına çevirən şəxsiyyət isə Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı ildə Moskvadan Vətənə qayıdan Heydər Əliyev ilk olaraq doğma Naxçıvana gəldi. O zaman ölkənin böyük hissəsində anarxiya hökm sürsə də, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası özünü qorudu və Azərbaycanın müstəqillik yolunda möhkəm dayağına çevrildi. Məhz onun təşəbbüsü ilə 1990-cı ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisinin binasında qaldırıldı. Bu, Azərbaycanın müstəqillik yolunda atdığı ən cəsur addımlardan biri idi. Bu gün Naxçıvan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi və mədəni inkişafının öncül nümunəsinə çevrilib. Bölgədə həyata keçirilən infrastruktur, səhiyyə, təhsil və sənaye layihələri Naxçıvanın potensialını tam şəkildə ortaya qoyur. Bu inkişafın və milli birliyin bariz nümunəsi isə 2025-ci il mayın 19-da Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan “8 Noyabr Zəfəri – suverenliyimizin qarantıdır” adlı konfransda bir daha özünü göstərdi. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən bu möhtəşəm tədbir yalnız rəsmi bir toplantı deyil, həm də tarixə, milli ruh və ideologiyaya dərin ehtiramın ifadəsi idi. Konfrans Naxçıvanın təkcə strateji deyil, həm də mənəvi və ideoloji baxımdan Azərbaycanın dayaq nöqtələrindən biri olduğunu bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyevin abidəsi önündəki sayğı duruşu ilə başlanan bu gündə tarix və milli ruh bir yerdəydi. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti Naxçıvana səfər etmişdi. Tarixi abidələrə edilən səfərlər, igidlərin xatirəsinə göstərilən ehtiram, xalqla dövlətin bir-birinə sıx bağlı olduğunun canlı ifadəsi idi. Bu konfrans bir daha sübut etdi ki, 8 Noyabr  Zəfərin, suverenliyin və milli iradənin bayramıdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin sözləri ilə desək, bu Zəfər regionun geosiyasi mənzərəsini dəyişdirən, yeni dövrün qapılarını aralayan bir tarixdir.

Polkovnik Cəlil Xəlilovun çıxışında bir məqam xüsusi ilə yadda qaldı: “8 Noyabr Zəfəri Cənubi Qafqazda köhnə və zərərli status-kvonu dağıtdı, yeni reallıqlar yaratdı.” Bəli, bu reallıqlar təkcə hərbi üstünlük deyil, həm də tarixi ədalətin bərpası, milli mənəviyyatın, xalqın qürurunun özünə dönüşüdür. Ən başlıcası isə xalqın öz torpağına sahib çıxması, milli ruhun və suverenliyin təntənəsidir. Bu ruhun təməli hələ ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdı. O, Azərbaycanın müstəqilliyinin ilk illərindəki çətin və qarışıq dövrlərdə xalqın iradəsini, dövlətin dayaqlarını bərpa etdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək milyonların içində sönməkdə olan inam çırağını yenidən alovlandırdı. Heydər Əliyev təkcə dövlət qurucusu yox, həm də bu xalqın milli ideologiyasını formalaşdıran tarixi şəxsiyyət idi. Onun həyata keçirdiyi ordu quruculuğu islahatları, vətənpərvərlik ruhunun təməlinə çevrildi. Bu möhkəm təməlin üzərində yüksələn Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən şanlı səhifəsini 2020-ci ildə yazdı. 44 gün ərzində xalq bir yumruq kimi birləşdi, ordu əfsanəvi zəfərlərə imza atdı, Prezident Müzəffər Ali Baş Komandan kimi xalqı və ordunu bir hədəf ətrafında topladı. Bu, xalqın yaddaşında onillərlə daşıdığı ədalət arzusunun gerçəyə çevrilməsi idi. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu zəfərin əbədi əsaslarıdır. Bu sütunlar üzərində yüksələn Zəfər abidəsi isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də ruhlandıracaq. Bu Zəfər Heydər Əliyevin müstəqillik mirasını qoruyub inkişaf etdirən İlham Əliyev liderliyində Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək gücünə sahib olduğunu sübut etdi. Tarix yazıldı və bu tarixdə Naxçıvanın, onun qəhrəman insanlarının, igid oğul və qızlarının da silinməz izləri var. Bu zəfər yalnız silah gücü ilə deyil, həmçinin mənəvi güc, liderlik və xalqın birliyi ilə əldə olunmuşdu. Məhz bu ruh sayəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, sabahına isə əmin şəkildə və əzəmətlə addımlayır. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və 44 günlük Vətən müharibəsi qazisi Təbriz Zeynalov, müharibə qazisi Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da 8 Noyabr Zəfərinin hərbi-siyasi, tarixi və mənəvi önəmini vurğuladılar. Onların fikirləri bir nöqtədə qovuşurdu: bu Zəfər təkcə bugünün yox, həm də gələcəyin təminatıdır. Çünki bu Zəfər suverenliyimizin qarantına çevrilmişdir.  Çıxışçılar Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işlərinə diqqət çəkərək dövlətimizin yenidənqurma işlərindəki iradəsini və davamlı inkişaf strategiyasını alqışladılar. İnamla bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə yeni və daha böyük uğurlara imza atacaqdır. Naxçıvan bu Zəfərin ruhunu yaşadan, onu gələcək nəsillərə daşıyan müqəddəs bir məkandır. Bura qəhrəmanların, alimlərin, şəhidlərin və vətən sevdalılarının yurdudur.

