Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zamanı Aşan Qəhrəmanlar: Qara Sarıyev və Azərbaycanın Şanlı Tarixi

Hər bir tarixi dövr öz qəhrəmanını doğurur. Zamanın sınağından keçən, tarixə möhür vuran, yaddaşlarda iz buraxan insanlar olur. Amma elələri də var ki, onlar təkcə bir dövrün deyil, bir millətin vicdanına, qüruruna çevrilir. Zaman onları deyil, onlar zamanı müəyyən edir. Bu qəhrəmanlar ömürlərini deyil, ruhlarını tarixə yazırlar. Onların səsləri keçmişin səssiz səlnaməsində deyil, xalqın ürəyində əbədi yaşayır. Qara Sarıyev Əli oğlu da məhz belə qəhrəmanlardandır. O, doğulduğu torpağın yaddaşına çevrilən, igidliyi ilə millətin hafizəsinə həkk olunan, adı tarixə qızıl hərflərlə yazılmış bir Vətən oğludur. 1925-ci il sentyabrın 9-da Tovuz torpağında dünyaya göz açan Qara Sarıyev gənclik illərində böyük bir fəlakətlə - Böyük Vətən Müharibəsi ilə üz-üzə gəldi. 1943-cü ilin mayında orduya çağırılan Sarıyev Şimali Qafqaz Hərbi Dairəsinin 46-cı avtomobil alayında xidmətə başladı. Səngərlərdə təkcə mərmilər deyil, insan taleləri də uçuşurdu. O, silah əvəzinə tibb çantasını götürərək, leytenant rütbəsi ilə döyüş meydanlarında yüzlərlə əsgərin həyatını xilas etdi. Qara Sarıyev 1948-ci ilin aprel ayına qədər hərbi xidmətini davam etdirdi. Cəbhədə göstərdiyi igidlik və fədakarlıq "1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" və "Yaponiya üzərində qələbəyə görə" medalları ilə qiymətləndirildi. Amma onun ən böyük mükafatı xalqın ürəyində qazandığı əbədi yer oldu. Azərbaycan xalqının müharibədəki xidmətləri misilsizdir. Böyük Vətən Müharibəsi təkcə cəbhədəki döyüşlərdən ibarət deyildi. Bu, ümummilli səfərbərlik idi. Azərbaycan 600 mindən çox övladını bu müharibəyə yola saldı. Onlardan 300 minə yaxını geri qayıtmadı. Onlar şəhid oldular, amma adlarını tarixə, millətin qüruruna çevirdilər. Həzi Aslanov kimi iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş komandirlər, Mehdi Hüseynzadə “Mixaylo” kimi əfsanəvi partizanlar, Ziya Bünyadov, Aslan Vəzirov, Tərlan Əliyarbəyov, Qafur Məmmədov, İsrafil Məmmədov kimi döyüşçülər xalqımızın şanlı igidliyinin obrazı oldular. Hər kəndin, hər şəhərin bir şəhid məzarı, bir qəhrəman hekayəsi var. Tovuzdan çıxan Qara Sarıyev kimi, Azərbaycanın Bakı, Gəncə, Şəki, Lənkəran, Naxçıvan və Qarabağ kimi bölgələrindən cəbhəyə gedən minlərlə oğul və qız tariximizin unudulmaz səhifələrinə çevrildilər. Böyük Vətən Müharibəsində təkcə əsgərlər döyüşmürdü Azərbaycanın torpağı, zəhmətkeş əlləri və zəngin yeraltı sərvətləri də bu savaşın əsas iştirakçısı idi. Müharibənin ilk illərində Sovet Ordusunun ehtiyac duyduğu yanacağın 75 faizi məhz Azərbaycan neftçilərinin əməyi ilə təmin olunurdu. Neftçilər gecə-gündüz çalışaraq, müharibə iqtisadiyyatını ayaqda saxladılar. “Azneft” tresti, “Qara şəhər”, “Bibiheybət”, “Balaxanı” kimi sənaye bölgələri bu gün yalnız arxivlərdə deyil, qələbə tariximizin sinəsində yaşayır. Faşist Almaniyası "Barbarossa" planında Bakı neftini əsas hədəflərdən biri kimi göstərmişdi. Amma bu torpaq əyilmədi, bu neft düşmənə verilmədi. 1941–1945-ci illərdə SSRİ-də hasil olunan 110 milyon ton neftin 75 milyon tonu Azərbaycana məxsus idi. Bu göstərici sadəcə statistika deyil qələbənin mayasında Azərbaycanın imzasıdır.Görkəmli dövlət xadimi Nikolay Voznesenski yazırdı:“Sovet Bakısı arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi.”Bakı yalnız özü ilə kifayətlənmədi. SSRİ rəhbərliyi neft hasilatının şərqə  Volqa-Ural bölgəsinə keçirilməsini planlaşdıranda, Bakı neftçiləri yenə ön sırada oldular. “İkinci Bakı” adlandırılan bu yeni neft bölgələrinin qurulmasına minlərlə azərbaycanlı mühəndis və usta könüllü olaraq köçdü.Elm adamları da bu müharibənin görünməyən qəhrəmanları oldular. Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək oktanlı aviasiya benzini, toluol, alkilbenzol və digər mühüm hərbi məhsulların istehsalı mümkün oldu. Sovet Ordusunun texnikasının 75-80 faizi Azərbaycan nefti ilə hərəkətə gətirilirdi. Marşal Georgi Jukov bu həqiqəti belə ifadə edirdi:“Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizin müdafiəsi üçün nə qədər lazım idisə, o qədər də yanacaq vermişdilər.” Müharibədən onilliklər ötüb. Amma veteranlar bu unudulmaz günləri, o müqəddəs mübarizəni gənc nəslə danışmaqdan, yaşatmaqdan yorulmurlar. Onlar deyirlər: “Qələbə yalnız silahla deyil, ruhla qazanılır.” Qara Sarıyev və onun kimi igidlər bu ruhun daşıyıcıları oldular. Məktəblərdə keçirilən görüşlər, parklarda ucaldılan abidələr, hər il 9 May – Qələbə Günü ərəfəsində təşkil olunan tədbirlər bu qəhrəmanların adını yaşadır. Bu tarix yalnız keçmiş deyil, həm də bu günkü Azərbaycan Ordusunun ruh kökləridir. Qəhrəmanlar unudulmur onlar bizimlədir. Bu gün Qara Sarıyev kimi oğulların adları yaddaşlarda, tarix kitablarında, evlərin divarlarında asılmış medal qutularında yaşayır. Onlar bir millətin başıuca tarixi, şərəfli yoludur. Unudulmaz qəhrəmanlarımız Azərbaycanın dünəni, bu günü və sabahıdır. Və hər dəfə “Qələbə” sözünü işlətdikdə unutmayaq bu sözün içində Qara Sarıyev kimi igidlərin qanı, canı, ruhu var.

