Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

15 İyun – Liderin Qayıdışı, Xalqın Qurtuluşu

Bəzən elə günlər olur ki, bir xalqın taleyi bircə gündə dəyişir, tarix yeni bir səhnəyə qədəm qoyur. Həmin günlər millətin hafizəsinə qazılmış müqəddəs izlərə çevrilir. Azərbaycan xalqı üçün belə günlərin başında 15 İyun – Milli Qurtuluş Günü gəlir. Bu gün təkcə siyasi dəyişikliklərin başlandığı gün deyil, həm də xalqın qaranlıqdan işığa, ümidsizlikdən sabaha doğru irəlilədiyi gündür. Veteranlar olaraq biz bu tarixi nəinki xatırlayır, onu daim ruhumuzda, varlığımızda yaşadırıq. 1991-ci ildə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqilliyini yenidən qazandı. Lakin bu müstəqillik sanki sərhədsiz bir boşluğun içində çırpınan, kapitanı olmayan, istiqaməti bəlli olmayan bir gəmi kimi idi. 1991–1993-cü illər tariximizdə daxili siyasi böhranların, vətəndaş qarşıdurmalarının, torpaq itkisi və ümidsizliklə dolu bir dövr kimi qaldı. Ermənistanla davam edən müharibədə hər gün bir kənd, bir vətən torpağı əldən çıxırdı. Dövlət institutları fəaliyyətsiz, rəhbərlik zəif və təcrübəsiz idi. Azərbaycan paramparça olmağa doğru gedirdi. Bu acı günlərdə biz  səngərlərdə can verən gəncləri, evlərindən didərgin düşən yüz minlərlə insanın göz yaşlarını görürdük. Vətən çökürdü və o zaman xalq bir səs, bir yol, bir lider axtarırdı. Xalq bir xilaskar gözləyirdi. Və nəhayət, o gün gəldi. 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. 15 iyun tarixində isə Azərbaycan Ali Sovetinin sədri seçildi. Biz o günlərdə onun tribunadan səsləndirdiyi fikirləri dinləyərkən onun baxışında, sözündə, duruşunda bir dövlətin xilası, bir millətin sabahını görürdük. Səngərdə vuruşan əsgər, zavodda çalışan fəhlə, məktəbdə dərs deyən müəllim, kənddə torpaq becərən kəndli, onların hər biri anlayırdı ki, Azərbaycan artıq sahibsiz deyil. Heydər Əliyev yalnız siyasi və dövlətçilik təcrübəsi ilə deyil, həm də xalqın ruhunu anlayan bir lider olaraq önə çıxdı. O, Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, sabitlik gətirdi, vətənin dağılmasının qarşısını aldı. Onun dediyi kimi: “İctimai-siyasi sabitlik olmadan heç bir iqtisadi və sosial inkişafdan danışmaq mümkün deyil.” 15 İyun müstəqilliyin möhkəmləndirildiyi gün oldu. 1993-cü ilin oktyabrında Heydər Əliyev prezident seçildi. Onunla bərabər islahatlar, ordu quruculuğu, konstitusiyanın qəbulu, neft strategiyası və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması prosesi başladı. 1994-cü ildə imzalanan atəşkəs sazişi ilə cəbhədə silahlar susdu. Elə həmin il imzalanan “Əsrin Müqaviləsi” ilə Azərbaycan iqtisadi inkişafa qədəm qoydu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri iqtisadi gücümüz olmaqla yanaşı, həm də Azərbaycanın söz sahibi dövlətə çevrilməsinin əsas pillələri idi. 1995-ci ildə qəbul edilən Konstitusiyamız dövlətin hüquqi təməllərini formalaşdırdı. Hüquqi islahatlar, insan hüquqları, azadlıq və mülkiyyət hüququ ölkədə təmin edilməyə başlandı. Azərbaycan artıq müstəqil, hüquqi və demokratik bir dövlət idi. 15 İyun  həm də xalqla liderin birliyinin simvoludur. Ulu Öndər Heydər Əliyevin cəsarətli və müdrik siyasəti, onun xalqına sadiqliyi, hər bir vətəndaş üçün qürur qaynağına çevrildi. Biz  veteranlar onun siyasətində öz zəhmətimizin, inamımızın dəyərini gördük. O, bizə arxa durdu, əziyyətimizi dəyərləndirdi. Heydər Əliyev bizim üçün təkcə prezident deyildi. O, xalqın xilaskarı, dövlətin memarı, ruhumuzun dayağı idi. 1997-ci ildə bu gün rəsmi dövlət bayramı elan olundu. O vaxtdan bəri Azərbaycanın inkişafı, sabitliyi, beynəlxalq uğurları, Qarabağın azadlığı, hər biri 15 iyunla başlanan o möhtəşəm yolun davamıdır. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu zamanın çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Azərbaycanın bu günkü gücü, iqtisadi inkişafı, azad edilən torpaqları və digər bütün addımları Heydər Əliyevin mirası və İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri 15 İyun – Milli Qurtuluş Gününün dərin mənasını, tarixi əhəmiyyətini bütün varlığımızla anlayırıq. Bu gün bizim üçün sadəcə bir təqvim günü deyil, dövlətin varlığının, xalqın birliyinin və müstəqil gələcəyimizin təməlidir. Biz yaxşı bilirik ki, əgər o tarixi anda Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verməsəydi, Azərbaycan adlı müstəqil, güclü dövlətin taleyi qaranlığa qərq olacaqdı. 15 İyun Azərbaycan xalqının öz taleyini əlinə aldığı, dövlətçiliyimizin uçurumun kənarından geri qaytarıldığı, gələcəyin əsasının qoyulduğu gündür. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, siyasi qətiyyəti və xalqına sonsuz inamı sayəsində Azərbaycan ayağa qalxdı, öz gücünə inandı və gələcəyə doğru inamla irəlilədi. Bu milli dirçəliş yolu 44 gün davam edən Vətən müharibəsində özünün zirvəsinə çatdı. 2020-ci ilin payızında xalqımız bir daha bir yumruq kimi birləşdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ulu Öndərin arzuladığı və tövsiyə etdiyi strateji hədəfi  torpaqlarımızın azad olunmasını gerçəkləşdirdi. Şanlı Zəfərimiz Şuşanın alınması ilə başa çatan bu müqəddəs savaş Heydər Əliyev siyasi kursunun davamının nə qədər möhkəm təməl üzərində qurulduğunu bir daha sübut etdi. 15 İyunun qoyduğu təməl üzərində yüksələn Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi güc mərkəzi, beynəlxalq siyasətin mühüm oyunçusudur. Biz bu şərəfli yolun canlı şahidləri olan veteranlar, şəhidlərimizin müqəddəs ruhuna baş əyir, qazilərimizin rəşadətini ehtiramla yad edirik. Bu gün Azərbaycan güclüdür, çünki lideri ilə xalqı birdir, ruhu bütövdür, tarixi və gələcəyi möhkəm dayaqlar üzərində qurulub. Ona görə də 15 İyun təkcə keçmişin səhifəsi deyil, həm də hər bir azərbaycanlının qürurla yaşatdığı milli hafizədir. Bu gün biz onu qürurla qeyd edir, xatırlamaqla kifayətlənmir, yaşadırıq. Bu gün bizim həm milli özünüdərk, həm də gələcəyə sonsuz inam günümüzdür. Qoy 15 İyun – Milli Qurtuluş Günü daim azadlığımızın, gücümüzün, birliyimizin simvolu olsun! Yaşasın Azərbaycan! Yaşasın Qurtuluşun rəhbəri Heydər Əliyevin əbədi ideyaları!