Səfər çərçivəsində polkovnik Cəlil Xəlilovun akademik Yusif Məmmədəliyevin ev muzeyinə etdiyi ziyarət isə xüsusi rəmzi məna daşıyırdı. Sonda belə bir nəticəyə gəlmək olur Zəfərlər təkcə silahla qazanılmır.Ən böyük zəfərlər ürəklərdə, ruhlarda, ideallarda qazanılır. O zəfərlər ki, səngərdə döyüşçü ilə, laborotoriyada alimlə, məktəbdə müəllimlə, ailədə ana ilə qazanılır. Bu zəfərləri yaşadan, qoruyan və gələcəyə daşıyan isə məhz Naxçıvan kimi ruhu bütöv, mənəviyyatı zəngin yurdlardır.Azərbaycanın qəhrəmanlıq xəritəsində daim parlayan bir ulduz  tükənməz güc, sarsılmaz iradə, qürur mənbəyi olan Naxçıvan! Bu görüşlər, bu addımlar, bu ziyarətlər bir başlanğıcdır.Tarixə, elmə, qəhrəmanlığa atılan bu addımlar bundan sonra da davam edəcək. Hər səfər, hər görüş bu torpağın ruhuna bir salam, gələcək nəsillərə isə bir ismarıcdır: Naxçıvan var olduqca, Azərbaycan bütöv olacaq. Bu vəhdət, bu ruh bizim sonsuz zəfərimizdir.

Nadir  İsmayılov

2025-05-26 14:29:27
3870 baxış

Digər xəbərlər

Ermənistan və onun uşaqları: Paşinyan deyir, Osmanqızı təkrarlayır...