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovni

2025-07-09 16:27:24
5741 baxış

Digər xəbərlər

Prezident xalqa detalları açıqladı: işğala son qoymaq üçün hansı addımlar atılacaq

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı detalları ictimaiyyətə açıqladı. Bu detallarda diqqətçəkən məqamlardan biri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra daxili siyasətdə güclənmək üçün atəşkəsin saxlanılması məqsədilə Azərbaycana yalvarması, Düşənbədə əldə olunan razılaşma, sonradan Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh prosesini pozan, müharibə şəraitinin yetişməsinə şərait yaradan addımlarıdır.Azərbaycan liderinin açıqladığı detallar siyasi proseslərin pərdəarxasında necə cərəyan etdiyini ortaya çıxarır:1. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu;2. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərib, yalvarıb, vaxt istəyib;3. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş edib;4. Nikol Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meylli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş edib;5. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaradıb, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndiriblər;6. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməyib;Həmin vaxt hadisələrin inkişafı da Ermənistanın yeni hakimiyyətinin münaqişənin həllində maraqlı olduğunu və yaxın dövrdə konkret nəticələrə əsaslanan sülh danışıqlarının başlayacağı ehtimallarını gücləndirirdi. Ermənistanda parlament seçkilərindən öncə ABŞ Prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dediyi sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.“İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, – Bolton belə deyirdi.Ermənistanın yeni hakimiyyəti daxili vəziyyəti sabitləşdirmək üçün vaxt istəmişdi. Prezidentin də dedikləri təsdiqləyir ki, Paşinyan qeyri-üəsmi kanallarla Bakıya yalvarır, vaxt istəyirmiş. Azərbaycan da münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq qalaraq, İrəvanda yaranmış xaosdan istifadə etmədi.Hətta Ordumuzun uğurlu Günnüt əməliyyatı həmin vaxt yox, təxminən bir ay sonra ictimaiyyətə açıqlandı. 20-27 may tarixində həyata keçirilən əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqata dağı azad edildi, Dərəlyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçdi. Ümumilikdə 11000 hektar ərazinin azad olunduğu bu əməliyyat nəticəsində Azərbaycan Ordusu İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etmək imkanı əldə etdi. Lakin Azərbaycan bundan təbliğat məqsədilə istifadə etmədi.Azərbaycan və Ermənistan rəhbərləri 2018-ci ilin 28 sentyabrında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bir araya gəldi. Təqvimə “Lift diplomatiyası” kimi düşən Düşənbə görüşündə Nikol Paşinyan Prezident İlham Əliyevdən birbaşa vaxt istəyib.Əslində Azərbaycan liderinin bu vəziyyətdən olduqca ustalıqla istifadə etdiyi də vurğulanmalıdır: Paşinyan atəşkəsdən istifadə edərək, İrəvanda hakimiyyətini möhkəmləndirdiyi vaxt İlham Əliyev təmas xəttində ordumuzun mövqelərini gücləndirirdi.Bu amil Ermənistanda Paşinyana qarşı əsas ittiham mövzusuna çevrilib.“Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan bildirir ki, Azərbaycan Prezidentindən fərqli olaraq, Nikol Paşinyan səmimi deyil.“Bakı və İrəvan arasında frazılaşma əldə olunub və Paşinyanın bu razılaşmada məqsədi hakimiyyətini gücləndirmək idi. İlham Əliyev isə ordunun mövqelərini gücləndirdi. Təxminən iki il ərzində Azərbaycan mövqelərini yaxşılaşdırdı və müharibə vaxtı bu vəziyyət Bakının xeyrinə olacaq”, - o bildirib.Erməni ekspert Tiqran Koçaryan deyir ki, İlham Əliyev ustalıqla vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi.Bu, İlham Əliyevin gələcəyi proqnozlaşdıra bilmək və bütün şərtlərdə vəziyyəti Azərbaycanın maraqlarına uyğun formaya salmaq bacarığından gedir. Çünki Nikol Paşinyana hakimiyyətini gücləndirmək üçün vaxt verilsə də, İlham Əliyev həm də B planı üzərində iş aparıb. Bu plan faktiki olaraq, mümkün