Cəlil Xəlilov Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-06-10 10:19:43
3677 baxış

Digər xəbərlər

XƏLİL QARƏHMƏDOVUN TƏQDİMATINDA POLKOVNİK CƏLİL XƏLİLOVLA GENİŞ REPORTAJ

Hamısını oxu
Hərbi Prokurorluqda əsgərin ölüm faktı üzrə araşdırma aparılır

Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan Veteran.gov.az-a verilən məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu Hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılmış, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər prosessual tədbirlər icra edilmişdir.  Faktla bağlı hazırda araşdırma davam etdirilir. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının üzvləri “Zəfər” ordenli şəhidin anım günündə iştirak ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar  Təşkilatının üzvləri tez-tez şəhid ailələrini ziyarət edir, qazilərin sağlamlıq durumu ilə maraqlanır, onlara diqqət və qayğı göstərirlər.  11 oktyabr 2023-cü il tarixində rayon təşkilatının üzvləri "Şərəf" ordenli şəhid Mahir Paşayevin anım günündə iştirak edib, şəhidin ailəsi ilə görüşüblər. Anım mərasimdə Əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazlı,  "Gənc Qazilər" İctimai Birliyinin sədri Vüsal Muradzadə, şəhid ataları və ictimaiyyət nümayəndələri də olublar. Xadırladaq ki, şəhid Mahir Bəxtiyar oğlu Paşayev  rayonun İranla həmsərhəd kəndi olan Əsədlidə dünyaya göz açmışdı. Vətən sevdalısı olan igid kəşfiyyatçı Xüsusi Təyinatlı döyüş yoldaşları ilə birgə Hadrudun, Suqovuşanın, Kəlbəcərin  azad olunmasında böyük şücaət göstərmişdir.  O, kəşfiyyatçı  dəstə ilə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirərkən 2020- ci il oktyabrın 10-da  qəhrəmancasına həlak olmuş, şəhidlik məqamına ucalmışdır. Paşayev Mahir Bəxtiyar oğlu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə "Zəfər" ordeni və 8 döyüş medalı ilə təltif edilmişdir.

Hamısını oxu
Azərbaycandan Ermənistana DƏHŞƏTLİ ZƏRBƏ - AĞLASIĞMAZ RƏQƏMLƏR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Vətən müharibəsində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının məbləğini hesablayıblar. UNEC-dən Publika.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının adlarını və sayını açıqlayıb. Ölkə Prezidenti çıxışında mütəxəssislərə həmin qiymətin hesablanması barədə də müraciət etdi. UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun alimləri Prezidentin müraciətinə operativ reaksiya verərək, sadalanan hərbi texnikaların qiymətini hesablayıblar. Alimlərin əldə etdiyi nəticəyə əsasən, Vətən müharibəsndə Ermənistan ordusununun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard 8 milyon ABŞ dolları təşkil edib.

Hamısını oxu