Los-Ancelesdə azərbaycanlılara hücum etdilər, Brüsseldə soydaşlarımızı döydülər, Kiyevdə azərbaycanlı tələbələri güllələdilər, Moskvada həmvətənlilərimizə qarşı vandalizm davam edir.Bu, Ermənistanın azərbaycanlılara qarşı yeni etnik təmizləmə planının tərkib hissəsidir. Cari hədəf müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil etmək, soydaşlarımıza qarşı güc tətbiq etməklə onları qorxutmaq, əsas hədəf isə ötən əsrin ikinci yarısında ASALA terror təşkilatının “diplomat ovu” və dinc insanlara qarşı terror aktlarının yenidən təkrarlanması, dünyanın diqqətini “erməni məsələsinə”nə yönəltmək, hərbi və diplomatik cəbhədə əldə edə bilmədiklərinə “küçə müharibəsi” ilə nail olmaq, “azərbaycanlıların vandal, adam yeyən” olduğunu göstərməkdir.Kiyevdə 4 azərbaycanlı tələbəyə silahlı hücum da göstərdi ki, ermənilər artıq ASALA taktikasına keçid edir.Azərbaycana qarşı yeni etnik təmizləmə siyasəti iki istiqamətdə həyata keçirilir: birincisi, azərbaycanlılara hücumlar təşkil edir, qarşıdurma yaradır, ikincisi, “azərbaycanlılar erməniləri öldürür” təbliğatını aparır, “bütün bunları Azərbaycan təşkil edib” rəyini formalaşdırırlar. 1915-ci ildə, Sumqayıt hadisələrində, Xocalı soyqırımında etdiklərini yenidən təkrarlayırlar.Ermənistan KİV-i, Rusiyada və Avropa ölkələrində erməni lobbisinə bağlı olan media orqanları eyni təbliğatı aparır: “Günahkar Azərbaycandır”.Dünən Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanın RBK telekanlına müsahibəsində eyni iddiaları səsləndirdi.Təəccüblü deyil, bu, “erməniliyin” xislətindən irəli gəlir. Burada əsas məqam azərbaycanlı kimliyinə bürünənlərin erməniliyidir.“Hücumları Azərbaycan təşkil edir”. Bu, Ermənistanın və erməni lobbisi/diasporunun irəli sürdüyü tezisdir.ABŞ-da yaşayan Sevinc Osmanqızı da deyir: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Corcstaun Universitetində erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcək. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhəddində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin “v” hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir”.Avropada yaşayan Arif Məmmədov deyir: “Səfirliklərin qarşısındakı qarşıdurmaları Azərbaycan hakimiyyəti təşkil edir, gənclər inanmayın, mən sizə deyirəm ki, bütün bunlar təşkil olunmuş proseslərdir”.Paşinyanın da, Osmanqızıların da, Məmmədov kimilərin də elədiklərinin adı məlumdur: ermənilik.Və hədəf Azərbaycanı, azərbaycanlıları vandal, “qaniçən”, erməniləri isə “sivil” göstərməkdir.Ermənistan: “Biz sivil mübarizə aparırıq”.Osmanqızı: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur”.Ermənistan: “Hücumları Azərbaycan təşkil edir”.Osmanqızı: “Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən”.Ermənistan: “Azərbaycanlılar vandaldır, qaniçəndir”.Osmanqızı: “Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız?”.Ermənistan deyir, Osmanqızı, Məmmədov kimilər təkrarlayır. Bu, osmanqızıların, məmmədovların fərqli düşüncəsi, fərqli yanaşması deyil, eyni mərkəzlərin, eyni mətbəxin məhsuludur.Hadisələrin xronikası prosesi anlamağa imkan verir:İyulun 12-də erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumu təşkil etdilər, Azərbaycan Ordusunun adekvat zərbələri düşmənin yüzlərlə canlı qüvvə və hərbi texnikasının məhv edilməsi ilə nəticələndi.Ermənistan hakimiyyəti “qələbə” görüntüsü yaratmaq üçün erməni KİV-i və sosial şəbəkələri səfərbər etdi. Ardınca erməni təbliğatına “azərbaycanlı kimliyinə” bürünənlər də qoşuldu.İyulun 20-də məlun Arif Yunus (Baqsaryanın uşaqları) Ermənistanın Civilnet telekanalına müsahibə verdi və baş verənlərə görə, Azərbaycanı günahlandırdı.İyulun 21-də Los-Ancelesdə ermənilər azərbaycanlılara hücum təşkil etdi, ardınca bu hücumlar bütün Avropa ölkələrində və MDB-də davam etdirildi.Hadisələrin inkişafı məqsədin nə olduğunu da anlamağa imkan verir: Ermənistan “azərbaycanlı”ların da qoşulduğu təbliğatla həm erməni ictimaiyyətində “qalib” rəyini yaradır, həm Azərbaycanın ictimaiyyətinə mesajlar ötürür, həm də beynəlxalq səviyyədə Azərbaycanı barbar göstərməyə çalışırdı.Diqqətçəkən detallardan biri iyulun 21-də Los-Ancelesdə soydaşlarımıza hücumlar ediləndə ABŞ-da yaşayan Milli Şuranın sədri Cəmil Həsənlinin - o Həsənli ki, hər gün Feysbuk səhifəsində Azərbaycana qarşı ittihamlar yağıdırır – heç bir paylaşım etməməsi idi. Hər-halda Los-Anceles hadisələri Həsənlinin hazırda yaşadığı torpaqlarda baş vermişdi və o, saat fərqinə görə soydaşlarımıza edilən hücuma daha tez reaksiya verməli idi. Milli Şuranın sədri susdu, bir gün sonra heç nə olmamış kimi Azərbaycana qarşı klassik ittihamlarını yağdırmağa başladı.İyulun 21-dən sonra müxtəlif ölkələrdə soydaşlarımıza qarşı ermənilərin etnik təmizləmə siyasəti daha da şiddətləndi, hətta güllələnmə hadisələri qeydə alındı. Hər gün “xalqın hüququndan” danışan Milli Şura rəhbərliyi və ətrafındakılar hücuma məruz qalan xalqı müdafiə etmədilər.İyulun 25-i Osmanqızı və Məmmədov canlı efirə çıxaraq, ermənilərə haqq qazandırdı və hər şeyi Azərbaycanın təşkil etdiyini bəyan etdilər.Azərbaycan torpaqlarını işğal edənlər bəllidir, bu işğala, soydaşlarımıza qarşı yürüdülən etnik təmizləmə siyasətinə züy tutanları tanıyın. Onlar üçün Vətən, millət, Qarabağ anlayışı Avropa paytaxtlarında lüks həyat yaşamaqdan başqa bir şeyil. Bu artıq aksiomadır...Asif Nərimanlı