müharibədə qələbəni asanlıqla təmin edəcək.Ona verilən vaxtdan istifadə etməklə Ermənistanda hakimiyyətini gücləndirən Nikol Paşinyanın Azərbaycana qarşı müharibəyə hazırlaşması da Prezident İlham Əliyevin risklərə qarşı çoxşaxəli strategiyanın nə qədər doğru olduğunu təsdiqləyir.Ermənistan hakimiyyəti isə 2019-cu ilin əvvəlindən etibarən, danışıqlar prosesini pozmağa və Azərbaycana qarşı müharibə hazırlığına başladı.Paşinyan Minsk qrupu formatının dəyişdirilməsi ideyasını irəli sürdü və işğal altındakı ərazilərdəki separatçı rejimi masaya üçüncü “tərəf” kimi daxil etmək təklifi ilə nəinki onilliklərdir aparılan prosesi kənara atdı, həm də beynəlxalq hüququ barmağına doladığını nümayiş etdirdi.2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü Ermənistanın müdafiə naziri David Tonoyan da gerçək niyyətlərini ortaya qoydu. “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” deyən Tonoyan erməni jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına “niyə də yox” cavabını verdi.Martın 12-də isə Paşinyan Təhlükəsizlik Şurasının iclasını tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirdi və iclasda “Qarabağın tərəf olması” tezisini yenidən gündəmə gətirdi.İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi. Avqustun 5-də isə Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.Beləliklə, Ermənistan təxribat xarakterli addımları və bəyanatları ilə danışıqları mənasız vəziyyətə saldı.2020-ci ilin əvvəlindən etibarən Ermənistanın təxribat addımları davam etdirildi. Mart ayında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “dqr”-in yeni rəhbərinin “and içmə mərasimi” tarixi şəhərimiz Şuşada keçirildi. Bununla yanaşı, işğal altındakı ərazilərdə gülüş doğuran təlimlər keçirildi.İyulda isə Tovuz istiqamətində təxribat hücumu Ermənistanın təcavüzkar və işğalçı siyasətindən əl çəkmədiyini, niyyətinin danışıqları pozmaq olduğunu sübut etdi.Prezident İlham Əliyev qeyd edib ki, bütün bu addımların və bəyanatların məqsədi danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.Baş verən son hadisələr Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını da təsdiqləyir.- Livan erməniləri beynəlxalq konvensiyalara zidd şəkildə Dağlıq Qarabağda məskunlaşdırılır, onlar arasında terrorçuların olduğu və təxribat hücumlarında istifadə ediləcəyi şübhəsizdir.- Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı kukla rejim Gəncəni vurmaqla hədələyir.- Erməni hərbi birləşmələri Tovuz döyüşlərində və sonrakı təxribat hücumlarında Azərbaycanın mülki əhalisini hədəfə alır.- Tovuz döyüşlərindən sonra – avqustun 23-də erməni diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində ordumuzun mövqelərinə soxulmağa çalışdı. Hərbiçilərimizin ayıq-sayıqlığı nətivəsində erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürüldü və o, hədəflərinin Azərbaycan Ordusunun kazarmaları olduğunu etiraf etdi.- Hazırda təmas xəttində hərbi qüvvələrinin cəmləşməsi həyata keçirilir.- Ermənistana məxsus PUA-nın ordumuz tərəfindən vurulması, eləcə də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu nəticəsində Ordumuzun hərbi qulluqçusunun şəhid edilməsi də işğalçı ölkənin müharibəyə hazırlaşdığını açıq şəkildə göstərir.Prezident İlham Əliyev qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir:“Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir... Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”.Dövlət başçısı Azərbaycanın yeganə şərtini açıqlayır: “Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.Ardınca əlavə edir ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək: “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.Azərbaycan lideri işğalçı ölkəyə, işğalçı ölkənin havadarlarına və həmsədr dövlətlərə açıq mətnlə mesaj verir: ərazilərimizin işğalda qalması ilıə barışmayacağıq; Ermənistan beynəlxalq hüquq pozursa, Azərbaycan buna adekvat cavab verəcək; Ermənistanın təxribatları cavabsız qalmayacaq və münaqişənin hərbi həlli masada prioritet məsələyə çevrilib;Asif Nərimanlı

