Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin PRESS RELİZİ № 03

      “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir.

Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.

Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir.

Layihə həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınacaq.

Təşkilatın növbəti tədbiri iyun ayının 24-də Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 328 saylı tam orta məktəbdə oldu. Tədbir məktəbin rəhbərliyinin təklifi ilə burada müəllim və texniki heyətlə keçirildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Qarabağ veteranı, t.ü.f.d., Ruslan Ağamalıyev tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Tədbiri davam edən layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, tarixin müxtəlif zamanlarında azərbaycanlıların Ermənistandan sürgün ediləsi haqqında iştirakçıların ətraflı məlumat verdi.

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”

 İctimai Birliyinin layihə rəhbəri:    prof. Bədirxan Əhmədli  

   «25»  iyun 2025- ci il      

Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 34

Əlaqə: (+99450) 5545982

e-mail: bedirxan@mail.ru

2025-06-26 12:11:47
3862 baxış

Digər xəbərlər

Dəmir yumruqla intiqamımızı aldıq

Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsinin əvvəlindən başlamışdı. Onların müsəlmanlara qarşı özlərini təkəbbürlü aparmaları, milli və dini heysiyyətlərini açıq aşkar təhqir etmələri müşahidə olunurdu. 1917-ci ilin fevralından etibarən çar hakimiyyət orqanlarının ləğvindən istifadə edərək ermənilər gizli şəkildə silah anbarını ələ keçirdilər. Erməni və malakanlardan ibarət qarnizon təşkil etdilər, bu barədə yerli müsəlman Milli Şurasına və qəza komissiyasına məlumat vermədilər. Getdikcə Şamaxı şəhərində və ətraf kəndlərdə silahlanan ermənilər əvvəlcə özlərini müsəlmanlara elə göstərirdilər ki, guya onlara qarşı heç bir düşmənçilik hissi bəsləmirlər. Əslində isə hər şey tam əksinə idi. Belə ki, Cənubi Qafqazın müxtəlif ərzilərindən gizli şəkildə Mədrəsə kəndinə gələn erməni əsgərlərinin köməyinə əlavə olaraq martın əvvəlində Bakıdan bolşevik hakimiyyəti tərəfindən xeyli hərbi sursat, top və pulemyotlarla silahlanmış üç min erməni qoşun dəsətəsi göndərildi. Şamaxı şəhəri 1918-ci il martın 18-də səhər tezdən güclü top atəşinə tutulmağa başlandı, şəhər cənub hissədən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Bu müsəlman əhali üçün gözlənilməz idi, çünki cəmi bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov müqəddəs Xaç və İncil qarşısında and içmişdilər ki, heç vaxt azərbaycanlılara qarşı silah işlətməyəcəklər, sülh və qardaşlıq şəraitində yaşayacaqlar. Lakin bu and bir gün sonra pozuldu. İlk olaraq Piran-Şirvan ərazisinə soxulan ermənilər müsəlman evlərini talan edib yandırır, mülki əhalini öldürürdülər. Yandırılan evlər arasında qəza müftisi Hüseynbəyovun, həmçinin Hacı Vahab Ələkbərovun, Şıxıyevlərin, Həsənovların, Veysovların, Məhərrəmovların və başqalarının mülkləri də var idi. Heç kimə aman verməyən daşnaklar insanları qəddarlıqla, işgəncə verərək qətlə yetirirdilər. 1918-ci ilin martın 18-də şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırdılar: Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özününzün müqəddəs Həzrət Abbasınızı çağırın. Şamaxı şəhərindəki bu vəhşiliklər bir neçə gün davam etmişdir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrin Şamaxıya köməyə gəlməsini eşidən ermənilər və malakanlar Qozlu-çay malakan kəndinə çəkilirlər. Köməyə gələn qoşuna tanınmış ictimai-siyasi xadim, I Dövlət Dumasının deputatı İsmayıl Xan Ziyadxanov başçılıq ediridi. Dörd gün sonra qüvvələrin qeyri bərabər olması səbəbindən azərbaycanlı silahlı dəstələr şəhərdən çıxmağa məcbur olurlar və demək olar ki, müsəlman əhalinin böyük hissəsi də şəhəri tərk edir. Ancaq bu proses çox tələsik olduğuna görə əhalinin bir hissəsi şəhərdə qalır. Bir neçə gün sonra yenidən erməni və malakan quldur birləşmələri  ikinci dəfə şəhəri ələ keçirirlər. Bu dəfə talanların, əhaliyə divan tutulmasının daha böyük qəddarlıq və qanişənliklə törədilməsi müşahidə olunurdu. Şəhərin azərbaycanlı əhalisi tamamilə məhv edilmiş, əmlakları qarət edilmiş, bütün müqəddəs yerlər, 13 məsçid, o cümlədən 800 illik tarixi olan Cümə məsçidi yandırılmışdı. Ermənilərin xüsusi qəddarlıqla qətlə yetirdikləri nüfuzlu insanlar içərisində axund Hacı Cəfərqulu (xilas olmaq üçün onun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqlarla birlikdə), şəhər hakimi Teymur bəy Xudaverdov, eləcə də Məmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Mir İbrahim Seyidov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Əbdürrəhim ağa Ağalarov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Məhiyyədin Əfəndizadə və bir çox başqaları var idi. Şamaxıya hər iki hücum Daşnaksutyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Soyqırım əməliyyatlarına daşnak cəllad Stepan Şaumyanın xeyir duası ilə Stepan Lalayan, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Armenak Matirosyants, Aleksandr Xaçaturov və başqa vandallar rəhbərlik etmişdir. Şamaxı qəzasının azərbaycanlı əhalisinə 1 milyard rubldan çox ziyan dəymişdir, qəzanın 86-dan çox kəndi erməni daşmaklarının hücumlarına məruz qalmışdır. Xüsusilə Əngərxan, Mərzəndiyyə, Quşçu, Sündü, Dilman, Kalva, Ərəbqədim, Nəvahi, Qubalı Baloğlan, Təkəli, Yəhyalı, Bağırlı, Ağsu, Müci, Naburda soyqırıma məruz qalanların sayı çox olmuşdur. Ümumilikdə ermənilər tərəfindən 10000-dən şox azərbaycanlı qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının tərəfindən 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hökuməti qurulduqdan sonra istintaq dayandırılmış və bu işə xitam verilmişdir. Beləliklə 1918-ci ilin mart-iyul aylarında Şamaxı qəzasında baş verən dəhşətli hadisələr bunun ən qatı soyqırım cinayəti olduğunu sübut edir. Əsrin əvvəlində erməni daşnakları Şamaxı qəzasında və digər ərazilərdə həyata keçirdikləri soyqırım aktını əsrin sonunda Xocalıda təkrarladılar. Bu isə onların mənfur xislətinin dəyişməz olduğunu bir daha isbatladı. Ancaq 2016-cı ildə 4 günlük aprel döyüşləri, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında şanlı ordumuz ölkə prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dəmir Yumruq kimi birləşib erməni vandallarını darmadağın edərək işğal olunan Qarabağ torpaqlarını azad etdi, əsrin əvvəli və sonunda günahsız olaraq öldürülən soyqırım qurbanlarının intiqamını aldı. Rasim Nazimoğlu AMK nəzdində MK-in və ADİU (UNEC) nəzdində QSK-in müəllimiTarix və siyasi elmlər üzrə araşdırmaçı        

Hamısını oxu
Sülh prosesi yeni geostrateji fazada

Hamısını oxu
Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu
“Kaspi” liseyində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirildi

“Kaspi” liseyinin Ağ şəhər filialında Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, Böyük Vətən müharibəsi veteranlarının, liseyin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şagirdlərin Xocalı faciəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə nünayiş etdirilən rəsmlər veteranlarda dərin təəssuratlar oyadıb.   Daha sonra tanınmış yazıçı, publisist Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış kompazisiya nümayiş etdirilib. Şagirdlər ifaları ilə  öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın vətən nisgilini, el-oba həsrətini və düşdükləri çarəsiziyi gözlər önünə gətirdi. Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilmiş və qaçqınlığın bu gün dünyanı narahat edən problemə çevrilməsinə xüsusi diqqət yetirilmişdir. Kompozisiya yadda qalan olmuşdur. Tədbirdə Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona xanım Vəliyeva Xocalı faciəsinin 27-cü ildönümü ərəfəsində rellaşan tədbirin məqsədi barədə məlumat verib. S.Vəliyeva gənclərimizin, o cümlədən şagirdlərin Azərbaycan ilə bağlı tarixi həqiqətləri, xalqımıza qarşı törədilən faciələri dərindən bilmələri, milli yaddaşımızın möhkəmlənməsi baxımından belə tədbir və görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Ermənilərin xalqımıza qarşı törətdikləri faciələri, qətliamları “dənizdən dənizə böyük Ermənistan” xülyasının reallaşdırılması planının tərkib hissəsi olduğunu diqqətə çatdırıb. S.Vəliyeva Xocalı faciəsinin araşdırılmasının və qan yaddaşımıza həkk olunmasının gənclərin milli ruhda yetişməsi baxımından vacibliyini qeyd edib. Bildirib ki, hər bir gəncin Vətən, dövlət qarşısında vətəndaşlıq borcu var. Gənclərimiz onların təhsil almaları üçün yaradılan şəraitdən istifadə edib vətənpərvər şəxslər kimi yetişməlidirlər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpaqlarımızı hər an işğaldan azad etməyə hazır olmalıdırlar. Bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl işlərin aparıldığını vurğulayan S.Vəliyeva faciəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirib. Diqqətə çatdırıb ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Sonrakı dövrdə də Ulu Öndər Xocalı faciəsi ilə bağlı bir neçə sərəncam imzalayıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun son illərdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi ardıcıl fəaliyyət nəticəsində son illərdə dünyanın ondan çox ölkəsinin Xocalı soyqırımını tanıdığını vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, Soyqırımın tanınmasında dövlətimizin apardığı ardıcıl və məqsədyönlü siyasətdən danışıb. Gələcəkdə belə  halların təkrarlanmaması üçün gənclərin elmə təhsilə yiyələnməsinin vacibliyini qeyd edib. “Azərbaycanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin nəticələridir. Biz düşmənə layiqli cavab verməyi bacarırıq. Belə şərəfli missiyanı isə yalnız vətənpərvər insanlar yerinə yetirə bilər. Bu gün gənclərimizin milli ruhda yetişməsi bizi sevindirir. Veteranlar Təşkilatı da yeniyetmə və gənclərimizin milli mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl işlər görür. Veteranlarla gənclərin  görüşləri təşkil edilir, onların vətənpərvər ruhda tərbiyəsi məqsədi ilə əməli tədbirlər həyata keçirilir. Veteranlar məktəblərdə keçirilən hərbi dərslərdə aktiv iştirak edir. Biz düşməndən güclüyük və bu gücü qoruyub daim saxlamaq üçün elmə yiyələnməliyik. Bunun üçün siz üzərinizə düşən məsuliyyəti anlamalı və dərslərinizə daha da məsuliyyətlə yanaşmalısınız”. Sonra Böyük Vətən müharibəsi veteranı Ulduz Səttarov çıxış edib. Tarixin ən qanlı müharibəsini görmüş bir döyüşçü kimi gənclərə tövsiyyələr verib. Onlara vətəni sevməyin vacibliyini bildirib. O həmçinin: “Biz Böyük Vətən müharibəsində faşizmi gördük və onun acılarını yaşadıq. Faşizmi yer üzündən silmək, azadlıq və vətən üçün döyüşdük, canımızı, gəncliyimizi bu yolda fəda etdik. Müharibə bitdiyində biz faşizmi tamamən məhv edə bilmədik.  Daha qəddar olan erməni faşizminin 1992-ci ildə fevralın 26-da bir daha şahidi olduq. Mən sizə qətiyyətlə bildirirəm ki, Erməni faşizmi daha qəddar və daha amansız olmuşdu. Onarın murdar xislətinin misli bərabəri olmamışdır”. Sonra Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı  ilə Kaspi” liseyinin təhsildə fərqlənən müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Hamısını oxu