Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artır

9 May - Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının da ildən-ilə artmasına səbəb olub. Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. A.Kərimov dövlət başçısının sosial islahatlar paketinin uğurlu nəticələri kimi, cari ilin ötən dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, İkinci Dünya müharibəsi iştirakçılarına da yönələn sosial ödənişlərdə də əhəmiyyətli artımların edildiyini deyib. Nazir müavini müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların dövlət hesabına mənzil və minik avtomobili ilə təminatı və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb. Qeyd olunub ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar da verilir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində İkinci Dünya müharibəsi veteranlarının fəal iştirakı vurğulanıb, bu sahədə öz töhfələrini verdiklərinə görə onlara minnətdarlıq ifadə olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanın daim inkişaf edən və güclü orduya malik olan, beynəlxalq nüfuzu artan bir ölkə olmasından qürur hissi keçirdiklərini vurğulayıb. O və digər İkinci Dünya müharibəsi iştirakçıları sosial təminatlarının daim artırılmasından, eləcə də növbəti dəfə birdəfəlik maddi yardımla təmin edilmələrindən razılıqla söz açıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə müharibə veteranları döyüş xatirələrini bölüşüb, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

2019-05-07 00:00:00
3857 baxış

Digər xəbərlər

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək”

Cəlil Xəlilov: “Yaxın gələcəkdə vətəndaş cəmiyyətlərinin fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə şahid olacağıq”   Məlum olduğu kimi, ölkə başçısının fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.   Saytımıza açıqlamasında baş verənlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, məlum yeniliyin əhəmiyyətini şərh edib. Polkovnik qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının fəaliyyətinə təkan verməklə yanaşı, vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına da dəstək olacaq:   “Hər bir ölkənin ictimai-siyasi həyatında vətəndaş cəmiyyətlərinin mühüm rol oynadığı birmənalıdır. Bu baxımdan ölkə başçısının hər zaman media ilə yanaşı, həm də vətəndaş institutlarının fəaliyyətinə dəstək olduğu, bu sektorun inkişafı üçün mütəmadi surətdə ciddi addımlar atdığı məlumdur. Əslində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu inkişafın davamı, onun həm forma, həm də mahiyyət etibari ilə yeni mərhələdə davam etdirilməsi deməkdir.   Xatırladım ki, hələ ötən ilin 27 avqust tarixində Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirdi, onların təkliflərini dinlədi, öz tövsiyyələrini verdi. Bu görüşün özü dövlətimizin vətəndaş cəmiyyətlərinin fəaliyyətinə necə böyük diqqət və qayğı göstərdiyinə nümunədir.   Əminəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş institutlarının inkişafına təkan verəcək, onların fəaliyyətinin miqyas və keyfiyyətinə öz müsbət təsirini göstərəcək”.   Cəlil Xəlilov qeyd edib ki, məlum yenilik vətəndaş cəmiyyətlərinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə, onların kadr potensialının genişlənməsinə də öz töhfəsini verəcək:   “Bu gün ölkəmizdə təxminən üç mindən çox QHT mövcuddur. Onların bəzisi öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırsa da, bu sahədə görülməsi gərəkən hələ bir çox işin mövcudluğu danılmazdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması bu sahədə də inkişaf və tərəqqi üçün yeni imkanlar açacaq. Bu sahədə ixtisaslaşan beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq QHT-lərimizin fəaliyyət dairəsini genişləndirməyə, kadr potensialını artırmağa imkan verəcək. Odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasını vətəndaş cəmiyyətlərinin bu günü və gələcəyi baxımından mühüm əhəmiyyətə malik hadisə hesab edirəm. Düşünürəm ki, yaxın gələcəkdə QHT-lərin fəaliyyətindəki inkişaf cəmiyyətimizin həyatının bütün sahələrinə öz müsbət təsirini göstərəcək”.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Pərviz Nurməmmədovla görüşüb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Quba rayonu üzrə təhsil sektorunun müdiri  Pərviz Nurməmmədovla görüşüb. Görüş zamanı Veteranlar Təşkilatının Quba Rayon Şöbəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Pərviz Nurməmmədova təşəkkür edən Ruslan Bədirov, təhsil sektorunun müdirini Fəxri Fərmanla təltif edib. Təltifə görə Ruslan Bədirova təşəkkürünü bildirən Pərviz Nurməmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV  

Hamısını oxu
Sonuncu süvari

Dünyanın ən dəhşətli müharibələrindən olan faşizm üzərində qələbədən 76 il ötür. Azərbaycan xalqı da istər ön cəbhədə, istər arxa cəbhədə qələbə üçün öz töhfəsini verib, Vətəni işğaldan qurtarmaq üçün malını, canını fəda edib. II Dünya muharibəsi veteranı Tofiq Hüseynov gənc yaşlarından odun-alovun içinə atılan və qələbədə öz payı olan qəhrəmanlarımızdandır. O, 1922-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Hələ məktəb yaşlarından hərbi təyyarəçi olmaq istəsə də, səhhəti buna imkan verməyib. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılan Tofiq Hüseynov Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayır. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərir. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub.T.Hüseynov:  "Birinci növbədə bütün əsgərlərdə qələbəyə, rəhbərə inam, komandirlərə inam böyük idi. Komandir əsgərlə çiyin-çiyinə düşmən səngərinə şığıyanda əsgər daha da ruhlanırdı. Daha fədakarlıqla döyüşürdü. Stalinin "bir addım geri çəkilmək olmaz" əmri var idi. Qorxaqlar, fərarilər yerindəcə güllələnirdi. Azad edilən yerlərdə mülki əhalini incitmək, qarət, oğurluq qəti qadağan idi. Hər səhər düzülüşündə kamanda verilirdi ki, əsgərlər çantaları yerə qoysun və iki addım geriyə çəkilsin. Yoxlayırdılar ki, qarət edən olub, ya yox. Müharibə — qələbəsindən, məğlubiyyətindən asılı olmayaraq, bütün halı ilə dəhşətlidir. Aclıq, susuzluq, hər gün insan itkisi, hər gün dəyişən sıra yoldaşların… Bunlar hələ müharibənin bir hissəsidir. "Suxoy payok" verilirdi. Qızdıra bilmirdik. Bir işıq gələn yeri darmadağın edirdi düşmən. Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik". 99 yaşlı müharibə veteranı bu gün də özünü gümrah hiss edir və sağlamlığından heç də gileylənmir. 76 ildir veteran şəxsi sücaəti və qəhrəmanlığı bahasına qazandığı medallarını göz bəbəyi kimi qoruyur.   Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri işləyib. Hazırda 99 yaşının olmasına baxmayaraq, yenə ictimai fəaliyyətlə məşğuldur. O, hazırda Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır. 24 fevral qocaman veteran Tofiq Hüseynovun doğum günüdür. Bu il qəhrəman veternımız üçün əlamətdar illərdən olmuşdur. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə T.Hüseynovun həyat eşqini daha da artırmışdır. Ad günün mübarək sonuncu süvari, qəhrəman veteran Tofiq Hüseynov.  

Hamısını oxu
Mehriban Əliyevadan Dünya azərbaycanlılarına MÜRACİƏT

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib. Publika.az xəbər verir ki, müraciətdə deyilir: Əziz həmvətənlər! Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib. O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb. Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb. İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir. Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır. Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər. Əziz qardaşlar və bacılar! Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Hər bir səsin əhəmiyyəti var! Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır. Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

Hamısını oxu