Hamısını oxu
“Bütün uğurlarımızın kökündə məhz Heydər Əliyev siyasi kursu dayanır”

Səmyar Abdullayev: “Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən qüdrətli nümayəndəsidir”   Bu gün Azərbaycan xalqının ümummili lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.   Veteran.org.az xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Moderator.az-a müsahibəsində ulu öndərin Azərbaycan tarixindəki yeri və rolu ilə bağlı maraqlı fikirlər səsləndirib:   -Səmyar bəy, bu gün ulu öndərin anadan olmasının 98-ci ildönümüdür. Ümummili liderin Azərbaycan dövlətçiliyi baxımından tarixi rolunu qısaca necə dəyərləndirərdiniz?   -Birmənalı şəkildə qeyd edilməlidir ki, ümummili lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, onun banisidir. Bu tarixi reallığı daha yaxşı dərk etmək üçün ötən əsrin 90-cı illərinin əvvəlinə nəzər salmaq kifayətdir.   Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqillik olduqca kövrək idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən erməni işğalı, digər tərəfdən daxili pərkəndəlik və ciddi qarşıdurma fonunda Azərbaycanın vəziyyəti kifayət qədər ümidsiz görünürdü. Məhz belə bir zamanda xalq Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdi. Çünki xalq başa düşürdü ki, belə mürəkkəb və ağır vəziyyətdən onu yalnız Heydər Əliyev çıxara bilər. Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycanda daxili qarşıdurmanın, vətəndaş müharibəsi təhlkəsinin qarşısı alındı. Ölkə daxilində vətəndaş həmrəyliyini, sabitlik və təhlükəsizliyi təmin edən Heydər Əliyev Ermənistanla atəşkəs sazişinin imzalanmasına, bununla da Azərbaycanın toparlanması, öz potensialını yenidən qiymətləndirməsi, əlavə güc yığmasına şərait yaratdı. Bütün bunlar Azərbaycan dövlətçiliyinin xilası baxımından atılan mühüm addımlar idi.   -Heyər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı ən mühüm məqamlar nədən ibarətdir?   -Əminliklə demək olar ki, Azərbaycanda nizami ordu quruculuğu prosesinin əsasını məhz ümummili lider qoyub. Əslində 90-cı illərin əvvəllərində Qarabağ və ətraf rayonların itirilməsinin başlıca səbəbi ölkəmizdə vahid komandanlıqdan idarə edilən nizami ordunun olmaması idi. Həmin vaxt Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə yalnız özünümüdafiə batalyonları, müxtəlif şəxslər tərəfindən idarə edilən ayrı-ayrı silahlı birləşmələr tərəfindən aparılırdı ki, bu mübarizə lazımi səmərə vermirdi. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qanunsuz silahlı birləşmələri ləğv etdi. Özünümüdafiə batalyonları ləğv edildi və bütün bunların əsasında vahid nizami ordu formalaşdırıldı. Ordunun maddi-texniki təchizatının təmin edilməsi, döyüş hazırlığının yüksəldilməsi, onun müasir texnika ilə təmin edilməsi istiqamətində konkret addımlar atıldı. Heydər Əliyev qısa zamanda məhdud imkanlar çərçivəsində  nizami ordu formalaşdıra bildi. Bununla da torpaqlarımızın daha etibarlı müdafiəsi təmin olundu.   -Ümummili liderin iqtisadi siyasətini necə dəyərləndirirsiniz?   -İqtisadi siyasət Heydər Əliyevin bütün siyasi hakimiyyəti dönəmində diqqət mərkəzində saxladğı başlıca məsələlərdən biri olub. Çünki Heydər Əliyev yaxşı başa düşürdü ki, güclü dövlət güclü iqtisadiyyat tələb edir. Yalnız güclü iqtisadiyyat yaratmaqla güclü dövlət formalaşdırmaq, onun digər müstəvilərdəki maraqlarını qorumaq mümkündür. Məzh bu səbəbdən də iqtisadi sahədə böyük islahatlar həyata keçirən Heydər Əliyev, özəl sektorun inkişafı, müasir istehsalar sahələrinin yaradılması, o cümlədən sovet dönəmindən qalan istehsalat müəssisələrinin fəaliyyətinin yenidən bərpa edilməsi istiqamətində  ciddi addımlar atdı. Lakin Heydər Əliyevin Azərnbaycan iqtisadiyyatı qarşısındakı ən böyük xidməti, heç şübhəsiz “Əsrin müqaviləsi”nin imzalanması oldu. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanan bu müqavilə sadəcə Azərbaycanın iqtisadi inkişafına təkan vermədi. Bu müqavilə həm də ölkəmizin siyasi müstəqilliyini möhkəmləndirdi, maddi təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. “Əsrin müqaviləsi” mahiyyət etibari ilə dövlətimizin həyatında yeni bi səhifə açdı.   -Səmyar bəy, Heydər Əliyevin ən böyük arzusu işğaldakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Hansı ki, onun bu arzusu prezident İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Sizcə Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi bu zəfəri ulu öndəin ad gününə ən qiymətli hədiyyə hesab etmək mümkündürmü?   -Şübhəsiz! Erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünü təmin olunması Heydər Əliyevin ən böyük arzusu idi. Heydər Əliyev bütün beynəlxalq konfranslarda Ermənistanın işğalçılıq siyasətinə, hərbi cinayətlərinə diqqət çəkir, beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlətlərini işğalçıya təzyiq göstərməyə çağırırdı. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, Ermənistanın işğal siyasəti bütün regionda sülhə və təhlükəsizliyə ən böyük təhdiddir.   Ancaq məlum olduğu kimi, beynəlxalq təşkilatların, iri dövlətlərin ikili siyasəti səbəbi ilə o zaman işğal edilən torpaqları azad etmək mümkün olmadı.  Heydər Əliyevin başlatdığı bu tarixi missiya möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən başa çatdırıldı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalçını darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixində hərbi kapitulyasiyaya bərabər təslimçilik sazişini imzalama məcbur oldu. Bununla da 30 illik problem öz həllini tapdı, Azərbaycan erməni işğalına son qoydu.   Mən bu məsələ ilə bağlı bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda vahid nizami ordu quruculuğunun əsasını məhz Heydər Əliyeb qoyub. Hələ sovet dönəmində Azərbaycanda hərbi liseyin açılmasına, minlərlə azərbaycanlının keçmiş SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil almasına, milli hərbi kadrların hazırlanmasına nail olan Heydər Əliyev, bununla müstəqil Azərbaycan ordusu üçün ciddi baza formalaşdırmış oldu. Hansı ki, sonrakı dönəmlərdə prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən ordu qurucluğu siyasəti nəticə etibari ilə 8 noyabr Zəfər Gününə gətirib çıxardı. Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə nail oldu. Bu isə o deməkdir ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən Böyük Zəfərdə Heydər Əliyevin də böyük payı var və biz buna görə də ulu öndərə hər zaman minnətdar olacağıq.   Seymur ƏLİYEV