Hamısını oxu
Beyləqanda şəhid məzarları ziyarət olunub

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr Vətən Müharibəsinin anım günü ərəfəsində Yeni Mil və Milabad şəhidləri ziyarət olunub.   2020-ci il 27 sentyabr tarixidə başlayan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsinin bir ilinin tamam olması münasibəti ilə şanlı Qələbəni bizə bəxş edən şəhidlərin məzarları Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev və aparatın məsul nümayəndələri tərəfindən ziyarət edilir. İlk olaraq Yeni Mil və Milabad şəhidlərinin məzarı ziyarət olunub və məzarları üzərinə gül dəstələri düzülüb. Eyni zamanda, Asif Ağayev şəhid ailələri ilə yerindəcə görüşmüş, problemləri və müraciətləri diqqətlə dinlənilmişdir. Şəhid ailələrinə göstərilən dövlət qayğısı, bu istiqamətdə möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul olunan qərarlar və icrası sahəsində həyata keçirilən tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir.  

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsidir.   Müsabiqənin formatı: Müsabiqəyə Fond tərəfindən müəyyən edilmiş mövzular əsasında paylaşılan video formatlı statuslar qəbul ediləcək. Mövzunu tam əhatə edən, tutarlı, kreativ paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq.   Mövzular: • yaxşılıq • doğruluq • vətənpərvərlik • dini dəyərlər • ailə dəyərləri • əxlaq • dostluq   Müsabiqə şərtləri: • Video status yalnız Azərbaycan dilində olmalıdır • Video status əhatəli, tutarlı, kreativ olmalıdır • Videonun müddəti 2 dəqiqədən çox olmamalıdır • Paylaşılan video orijinal olmalı və sosial şəbəkə istifadəçisinin özünün iştirakı ilə çəkilməlidir • Paylaşılan statusda #mənəvidəyərlər həştəqi mütləq qeyd olunmalıdır • Sosial şəbəkə istifadəçisi müəyyən edilmiş mövzulardan yalnız birini seçə bilər • Sosial şəbəkə istifadəçisi seçdiyi mövzuda yalnız bir video paylaşa bilər • Müsabiqədə yalnız 16 mart – 16 may 2022-ci il tarixləri ərzində Facebook, İnstagram, TikTok və ya Youtube sosial şəbəkəsində paylaşılan video statuslar iştirak edəcək .   QEYD: Müsabiqə çərçivəsində hazırladığınız videonu paylaşdıqdan sonra videonun orijinalını və paylaşım linkini mdtf.press@gmail.com ünvanına göndərməyiniz xahiş olunur. Mükafat: I yer - 1000 AZN II yer - 700 AZN III yer - 500 AZN Həvəsləndirici mükafat – 300 AZN (5 nəfər) Müsabiqənin müddəti: 16 mart – 16 may 2022-ci il Əlaqə: Tel: (012) 464-92-55; Mob: (055) 629-62-60 Fax: (012) 464-92-57 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)  

Hamısını oxu
“Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli”nə həsr edilmiş “Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda  konfrans keçirilib. Konfransda veteranlar, ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, gənclər və s. iştirak edib. Respublika Veteranlar Təşkilatının sədri, Müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarova konfransı giriş sözü ilə açıq elan edib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Fatma Səttarova çıxışında Ümummili liderin zəngin ömür yoluna nəzər salıb: “Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmiş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur”. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Vetereanları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı danışıb: “2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru professor Əlikram Abdullayev, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, istefada olan general-mayor Vladimr Vasilyeviç Timoşenko, professorİbrahim Quliyev, RVT-nin şöbə müdiri general-mayor Rasim Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Ulu öndərin şanlı ömür yolundan iftixar hissi ilə bəhs edib, Azərbaycan Respublikasının bu gün də Heydər Əliyev siyasi kursu əsasında inkişaf etdiyini vurğulayıblar. Konfransın sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu