Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qazaxıstanda 27 Sentyabr - Anım Günü və Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş təqdimat keçirilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 27-də Qazaxıstanın Türküstan şəhərində “Farab” kitabxanasında Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Anım Gününə və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Şərqin Parlaq Ulduzu" adlı təqdimat mərasimi keçirilib.

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı, görkəmli qazax yazıçısı Marhabat Bayğut, tanınmış şair Narmaxan Beqalıulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov və Milli Məclisin deputatları, Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, qardaş ölkələrin dövlət və ictimai xadimləri, ziyalılar iştirak ediblər.

 

Hörmətli qonağı Akademiya prezidenti Darxan Kıdıralı xüsusi olaraq qarşılayıb.

 

Görüş 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Daha sonra Türk Akademiyası tərəfindən nəfis tərtibatda çap olunan, Nizami Gəncəvinin "Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsinin yer aldığı yeni nəşrin lenti Milli Məclisin spikeri Sahibə Qafarova, yazıçı Marhabat Bayğut və Darxan Kıdırəlinin iştirakı ilə kəsilib.

 

Sahibə Qafarova Nizaminin təkcə Türk və İslam dünyasının deyil, bütün bəşəriyyətin qüruru, dünya sivilizasiyasında özünəməxsus yeri olan böyük şəxsiyyət olduğunu qeyd edib.

Öz növbəsində, Akademiya rəhbəri bildirib ki, Türk dünyasının mənəvi birliyini ortaya qoyan Qarabağ zəfərinə aparan yolun ilk günündə belə bir təqdimata toplaşmağın xüsusi anlamı var. Bu gün Türküstanda dahi Nizamini anmaqla bu mənəvi birliyi gücləndirməkdəyik. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, Beynəlxalq Türk Akademiyası 2021-ci ili Qazaxıstanda və bütün Türk dünyasında “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirlərini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil olunub. Qazax oxuculara təqdim edilən kitab da bu fəaliyyət planı çərçivəsində nəşr olunub. Kitabda yer alan iki poema əslində sovet hakimiyyətinin ilk vaxtlarına – 1940-cı illərdə böyük qazax ədiblərinin tərcüməsi əsasında işıq üzü görüb. Lakin uzun müddət keçib və həmin kitablar köhnəlib və əlçatan deyil. Bunu nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası əsərlərin nəfis tərtibatda yenidən çapına qərar verib.

 

“Nizami irsi, onun əsrarəngiz yaradıcılığı dünya durduqca aktualdır və öz əhəmiyyətini qoruyur. Onun insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. O, bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Nizamidən sonra Nəsimi, Füzuli, Nəvayi, Abay və yüzlərlə digər şair və yazıçı onun yaradıcılığından təsirlənərək nəhəng əsərlər yaratmış, onun mütərəqqi fikirlərini inkişaf etdiriblər” - deyə Akademiya rəhbəri bildirib.

 

Nizaminin şeirləri Tair Jarokov, Kasım Amanjolov, Təken Əlimkulov, Qali Ormanov, Jakan Sızdıkov kimi nüfuzlu qazax şairləri tərəfindən yüksək peşəkarlıqla qazax dilinə tərcümə olunub.

Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Spiker dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb.

Tədbirin sonunda Akademiya tərəfindən nəşr olunan Azərbaycana aid digər dəyərli əsərlər qonaqğa hədiyyə edilib.

 

2021-09-28 11:13:00
1221 baxış

Digər xəbərlər

II Dünya müharibəsi veteranı əlil arabası ilə təmin edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə Ağdaş rayon sakini II Dünya müharibəsi veteranı İslam Həsənov Həsənbala oğlu əlil arabası ilə təmin edilib. Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Ağdaş rayon Veteranlar Təşkilatının sədri Elton Hacıyev, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov,  rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev,“Ağdaş” qəzetinin redaktoru Tofiq İsayevin iştirakı ilə əlil arabası II Dünya müharibəsi veteranına təhvil verilib. 6 ildir ki, yataq xəstəsi olan qocaman veteran İslam Həsənov və ailə üzvləri ona göstərilən diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova minnətdarlığını bildirib.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda veteranlara hərtərəfli qayğı və diqqət siyasəti bu gün Sizin tərəfinizdən uğurla və inamla davam etdirilir. Göstərilən yüksək münasibət Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hazırda gənc nəslin vətənpərvərlik tərbiyəsində bilik və bacarığını əsirgəməyən, yaşının ahıllıq çağına çatmış biz veteranları qəlbən sevindirir, həyat eşqimizi daha da artırır. Sizin bu günlərdə imzaladığınız sərəncam veteranlara qayğının növbəti təsdiqi oldu. Həmin sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində veteranlarda əsl bayram ovqatı yaratmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.   Dərin  hörmətlə, Respublika  Veteranlar  Təşkilatı   Rəyasət  Heyəti  adından   Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu
AzTU-nun rektoru Vilayət Vəliyevin Azərbaycan Gəncləri Günü münasibətilə təbriki

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi feysbuk səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Əziz gənclər! Azərbaycan Gəncləri Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Ulu öndər Heydər Əliyevin gənclərə ən böyük hədiyyəsi olan bu əlamətdar tarixin təsis edilməsindən 25 il ötür. Gənclərimizin ölkənin bütün sahələrdə inkişafında fəal iştirakı qürurvericidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Bu gün sosial həyatın bütün sferalarında gənc kadrların əksəriyyət təşkil etməsi ölkədə aparılan gəncləşmə siyasətinin uğurla icra olunmasının bariz nümunəsidir. Bizim gənclər savadlıdır, intellektualdır, vətənpərvərdir. Bizim gənclər 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan qalib gənclərdir. Ən şərəfli ad olan qazi və şəhid adını daşıyanlar da bizim gənclərimizdir. Mən gənclərimizlə fəxr edirəm, onlara gələcək həyatlarında, fəaliyyətlərində uğurlar və bol şans arzulayıram! Gününüz mübarək, əziz gənclər!"

Hamısını oxu
Türkiyə hərbçilərini və hərbi texnikalarını Naxçıvana göndərdi

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Publika.az xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib. “Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar. Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

Hamısını oxu