Hamısını oxu
32 məzarlğın hər biri erməni vəhşiliyinin totallığından və sərhədsizliyindən xəbər verir

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov erməni vəhşiliyi ilə bağlı dəhşətli faktlar və konkret rəqəmlər səsləndirib. Rəis müavini qeyd edib ki, bugünə qədər işğaldan azad edilən Azərbaycan ərazisində 32 kütləvi məzarlıq aşkar edilib: “Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başladığımız vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. 30.06.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərinə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilib. Dəfn edilənlərdən 181 nəfəri hərbçi, 45nəfəri isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14 nəfəri qadın, 2 nəfəri isə azyaşlı olub”. Rəis müavininin qeyd etdiyi kimi, işğaldan azad edilən ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu da erməni faşizminin xalqımıza qarşı həyata keçirdiyi vəhşiliyin totallığından xəbər verir. Məlum statistika onu deməyə əsas verir ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər heç də hansısa ayrı-ayrı şəxslərin özbaşınalığının deyil, dövlət siyasətinin, vahid konsepsiya əsasında həyata keçirilən silsilə aktların nəticəsidir. Məhz bu səbəbdən də işğaldan azad edilən torpaqların az qala hər qarışında azərbaycanlılara məxsus məzarlıqlar, sümük qalıqları, işgəncə izləri aşkarlanır. Hörmətli Şərafət Həsənovun çıxışında diqət çəkən digər bir məqam məzarlıqlarda hərbçilərlə yanaşı, mülki şəxslərin, hətta qadın və uşaqların qalıqlarına rast gəlinməsidir. Bu fakt erməni faşizminin heç kimə - hətta qadın və uşaqlara belə rəhm etmədiyini, körpə ilə hərbçi arasında heç bir fərq qoymadığını göstərir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar, bu məzarlıqlarla bağlı verilən açıqlamalar erməni xislətinin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Onu da xatırladaq ki, kütləvi məzarlıqlarda aşkarlanan qalıqların məhkəmə molekulyar-genetik ekspertizasının aparılması onların konkret olaraq kimlərə məxsus olduğunu müəyyənləşdirməyə imkan verir ki, bu da həmin şəxslərin aqibətinə aydınlıq gətirməyə, onları ehtiramla dəfn etməyə imkan verir. Bu işdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyevin və onun komandasının xidmətləri danılmazdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi məzarlıqlarda apardığı araşdırmalar yüzlərlə itkin vətəndaşımızın taleyinə aydınlıq gətirməyə imkar vermiş, əldə edilən məlumatlar illərdir gözləri yolda olan həmin şəxslərin ailələrinə təqdim edilmişdir. Bu gün kütləvi məzarlıqlarda aparılan işlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə vaxtiylə ermənilər tərəfindən qətlə yetirilən daha onlarla vətəndaşımızın  kimliyi müəyyən ediləcək, bu barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq. Və hər belə məlumat Azərbaycan xalqının başına gətirilən faciələri təkrar-təkrar yada salmaqla yanaşı, erməni xisləti, bu xislətin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu da göz önünə sərəcək, dünya ictimaiyyəti “məzlum erməniləri” bu məlumatlar fonunda əslində olduqları kimi tanıyacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Şəhidlərimizin SAYI AÇIQLANDI

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində Azərbaycan Ordusunun verdiyi şəhidlər barədə məlumat yayıb. Publika.az-a daxil olan məlumata görə, Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad etmişdir. Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Hamısını oxu