Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İqtisadi inkişaf modelimiz dünyada təsdiqlənib

Azərbaycan son illərdə öz iqtisadi inkişaf modeli ilə beynəlxalq arenada diqqət çəkərək nümunəvi bir ölkəyə çevrilib. Ölkənin dayanıqlı inkişaf strategiyası, zəngin təbii resursları və uğurlu islahatlar prosesi onun iqtisadi modelinin dünyada özünü təsdiqləməsinə gətirib çıxardı. Bu model həm resurslara əsaslanan iqtisadiyyatı şaxələndirməyi, həm də regional və qlobal iqtisadi əlaqələri gücləndirməyi hədəfləyir.
Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir.
Ölkə başçısı vətəndaşlara xoş müjdənin anonsunu da verdi. Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı çox vəsait tələb edən layihələr var, bütün bunlara baxmayaraq, dövlət başçısı həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlindən gələni edir.
Azərbaycanın iqtisadi inkişaf modeli təbii resurslara əsaslansa da, son illərdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal iqtisadiyyat, infrastruktur layihələri və beynəlxalq əməkdaşlıqlar bu modelin əsas dayaqlarıdır. Bu inkişaf strategiyası Azərbaycanı regionda güclü iqtisadi aktor kimi möhkəmləndirərək, beynəlxalq səviyyədə nümunəvi bir iqtisadi model kimi tanıdır.
Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edən amillərdən biri zəngin enerji resurslarıdır. Xəzər dənizi hövzəsində yerləşən geniş neft və qaz yataqları Azərbaycanı enerji ixracatçısı ölkələr sırasına daxil edib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəyə xarici sərmayələri cəlb edərək, neft sektorunun inkişafında mühüm rol oynadı. Bu müqavilə Azərbaycanı qlobal enerji bazarında mühüm oyunçuya çevirdi.
Bununla yanaşı, enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələri ölkənin beynəlxalq mövqeyini daha da gücləndirdi və iqtisadi inkişafın təməlini qoydu. Danılmaz faktdır ki, bu sektor uzun müddət iqtisadiyyatın aparıcı sahəsi olub və ölkənin gəlirlərinin böyük hissəsini təmin edib.
Son illərdə Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri neftdən kənar sektorlara investisiya qoyuluşu ilə iqtisadiyyatı şaxələndirmək oldu. Neft qiymətlərinin dəyişkənliyi ölkəni qeyri-neft sektorunu inkişaf etdirməyə təşviq etdi. İqtisadi şaxələndirmə strategiyası çərçivəsində kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, nəqliyyat, logistika və sənaye sahələri inkişaf etdirildi.
Kənd təsərrüfatı sektoru, xüsusən də ənənəvi məhsulların (pambıq, üzüm, taxıl və meyvə) ixracı və yerli bazara çıxarılması ölkənin iqtisadi inkişafına mühüm töhfələr verdi. Azərbaycanın əlverişli coğrafi mövqeyi isə onu nəqliyyat və logistika mərkəzinə çevirərək, regionda mühüm tranzit qovşağına çevirdi.
Azərbaycanın iqtisadi inkişafında infrastruktur layihələri xüsusi rol oynayır. Ölkə geniş miqyaslı yol, dəmir yolu və hava limanı layihələrini həyata keçirməklə nəqliyyat sahəsində böyük nailiyyətlər əldə etdi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr regionda Azərbaycanı strateji nəqliyyat qovşağına çevirdi.
Eyni zamanda, Azərbaycanda tikinti və şəhərsalma sahəsində genişmiqyaslı layihələr həyata keçirildi. Bakı şəhərində, eləcə də regionlarda infrastrukturun inkişaf etdirilməsi, yeni sənaye parklarının və texnoparkların yaradılması iqtisadi potensialın artmasına və iş yerlərinin açılmasına imkan verdi.
Azərbaycan son illərdə rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində də ciddi addımlar atmağa başladı. İnformasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafı ölkədə rəqəmsal infrastrukturun genişlənməsinə, rəqəmsal xidmətlərin yaradılmasına və innovativ layihələrin həyata keçirilməsinə şərait yaratdı.
Rəqəmsal iqtisadiyyat sahəsində əldə edilən nailiyyətlər Azərbaycanı texnologiyaya əsaslanan gələcək inkişaf modeli ilə təmin edir. Bu sahədə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını yeni texnoloji çağırışlara uyğunlaşdırmağa yönəlib və rəqəmsal transformasiyanın təməlini qoyub.
Azərbaycanın iqtisadi inkişaf modelinin mühüm aspektlərindən biri xarici əlaqələrin genişləndirilməsi və beynəlxalq investisiyaların cəlb edilməsidir. Ölkənin sabit siyasi mühiti və investisiya üçün əlverişli şəraiti beynəlxalq sərmayədarları cəlb etməkdə mühüm rol oynayır. Azərbaycan Avropa, Asiya və Yaxın Şərq arasında yerləşərək, qlobal iqtisadi əlaqələrin inkişafında körpü rolunu oynayır.
Beynəlxalq təşkilatlarla və müxtəlif ölkələrlə iqtisadi əməkdaşlıqlar, o cümlədən ticarət müqavilələri, enerji layihələri və nəqliyyat layihələri ölkənin qlobal iqtisadiyyatda mövqeyini daha da gücləndirir. Bu, Azərbaycanın iqtisadi inkişaf modelinin davamlı və açıq xarakterini sübut edir.
Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Büdcə dövlətimizin imkanlarını əks etdirir. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək.
Biz öz resurslarımıza arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin.

Məşhur Məmmədov,
Millət vəkili

2024-09-29 21:25:40
3394 baxış

Digər xəbərlər

II Dünya müharibəsi iştirakçısı Cümşüdov Əlikişi Mirzəməhəmməd oğlu vəfat etmişdir.

Cümşüdov Əlikişi Mirzəmməd oğlu 1921-ci ildə Laçın rayonunun Aybazar kəndində anadan olub. Mozdokdan Berlinə qədər döyüş yolu keçən Əlikişi Cümşüdov üç dəfə yaralansa da yenidən səngərə qayıdıb. Müharibədən sonra Daxili İşlər Nazirliyi nəzdində Latviya, Litva və Donbasda xidmət keçib.1946-cı ilin oktyabr ayından Laçın Rayon Daxili İşlər Şöbəsində bölmə komandiri təyin edilib. Dəqiqliyi, xidmətdəki nümunəvi fəaliyyəti ilə seçilib, kollektivdə hörmət-izzət sahibi olub. 1988-ci ildən təqaüddə olan Əlikişi Çümşüdov hər zaman gənclərə örnək olub. Əlikişi Cümşüdov 44 günlük Vətən müharibəsini qürurla izləyirdi. Qələbə sevincini yenidən yaşadı, ata-baba yurdunun düşməndən alınması ilə... Allah rəhmət eləsin.

Hamısını oxu
Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb

Biz müasir Ermənistanda faşizmin oyanışını diqqətdən kənarda saxlaya bilmərik. Keçmiş və hazırkı erməni faşistlərinin bir məqsəd birləşdirir: dünyada bütün türk aləmini məhv etmək. Onlar bunu gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc olunmuş faşist proqramları, müxtəlif məqalələr buna sübutdur. Bunu AZƏRTAC-a müsahibəsində polkovnik, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov deyib. Qeyd edək ki, bu məsələ oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında da qaldırılıb. Dövlət başçısı öz çıxışında Ermənistanın indiki hökumətini faşist əlaltısı Qaregin Njdenin İrəvanın mərkəzində ucaldılmış abidəsini götürməyə, bununla da MDB ərazisini 20 milyon insanın ölümünə səbəb olmuş faşizm ləkəsindən təmizləməyə çağırıb. Bu, həm də Ermənistan hökumətinə faşizmə qarşı mübarizə aparmış öz xalqına hörmət etmək, eyni zamanda, erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısını almaq barədə çağırış idi. C.Xəlilov deyib ki, uzaq 1878-ci ildə İsveçrədə “Qnçaq” adlı erməni millətçi təşkilatı yaradılıb. Bu partiyanın proqramında yazılmışdı: “Bütün şəraitlərdə türkləri və kürdləri qətlə yetirmək”. 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” adlı daha bir millətçi erməni təşkilatı yaradıldı. Hər iki təşkilat həmin vaxt “böyük dövlətlər” tərəfindən dəstəklənirdi. Onlar hesab edirdilər ki, erməni təşkilatlarının köməyi ilə Osmanlı İmperiyasının dayaqlarını sarsıda biləcəklər. C.Xəlilov əlavə edib: “Erməni faşizminin təşəkkülündə erməni kilsəsi də gizli rol oynayıb. Bu kilsə “ermənilərin müstəsnalığı” ehkamını durmadan təlqin edirdi. Milli müstəsnalıq haqqında yanlış etiqad milli əlamətlər üzrə sosial ədalətsizliyə gətirib çıxarır”. Onun sözlərinə görə, erməni faşistlərinin Azərbaycan əhalisinə qarşı cinayətləri xüsusi qəddarlıqla seçilirdi. Polkovnik qeyd edib: “Burada onlar yandırılmış torpaqlar və əhalinin məhv edilməsi taktikasını həyata keçirirdilər. Bu cinayətlər XX əsrin əvvəlində (1905, 1914, 1915, 1918-ci illər) Azərbaycanın müxtəlif regionlarında törədilib. Bizim nəslin gözü qabağında 1992-ci ildə erməni qoşunları Azərbaycanın Xocalı şəhərini ələ keçirib və onun bütün sakinlərini məhv ediblər. İnsanlığa qarşı törədilmiş bu soyqırımı aktı birbaşa Serj Sarkisyanın rəhbərliyi altında həyata keçirilib. O, müsahibələrinin birində bu barədə deyirdi: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındıra bildik”. Ötən əsrin 40-cı illərinin sonunda yüz minlərlə azərbaycanlının Ermənistandan zorla Azərbaycana köçürülməsini də nəzərə alsaq, demək olar ki, bütün XX əsr boyu erməni faşistləri Azərbaycan xalqına işgəncə verib, geniş əraziləri zəbt edib, maddi və mənəvi dəyərləri mənimsəyiblər. Bütün bunlar cəzasız qalıb və onlar hərəkətlərinə görə cavab verməyiblər. Bu cinayətlərin fonunda ermənilərin dünya ictimaiyyəti qarşısında əzabkeş, qədim nəcib xalqın nümayəndələri kimi dayanması da paradoksaldır. Öz diasporunun usanmaz informasiya fəaliyyəti nəticəsində Avropa, həm də Rusiyada ermənilər mələk, türklər və azərbaycanlılar isə qatil şəkilində təqdim olunublar. Erməni siyasi partiyalarının proqramı, kütləvi kommunikasiya vasitələri, o cümlədən kilsə nəşrləri dünyada antitürk, antiazərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır, ictimai fikirdə erməni millətinin müstəsnalığı barədə fikir yaratmaq istəyir, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyanın cənub regionları və Ukraynaya qarşı ərazi iddialarına bəraət qazandırmağa səy göstərirlər. Demək lazımdır ki, bir sıra erməni siyasətçilər yaxalarını faşizm ideologiyasından kənara çəkməyə cəhd edirlər. Belə ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan digər sabiq prezident Serj Sarkisyanın və Ermənistanın Respublikaçılar Partiyasının Qaregin Njdenin neonasist təliminə söykəndiklərini sübut edən bir sıra materiallar dərc etdirib. C.Xəlilov vurğulayıb ki, bir zaman Qaregin Njdenin qurbanları sırasında Zəngəzur dağlarında həlak olmuş on minlərlə azərbaycanlı da olub. O deyib: “Sonradan o Avropaya yollandı, Hitlerin etimadını qazandı və onun xüsusi himayəsindən istifadə etdi. 1948-ci ildə Njde hərbi cani kimi 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir sentralında ölüb. İndi Ermənistan hökuməti Qaregin Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb”.

Hamısını oxu
Müstəmləkəçidən işğalçıya tərif...

Hamısını oxu
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib

Bakı, 7 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.

Hamısını oxu